Xəbər lenti
Minsk qrupu nə vaxt ləğv olunacaq?..

Azərbaycan Ermənistan qarşısında bir sıra tələblər irəli sürüb. Onlardan biri də ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlıdır. Buna səbəb 30 il ərzində Ermənistan-Azərbaycan münaqişəsini tənzimləməli olan qurumun fəaliyyətsizliyi, eləcə də artıq konfliktin həll olunmasıdır. Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə dəfə bu tələbə müsbət münasibət bildirsə də, hələ ki əməli addım atılmayıb.
Manevr.az-ın xəbərinə görə, mövzu ilə əlaqədar Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib ki, Ermənistan Azərbaycanın bu tələbinə əməl etməlidir:
"Ermənistanla Azərbaycan arasında müzakirə olunan sülh sənədinin 17 bəndindən 15-i üzərində razılaşma var. 2 məsələ üzrə hələ ki razılıq əldə edilməyib. Razılaşdırılmayan məsələlərə qarşılıqlı olaraq beynəlxalq məhkəmələrdə bir-birinə qarşı ittihamlardan imtina etmək, Ermənistanla Azərbaycan sərhədi arasında üçüncü dövlətin təmsilçiliyinə icazə verilməməsi aiddir. Şübhəsiz ki, söhbət Avropa İttifaqının "mülki missiyası"ndan gedir. Onun mövcudluğu qəbuledilməzdir. Ermənistan isə Avropa İttifaqının mülki missiyasının müddətini daha iki il uzatdı. İndiki mərhələdə Azərbaycanın çox ciddi tələbləri var. Bunlardan birincisi Ermənistan Konstitusiyasına dəyişiklik və Azərbaycana qarşı ərazi iddialarından imtina edilməsi, ikincisi isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlıdır".

E.Nəsirov ATƏT-in Minsk qrupunun nə zaman ləğv edilə biləcəyi barədə bunları deyib:
"ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı Ermənistan Baş nazirinin mövqeyində son zamanlar mülayimləşmə elementləri özünü göstərib. O da hesab edib ki, artıq Ermənistan-Azərbyacan münaqişəsinə son qoyulub. Bu nöqteyi-nəzərdən belə bir qrupun mövcudluğuna ehtiyac yoxdur. Çünki Minsk qrupunun vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində vasitəçi olmaq idi. Münaqişə yoxdursa, deməli, bu quruma de-fakto ehtiyac qalmayıb. Bunu de-yure də təsdiqləmək lazımdır.
Ermənistan Minsk qrupuna ehtiyac olmadığını artıq sözdə deyir, amma əməli addım atmır. Onda sual yaranır ki, nə baş verir? Ermənistan Baş naziri ATƏT-in Minsk qrupunu buraxmaq istəmirsə, niyə onun lazımsız olduğunu dilə gətirir. Mənə elə gəlir ki, bu suala cavab vermək üçün bir sıra məsələlərə aydınlıq gətirilməlidir.
Ermənistanın ən azı 2027-ci ilin fevral ayına qədər sülh müqaviləsi imzalamaq niyyəti yoxdur. Ona görə ki, rəsmi Bakının əsas tələblərindən biri üçüncü dövlətlərə məxsusu qüvvələrin Ermənistan-Azərbaycan sərhədində mövcudluğuna son qoyulması ilə bağlıdır. Amma Avropa İttifaqının "mülki missiyası" 2027-ci ilin fevral ayının 19-a qədər hələ öz qondarma missiyasını yerinə yetirəcək. Bu o deməkdir ki, Azərbaycanın əsas şərtlərindən birini Ermənistan ən azı 2027-ci ilə qədər qəbul etməyəcək. Belə olan halda sülh müqaviləsi də imzalanmayacaq.
Mənə elə gəlir ki, Ermənistanın ATƏT-in Minsk qrupunu praktiki olaraq buraxmaqdan yayınması həlini gözləyən iki məsələ ilə bağlı vasitəçilik missiyasını da onun üzərinə qoymaq istəyi ilə bağlıdır. Yəni sülh sazişi layihəsində 90 faiz məsələ tənzimlənib, istəyirlər ki, qalan 10 faiz məsələnin tənzimlənməsi ilə də ATƏT-in Mİnsk qrupu məşğul olsun. Bu tendensiyanı duymamaq mümkün deyil. Əks halda, Ermənistan Baş naziri Azərbaycan kimi ATƏT-in Minsk qrupunun mövcudluğundan imtina etmiş olardı".
Minsk qrupunun ləğv edilməsi üçün Ermənistan da Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməlidir ki, məsələyə nöqtə qoyulsun.
ATƏT-in Minsk qrupu 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli variantlarını tapmaq məqsədi ilə yaradılıb. Qrupa aşağıdakı ölkələr daxildir:
Həmsədrlər – Rusiya, Fransa və ABŞ;
Münaqişə tərəfləri – Ermənistan və Azərbaycan;
Üzvlər - Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar