Rusiyanın Ermənistandakı mövqelərini itirməsi hələ mümkün olmasa da, İrəvan bu istiqamətdə sürəkli addımlar atır. Avropa İttifaqının müşahidəçilərinin Ermənistanda, Azərbaycarla sərhəddə yerləşmələri üç il əvvəl irreal təsir bağışlasa da, artıq faktdır. Üstəlik, İrəvan KTMT-də iştirakını dondurub. Bütün bunlar Cənubi Qafqaza nə vəd edir?Fransa prezidenti Emmanuel Makron "sadiq dostu", yəni bütün göstərişlərini yerinə yetirən köləsinə çevirdiyi Ermənistanın baş naziri Nikol Paşinyanı tərifləyib. Makronun sözlərinə görə, rəsmi İrəvanın Rusiya prezidenti Vladimir Putinin Ermənistana rəsmi səfərlərini faktiki olaraq məhdudlaşdıran qərarı, yəni Roma statutunu ratifikasiya etməsi "təqdirəlayiq qərar"dır.
"Bu qərarı qəbul etmək asan deyildi. Cəsarət gərəkdi", - İnsan Hüquqları Bəyannaməsinin yubileyinə həsr olunmuş tədbirdə çıxış edərkən E.Makron deyib.
Rusiya ilə Ermənistan arasındakı münasibətlərin indi həddən ziyadə gərgin olduğunu E.Makron əla bilsə də, İrəvan-Moskva marşrutundakı emosiyaları tarıma çəkmək üçün o, az qala bütün vasitələrdən istifadə edir.
Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən o, Ermənistanın Moskvadan asılılığını azaltmaq, Moskvanın İrəvana təsir imkanlarını minimallaşdırmağa çalışıb.
44 günlük İkinci Qarabağ Müharibəsindən sonrakı üç ildə N.Paşinyanr hakimiyyəti fasiləsiz olaraq Rusiyanı xəyanətdə, müttəfiqlik öhdəliklərinə əməl etməməkdə və s. suçlayıb. Xankəndindəki separatçı rejimin mövcudluğuna son qoyulandan və qarabağlı ermənilər kütləvi şəkildə Ermənistana köç edəndən sonra isə ümumiyyətlə, Paşinyan hakimiyyəti ölkədə az qala anti-Rusiya təbliğatına start verdilər.
İrəvandakı hakimiyyət dəstəsində elə bir fiqur yoxdur ki, Ermənistanla Rusiya arasındakı əlaqələrin inkişafı bir yana - münasibətlərin indiki səviyyədə qalmasını dəstəkləsin və ya belə çağırışlarla çıxış etsin.
Fransanın "təklif" kimi səsləndirdiyi tələbləri əsasında Ermənistanın təhlükəsizliyin təminatı sahəsində Qərblə əlaqələrini sürətlə intensivləşdirməsi Rusiyanıi qıcıqlandıran ən ciddi amillər arasındadır.
Cənubi Qafqazın Rusiya üçün hansı önəmi kəsb etdiyi, Moskvanın postsovet məkanındakı həmsərhəd dövlətləri və onlarla əlaqələri hansı müstəvidə gördüyünü Nikol Paşinyan administrasiyaı hələ də anlaya bilmir.
İrəvanın siyasi elitaları dərk etmirlər ki, postsovet ölkələri Rusiyanın geosiyasi planlarında və milli təhlükəsizlik konsepsiyasında prioritet yer tutur.
Ermənistan rəhbərliyi Rusiyanın Orta Asiyada davranışını və yürütdüyü siyasəti xatırlarsa, İrəvan bundan sonra özü üçün fəlakətli addımlardan çəkinə bilərdi.
ABŞ Orta Asiyadakı proseslərə təsir imkanlarına yiyələnmək üçün Qırğızıstandakı Manas aerodromunu aviabazaya çevirmək, Özbəkistanda isə böyük hərbi baza yaratmaq istəyirdi. Vaşinqtonun planlarında sonradan Qazaxıstan və Tacikistanda da bazaların təsis edilməsi vardı.
Lakin Rusiya bu planların reallaşmasının qarşısını aldı, Birləşmiş Ştatların taktikasını yarımçıq qoyaraq Vaşinqtonu təəssüflənməyə vadar etdi.
Ermənistan rəhbərliyi sanki Rusiyanfın səbrini sınağa çəkməyi qarşısına məqsəd qoyub: ABŞ ilə birgə hərbi təlim keçirilir, Avropa İttifaqının müşahidə və monitorinq missiyası (EUMM) ölkədə fəaliyyət göstərir, Fransa və Hindistandan silahla hərbi texnika alınır, Britaniya ilə hərbi-texniki əməkdaşlıq sazişi imzalanır, Frasa səfirliyində hərbi attaşe postu yaradılır və konsulluq təsis olunur. Bütün bunlarla yanaşı, erməni siyasətçilər və dövlət adamları cəmiyyətdə anti-Rusiya narrativlərinin sayı ilə miqyasını artırırlar.
Halbuki rəsmi Moskva indiyədək dəfələrlə bəyan edib ki, EUMM-un və ümumiyyətlə, NATO ilə bağlı olan strukturların Cənubi Qafqazda, xüsusilə də Ermənistanda fəaliyyətinə qətiyyətlə etiraz edir.