Xəbər lenti
Xoşbəxtlik seçim deyil, öyrənmə yoludur

Günümüzün ən aktual problemlərindən biri budur: hər kəs xoşbəxt olmaq istəyir. Hamı xoşbəxt taleyin axtarışındadır və düşünür ki, əgər başqaları
xoşbəxt ola bilirsə, demək, o da ola bilər. Amma çox zaman unudurlar ki, hər bir insan fərqlidir — düşüncəsi, xarakteri, yaşadığı həyat, taleyi və qoyduğu izlər başqalarına bənzəmir. Talelər də bir-birindən fərqlidir, yollar da eləcə. Eyni xoşbəxtliyi gözləmək yanlışdır, çünki hər kəsin daxili aləmi, sınaqları, imkanları və duyğuları tamam fərqlidir. Bəzən “çətinlik” adlandırdığımız həyat mərhələsi əslində özümüzü tapma yoludur. O bir vasitədir. Pis həyat yoxdur — yalnız səni dəyişdirən, səbrini yoxlayan, içini dərinləşdirən bir həyat var. O həyat bəzən üzündə sərtlik yaradar, baxışlarına yorğunluq yükləyər. Amma sən o sərtliyi qəbul edib dəyişmək qərarına gəlsən, artıq taleyini dəyişməyə ehtiyac yoxdur, çünki sən dəyişdiyin anda taleyin də dəyişməyə başlayır. Xoşbəxtlik təsadüf deyil. O, insanın öz seçimləri, baxışları və həyatla necə münasibət qurduğuna
bağlı şəkildə tədricən formalaşır. Və bəli… Bəzən insan ürəyinin səsini dinləyər və yanıla bilər. Amma bu, peşmançılıq deyil. Bu, cəsarətdir. İnsana peşmanlıq lazım deyil. Əgər o, yaşadığı mənfi bir vəziyyətdən sonra belə yenidən başlamağı bacarırsa, deməli, o artıq uduzmayıb. Bu, işdə də ola bilər, münasibətlərdə də, dostluqda da, həyatın ən çətin nöqtəsində də. Əgər sən ürəyinin səsini dinləmisənsə və nəticə istədiyin kimi olmayıbsa, yenə də özünə deməlisən: “Mən insanam, mənim də yanılmaq haqqım var.” Amma ən azından deməyəcəksən: “Kaş ki, ürəyimin səsini dinləyəydim…” Bu o qədər dəyərli bir hissdir ki, insan özü-özünə sadiq qalır. Bəzən məntiq səni qoruyur, amma ürəyin səni yaşadır. Bəzən isə ürəyin səni yanlış aparır, amma dərindən öyrədir. Ürəyinin səsini dinləmək insanı robotlaşmaqdan, mexaniki qərarlardan və monoton həyatdan xilas edir. İnsan daxili ilə danışmağı öyrənir, duyğularının mənşəyini anlayır, emosional zəkası formalaşır. Seçimlərimiz də yolumuz kimi
fərqlidir. Bəzən bir insan ali təhsil almamış olsa da, daxili istedadı və bacarığı ilə həyat yolunu qurur. Başqası isə təhsilli olduğu halda, illərlə öz yerini tapa bilmir. Kimisi 20-21 yaşında evlənir, kimisi 35-də. Kimisi isə o yaşda belə hələ də özünü bir çox şeyə hazır hiss etmir. Biri gənc yaşda böyük məsuliyyətlər daşıyır, digəri isə hələ də yolun harasından başlayacağını düşünür. Yaş sadəcə rəqəmdir. Nə ölçüdür, nə də zəmanət. Əsas olan, insanın özünü hansı yaşda həyata hazır hiss etməsidir. Və mən demirəm ki, erkən evlilik doğrudur və ya gec evlilik daha düzgündür. Əsas odur ki, insan bu qərarı başqasının təzyiqi ilə deyil, öz daxili hazırlığı və qəbuluyla versin. Bu, iş həyatında da belədir. Kimisi bir sahədə çalışır, kimisi isə eyni anda iki-üç işi görmək istəyir. Biri ali təhsilini bir neçə yerdə alır, amma yorulur. Biri bacarıqlıdır, amma məsuliyyətdən qaçır. Başqası isə həm təhsilini, həm məqsədlərini, həm də çətinlikləri eyni anda yaşamaq istəyir dolu-dolu. Kimsə yeni təcrübələrə qapalıdır, öz iç dünyasında
gizlənir. Amma elə insan da var ki, içindəki dünyanı başqaları ilə paylaşmaq üçün yeni insanlarla, yeni sahələrlə tanış olur, həyata başqa pəncərədən baxır.
Və bəziləri var ki, sadəcə həyatı sevmir. Əlində hər şey var - ailəsi, evi, imkanı, onu sevən insanlar — amma yenə də içində boşluq var. Çünki bəzən mükəmməlliyin içində belə insan itib gedir. Əksinə, kiminsə sadə bir həyatı var
— balaca bir ev, kiçik bir ailə, çox şey yox… Amma o evin içindəki səmimiyyət, o sadəliyin içindəki sevgi insanı bütöv və xoşbəxt edir. Biz taleyimizi seçmirik. Doğulduğumuz evi, ailəni, başlanğıc nöqtəsini müəyyən etmirik. Amma yaşadığımız yeri necə formalaşdıracağımız, necə davam
etdirəcəyimiz bizim seçimlərimizdən, baxışlarımızdan və həyatın mənasını necə dərk etdiyimizdən asılıdır. Hər insan öz yolunu seçir. Kimisi çətin, kimisi asan… Kimisi səhvlərlə, kimisi uğurla dolu… Amma seçim insanın öz səsi ilə olarsa, nəticəsi nə olursa-olsun, peşmanlıq yox, təcrübə qalır.
İlahə Həbib, Bakı Slavyan Universitetinin
jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar