Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Yazmaq da həkimlikdir" - Mənzər Niyarlı Nazilə Gültacın “Şəhid atası” kitabından yazdı

Tarix: 08-11-2024 14:11     Baxış: 3128 A- / A+
                         Mənzər Niyarlı 


Yazıçı Nazilə Gültacın “Şəhid atası” kitabı haqqında düşüncələrim İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra yazıçı və şairlərimizin yaradıcılığında azğın düşmənə qarşı vuruşub igidlik göstərən əsgərlərimizin – şəhid və qazilərimizin obrazları önəmli yer tutur. İstedadlı nasir və bir neçə şeir kitabının müəllifi Nazilə Gültacın oxuculara təqdim etdiyi «Şəhid atası» (Bakı, 2023) povestinin qəhrəmanları da Qarabağ müharibəsində şücaət göstərib şəhidlik zirvəsinə ucalan əsgər və onun atasıdır. Realist-psixoloji üslubda, canlı dildə yazılan əsərdə şəhid ailəsinin yaşadığı kənd, kəndin sosial mənzərəsi, məişət durumu, cəbhədə vuruşan oğullarının nigarançılığını çəkən kənd əhalisinin həyatına da geniş yer verilib. Müəllif kamerası hadisələri həm konkret, həm də ümumi, həm yaxın, həm də uzaq rakursdan götürür, fərdə cəmiyyətin, cəmiyyətə fərdin gözüylə baxır.

Povestin rəngarəng obrazlar qalereyası içində təbii ki, şəhid atası Vəli xüsusi yer tutur. Taleyi kəm gətirən, maddi cəhətdən imkansız, kirayədə yaşayan, ilk baxışdan sakit, fağır görünən Vəli, əslində, özündə qəhrəmanlıq ruhu daşıyır. Qarajda usta işləyən bu kişinin üst-başı mazut içində olsa da, ürəyi təmiz, mərhəmətlidir. Müəllifin ən böyük uğuru odur ki, o öz qəhrəmanını birmənalı müsbət və ya mənfi rakursdan vermir, onu özünün ağ və qara rəngləriylə, bütöv, canlı göstərir və bu onun təsvirlərinə bir inandırıcılıq, həyatilik gətirir. Bu sözləri qəhrəmanı əhatələyən cəmiyyət üzvləri haqqında da demək olar. Kasıblığına, sakit təbiətinə görə kənddə bir çoxları Vəlini məsxərəyə qoyur, ona zarafatyana şeirlər həsr eləyir, amma çətin duruma düşən bu fağır kişiyə həm də kömək edir, dəstək durmağa 1 çalışırlar. Nazilə Gültacın təqdimində insan mələk olmadığı kimi, şeytan da deyil, özünün müsbət və mənfi, işıqlı və qaranlıq tərəfləriylə birlikdə eləcə insandır.

Vəli səciyyəli obrazlara biz, əlbəttə, bir çox digər nəsr əsərlərimizdə də rast gəlmişik. Kənd mühitində böyüyən, kəndlə ünsiyyətdə olan əksər yazıçılarımızın yaradıcılığına nəzər salsaq görərik ki, onlardan bir çoxunun (İsa Hüseynov, Sabir Əhmədli, Əkrəm Əylisli, Elçin, Mövlud Süleymanlı, Səyyad Aran və s.) öz Vəlisi var. Nazilə xanımın Vəlisinin özünəməxsusluğu ondadır ki, o şəhid atasıdır və şəhid atasına belə güzəştsiz, real münasibət yazıçıdan iki vacib xüsusiyyət tələb eləyir. Bunalrdan birincisi gerçəkliyə sədaqət, ikincisi daşlaşmış, stereotipləşmiş, doqmaya çevrilmiş, trafaretləmiş düşüncəyə qarşı öz mövqeyini ortaya qoymaq, öz gördüyünü yazmaqdır. Povest göstərir ki, bu cəhətlərin hər ikisi Nazilə Gültacda var. Kitaba yazdığı “Qələbəmizin sözü, sözümüzün qələbəsi” adlı ön sözdə tanınmış tənqidçi Əsəd Cahangir haqlı olaraq belə qeyd edir: “Müəllif şəhid atası olduğu üçün onun ayaqları altına postament qoymur, onu pyedestal üstünə qaldırmır, özünün zəif və güclü yönləriylə inandırıcı, canlı, hərtərəfli insan obrazı təqdim eləyir...”

Vəli ətrafdakılardan öz daxili aləmi ilə seçilir. Ünsiyyətdə olanların çoxu sanki onun qayğıkeşliyi, təmizliyi, ruhən saflığını görmürlər. Hətta həyat yoldaşı Qaratel belə onu başa düşmür. Ailəsindən ayrı düşən kişi gah maşın sexi, gah qarajda gecələyir, iş yoldaşı – yerlisi Kamilin köməyilə bir sahibkarın itinə baxmaq üçün bağ evində də qalmalı olur. Özü pulsuz-parasız, ehtiyac içərisində yaşasa da, ev sahibinin itinə gətirilən əti qonşuluqda yaşayan, aylarla dillərinə ət dəyməyən çoxuşaqlı ailəyə verdiyi üçün Vəli ordan qovulur. Buna baxmayaraq, o ən çətin anlarında belə mərhəmət, insanlıq, saflığını qoruyub saxlamağı bacarır. Onun bir qəpiyi olmasa da, qızı Təranə ilə bir kafedə işləyən, əri, valideynləri ermənilər tərəfindən qətlə yetirilmiş Sevdaya kömək etmək üçün kreditə girməkdən çəkinmir.
Povestdə uğurla yaradılan obrazlardan digəri Vəlinin oğlu, şəhid 2 Yusifdir. Ata qayğısı görməyən Yusif könüllü surətdə cəbhəyə gedir və düşmənin neçə-neçə tankını, əsgərini məhv edərək şəhid olur. Vəlinin öz övladlarına atalıq qayğısı göstərmək imkanı olmasa da, yaxşı ata olmadığının əzabını çəksə də, canını vətən yolunda qurban verən oğlu ilə fəxr edir. Bu Yusifin dəfn səhnəsində daha aydın görünür. Dərdli ata göz yaşları içərisində əzablı hisslər keçirir, “Oğul, məni bağışla, sənə layiq ata ola bilmədim” deyə düşünür. Yazıçı povestin son cümləsi ilə əsərə dərin mənalı final akkordu vurur və bütün əsər boyu dediklərini məharətlə, incəliklə ümumiləşdirir: “Başını dik tutmuş şəhid atasının qəhərdən boğula-boğula az qala pıçıltıyla dediyi sözləri hamı eşitdi. «Vətən sağ olsun!».

Kitbada «Şəhid atası» povestindən başqa maraqlı hekayələr də yer alıb. Bu hekayələrin qəhrəmanları son dövrdə gündəlik həyatımızda tez-tez rastlaşdığımız hadisələrlə, sosial problemlərlə üzləşirlər. Hər hekayədə müasir dövrün havası duyulur, zamanın nəbzi vurur. Məsələn, “Stabilizator” hekayəsinin qəhrəmanı olan qadın elektrik tənzimləyicisi almaq üçün qara bazara getsə də, pulu ancaq bir dəsmal almağa çatır və bu dəsmalla göz yaşlarını silir. Müəllif bu adi həyat hadisəsi vasitəsilə sadə insanların çətin sosal durumuna işarə eləyir, unudulmaz, ürəklərə təsir eləyən bir mənzərə cızır. Ən çox razılıq doğuran odur ki, o əsas ideyanı çılpaq, hazır şəkildə, deklomasiya üsulu ilə demək kimi şablondan qaçır, sadəcə hadisəni təsvir eləyir, nəticəni oxucu özü çıxarır. Bu, yazıçının hekayələrinə sətiraltı məna, ikinci plan verir, onların daha maraqla oxunmasına səbəb olur.
Nazilə Gültacın istər “Stabilizator”, istərsə də “İki limon”, “İnadkar külək» və digər hekayələrinin dili və üslubu özünün sadəliyi ilə seçilir. Amma bu onların bəsitliyi, primitivliyi mənasına gəlmir. Bu hekayələr oxucunun duyğu və düşüncəsinə təsir eləyir, onun yaddaşına iz salır, insanı xeyirxahlığa, fədakarlığa, mərhəmətə, yaxşılığa, düzlüyə, halallığa səsləyir. Həm bu amilləri, həm də həcmcə böyük olmadıqlarını, şirin bir Azərbaycan dilində yazıldıqlarını nəzərə alsaq, bu hekayələrdən bir çoxu orta məktəbin dərsliklərinə salınmağa layiqdir. Təəssüf ki, indi dərsliklərimizi hazırlayanlar 3 ədəbi prosesi yaxşı izləmir, dərs kitablarına materiallar seçərkən dostbazlıq, qohumbazlıq, yerlibazlıq və sair kimi “prinsiplərə” əsaslanırlar. Bütün bunlar isə təbiidir ki, gələcək nəslin yüksək mənəvi-əxlaqi səviyyədə tərbiyəsi işinə öz mənfi təsirini göstərir, onların bədii-estetik zövqünü korlayır. Nazilə Gültacın nəsr əsərlərində qadın mövzusu, konkret desək, tənha qadın obrazları önəmli yer tutur. Onun qadın qəhrəmanları ən ümumi baxımdan ortaq məqamlara malik olsalar da, bir-birlərinə bənzəsələr də (“Şəhid atası”nda Qaratel, “Murad futbola baxırdı” hekayəsində Mədinə, “Avtobus kəndə qayıdırdı”da Nərgiz və s.) hər birinin fərqli, özünəməxsus tale yolu var. Bundan başqa onların yaşadıqları mühit, şərait, maddi və mənəvi sıxıntıları fərqlidir. Biri həyat yoldaşının etinasızlığından əzab çəkir, digəri yaxınları tərəfindən atılır, üçüncüsü narkoman oğlunun faciəsinə dözməli olur, dördüncüsü maddi problemlər içində boğulur... Amma xoşbəxtliyə layiq bu qadınlara tənhalıq, atılmaq, kimsəsizlik qorxusu nə qədər əzab versə də, onlar öz mənəviyyatları, qürurlarını qoruyub saxlamağı bacarırlar. Onlar sarsıntılar içərisində çabalasalar da, nə qədər pessimist əhval-ruhiyyəyə qapılsalar da, xoşbəxtliyə olan ümidlərini itirmirlər.

“İki limon» hekayəsində yeni il gecəsi işdən çıxan qadın bilir ki, evdə onu heç kəs gözləmir. O, yolda limon satan ahıl bir kişiyə rast gəlir, iki limon götürüb pulunu vermək istəyir. Ancaq satıcı kişi elə bil qadının qəlbində tuğyan edən yalqızlıq qorxusunu hiss edərək, «Gözəl qadına hədiyyə edirəm, məndən yeni ilə hədiyyəsi olsun, ikiniz də gözəlsiniz – sən də, limon da» – deyib onun yeni ilini təbrik edir. Qadın evə gəlir: “Artıq o tək deyildi. Yeni il hədiyyəsi olan iki limon stolun üstündə sarı-sarı gülümsəyirdi, elə bil ki, evə iki balaca günəş doğmuşdu. Kim deyir ki, sarı rəng bədbinlik rəmzidir. İlk dəfə sarı rəngin nə qədər gözəl bir rəng olduğunu düşündü». Müəllif əsərdə balaca bir detalla qadın tənhalığının nə qədər əzablı olduğunu oxucusuna çatdıra bilir. Amma bu tənhaqlıqdan doğan kədərin üstünə limonların şəfəqini salmağı da unutmur. Nazilə Gültacın qəhrəmanları hər gün həyatda gördüyümüz, 4 rastlaşdığımız insanlardır. O təsvir elədiyi hadisələri qəlbinin süzgəcindən keçirir, qəhrəmanlarının daxili sarsıntılarını poetik üslubda təqdim eləyir. Hekayələrin bir çoxunda günümüzün adi, gündəlik problemlərinə, sosial- məişət məsələlərinə - ər və arvad, valideyn və övlad, müəllim və şagird münasibətlərinə toxunulur. Müəllifin uğuru axıcı dil, poetik üslubla yanaşı həm də qadın dünyasının incəliklərinə bələd olması, onların problemlərinə mənəvi diaqnoz qoymağı, sözün məcazi mənasında müalicə üsulları təklif eləməyi bacarmasındadır. Bu işdə bir həkim kimi çoxillik iş tərcrübəsi də, şübhəsiz ki, onun köməyinə gəlir. O, qəhrəmanlarının şüur axınına, psixologiyasına böyük önəm verir, onların daxili yaşantılarını ön plana çəkir. Yazıçının öz aktuallığı ilə seçilən «Murad futbola baxırdı» hekayəsinin qəhrəmanı Mədinə onun qadın qəhrəmanları arasında xüsusi yer tutur. Hekayəni oxuduqca hiss olunur ki, müəllif həyatda Mədinə kimi qadınlarla tez-tez rastlaşır və onların taleyinə biganə qala bilmir. Mədinə ərini sevən, çətin anlarında onun arxasında dayanan, qayğısını ondan əsirgəməyən, pulsuz vaxtlarında işləyib onun ali təhsil almasına yardımçı olan cəfakeş, fədakar bir qadındır. Amma bütün bunların qarşılığında nə görür? Murad yüksək maaşlı, yaxşı bir işə təyin olunduqdan sonra həyat yoldaşına xəyanət edir.

Qadın onu bağışlasa da, bu onların arasındakı soyuqluğu aradan qaldırmır. Mədinə hiss edir ki, kənar qadınla daha görüşməsə də, əri öz ailəsində də candərdi yaşayır. O, ərindən nəvaziş, qayğı, sevgi gözləyir və bunları görməyib, ahıl yaşında öz evini tərk edir, kəndə - qapısı bağlı qalan ata evinə dönür. Bu da fədakar, ürəyi sevgiylə dolu, xoşbəxtliyə layiq bir qadının taleyi! Hekayəni oxuduqca Mədinəyə və mədinələrə rəğbət duyur, onların acımasız taleyinə acımaya bilmirsən. Hekayədə daha bir diqqət çəkən məqam ilk baxışdan əsas ideya ilə əlaqəsi görünməyən sərlövhədir. Gözləmək olardı ki, müəllif öz hekayəsini qəhrəmanın adı ilə adlandıracaq, məsələn, Cəfər Cabbarlının “Firuzə” hekayəsi və ya “Sevil” pyesində, Mirzə İbrahimovun “Mədinənin ürəyi” hekayəsi və ya “Güləbətin” povestində, yaxud da Əlfi Qasımvoun “Adilənin 5 taleyi” romanı, Əfqanın “Ülkər Aytəkin” romanlarında olduğu kimi. Nazilə Gültac adlandırmada başqa yolla gedir, ilk baxışda əsas hadisə ilə ciddi əlaqəsi olmayan bir ad seçir - “Murad futbola baxırdı”. Bu adın mənasını yalnız hekayənin son cümləsini oxuyanda bilirsən. Muradın ailəsi dağılır, qadını onu tərk edib gedir, o isə divanda uzanıb futbola baxır. Bu bir kişinin öz ailə ocağına, onu fədakarcasına sevən qadınına etinasızlığının son həddini göstərmək, onun daxili kobudluğunu, nəzakətsizliyini, onunla bir damın altında yaşamağın sadəcə mümkünsüzlüyünü vurğulamaq üçün müəllif tərəfindən tapılmış incə bir üsuldur. Sətiraltı mənaya üz tutan yazıçı bir söz deməklə başqa fikir çatdırmağın burda gözəl bir örnəyini göstərir. «Avtobus kəndə qayıdırdı» hekayəsində isə biz valideynləri tərəfindən atılan gənc qadının – Nərgizin taleyini izləyirik. Qızın nənəsi dünyasını dəyişəndən sonra o, ögey anası tərəfindən ruhən xəstə bir oğlana ərə verilir. Mədinə kimi Nərgizin də həyatı boz, solğundur. Sevgisizlikdən, diqqətsizlikdən baş götürüb şəhərə getmək istəyən qadını avtobusa minib geri qayıtmağa vadar eləyən analıq hissləri, övladına bəslədiyi məhəbbət olur. Yazıçının qənaətincə, ailənin qorunub saxlanılmasının ən avcib şərtlərindən biri analıq duyğusunun qadınlıq hissindən üstün olmasıdır. Qadın hörmətə, ana ehtirama, hər ikisi sevgiyə layiqdir. Nazilə Gültacın digər qadın qəhrəmanları – “Dilək ağacı”ında Aynurun anası, “Son layla”da Xalidə, “Qədim mesaj”da Nilufər, “Şəhid atası”nda Qaratel də arzularına çata bilmir və öz taleləriylə barışmalı olurlar. Yazıçının ən təsirli hekayələrindən biri də məhəbbət mövzusuna həsr olunmuş «Eşqdən şərqi deyənlər»dir. Müharibə minlərlə ailənin ocağını söndürdü, neçə-neçə gəncin ömrünü yarıda kəsdi, sinələrə dağ çəkdi, təmiz, ülvi məhəbbətlə sevən ürəkləri bir-birindən ayrı saldı.

Onlardan biri də tarixçi olmaq arzusu ilə yaşayan, amma arzusuna çata bilməyən Nicatdır. Nicat sevdiyi qızla qatarda tanış olur. Taleyin hökmüylə qarşılaşan gənclərin qəlblərinə ilk baxışdanca sevgi toxumu səpilir. Ancaq adi bir diqqətsizlik üzündən qız oğlanın verdiyi telefon nömrəsini itirir və onlar bir daha görüşə 6 bilmir. Nəyahət, qız muharibədə həlak olan sevgilisinin qəbrini illər sonra Şəhidlər xiyabanında görür. O, kövrəlir, göz yaşları axıdırsa da, bunun bir faydası olmur. Sevgi taleyin insana ən böyük hədiyyəsidir, bu şansı qaçırdınsa, eşq haqqında sadəcə şərqi deməli olacaq, ömrün boyu bunun acısını yaşayacaqsan. Müəllifin hekayədə öz oxucularına ötürdüyü mesaj budur. Kitabda toplanmış bədii nümunələr arasında alleqorik hekayə və esselərə də yer verilib. Bu hekayə və esselər ibrətamiz məna daşıyan əsərlərdir. «İnadkar külək» essesində heç kəsə əyilməyən, öz əzəməti və vüqarı ilə seçilən insan dağın timsalında verilir. Müəllif göstərmək istəyir ki, güclü külək hər şeyi – kol-kosu, ağacları sındırıb, torpağı, qumu, sovurub göylə bir eləsə də, yalnız dağa gücü çatmır.

Dağ ona təpə olmadığını sübut edir. Bu dağ öz qüruru və mənliyini qoruyan insanın obrazıdır. Nazilə Gültac hər əsərində həyatın acı gerçəklərinə, çağdaşımızı dərindən düşündürən sosial-mənəvi problemlərə toxunur. Ən yaxşısı isə budur ki, xanım yazıçımız heç kəsi təqlid etmir. İstər povestində, istərsə də hekayə və esselərində fərdi fikrini yazır və özü kimi yazır. Bu əsərlər müəllifin həssas qəlbindən süzülüb gəldiyi üçün oxucu qəlbinə də yol tapır, hər biri öz orijinallığı ilə diqqəti çəkir, fərqlənir. Nazilə xanım narahat yazıçıdır. Bu xəstələrinin sağlamlığı ilə bağlı həyəcan keçirən bir həkimin, oxucularına mənəvi dəstək vermək istəyən bir yazıçının, ətrafdakıların ağrılarıyla yaşayan bir insanın narahatlığıdır. O əsərlərində də həkimdir, insanları mənən, ruhən, fikrən müalicə edən bir həkim. Problemlərdən çıxış yolu şəfqət, mərhəmət və məhəbbətdədir. Həkim yazıçının bütün əsərlərindən qırmızı xətlə keçən ana ideya, cəmiyyətə ötürdüyü başlıca mesaj budur. Əminik ki, istedadlı yazıçımızın bu mesajı geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaq və “Şəhid atası» kitabı oxucuların maraqlı həmsöhbətinə çevriləcək.

Mənzər Niyarlı
 yazıçı, AMEA-da elmi işçi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar