Sizin Reklam Burada
Xəbər lenti
10-01-2025
09-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ruhum bədənimdə qərib kimidi, daha bu bədəni geyməyəcəyəm - Təranə Turan Rəhimli

Tarix: 10-01-2025 20:10     Baxış: 344 A- / A+
Təranə Turan Rəhimli — Azərbaycan ədəbiyyatının parlaq simalarəndan biridir, o özünün dərin bədii-fəlsəfi şeirləri ilə tanınan şairdir.
O, 50-dən çox ölkədə 47 dildə nəşr edilən əsərləri ilə müasir Azərbaycan şeirinin ən tanınmış nümayəndələrindən biri olmaqla yanaşı, beynəlxalq aləmdə sülhün qızğın müdafiəçisi olaraq da tanınır.

Yaradıcılığında insanlığın incə duyğularına, ümumbəşəri dəyərlərə, müasir həyatın aktual problemlərinə, dünyada baş verən sosial-siyasi, milli-tarixi proseslərə həssas münasibəti ilə fərqlənir.  Şairin yaradıcılığı  insanın daxili dünyasının, sevgi duyğularının,  vətəninə  həssas  münasibətinin, habelə müasir dövrün sosial, siyasi, mənəvi problemlərinin dərindən təhlilinə əsaslanır. Onun şeirləri özünün təbiiliyi, səmimiyyəti və dərin fəlsəfəsi ilə seçilir. Hər bir misra və söz oxucunun ürəyinə dərin təsir edir, onu düşündürür və yeni hisslər oyadır. Təranə Turan Rəhimli yalnız bədii təsvirləri ilə deyil, həm də insanın öz daxili dünyasıyla mübarizəsi, sevgiyə, həsrət və kədərə fərqli fəlsəfi baxış bucağı, bütün bunları  təsvir etmə bacarığı ilə oxucusunu təəccübləndirir, düşündürür. 

Onun şeirlərində əsasən sevgi, ayrılıq, həsrət, qəm, vətən və daxili aləmin bütün mürəkkəb hissləri, yaşantıları  dolğun surətdə bədii əksini tapır.  Şairin poeziya dilindəki ecazkar sadəlik, lakin ifadə etdiyi fikirlərin dibsiz dərinliyi, ağır fəlsəfə yükü oxucunu dərin fikrə qərq edir. Şeirlərindəki təxəyyül gücü və obrazların rəngarəngliyi, şairin poetik tapıntıları, o cümlədən ifadə etdiyi hisslərin, duyğuların hamıya doğma, tanış ahəngi bəşəriyyətin  ali varlığı olan  insanı daha yaxından anlamağa,  insanlıq mövzusunda dərindən düşünməyə sövq edir.
Təranə T.uran Rəhimlinin şeirlərini oxuduqca inci kimi parlayan sözlərdən çələng kimi toxunmuş,  dərin məna çalarları ilə estetizmin vəhdətindən yaranan poetik gözəlliyə, harmoniyaya valeh olmamaq mümkün deyil.  Bu əsrarəngiz hisslər və bütün estetik gücü ilə işıq saçan ifadələr qəribə bir  tərzdə oxucunu özünə cəlb edir, sözün sehrinə salır. 

Şair öz şeirlərində yalnız əbədi duyğu olan sevgini və kainatın dəyişməz zinəti sayılan gözəlliyi deyil, eyni zamanda insan qəlbinin sirli dünyasını, onun daxili mürəkkəbliyini, təlatümlü vəziyyət və situasiyalarda mənəvi gücünü, zərif təbiətinin ən incə qatlarını təsvir edir.
 Hər bir misrasında, hər bir sözündə insan ruhunun ən həssas məqamlarına dair poetik axtarışlar və hisslər fırtınası görünür. Təranə Turanın şeirlərinə sevgimiz, təkrarsız bədii  ifadə şəklinə vurğunluğumuz, poetik ustalığının doğurduğu  heyrətimiz getdikcə artır. Çünki onun yaradıcılığında söz yalnız bədii vasitə deyil, eyni zamanda ürəyin rəsmini çəkmək, şair ruhunu mükəmməl ifadə etmək və sənətkar təfəkkürünün bütün siqlətini başqalarına çatdırmağın güclü aləti kimi özünü göstərir. Şeirlərindən birində  "Sən mənim şəklimi çəkə bilməzsən" deyən şair sözlə həyatın ən mükəmməl rəsmini çəkir:

Ağacı çəkərsən, daşı çəkərsən, 
Yazda beli sınan qışı çəkərsən, 
Dünyada nə var pis yaxşı, çəkərsən,
Sən mənim şəklimi çəkə bilməzsən.

Oxşada bilərsən qaş-gözümü də,
Rəngini taparsan hər sözümün də, 
Çəkərsən içimdə kor dözümü də,
Sən mənim şəklimi çəkə bilməzsən.

Poetik düşüncənin dolğun təqdimi üçün Azərbaycan şeirində heca vəzninin şirin ahəngi, nizamlı poetik biçimi, müxtəlif forma komponentləri və sözlərin musiqisi mühüm rol oynayır. Bu poetik forma gözəlliyi şairin şeirlərində Şərq poeziyasının bütün dəbdəbəsi, zərafəti ilə özünü göstərir. "Səni gözlərimin yaşı tutacaq" şeirndə olduğu kimi:

İndi hisslərimi elə don vurub,
Günəşin içinə qoysan əriməz.
Qəlbimə o qədər dərd yeritmisən,
Daha ürəyimə sevgi yeriməz.

Təranə Turan Rəhimlinin şeirləri sözlərin daxili parıltısı və təsvir obyektinin başlıca mahiyyətinə  yönələn estetik münasibətə köklənib.
Şairin əsərlərində əsas mövzular — sevgi, ayrılıq, kədər və vətənə məhəbbət olsa da, onun şeirləri bundan daha çoxunu özündə ehtiva edir: hər misrada insanın mənəvi-ruhi axtarışları, onun daxili aləmi və zamanın mürəkkəb suallarına cavab tapmaq çabası əks olunur. Sadə poetik dillə hamıya doğma tərzdə ifadə etdiyi  fikirlərin dərinliyi oxucunu tam anlamda düşünməyə, hisslərə qərq olmağa təşviq edir. Şairin qiymətli poetik tapıntı kimi sonsuz rəğbət doğuran  belə misraları asanllqla yaddaşlara həkk olunur:

Baharımı qış bıldilər,
Nə etdim çaşbaş bildilər,
Elə susdum daş bildilər,
Hördülər divara məni.

Təranə Turan Rahimlinin şeirləri, hər bir misrası, hər bir sözü ilə oxucuya yeni bir ovqat gətirir,  hisslərin təlatümü baş verir. Şair, öz əsərlərində sevgi və gözəlliyi təsvir edərkən, insan qalbinin ən incə, ən mürəkkəb qatlarını açır. Beləliklə, onun şeirləri oxucuya yalnız estetik zövq verməklə qalmır, həm də insanın daxili dünyasına daxil olmağa, onun mənəvi mübarizələrini, həyatda rolunu və məqsədini anlamağa kömək edir. Məsələn, “Ömür sürət qatarıdır” şeirində zamanın və həyatın nəbzini tutmaq istəyən insanın daxili  yaşantıları, çağdaş dünyaya, axıb gedən vaxta, saatlara, həftələrə, aylara... orijinal münasibəti  təhlil mərkəzinə gətirilir: 

Bu günüm tez dünən olur,
Sabahı qucub gedirəm.
Mən həyatı yaşamıram, 
Üstündən uçub gedirəm.

 Bu şeir həyat qanunlarının kəskinliyini, vaxtın dəyərini anlamağa və zamanı səmərəli keçirməyə çağırır. Təranə Turan Rəhimlinin bədii yanaşması oxucunu zamanın sürətini və həyatın mahiyyətini yenidən nəzərdən keçirməyə sövq edir.
“Məndə daşa da sevgi var” şeiri isə sevgidə soyuq münasibətə özünəməxsus, fərqli  bir münasibətlə yadda qalır. Təsadüfi deyil ki, şairin ən çox dilə tərcümə edilən bu şeiri İtaliyada nəşr edilən kitabının adı olaraq seçilmiş, italyan tənqidçiləri Sergio Kamellini, Renzo Montaqnoli, Domeniko Pisana və başqaları "Məndə daşa da sevgi var"  (italyanca:  "Ho amato persino la pietra") misrasını bütünlükdə Təranə Turan Rəhimli poeziyasının aparıcı leytmotivi  kimi rəmzləşdirmişlər.  

Yaman üşütdün ruhumu,
Qəlbin buzdur, əllərin qar.
Qəm etmə belə soyuqsan,
Məndə daşa da sevgi var.

 Şair, sevgi və onun mürəkkəb təbiəti haqqında düşünməyə çağırır. Şeirdəki simvollar və təsvirlər vasitəsilə sevginin nə qədər dəyərli, sanballı və yüksək bir qüvvə olduğunu göstərir. "Kirpiyindən buz asılıb, saçlarına qar səpilib", '"Sanki sənin dodağınla qışın yanağı öpülüb" misraları təbiətlə insanı qarşılaşdıraraq, insanın  soyuq daşa belə sevgi duyduğunu vurğulayır.  Buradakı qarşılıqlı təsvirlər sevginin ucalığı, yenilməz təbiəti ilə sevənlərin real situasiyası arasındakı ziddiyyəti təqdim edir, mənəvi duyğuların dərin, gizli qatlarına daxil olmaq imkanı açır.

“Ruhum bədənimdə qərib kimidi” şeirində isə şair insanın daxili aləmi və fiziki dünya ilə münasibətini təsvir edir. O, ruh və bədən arasındakı qeyri-müəyyən və mürəkkəb əlaqəni ifadə edir. Şairin sözləri və təsvirləri vasitəsilə, hər bir oxucu öz daxili ruhi vəziyyətini, çətinliklərini və həyat yorğunluğunu  hiss edə bilər.

Yerini tapmışam gəlib deyəm ki,
Daha görüşünə gəlməyəcəyəm.
Ruhum bədənimdə qərib kimidi,
Daha bu bədəni geyməyəcəyəm.

Təranə Turan Rahimlinin bədii düşüncələri, fəlsəfi yanaşması, və təsvir məharəti cəmiyyətin yaxşılaşdırılması və insanlığın ruh halını anlamağa yönəlmişdir. O, yalnız öz vətənində deyil, bütün dünya ədəbiyyatında yüksək qiymətləndirilən şairdir. Beynəlxalq miqyasda ən nüfuzlu mükafatlarla təltif edilən şair öz poeziyası ilə Şərq şeirini dünya ədəbi mühitində ləyaqətlə təbliğ edir, bununla da  Azərbaycan şeirinin əzəmətli keçmişini, köklü ənənələrini bir daha xatırlatmış olur.
Təranə Turan Rahimli öz şeirləri ilə müasir Azərbaycan ədəbiyyatının şöhrətini, şanını bütün dünyaya tanıdan şairdir.   O, öz şeirləri ilə həm xalqının milli-tarixi kimliyini, mədəni dəyərlərini tərənnüm edir,  həm də ümumbəşəri dəyərlərə sədaqəti ilə yüksək humanist sənət nümayiş etdirir.  Onun əsərləri oxucunu bir maqnit cazibəsi ilə özünə cəlb edir, yeni fikirlər və hisslər oyadır,  insan ruhunun dərin qatlarına enməyə səsləyir. Təranə Turan Rəhimlinin bədii ustalığı, sözdən məharətlə istifadə edərək yaratdığı inci şeirlər, metaforaları, təsvirləri, dərin fəlsəfi düşüncələri beynəlxalq miqyasda yüksək qiymətləndirilir və onun şeirləri bütün dünyada sevilərək oxunur. Azərbaycan,  Türkiyə,  Yunanıstan, Vyetnam, Braziliya, Albaniya, İtaliya, İran, Banqladeş, Hindistan və başqa ölkələrin şair, yazıçı və tənqidçilərinin Təranə Turan Rəhimli haqqında məqalələri bir daha təsdiqləyir ki, o, dünya poeziyasının inkişafına önəmli töhfələr verir.
Təranə xonımı Azərbaycan ədəbiyyatının qızılgülünə bənzədirəm.
Qızılgül — güllər arasında məlikədir, oı saralıb solan çəmən içində, minlərlə gül arasında özünün xoşbəxt və məğrur duruşu, zərif, unudulmaz ətri, parlaq rəngi ilə fərqlənir.

Onun hər bir halı gözəllik, incəlik, zərafət və mənəvi dərinlik simvoludur.
Qızılgül yalnız təbiətin möcüzəvi gözəlliyi deyil, həm də özünün tikanları ilə axtarış, əzab və böyümənin simvoludur. Tam bu şəkildə, Təranə Turan Rəhimli də Azərbaycan ədəbiyyatının qızılgülü olaraq özünün bənzərsiz və misilsiz şeiriyyəti ilə dünya ədəbiyyatında  fərqlənir.
Onun misraları eynilə  qızılgülün xoş ətri kimi oxucuları özünə valeh edir və onların qəlbində, yaddaşında  dərin iz buraxır. Hər misrası qızılgül ləçəkləri kimi bir-birini gözəlləşdirərək  qüvvətləndirir, əzəmətli bir bədii səltənət yaradır. 
Şairin şeirlərinin poetik ahəngi, misralarının mənəvi gücü, fəlsəfi dərnliyi, bədii yükü qədim bir xalqın ən yaxşı dəyərlərini  anlamağa, zənginliyini bütün çalarları ilə tanımağa yardımçı olur. Təranə Turan Rəhimli şeiri öz  əzəməti ilə Azərbaycan ədəbiyyatına böyük töhfədir.
Təranə xanımın şeirlərindəki hər bir misra, gözəl bir qızılgülün petalı kimi, mənəvi dünyanı və həyatın mürəkkəb cəhətlərini açıb göstərir. Onun bənzərsiz yaradıcılıq örnəkləri və poetik ustalığı yalnız öz xalqını deyil, həm də bütün dünyanı ilhamlandıran gücə malikdir.








Cahangir NAMAZOV
"Butov Azərbaycan" qəzetinin, "Yazarlar” jurnalının redaksiya heyətinin üzvü, 
"Ədəbiyyat və incəsənət” portalının Özbəkistan üzrə təmsilçisi.
"Dünya Talantları" Beynəlxalq Təşkilatının üzvü.
Beynəlxalq "Abay" medalı laureatı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar