Sizin Reklam Burada
Xəbər lenti
18-10-2025
17-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bir gecə də öz taxtından yıxıldı, bir səhər də taxta çıxdı təzədən

Tarix: 18-10-2025 19:57     Baxış: 320 A- / A+
Təranə Dəmir



***
Bir gecə də öz taxtından yıxıldı,
Bir səhər də taxta çıxdı təzədən.
Günəş doğdu, ay gizlətdi üzünü,
Bir ümid də şahə qalxdı təzədən.

Bir zülməti yola saldı ləpələr,
Dəniz yenə qaranlığın soyundu.
Göy üzündən işıq düşdü üstünə,
Yenə şəhər nur selində yuyundu.

Yarıpayız,yarıbahar ağaclar
Salamladı yuvasında quşları.
Yağış-yağış,külək-külək sevindi
Bu şəhərin divarları,daşları.

Bina-bina yuxusundan oyandı,
Addım-addım ayaq açdı küçələr.
Göyərçinlər sahil-sahil dağıldı,
Oğrun-oğrun dənə qaçdı sərçələr.

Budağından qopub düşən xəzəllər
Küçə-küçə küləklərlə  yarışdı.
Yeni günü salamladıq beləcə,
Payız bizə,biz payıza qarışdıq.


Qadın


Ayağın altında yollar yorulub,
Dilinin ucunda döz dolaşırsan.
Əllərin ovcunda buza dönübdü,
Sinənin üstündə köz dolaşırsan.

Kimin yanındasan,kimin yadında?
Kimin yaxınısan,kimin uzağı?
Anan da yoxdu ki,deyib ağlasın
Səni başdan-başa ölümqabağı.

Gözünə zillənib soyuq baxışlar,
Gerçəyi yalandan seçə bilmirsən.
Qolların uzanıb boşluğa sarı,
Neynirsən,o yana keçə bilmirsən.

Dörd yanın adamdı,bəs niyə görən
Tənhasan bu qədər adam içində.
Sən nələr çəkirsən bir Allah bilir,
Azarın içində, qadan içində.

Bu günü sabahla ovutmaq çətin,
Səbir təsəllidi,kaş təsəllidi.
Yaşaya bilmədin baharı,qadın,
Payızda nə varsa boş təsəllidi.


Şair Əlisəmid Kürə


Alnının qırışlarında min ilin ağrıları,
Baxışlarında min ilin təəssüfü var.
Arada gülümsəyirsən əzabların üzünə,
Ancaq mən gülüşünün altındakı göz yaşlarını yaxşı görürəm, şair.
Həsrətə təşnəsən deyə gülümsədikcə bir az da susuzlayırsan,
Ciyərin yanır ayrılıqdan sarı,
Sən susadıqca təptəzə Söz doğulur ayrılıq rəngdə,
Danışdıqca bir az da böyüyürsən həqiqətin gözündə,
Susduqca bir az da.
Bilirəm nigaransan dünyadan,adamlardan, ağaclardan,ağaclara
daş atan uşaqlardan,qar altında dən axtaran quşlardan,
qarışqalardan-hər şeydən, hər kəsdən nigaransan,
elə özündən də.
Əllərin cibindən, cibin sərçələrdən utananda göy üzünə yağış ismarlayırsan arada,
Bilirsən ki,səmada bizə ən yaxın buludlardı, buludlar.
Sən kədəri qədəh-qədəh başına çəkdikcə, hardasa bir ümidin üstünə qapqara kölgə düşür,
Hər gün bir qədəh ümidsizləşirsən beləcə.
Hələ əzablara,həsrətə,təngalığa qədəh-qədəh meydan oxumağını demirəm.
Mən çox şeyi gizlədirəm səndən,
Çox şeyi demirəm,şair.
Eh,nöqtələr,suallar,nidalar!

***

Uzaq şəhərlər,
qarışıq küçələr,
Binalar, ağaclar,
Maşınlar, tıxaclar.
Adamlar,heykəllər,
Divarlar, şəkillər,
Küləklər, yağışlar,
Savaşlar, barışlar,
Sevgilər, xəyanətlər,
Yalanlar, cinayətlər.
Dənizə qarışan göz yaşı,
Sahilə yağan dalğa yağışı,
Xəyallar, peşmanlıqlar,
İşıqlar,qaranlıqlar.
Dükanlar, kafelər,
Xəstə küçə itləri,ac pişiklər.
Kölgənə yüyürən dilənçi qız-
Dilində dua,səsində qorxu, gözündə yalvarış,
Yorğun qoca, əlində əsa,
Ayağında yol, başında yağış.
Gecəyə baxan pəncərələr,
xəzəllər, ayrılıqlar və payız.


Pəncərə

Büründü pəncərə göz yaşlarına,
Bir qadın çiynindən atdı yükünü.
Açdı ürəyini boş küçələrə,
Pəncərə-pəncərə tutdu yükünü.

Min həsrət cücərdi yağışın altda,
Cücərdi,böyüdü gecə boyunca.
Bir pişik bir siçan ovuna çıxdı,
Yüyürdü,yıxıldı küçə boyunca.

Bir ac köpək kimi uladı külək,
Uladı,o başa,bu başa çapdı.
Tutdu ağacların qol-budağından,
Ayağı dolaşa-dolaşa çapdı.

Yiyəsiz itlərin səsi kəsildi,
Quşlar yuvasına çəkildi yatdı.
Pəncərə-pəncərə yixildı şəhər,
Pəncərə-pəncərə büküldü yatdı.

Pəncərə-pəncərə yuyundu gecə,
Pəncərə-pəncərə yuyundu qadın.
Pəncərə-pəncərə açıldı səhər,
Pəncərə-pəncərə yoruldu qadın.


Yarpaqlar

Hələ dünən yamyaşıldı,
Bahar ilə həmyaşıddı,
Nə tez xəzana qoşuldu,
Nə tez saraldı yarpaqlar.

Sevindi, güldü, oynadı,
Oxudu,çaldı,oynadı,
Neyləsin,payız qoymadı,
Susdu,yoruldu yarpaqlar.

Budaq-budaq sıralandı,
Xəzəl-xəzəl uralandı,
Külək-külək havalandı,
Uçdu, sovruldu yarpaqlar.

Günəş gizlətdi üzünü,
Pozuldu yaşıl düzümü,
Atdı ağacdan özünü,
Küsdü,qırıldı yarpaqlar.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar