Sizin Reklam Burada
Xəbər lenti
06-08-2025
05-08-2025
BÜTÜN XƏBƏRLƏR

Xatirəyə çevrilən anlar...

Tarix: 06-08-2025 18:45     Baxış: 279 A- / A+
Vida sözü

İnsan cəmiyyətdə dünyaya göz açır, cəmiyyətdə yaşayır, ömrü boyu saysız-hesabsız insanlarla bu və ya digər şəkildə ünsiyyətdə olur. Onu insan kimi, şəxsiyyət kimi, alim kimi, yazıçı kimi, dövlət xadimi, dost kimi formalaşdıran da elə cəmiyyətdi, mühitdi. Xalq yazıçısı, filologiya elmləri doktoru, professor, ictimai xadim Elçin Əfəndiyevin dünyasını dəyişməsi xəbərinin doğurduğu rezonansı görəndə, onunla ünsiyyətdə olan insanların ürək göynədən xatirə yazılarını oxuyanda istər-istəməz bu haqda mən də düşünməli oldum. Kimisə nə qədər yaxından tanıyırıqsa, onun itkisi də adamı o dərcədə təsirləndirir, göynədir... 
     Elçin dünyaya nə ilk gələndi, nə də  dünyadan son gedən... İstər-istəməz yaxınların, doğmaların dünyasını dəyişməsi adamı ölüm haqqında, dünyanın vəfasızlığı haqqında dönə-dönə düşünməyə vadar edir... 
     Elçinin müxtəlif janrlı, müxtəlif mövzu və problematikalı əsərləri, bütün yazdıqları istər-istəməz itməyəcək, qalacaq, ona görə ki, onlar yazılıdı, sənədləşib. Ancaq ayrı-ayrı insanlarla ünsiyyət anları xatirə şəklində olsa da, bir yerə toplaşanda dünyasını dəyişən şəxsiyyətin bütün cəhətləri tam halda, dolğunluğu ilə nəzərə çarpa bilər. Ayrı-ayrı detallar, ştrixlər, xatirəyə çevrilən anlar bir yerə toplaşanda dünyasını dəyişən insanın xarakteri, onun portreti, bənzərsiz siması, şəxsiyyəti daha aydınlığı ilə göz önündə canlana bilər. Bu məqamda istər istəməz elin bir deyimi yada düşür: “Dama-dama göl olar.” Həmin nöqteyi-nəzərdən yanaşdıqda ayrı-ayrı zamanlarda, ayrı-ayrı insanların baxış bucaqlarında yaddaşlara hopan cizgilər ümumi bir mənzərənin  formalşmasına zəmin yaradır. Elə bu düşüncələr məni vadar elədi ki, görkəmli yazıçı, ədəbiyyatşünas alim, tənqidçi Elçin müəllimlə görüşlərimizin yaddaşıma hopan bəzi anlarını xatırladım, onun ruhu qarşısında öz mənəvi borcumu yerinə yetirim...
     Elçin müəllimlə ilk görüşümüz də, son görüşümüz də ikimiz üçün də doğma olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunda olmuşdu. Ali məktəbi bitirəndən sonra təhsilimi aspiranturada davam etdirmək, mövzu götürüb müdafiə eləmək məqsədiylə tez-tez Ədəbiyyat İnstitutuna gedirdim. O vaxt Elçin Əfəndiyev həmin institutun aspiranturasını da bitirmişdi, müdafiə də eləmişdi. Elmi işçi kimi nəzəriyyə şöbəsində əmək fəaliyyəti göstərirdi. İnstitutun dəhlizində ara-sıra üz-üzə gələndə salamlaşsaq da, yaxın ünsiyyətimiz yox idi. Ancaq onun ədəbi proseslə bağlı mətbuatda gedən yazılarını maraqla oxuyurdum.
     Mən aspiranturaya qəbul olunanda artıq Elçin müəllim iş yerini dəyişmişdi, Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışırdı. Yadımdadır, onun ilk övladı dünyaya gəlmişdi. Elçini təbrik eləyirdilər. Kimsə soruşanda ki, ay Elçin, qızının adını nə qoymusan? O, təbəssümlə cavab vermişdi: Günay. Hamı bir az təəccüblənəndə o demişdi ki, necə olur ki, Aygün olur, Günay olmur? Mən günü aydan qabağa keçirmişəm da... 
   
 Elçinlə şəxsi tanışlığımızın, ünsiyyətimizin vasitəçisi isə rəhmətlik Vaqif İbrahim oldu. Onun istəyi ilə mən müəllim işlədiyim məktəbdə - Sumqayıt şəhərindəki 23 nömrəli məktəbdə Elçinlə görüş təşkil elədim. Yaradıcılığı haqqında danışmağım da, tədbirin özü də Elçin müəllimin çox xoşuna gəlmişdi. O vaxtın dili ilə desək, əsas hissədən sonradakı “bədii hissə”də, qonaqlıq məclisində bir yerdə oturmağımız, söhbətləşməyimiz, zarafatlaşmağımız bizi lap doğmalaşdırdı, yaxınlaşdırdı. O vaxtdan sonra hər dəfə Yazıçılar İttifaqına gedəndə mütləq Elçin müəllimlə görüşər, söhbətləşərdik. 
   Vaqif İbrahim “Göyərçin” jurnalında məsul katib işləyəndə həm də Gənc Yazıçıların Respublika Ədəbi Birliyini yaratmışdı. Məşğalələr, görkəmli şair və yazıçılarla gənc qələm sahiblərinin görüşləri o qədər maraqlı keçirdi ki! Elçin də ara-sıra bizim tədbirlərimizdə iştirak edər, gənc qələm sahiblərinə məsləhətlər verərdi. O günlərdən yadigar xeyli şəkillərimiz qalıb.
   Minnətdarlıq duyğusu ilə xatırlayıram ki, mənim Yazıçılar İttifaqına üzv qəbul edilməyimin əsas səbəbkarlarından biri də elə Elçin müəllim olmuşdu. Rəhmətlik həmişə haqqımda xoş sözlər söyləyərdi.
    1985-ci ildə məni “Göyərçin” jurnalına şöbə müdiri təyin elədilər. O vaxt Ağəddin Mansurzadə də “Bakı” qəzetində şöbə müdiri işləyirdi. Yazıçılar İttifaqının üzvləri üçün koperativ ev tikiləndə Ağəddin məni də məcbur elədi ki, sənəd hazırlayım. Nə qədər desəm də pulum yoxdu, rəhmətlik deyirdi ki, Allah yetirəcək.
   Sənəd topıamaq üçün Yazıçılar İttifaqına getmişdim. Dəhlizdə Elçin müəllimlə rastlaşdım. Bu dəfəki gəlişimin məqsədini söyləyəndə hirsləndi, məni Hüseyn Abbaszadənin otağına aparıb dedi ki, ay Hüseyn müəllim, Rafiqin pulu nə gəzir ki, ev tikdirə?  Niyə ona Yazıçılar İttifaqına ayrılan mənzillərdən birini verməyək ki?
   Düzdür, mənə ev vermədilər, heç koperativə də yazmadılar ki, sən Sumqayıt qeydiyyatındasan, ancaq Elçin müəllimin bu xeyirxah addımını heç zaman  unutmamışam...
   Elçin müəllim baş nazirim müavini işlədiyi vaxtlar idi. Qobustanda müsiqili, əyləncəli dövlət tədbirində çəkiliş qrupunun rəhbəri mən idim. Dövlət Televiziyasının Xəbərlər Baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri işləməyimi biləndə Elçin müəllim çox sevindi. Dedi ki, sağ olsun Nizami müəllimi, televiziyanı düzəltmək üçün sənin kimi istedadlı adamlara çox böyük ehtiyac var. Həmin vaxtdan sonra başqa dövlət tədbirlərinin çəkilişi zamanı da Elçin müəllimlə görüşür, söhbətləşirdik... 
    Nizami küçəsində kitab bayramı idi. Çingiz Əlioğlu ilə dayanıb söhbət eləyirdik. Ayrı-ayrı rəhbər vəzifəli adamlar yanımızdan gəlib keçir, ağızucu salamlaşırdılar. Nəhayət, Elçin müəllim də gəlib şıxdı. Bizimlə, eləcə də digər yazıçılarla çox mehriban görüşdü, hamı ilə hal-əhval tutdu. O gedəndən sonra Çingiz müəllimə dedim ki, sənin dayın oğlu olduğuna görə demirəm, Elçin müəllim baş nazirin müavinidir, ondan vəzifədə, şəxsiyyətdə qat-qat kiçik olan adamlar görürsən də, özlərini necə çəkirlər? Ancaq Elçin müəllim çox sadə, təvazökar, istiqanlı, mehribandır.
     Çingiz məndən soruşdu:
     -Rafiq, bilirsən bunun səbəbi nədi?
     Soruşdum:
     -Nədi?
     Dedi:
     -Ona görə ki, Elçin İlyas Əfəndiyevin oğludu...
     İkimiz də bir-birimizə baxıb güldük. Düz sözə nə deyəsən! İstedadın, mədəniyyətin, insanlığın, mehribanlığın, sadəliyin, təvazökarlığın genetika ilə birbaşa əlaqəsi var...
   Milli kitabxanada tanınmış uşaq şairi Teymur Elçinin “Biblioqrafiya”sının təqdimatı idi. Mənə də söz verdilər, danışdım. Tədbirdən sonra Elçin müəllimlə görüşmək istədim. Ancaq o, televiziyaya müsahibə verirdi. Ona görə də bir tərəfdə durub gözlədim. Elə bu vaxt Teymur müəllimin oğlu, Elçin müəllimin qaynı Yaşar Əliyev mənə yanaşdı, çıxışıma, eləcə də atası haqqında ayrı-ayrı vaxtlarda yazıb “Ədəbiyyat qəzeti”ndə çap elətdirdiyim məqalələrə görə mənə təşəkkürünü bildirdi. Dedi ki, etiraf edim ki, o vaxta qədər Sizi tanımırdım. Atam haqqında yazdığınız məqalələri oxuyandan sonra internetdə axtarış verib haqqınızda xeyli məqalə oxudum və Sizinlə qürur duydum... 
   Elə bu vaxt müsahibə verib qurtaran Elçin müəllim də bizə yanaşdı, necə deyərlər, söhbətin üstünə çıxdı. Çıxışımı çox bəyəndiyini dedi, tanışlığı dərinləşdirmək məqsədiylə Yaşar müəllimə haqqımda xeyli xoş sözlər söylədi... 
   Tanınmış bəstəkar, Azərbaycan himninin son aranjimançısı Rauf Əliyevin filarmoniyada yaradıcılıq gecəsi idi. Rauf yoldaşmın dayısı oğlu olduğu üçün bizim ailə üzvlərimizin də hamısına dəvətnamə göndərmişdi. Son dərəcə maraqlı, səviyyəli bir konsert oldu. Konsertdən sonra Elçin müəllimin başının dəstəsi ilə qapıdan çıxmaq istədiyini gördüm. Elə buna görə də ona yaxınlaşmağa utandım. Birdən necə oldusa Elçin  müəllim məni gördü, qapıdan qayıdıb bizə sarı gəldi. Həmişə olduğu kimi çox mehrbanlıqla görüşdü, hal-əhval tutdu. Onun bu hərəkəti məni çox duyğulandırdı... İnsan nə qədər mehriban, istiqamlı, sadə, təvazökar olarmış, İlahi...
     Son görüşümüz isə Ədəbiyyat İnstitutunda oldu. Mən orada fəaliyyət göstərən dissertasiya şurasının üzvü idim. Elçin müəllim isə doktorluq dissertasiyasının rəsmi opponenti kimi gəlmişdi... Müdafiədən qabaq bütün otaqları bir-bir gəzdi, hamı ilə görüşdü. Sonra dəhlizdəki Nizami Gəncəvi heykəlinin yanında bir xatirə şəkli də çəkdirdik...
   Bax mənim tanıdığım, ünsiyyətdə olduğum Elçin müəllim belə insan idi...
   Əlbəttə, bu kiçik yazıda Elçin müəllimin çoxşaxəli yaradıcılığını təhlil etmık fikrində deyiləm. Buna heç imkan da yoxdu... Təskinliyim isə budu ki, Elçin müəllim özündən sonra zəngin ədəbi irs qoyub gedib. Onun əsərləri haqqında xeyli sayda tədqiqat işləri yaranıb və bu proses indi də davam etməkdədir. 
   Bu çox doğru qənaətdir ki, yaradıcı insanlar cismən dünyalarını dəyişsələr də, mənən həmişə yaşayırlar. Bu sözlərin ədəbiyyat tariximizi öz bənzərsiz əsərləri ilə zənginləşdirən görkəmli yazıçı, ədəbiyyatşünas Elçin Əfəndiyevə də birbaşa aidiyyəti var.
   Ruhu şad olsun əziz Elçin müəllimin!
  
Rafiq Yusifoğlu, 
şair, filologiya elmləri doktoru, professor.
05.08.2025

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar