Sizin Reklam Burada
Xəbər lenti
06-02-2025
05-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda meyitləri yandırmaq təklifi - din “yox” deyir, bəs qanun...

Tarix: 06-02-2025 10:39     Baxış: 436 A- / A+
 
İlahiyyatçı “haramdır” deyir; hüquqşünas: “Dövlət ölmüş şəxsin dini mənsubiyyətinə uyğun olaraq sobada yandırılmasını təmin etməlidir”Bir çox ölkələrdə vəfat edən insanların meyiti yandırılır, yəni kremasiya edilir. Asiya ölkələrində meyitlərin yandırılması ənənəsi Hindistan, Nepal, Çin, Yaponiya və Tailand, Şri-Lanka, Myanma ərazilərində yayğındır.
Əhalinin sıxlığı və torpaq çatışmazlığı səbəbindən hökumət insanları vəfat edən qohumlarını yandırmağa təşviq edir. Torpağın məhdud olması da bu addımın atılması üçün mühüm faktordur.
Azərbaycanda belə çağırışlar olsa da, əksəriyyət razılaşmır. Sosial mediada gedən müzakirələrdə meyitin yandırılması günah kimi qiymətləndirilir və vəfat etmiş şəxsin ruhunu incitmək kimi qəbul edilir. Ancaq son illər məzarlıqların sayında, qəbiristanlıqlar salınmasında problemlər var. Dinin şərtləri öz yerində, Azərbaycan qanunları meyiti yandırmağa icazə verirmi?
Dini məsələlər üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Dünyasını dəyişmiş insanın torpağa tapşırılması min illəri aşıb gələn dəfn adətləridir. Bu adət İslam dininin Azərbaycan ərazisində yayılmasına qədər mövcud olub. Azərbaycan əhalisinin mütləq çoxluğunu və dominant qismini təşkil edən qədim türklərdə ölüm həyatın davamlılığına və başqa bir dünyada yaşamağa keçiş kimi qəbul edilirdi. Bu səbəbdən yas mərasimləri və dəfn adətləri fərqli inanc sistemlərinə və sosial strukturun xüsusiyyətlərinə əsaslanırdı. Qədim türklər ölümdən sonra ruhların digər dünyaya keçməsinə inanırdılar. Ölən insanın ruhunun narahat olmaması üçün onun meyitinin müəyyən qaydalara uyğun şəkildə dəfn olunması vacib sayılırdı. Qədim türk inancı baxımından mövzuya yanaşanda ölən insanın meyitinin yandırılması praktikasına, demək olar ki, rast gəlinmir. İslam dini də ölən insanın meyitinin yandırılmasına qarşı çıxır. İslamın əsas təlimlərinə görə, ölən insanın nəşi sayğı ilə və dinin göstərişlərinə uyğun şəkildə dəfn edilməlidir. İnsanın nəşinin dəfn edilməsi qaydası başlanğıcını Qurani-Kərimdə Qabilin öz qardaşı Habili öldürdüyü hissəni açıqlayan "Maidə" surəsinin 31-ci ayəsindən alır. İslam alimləri də ölən insanın bədənin yandırılması məsələsində yekdil mövqe nümayiş etdirir, bunu haram sayırlar. Alimlərə görə, meyitlərin yandırılması insanların ruhuna qarşı sayğısızlıq olaraq qəbul edilir və ölüyə qarşı düzgün münasibət göstərilməyən bir davranış sayılır.
İnsanın yaradılışını bəyan edən hikmət onun torpaqdan yaradılmasında olduğu üçün dünyasını dəyişərkən də torpağa tapşırılması təbii haldır".
resul mirhesimli.jpeg (61 KB)
Rəsul Mirhəşimli
Meyitin yandırılmasının məzar yerləri ilə bağlı yaranan problemlərlə əlaqədar olmasına gəlincə, Rəsul Mirhəşimli əlavə edib ki, bu problem İslam qaydalarından uzaqlaşan məzarların çoxluğundan yaranıb: “İnsanlar sanki dəbdəbəli məzar daşları üçün bir-biriləri ilə yarışa girib. Bu ifrat meyllər artdıqca məzar yerləri özünü bütpəpərstlik mənzərəsi kimi göstərir. Bahalı mərmərlərdən məzar daşları, rəngli şəkillərin başdaşlarına vurulması, böyük bir ərazini əhatə edən məzarlar heç bir göstəricisi ilə İslam dininin qaydalarına uyğun gəlmir. Bu məzarlar dinin qaydalarından uzaq olduğu kimi, həm də israfçılıq meylləridir. Allah-Təala israf edənlərin də şeytanla qardaş olduğunu bəyan edir”.
Hüquqşünas Ramil Süleymanov: “Sumqayıtda söküntü aparan şirkət sakinləri  qorxudur” | Sumqayit24.az
Ramil Süleymanov
Hüquqşünas Ramil Süleymanov da “Yeni Müsavat”a mövzu ilə bağlı fikrini bildirib: “Azərbaycan dünyəvi dövlətdir və din dövlətdən ayrıdır. Yəni vahid, dini bir sistem yoxdur ki, konkret bir dinin qaydalarına uyğun olaraq insanların həyatı idarə olunsun və ya nəzarətdə saxlanılsın.
Qəbiristanlıqların salınması və idarə olunması qaydaları mövcuddur. Bu qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Həmin qaydaların 2.1.12-ci maddəsində qeyd olunur ki, kremasiya, yəni ölmüş şəxsin dini mənsubiyyətinə uyğun olaraq sobada yandırılması bir ayin, proses hesab olunur.
Qanunvericiliyimizə əsasən, bu ayinlərin icra olunması və dövlət tərəfindən həyata keçirilməsi təmin edilməlidir. Bununla bağlı müvafiq mexanizm dövlət tərəfindən tətbiq olunmalıdır.
Bu eləcə də şəxsin Azərbaycan tərəfindən təsdiq olunmuş və ratifikasiya edilmiş Avropa İnsan Haqları Konvensiyasının 9-cu maddəsinin təsiri altına da düşür. Belə ki, 9-cu maddəyə görə, hər kəs öz dininə və əqidəsinə uyğun olaraq ibadət etmək, dini təlimlər vermək və dini ayinləri yerinə yetirmək azadlığına malikdir".
Qeyd edək ki, millət vəkili Ceyhun Məmmədov deyib ki, Azərbaycanda meyitlərin yandırılması üçün kremasiya mərkəzləri yaradılacaq. O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir: “Bu gün ölkədə müxtəlif din, etiqad nümayəndələri yaşayır. Onların etiqad azadlığı təmin olunur. Elə buna görə də meyitlərin yandırılması üçün xüsusi mərkəzlər yaradılacaq. Bu ona görə ediləcək ki, gələcəkdə hansısa etiqad nümayəndəsinin belə arzusu olduqda, bu, qanuna istinadən tənzimlənsin”.
Ceyhun Məmmədov onu da qeyd edib ki, meyitlərin yandırılması üçün nəzərdə tutulan xüsusi mərkəzlərlə bağlı araşdırma aparılır. Onu da əlavə edib ki, hazırda cəsədinin yandırılmasını istəyən az sayda insan var, bu, kütləvi deyil.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar