Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

G

Tarix: 20-10-2024 22:38     Baxış: 9 A- / A+
 
 

44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ – ZƏFƏR  TARİXİMİZİN ŞANLI SƏHİFƏSİ

 
Doxsanıncı illərin əvvəllərindən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal etməyə başladı.  Düşmənin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd - yuvasından didərgin düşdü, 20% ərazimiz işğal edildi.
Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.
2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.
 Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.
Azərbaycan Respublikasının Hərbi doktrinasına əsasən, Ermənistan Respublikasının Azərbaycan Respublikası ərazisinin bir hissəsini işğal altında saxlaması və problemin siyasi yolla tənzimlənməsi çərçivəsində işğal etdiyi əraziləri azad etməkdən imtina etməsi səbəbindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu Azərbaycan Respublikası özündə saxlayır. Azərbaycan Respublikası xalqın və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir.
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə dərhal Təhlükəsizlik Şurasının iclası keçirilmiş, təcavüzkara adekvat cavab verilməsi istiqamətində konkret tapşırıqlar verilmişdir.
Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandığı, ölkənin, əhalinin və ərazinin, eləcə də Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin müdafiəyə hazır vəziyyətə gətirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuş, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edilmişdir.
İlk gündən Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edilmişdir. Bu məqsədlə, 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərman imzalanmışdır. Fərmandan irəli gələrək Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılmışdır. Müvəqqəti komendantlıqların nəzdində də müvafiq dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılmış, vəzifələri müəyyən edilmişdir.
 Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.
Belə ki, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur.
27 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv olmuşdur.
04, 05, 08, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.
Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak olmuş, 112 nəfər yaralanmış, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, ümumilikdə 13360 yaşayış və qeyri yaşayış sahəsinə, 346 nəqliyyat vasitəsinə ziyan dəymiş, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilmişdir.
Ermənistanın Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyib döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olduqdan sonra kapitulyasiya aktına imza atdı.
_ Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb.
Əvvəlcə bəyanatın üç ölkənin başçısı tərəfindən videokonfrans vasitəsilə imzalanması nəzərdə tutulub. Amma sonradan Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatı dünya ictimaiyyəti qarşısında imzalamaqdan imtina edib. O, ölkəsinin kapitulyasiya aktına gizlincə imza atıb.
Ancaq Ermənistan imzaladığı sənəddəki üzərinə götürdüyü öhdəliklərə əməl etmirdi. Belə ki, 10 noyabr 2020-ci ildəki üçtərəfli bəyanatda Ermənistanın Rusiya sülhməramlılarının yerləşməsinə paralel olaraq Qarabağdan öz qüvvələrini çıxarması tələbi açıq şəkildə göstərilib. Lakin Ermənistan təxminən üç il Azərbaycanın suveren ərazisindəki qanunsuz hərbi birləşmələrə dəstəyini davam etdirib. Hələ bu azmış kimi Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulurdu, ərazilərimiz minalanırdı, müxtəlif təxribatlar törədilirdi.
Bunları nəzərə alaraq üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı.
23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
Hazırda azad edilmiş bütün torpaqlarda üçrəngli bayrağımız dalğalanır……
 
 
***
 
HƏRBÇİ OLMAQ ARZUSU -  ŞƏHİDLİK MƏQAMINA APARAN YOL
 
 
 
   Qax rayonunda doğulub boya – başa çatdı. Ata-ananın yeganə oğul övladı, beş bacının tək qardaş olmaq sevinci payına düşdü. Körpəlikdən fərqli istək və sevgiylə qarşılandı. Çox istənildi, əzizləndi, ancaq bütün bunlar onun ərköyün böyüməsinə, “ver yeyim, ört yatım” düçüncəsi ilə yaşamadı. Dərslərini yaxşı oxudu, musiqi ilə məşğul oldu, idmana geti. Və hamısında uğur əldə etməyə, seçilməyə çalışdı. Belə də oldu. İdmanda, musiqi sahəsində bir çox müvəffəqiyyəti, arzuladığı peşəyə sahib olması onun çalışqanlığının, zəhmətinin bəhrəsi oldu. Hamı kimi onun da keçdiyi yol hamar olmadı. Həyatın amansız üzü, çətinliklər, manelər... Bunlara baxmayaraq qarşısına qoyduğu məqsədə çatmaq üçün yolundan dönmədi, ancaq irəli prinsipi ilə yaşadı. Orta məktəb illərində yaxşı oxudu, hətta hazırlıqlara getməklə biliyini, savadını daha da artırmağa çalışdı. Gülbənd müəllimin yanına getdiyi hazırlıq isə taleyində başqa rol oynadı. Müəlliminin qızını sevmək, onunla ailə qurub xoşbəxt olmaq qisməti varıymış qarşıda. Gələcək həyat yoldşı Pərvin xanımla tanışlığı, gələcəkdə ailə qurmaq qisməti oldu. Bir-birə olan sevgilərini bəyan etdilər, nişanlandılar, toy elədilər. Xoşbəxt oldular. Sahibə və Ülvinin dünyaya gəlişi sevincini yaşadılar. Sahib evə, ailəyə çox bağlı olub. Bunu özü də yazdığı gündəlikdə dəfələrlə etiraf edib. Doğmaları və dostları da dilə gətirirlər. Ailə qurmaq, övlad sahibi olmaq xoşbəxtliyini o qədər ürəklə, sevinclə vurğulayır ki, düşünürsən ki, bu səadətin ömrünün az olmasını hiss edirmiş, onun şirinliyini tez dadmaq istəyirmiş. Heyif! Bütün xoşbəxtliklər yarımçıq qaldı. Əziz oğul, istəkli qardaşı, sevimli ömür-gün yoldaşı, əvəzolunmaz ata bu şirinliyi sona qədər dada, doğmalarına yaşada bilmədi. 
     Sahib orta məktəbi bitirdi, APİ-nin defaktologiya fakültəsinə qəbul olunub. İstədiyi ixtisasa düşmədiyi üçün ali təhsil almaq arzusu reallaşmayıb. Təhsilini Azərbaycan Maliyə İqtisad Kollecində davam etdirib. 2001-ci ilin sentyabrından 2002-ci ilin iyuluna qədər burada oxuyub. Oradan həqiqi hərbi xidmətə yola düşüb. Hərbçi olmaq arzusuna bir azca da yaxınlaşıb. Necə deyərlər, niyyəti onu öz ardıyla (ardıca)aparıb. Nəhayət, hərbçi olmaq arzusuna çatıb. Müəyyən hərbi kursları bitirib, hərbi təlimlərdə, sınaqlarda can-başla iştirak edib. Peşəkar hərbçi olmaq üçün bütün çətinliklərə sinə gərib. Xoşbəxtliyi sevdiyi ailəsində, vətənə sevgisində tapıb. Müqəddəs bildikləri üçün hər şeyə hazır olub. İki övladının dünyaya gəlişi qayğısını artırsa da, ata sevgisi hər şeyi üstələyib. Hərbçi peşəsinə bağlılığı isə həyatınını daha da gözəlləşdirib, şirinləşdirib. (Mənalı edib)
 Bir vətəndaş, bir hərbçi kimi torpaqlarımızın uzun müddət yağı işğalında qalması narahat edirdi. 2016-cı ilin Aprel döyüşləri Sahibin ürəyincə oldu, döyüşdə iştirak etdi, igidlik göstərdi. Bu döyüşlərdə düşmənə tutarlı cavab verilsə də, müəyyən əarzilərimiz qəsbkarlardan təmizlənsə də, torpaqlarımızın tam azd edilməməsi Sahibdə narahatçılıq yaratdı. Hər an döyüşün başlamasını, torpaqlarımızın azad olunacağı günü səbrsizliklə gözlədi. Müasir silahlarımız, nizam ordumuzun olmasını bir hərbçi, kəşfiyyatçı kimi Sahib çox gözəl bilirdi. Əsgərlərimizin döyüşkən ruhda olması, intiqam hissi ilə yaşaması da Sahibə yaxşı məlum idi. Bircə qalırdı Ali Baş Komandanın irəli əmri.
27 sentyabr 2020-ci ildə həmin əmr gəldi. Peşəkar hərbçi kimi Sahib Musayev döyüşə başladı. Qəlbində Vətən sevgisi, torpaqlarımızı yağı düşməndən azad etmək istəyi, düşməndən intiqam almaq arzusu reallaşacaqdı.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) giziri olan igid döyüşçü Sahib Musayev Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdi. Döyüşlərin birində ayağından yaralandı, ancaq buna baxmayaraq  Sahib 2 gün sonra xəstəxanadan qaçaraq yoldaşlarının yanına qayıdı...
O Şuşanın   azad olunmasında iştirak etmək arzusundaydı. Ona görə də, həkimlərin qadağasına baxmadı, yaralı halda döyüşünü davam etdirdi. Bütün bu igidliklərinə, şücaətinə görəydi ki, “Pələng” ləqəbi qoyulmuşdu. Şücaəti, igidliyi ilə bu adı doğrultdu Sahib Musayev.
...Hər tərəfdə qızğın döyüşlər gedirdi, artıq bir neçə rayonumuz, böyük ərazilərimiz mənfur düşməndən təmizlənmişdir. Düşmənin istər canlı qüvvəsi, istərsə də hərbi texnikası müzəffər ordumuz tərəfindən məhv edilmişdir. Can vermək istəməyən düşmən bütün gücünü, qüvvəsini Şuşanın müdafiəsinə cəm etmişdir. 30 ilə yaxın bir müddətdə Şuşa ətrafında keçilməz sədlər, istehkamlar qurmuşdu ermənilər. Ona görə də Şuşanın azd edilməsində xüsusi təyinatlılar, Sahib kimi peşəkar hərbçilər iştirak etməliydi. Belə də oldu. Şuşanın azad edilməsində təkcə müasir silahlardan deyil, süngüdən, əlbəyaxa döyüşdən istifadə edildi. Azərbaycan əsgəri bütün maneələri aşaraq Şuşanı azad etdi. Bu, döyüş hərb tariximizə qızıl hərflərlə yazıldı. Bu igid döyüşçülər arasında Sahib Musayev də var idi. O bütün varlığı ilə Şuşa uğrunda gedən döyüşlərə atıldı. Qızı Sahibənin televizorda Şuşa haqqında gedən videosujetə baxandan sonra “ata, torpaqlarımız nə vaxt azad olunacaq, sülh şəraitində yaşayacağıq” sualına cavab vermək zamanı idi. Sahib yaralı halda Şuşanın azdlığına can atdı, döyüşdü, yenə yaralandı. Ancaq növbəti döyüşdə qəhrəmancasına həlak oldu...
Sahib Musayev “Gündəlik” yazırdı. Bu gündəlikdə həyatında baş verən bütün xırdalıqları qələmə alıb. Vətənini, xalqını, onun kiçik parçası olan ailəsini necə sevdiyini hər kəlməsində, hər cümləsində sezmək olur. Heyif ki, həmin “Gündəlik”
də Sahibin ömrü kimi yarımçıq qaldı. Artıq orda sevdiyi hərbçi peşəsindən, işindən bir kəlmə yazılmayacaq. Eləcə də ailəsinin xoş günündən, qızının, oğlunu gələcək  uğurlarından qeydlər aparmayacaq. Bütün bunlara baxmayaraq, Sahib daimi oxunacaq igidlik, qəhrəmannlıq salnaməsi yazdı, yaratdı. “Gündəlik” yazmağı çox adam bacarar, bu işi görə bilər. Ancaq igidliyi ilə tarix yazmaq, yaratmaq hər kəsə nəsib olmur, onu bacarmır. Sahib kimi oğullar şəhidlik zirvəsinə yüksələrək bu uca məqamı qazandılar. 
 
"Pələng" ləqəbli Sahib Musayev noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb. Yaralı halda düşmən tankına hücum edib və qəhrəmancasına şəhid olub.
Cəbrayılın, Hadrutun, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. "Vətən uğrunda" medalı ilə təltif edildi.[ Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Musayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
"Pələng" ləqəbli Sahib Musayev noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb. Yaralı halda düşmən tankına hücum edib və qəhrəmancasına şəhid olub.
     
 
 
***
Sahib Musa oğlu Musayev (ƏSAS)
(1984-2020)
 
 21 iyul 1984-cü ildə Qax rayonunun Şotavar kəndində anadan olub. 2001-ci ildə tam orta məktəbi bitirib. Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçib. 
 19 oktyabr 2002-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq kəşfiyyatçı-istehkamçı, baş kəşfiyyatçı, manqa komandiri vəzifələrində xidmətini davam etdirib. 
 2006-cı ildə Azərbaycan Respublikası silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin “Gizir hazırlığı kursu”nu bitirib.
 Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart 2006-cı il tarixli əmri ilə “gizir” hərbi rütbəsi verilib. 
 Xüsusi təyinatlı alayın xüsusi təyinatlı qrupunun kəşfiyyatçısı (sanitar), xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifələrində xidmət edib.
 Vətən müharibəsində xüsusi əməliyyat tapşırıqlarının uğurla yerinə yetirilməsində şəxsi şücaət nümunələri göstərib. Qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlib. Bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsində xüsusilə fərqlənib. 
 2020-ci il noyabrın 7-də Şuşa şəhəri ərazisində kəşfiyyat-döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 
 Sağlığında “Azərbaycan Ordusunun 90 illiyi (1918-2008)”, “Azərbaycan Ordusunun 95 illiyi (1918-2013) ”, “Qüsursuz  xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi(1918-2018)”, “Şücaətə görə”, ölümündən sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid 12 noyabr 2020-ci ildə doğulduğu Qax rayonunun Şotavar kəndində torpağa tapşırılıb. Ailəli idi. Bir qız və bir oğul yadigarı qalıb. 
 
 
***
 
YARIMÇIQ ÖMRÜN BİTMƏMİŞ GÜNDƏLİYİ
 
 
Şəhid Sahib Musayevin ömrünün ən xoş anlarından, həyatının müxtəlif məqamlarından bəhs edən Gündəliyinin yarımçıq əlyazması qalıb. Bu Gündəlikdə gənc bir atanın xoşbəxt günlərinin şirin anları, dünyaya gələn övladlarının sevinci, hərbçi həyatının maraqlı, eyni zamanda çətin tərəfləri öz əksini tapıb. Yəqin ki, Sahib yaşasaydı, 44 günlük Zəfərimizin qürurverici anlarından, gələcəkdə övladlarının əldə etdikləri uğurlardan və həyatının digər maraqlı məqamlarından da Gündəliyində qeydlər aparacaqdı. Ancaq Sahibin  Gündəliyi ömrü kimi yarımçıq qaldı. 
 
 
HƏR KƏSİN BİR HƏYATI VAR: Şəhidin gündəliyi
 
 
21.07. 1984-cü ildə Qax rayonunda anadan oldum. Mən doğulanda valideynlərim, bacılarım çox seviniblər. Ona görə ki, ailəmin yeganə oğul övladı idim. Beş bacının bir qardaşı. Mən çox qoruyublar. Biz Qax rayonunun Şotavar kəndində yaşayırdıq. Anam evdar qadın, atam isə ticarətlə məşğul olurdu. Dolanışığımız çox yüksək olmasa da həyat tərzim yaxşı olub. Doğulduğum üçün atam xüsusi olataq çox sevinib. Ona görə ki, mirasa sahib bir kəs olmalı idi. Ad qoyma mərasimi müzakirəli olub. İlk olaraq adımı Elsevər qoymaq istəyiblər. Bu adı mənə bibim fikirləşib. Bibim Bəsdinin seçdiyi ba ada atam narazılığını bildirib. 
Çünki adımı özü qoymağa qərara alıb. Evinin, mülkünün gələcək yiyəsi olacağımı fikirləşərək, hər şeyin sahibi olacağımı fikirləşərək adımı Sahib qoyub. Bu adı 1984-cü il iyulun 21-dən etibarən daşımağa başlamışam. Anadan olduğumdan 40 gün sonra elin adətilə müsəlman dünyasına qədəm basmışam. Günlər keçdi, aylar, illər keçdi, böyüdüm. Dediklərinə görə çox ərkəsöyün olmuşam, buna görə də uşaq bağçasında qalmamışam. İlk məktəbə hazırlığımla bacılarım məşğul olub. Məktəbə 1991-ci il sentyabrın 1-də qədəm qoymuşam, gözəl günlər idi. Səhər tezdən məni apardılar Sotavar kənd orta məktəbinə. Çoxlu uşaq gəlmişdi. Sinfimizdə 19 şagird vardı, 9 qız, 9 oğlan. Sinif rəhbəri Sənubər müəllimə idi. Biz hər gün məktəbdə oynayırdıq, oxuyurduq. İnsan ayrılmaq istəmirdi bir-birindən. Sinifdə mən, Anar, Elnur, İlqar, Hacımurad, Tahir, Elvin, Elnur (İki sinif yoldaşımın adı Elnur idi), Günel, Günay, Ülkər, Gülxar, Flora, Xatirə, Naibə, Xəyalə, Günay oxuyurduq. Biz çox mehriban idik. Hər birimizin başqaları kimi bir gələcək arzumuz vardı. Mənim də arzum hərbçi olmaq idi. Hərbiyə marağım hədsiz idi. O vaxt dayım Qarabağ müharibəsindən evə gələndə mənə bir əsgər kəməri vermişdi. Başqa dayım oğlu  Nəriman onu mənim əlimdən alıb onu qaçmışdı. Onda mən uşaq idim. Çox ağlamışdım kəmərdən ötrü. Sonra qaytarmadı. Televizorda hərbi verlişlərə çox baxırdım, deyirdim ki, kaş o paltarı mən də geyinəydim. Orta məktəbdə oxuyanda bizi “Şahin” hərbi oyununa hazırlaşdırırdılar. Buna mən çox sevinirdim. Bu yarışmada mən bir gələcək hərbçi kimi iştirak edirdim. O zamandan hərbiyə getmyin yollarını axtarmağa, aramağa başladım. Valideynlərim mənim fikrimlə razılaşmırdılar. Ona görə ki, mən tək oğul idim. Amma sonra başa düşdülər ki, mənim fikrim ancaq hərbçi olmaqdır. Mən mütamadi olaraq hərbiyə hazırlaşırdım. İstər fiziki, istərsə də elmi cəhətdən. Fiziki hazırlığımı sinif yoldaşım Anarla bir yerdə artırırdım. O da hərbiyə hazırlaşırdı. 1998-ci ildə mən sənədlərimi Cəmşid Naxçıvanski adına hərbi litseyə verdim, imtahandan kəsildiyim üçün bu məktəbdə oxumaq mənə qismət olmadı. Bu mənə çox təsir etdi. Bunu məndən və Allahdan başqa bir kəs belə bilmədi. Çünki məni buna görə çox qınadılar. Yəni mən oxumamış kimi tanındım. Atam sonra məni Sotavar kənd orta məktəbindən çıxardıb qonşu kəndə, Qorağana, Səfa Rəhimov adına orta məktəbə təhsilimi davam etdirmək üçün yolladı. Orada da gözəl, mehriban sinif yoldaşlarım var idi. Mənə uşaqlardan ayrılmağım çətin olmadı, gec də olsa onlara öyrəşdim. Sinif rəhbəri Gülçiçək müəllimə idi. Orada mən daha da yaxşı oxumağa başladım. Amma mən burada başqa sahədə hazırlaşmağa başladım. Buna baxmayaraq ürəyimdən hərbçi olmaq istəyi silinməmişdi. 
III qrupa hazırlaşdığım üçün hümanitar fənlərə daha üstünlük verirdim. Əsas həfim jurnalistika və Prezident yanında İdarəetmə Akedemiyası idi. Bir çox əlavə dərnəklərə də getməyə başladım. Azərbaycan dilindən Gülbənd müəllimə, tarixdən Tahir müəllim, riyaziyyatdan Naringül müəllimə hazırlaşdırırdılar məni. Müəllimlərim məndən razı qalırdı. Qarşımda bir məqsəd var idi ki, oxumalıyam, sənəd sahibi olmalıyam, ən azından nəyəsə yaramalıyam, dövlətimə, ailəmə layiqli olmalıyam. Prinsipim bu idi. 2001-ci il may ayının 25-də mən orta məktəbi bitirərək müstəqil həyata qədəm basdım. Ali məktəbə sənəd verdim. İstədiyim fakültələrə qəbul ola bilmədim. APİ-nin defaktologiya fakültəsinə qəbul olundum. Bu ixtisası qəbul eləmədim. Bundan sonra atam məni Azərbaycan Maliyə İqtisad kollecinə apardı. Mən oranın Gömrük işinin təşkili fakültəsinə daxil oldum və təhsil almağa başladım. Məktəbim Bakı şəhərində yerləşirdi. Məktəb Hacı Zeynalabdin Tağıyev adına idi. Orada da gözəl kollektivlə qarşılaşdım. 
Kənddə böyüdüyümə görə ilk günlər şəhər uşaqları ilə münasibət qurmaqda bir az çətinliyim olsa da sonradan hər şey öz yerini tutdu. Mən özümə gələcək gömrük işçisi olacam deyə sual verə bilmirdim. Ona görə yox ki, mən bacarmayacaqdım, xeyr, çox gözəl öyrənirdim. Amma hərbçi olmaq fikri məni rahat buraxmırdı. Mən deyirdim ki, bundan başqa bir sənətin öhdəsindən gələ bilmərəm. Qalan işlər çox asan işlər idi. 
Təhsilimi 2001-ci ilin sentyabrından 2002-ci ilin iyuluna qədər davam etdirdim. Texnikum olduğu üçün yaşı çatanları həqiqi hərbi xidmətə çağırırdılar. Mən də həmçinin 2002-ci il oktyabrın 9-da həqiqi hərbi xidmətə çağırıldım. Mən məktəbimi dondurdum. Əsgəri xidmətə gedəcəyim üçün çox sevinirdim. May ayının 8-də atamla birlikdə Bakı şəhərinə gəldim. O vaxtlar çağırış məntəqəsi Biləcəri rayonunda yerləşirdi. Oktyabrın 9-da səhər bizi bölməyə apardılar, komissiyadan keçdik. Məni N saylı Hərbi Hissəyə seçdilər. Buranın təyinatı kəşfiyyat idi. Mənim fiziki durumum burada xidmət etməyə imkan verirdi. Bizi bir hissəyə ayırdılar. Axşam 22:00 radələrində bizi bir avtobusa əyləşdirdilər və Bakıda yerləşən Şıxov qəsəbəsinə gətirdilər. Burada 15 gün qaldıqdan sonra bizi hərbi forma ilə təmin etdilər. Hamımız çox sevinirdik. Forma birimizə böyük, birimizə kiçik olurdu. Bir-birimizə baxıb gülürdük. 
İlk günlər bizə çətin gələn hər səhər saat 6:00-da verilən   “qalx” komandası idi. Yuxudan doymurduq. Hava hələ işıqlanmamış yuyunmaq üçün hamama aparılmağımız bizə çox qəribə gəlirdi. Bir dəfə hamamda üzümü yuyan zaman köhnədən xidmət edən hərbi qulluqçulardan biri məndən hansı bölgədən olduğumu soruşdu. Başımı yuxarı qaldırmadan Qax rayonundan olduğumu dedim. Təkrar hardan olduğumu soruşanda sinif yoldaşım Rəcəb Rüstəmov olduğunu gördüm. Çox sevindim! Görüşdük, öpüşdük onunla. Özümü bir an arxayın hiss etdim. 
Bir zamandan sonra dedilər ki, N saylı hərbi hissəsi düzülüş meydanında düzülsün. Biz bütün əşyalarımızı götürüb meydanda düzüldük. Hər birimizin əlində əşyalarımız içində olan bir sarı salafan “klok” var idi. Bizi qatar vağzalına gətirdilər. Oradan da Gəncəyə yola düşdük, səhər tezdən N saylı hərbi hissəyə çatdıq. Çox da böyük olmayan, ancaq əməlləri, işləri çox böyük olan hərbi hissə idi. Bizi gənc əsgər bölüyünə gətirdilər. Bizə hər şey qəribə gəlirdi. Əsl xidmətim həmin günlər başladı. Bizi bir cərgə düzüb dedilər ki, cibinizdə nəyiniz varsa çıxardın. 
 
Komandanlığın əmrinə əsasən şəxsi heyət yoxlanılmalı idi. Bir-bir yoxlamadan keçdik. Sonra bizə yataq yerlərimizi göstərdilər və “yat” komandası verdilər. Otaqda qırmızı rəngdə olan gecə işığında heç yata bilmirdim. Hamı yerində o tərəfə, bu tərəfə fırlanırdı. Həmçinin mən də. Səhər nə baş verəcəyini düşünə-düşünə yatdım. Birdən qulağıma ucadan “Qalx” komandası gəldi. Elə bildim yuxu görürəm. Amma yuxu deyildi. Başımı qaldırdım, gördüm əsgər yoldaşlarım cəld geyinirlər. Bizi hərbi hissəylə tanış etdilər, hər yeri tanıtdılar, yeməyə apardılar. Buranın yeməyi evdəkindən  çox fərqlənirdi. “Qreçka”, “perlova”, düyü, çörək, kişmiş suyu, vəssalam. 
Gedə-gedə köhnə xidmətçilərin təlimlərinə baxırdıq. Düşmən üzərində qələbə çalmaq üçün bütün hazırlıqlarını səfərbər edirdilər. Çox mehribanlıq vardı. Böyüklər kiçiklərə qardaş münasibəti göstərirdilər. Bizdən fiziki imtahan götürdülər. Bu imtahandan 100 bal aldım. 
 
Bütün şəxslər barəsində məlumat topladılar. Zəiflər çox əziyyət çəkirdilər, onlara əlavə vaxt çox ayrılırdı. Köhnə uşaqlar gəlib kimin haradan olduğunu soruşurdular. Qaxdan bir nəfər də vardı, İlham Qudayev adında. Mənə çox köməyi dəydi, bəzi hallarda necə xidmət edəcəyim barədə məni   istiqamətləndirdi. 3 aydan sonra bizi “bayavoy” bölmələrə böldülər. Mən bölmədə Qaravul naryadına getmək üçün hazırlaşmışdım. Bizi 3 yerə böldülər. Bir gələnləri bir yerdə saxladılar. 3-cü bölüyə qalxdıq. O 1-ci bölük ilə üz-üzə idi. 1-ci bölüyə aralarında “Əfqanıstan” deyirdilər. Onlar çox təlim görmüşdülər. Gənc əsgərlər ora getməyə çəkinirdi. Amma püşk də ora düşənlər oldu. Bizi təhvil alan bölük komandiri şəxsi işimizlə, nəticələrimizlə maraqlandı. Məni qaravul xidmətinə seçdilər. Gündən-günə xidmətə öyrənirdim. Bir müddətdən sonra hamımız bir-birimizi tanıdıq, uyğunlaşdıq, verilən bütün tapşırıqlar sözsüz yerinə yetirirdik. Hərbi xidmətdə məqsədimiz və öyrəndiyimiz tək bir şey düşmən haqda məlumat toplamaq, sağlam olmaq və sağ qalmaq idi. Bunların hamısını 18 ay layiqincə yerinə yetirdim. 2004-cü il aprel ayının 4-də hərbi xidmətimi başa vurdum. Hərbi xidmətdə olduğum müddətdə, 2003-cü il yanvar ayında Azərbaycanın elit bir qüvvəsindən, çox görkəmli, çox qüvvətli hərbi qulluqçular bizə öz sıralarında xidmət etməyimiz barəsində təklif etdilər. Mən bu təklifi 4 bölük içindən qəbul etdim. 
 
Məni kimi 5 nəfər də bu təklifə razı oldu. Bu təklifdən çox sevindim, nəhayət hərbçi olmaq arzuma çatırdım. Amma bu elit qüvvədə xidmət etmək mənə nəsib olmadı. Ona görə ki, mən öz üzərimdə daha çox hazırlıq görməliyəmmiş. Bizim gücümüz, sağlamlığımız imkan vermədi ki, biz bu kursu keçək. Burada çox güclü və çox savadlı, həm də Vətənindən, xalqından ötrü canını, qanını əsirgəməyən Vətən oğulları toplaşmışdı. Çox gözəl kollektivləri vardı. Bizi bu kursdan uzaqlaşdırdılar və hərbi hissəmizə göndərdilər. Ancaq bu kursu bitirməyi qarşıma qəti məqsəd kimi qoydum. Xidmətimi başa vurdum. Qırmızı rəngli hərbi bileti komandirin əlindən alanda çox sevindim. 
    Buraxılış məntəqəsindən bizi yola saldılar. Məni atamın dostu Zirəddin dayı gözləyirdi. Onun qırmızı rəngdə olan “06” maşını ilə yola düşüb aprelin 4-ü saat 11:00-da biz onlara gəldik. Bir gecə onlarda qaldım. Gecə qaynı oğlunun “əsgər qonaqlığı” idi. O da hərbi xidmətini bitirmişdi. Məni də ora apardılar. Fikrim evə qayıtmaq idi. Darıxırdım evə getmək üçün. Darıxsam da amma naarahat gedirdim evə. Ona görə ki, mən o qədər hazırlığımla XTQ-nin kursunu bitirə bilmədim. 
Bu kursu bitirə bilməməyimə əsas səbəb səhhətimin imkan verməməsi idi. Mənə inamsız yanaşanlara bunu sübut edə bilmədim. Bütün bunlar mənə pis edirdi. 2004-cü il aprelin 5-də səhər biz Zirəddin dayı ilə rayona yola düşdük. Evdə hamı məni gözləyirdi. Aprel ayına baxmayaraq qar yağmışdı. Çox soyuq idi. Mama çörək yapırdı. 
O gündən mülki həyatım başladı. 1-2 həftədən sora məktəbimlə əlaqədar Bakıya getdim. Əsgərlikdən qayıtmağım barədə məktəb rəhbərliyinə məlumat verdim. Təhsilimi qiyabi olaraq davam etdirməyə başladım. Kəndə döndüm. İşim-gücüm yox, cibim boş...Papadan pul istəməyə də utanırdım. Evin tək oğlu olduğum üçün bacılar, atam, anam məni tez evləndirmək istəyirdilər. Mən də şərt qoymuşdum ki, işləməsəm, evlənmək yoxdu. 
Atam polis orqanlarında işləməyimi istəyirdi. Polis şöbəsində olan tanışları ilə danışmışdı, yerin boşalmağını gözləməyi məsləhət görmüşdülər. Günlər keçirdi. Ürəyimcə həyat tərzim yox idi. Hər şey vardı, amma şəxsi qazancım olmadığı üçün narahat idim. Kəndin cavanları Bakıya işləmə gedirdilər. Mən də onlarla getmək qərara gəldim. Amma o həyat mənlik deyildi. O dolanmaq yox, sürünmək idi. Qayıtdım kəndə. Hamı kimi mən də sevmək, ailə qurmaq qərarına gəldim. Hazırlaşdığım Zəyəm kəndində müəllimənin bir qızı vardı. İnstitutda, APİ-də oxuyurdu.  Hər dəfə onlara gedəndə ondan danışırdılar. Adı Pərvin idi. Yay tətili idi, o istirahətə gəlmişdi. Mən də onlara, müəllim yanına gedirdim. Çağırdım, gördüm qarşıma uzun saçlı, qara qaşlı, qara gözlü bir qız gəlir. Mən tanımırdım. Amma ona mənim barəmdə danışmışdılar. Gəldi, mənimlə əl uzadıb görüşdü. Çox utanırdım. Gözəl qız idi. Ürəyimdə fikirləşdim ki, bu qız buralarda heç kimi bəyənməz. İçəri keçdik, qonaqları vardı. Həmin gün hazırlığımın necə keçdiyini bilmədim. Bu qıza qarşı diqqətim artdı, maraqlanmağa başladım. Bir cavan kimi arada kəndlərinə toya gedirdim, kənardan nəzarət edirdim, amma mənim ondan xoşum gəldiyini bilmirdi. Əsgərə getdim, o məktəbini qurtardı, işləməyə başladı. Xidmətdən qayıdanda sonra fikirləşirdim ki, yəqin kimisə sevir. Maraqlanmadım, amma sonra müəlliməni görməyə gedəndə öyrəndim ki, yox, fikirləşdiyim kimi deyil. Pərvində də mənə qarşı istək yaranıbmış. Amma o da bildirməyə cürət eləməyib. Bir gün kənddə qoyun növbəsindəydim. Axşam evə gəldim. Məkkə bacım dedi ki, Zəyəmdən Mətanət bacıgilə zəng olunub, nömrə veriblər. Deyiblər ki, Sahib bu nömrəyə zəng eləsin. Mən də o nömrəyə zəng vurdum.  Pərvin idi. Mənə sual verib soruşdu ki, Sahib, axşam bizə gələ bilərsən? Dedim hə. Axşam dayım oğluyla getdim Zəyəm kəndinə. Dayısıgildə idi. Zəng vurdum, gördüm qapıda məni gözləyir. Yaxınlaşıb salam verdim. Salamımı aldıqdan sonra birbaşa mənə sual verdi, 
-Sahib, sən kimi sevirsən?
Mən də gözləmədim, birbaşa “səni,” dedim: 
 
Ürəyimdə o qədər sevinc vardı ki, yarım saatdan sonra mən geri qayıtdım. O cürrətinə görə ona ömür boyu borcluyam. Çünki onu çox istəyirdim. Mənə qalsaydı cürət edə bilməyəcəkdim və onu itirəcəkdim. Bir-birimizi çox istəyirdik. İki il nişanlı qaldıq. İş tapa bilməmişdim. Axırda hərbiyə getmək qərarına gəldim. Axşam Pərvinə bu istəyimi dedim. Gələcək ailəmiz, övladlarımızın yaxşı yaşaması üçün mən işləməliydim. Evdə oturub bir plan cızdım. Planım belə idi. Hərbi Komisarlığa getmək, qeydiyyata düşmək, Gizir hazırlığı üzrə Təlim Tədris Məktəbinə sənəd vermək, TTM-ə qəbul olmaq, oradan da Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirib orada işləmək. Çünki bu mənim köhnə arzum idi. Bu planımı heç kimə demədim. Çox təzyiq oldu, dedilər ki, əsgərlə işləyə bilməzsən və s. Amma heç kim bilmirdi mən hara gedirəm. 2005-ci il sentyabrın 9-da mən TTM-yə gəldim. 11-də TTM-yə qəbul oldum. Orada Tağım komandirinin müavini ixtisasında oxuyurdum. Xüsusi təyinatlılara seçim gününü gözləyirdim. 2005-cil il noyabr ayı idi. Birdən komanda gəldi ki, şəxsi heyət düzülüş meydanında düzülsün. Sıra meydanında düzüldük. XTQ-dən nümayəndələr seçim etməyə gəlmişdi. Çox sevindim, bizə oralar haqda bəzi məlumatlar verdilər. Mənim məlumatım vardı, əsgərliyim oralarda keçmişdi. İstəyi olanların irəli çıxmasını dedilər. Mən və digər  6 nəfər önə çıxdıq. Bizi ayrıca otağa apardılar, sorğu-sual etdilər, komissiyadan keçdik və imtahan götürdülər. 
Ondan sonra anket doldurduq, dedilər ki, hazırlaşın, çağıracağıq. Sevincimin həddi yox idi. Uşaqlar deyirdi ki, çətindi, keçə bilməyəcəcəksən, deyirdim bilirəm. 2004-cü il dekabrın 28-i bizi kursa çağırdılar. Soyuq idi. Şəxsi heyət Yeni il buraxılışına hazırlaşırdı. Biz kursa getdik, TTM-də 4 ay oxudum. Planım istədiyim kimi gedirdi. Nümayəndə bizi taksi ilə kurs yerinə apardı. Kurs Xızı yolunun üzərində Giləzi kəndində yerləşirdi. Bizi ora təhvil verdilər. Orada tam başqa abu-hava vardı. Bura mənə yad deyildi. Yanvarın 1-nə qədər kurs üçün 80 nəfər yığıldı. 2005-ci il yanvarın 1-də kurs başladı. Burada mən hər bir şey gördüm, hər çətinlik keçdim, bütün təzyiqlər oldu. Kurs 6 ay idi. 6 ay müddətində 9 nəfər qaldıq. Bir tikə çörəyi 9 yerə bölürdük ki, sağ qalaq, kursu keçək. Kurs barədə tam yazmaq imkanım yoxdur. Necə öyrəndiyimizi haqda geniş yazmıram. 2006-cı il iyun ayında kursu müvəffəqiyyətlə bitirdim. 6 günlük buraxılışa, evə göndərdilər. 
Evə sevincək döndüm, çünki istəyimə nail olmuşdum. Bir izim vardı. 10 ay idi ki, mən sevgilimi görmürdüm. Arada bir dəfə görmüşdüm. Onun üçün çox darıxırdım. İstirahət etdim, iyun ayının 16-da iş üçün Sumqayıt şəhərinə gəldim. Oradan da deyilmiş ünvana getdim. Bizi qəbul etdilər. Çox qəribə idi. Burada Azərbaycanın ən güclü, vətənpərvər oğulları toplaşmışdılar. Kənardan mehriban bir ailəyə bənzəyirdi. Bizi, 9 nəfəri bölmələrə böldülər. Mən 4-cü bölməyə, vəzifəyə təyin olundum, başladım işləməyə. Mənim öz maaşım vardı. Bununla ailəmi tam saxlaya bilərdim. Evlənmək qərarına gəldim və bunu evə bildirdim. 2006-cı il noyabrın 20-21-nə toyumu qərarlaşdırdım. Toyum oldu, ailə sahibi oldum. Toyu məzuniyyətdə elədim. Məzuniyyət 7 gün idi, sonra işimə qayıtdım. Gəldim H. Z. Tağıyevdən kirayə ev tutdum. Ailəmi gətirdim, kirayədə 2 il orada qaldıq. 2007-ci il avqustun 24-də bir gözəl qız övladım dünyaya gəldi. Adını atam Sahibə qoydu. Sahibə ailəmizə daha bir sevinc qatdı. 2 ildən sonra hərbi şəhərcikdən bizə ev verdilər. Həmin evə köçdük. Ev Sitalçayda hərbi şəhərcikdə yerləşirdi. 2010-cu il iyulun 16-da ailəmizə daha bir sevinc qatıldı. Bir oğlan övladımız oldu. Adını Ülvi qoydum. Artıq ailəm 4 nəfərdən 
ibarətdir, onlarla fəxr edirəm, qürur duyuram. Qazandığım halal pulumla ailəmi saxlamağ başladım. İşimdə inamla çalışmağımın 1-ci səbəbi sağlam ailəmin olmağı, peşəkarlığım, işlərimin öz qaydasında getməsi və.s idi. Zaman keçdikcə uşaqlarım böyüyür, onların böyüməsində, tərbiyəsində anaları Pərvin xanımın zəhməti daha çoxdur. O, uşaqlarımım necə böyüməsini mənə hiss etdirmədi. Onların böyüməsində hər ikimizin rolu var, amma analarının əziyyəti daha çoxdur, çünki mən işimlə əlaqədar səhər saat 07:00-da evdən çıxır, axşam 20:00-da geri dönürdüm. Bu müddətdə uşaqların qulluğunda Pərvin dayanırdı. İşim şərəfli olsa da çox çətin və riskli idi. Bu peşəni özüm seçdim, heç də peşman deyiləm. Ailəm də mənimlə fəxr edir ki, mən xalqımın, Vətənimin qulluğundayam. Biz 2005-ci ildən 2013-cü ilə qədər işin ciddiliyini bilirdik. Amma onun riskli olduğunu əyani olaraq yaşamadıq.
 Bizim 20% torpağımız 30 ilə yaxın sülh danışıqları aparılmasına baxmayaraq nankorlar, daşnaklar əlində qalıb. Amma bu daim davam edə bilməzdi. Biz güclü olduğumuzu, 20% torpaqlarımızın unudulmayacağını düşmənə sübut etməliydik. Bu an çatıb. İndi biz düşmənin öz yuvası hesab etdyi, əslində onların dərk etmədiyi Azərbaycan torpağında oturduqları yerdən qovmağa və hər an, hər saniyə qorxu içində oturmaqlarına nail olmuşuq. 2013-cü ildə “Snayper” müharibəsi başladı. O günə kimi ki, düşmənlər sərbəst səngər üzərində tam açıq dayanaraq bizim tərəfi müşahidə edə bilirdilər və gələnlər əllə göstərirdilər. Azərbaycan XTQ-də snayperçilər bunu susdurmağa layiq olduğu üçün, işlərinin peşəkarı olduğu üçün Prezidentin birbaşa bizə göstərişi ilə 2013-cü ildən fəaliyyət başladı. İlk tapşırıqda düşmən bir gündə 16 itki verdi. İkinci tapşırıqda düşmənin yüksək rütbəli zabiti məhv edildi. Bu tapşırıqlar 2014-cü ilə kimi davam etdi. “Snayper” müharibəsi bitdi. Düşmən hiss edir ki, Azərbaycan ordusu heç də 1990-cı ildəki kimi pərakəndə ordu deyil. 
Hər kəs işinə məsuliyyətlə yanaşır, hər kəs qisas almaq istəyirdi. Çox yoldaşlarım “şəxsi işinə” düşmənə laiqli zərbə ilə döyüş tapşırığı yazdıra bildi. Bu bizim hər birimizin sevinci idi. 
2014-cü il yeni bir taktika düşünüldü. Düşmən yerində rahat oturmamalı, mövqelərini tərk etməlidi. Bu bir şans idi. Hər bir XTQ-nin arzusunun yerinə yetirilməsi üçün çox gözəl vaxt, vədə  və fürsət gəldi. Azərbaycan dövlət başçısının, Müdafiyə Naziri general polkovnik Zakir Həsənovun və XTQ-lər komandanı general mayor Hikmət Mirzəyevin bizlərə diqqəti və qayğısı daha da gücləndi.
Tapşırıqlar başladı. Verilən tapşırıqları yerinə yetirmək məcburiyyətindəyəm, çünki ailəmin mənəvi, psixoloji vəziyyətinə təsir edə bilərdi. Fəxr edirlər, amma bir insanı həyəcanla gözləmək onlar üçün çətin idi. Qızım Sahibə kiçik olsa da olmadığımda məni çox gözləyirdi. 
 
İlk tapşırıq uğurla həyata keçirildi və düşmən məhv edildi. Bunun ardı kəsilmədən mütəmadi olaraq bütün cəbhə boyu hər istiqamətdən düşmənə zərbələr vuruldu. Düşmən öz itkilərini gizləməyə çalışsa da bunu edə bilmədi. Məhv olunanların anaları hakimiyyətə qarşı ayağa qalxdı. Mən bütün bunları görəndə öz ordumuzla fəxr edirdim. Sözsüz ki döyüş qurban tələb edir. Təsadüfən mərmi yoldaşımızın birinə dəydi, onu xilas edə bilmədik. O, qəhrəmancasına şəhid oldu. 
 
Şəhidin verilməsi bizi sarsıltmadı, qorxutmadı, əksinə, onun tokülən qanını yerdə qoymayacağımıza məzarı üzərində söz verdik. 
 
 
Hər tapşırıqda düşmən minimum beş itki verdi. İl ərzində düşmən 156 hərbçisini itiedi  və onların mövqelərindən geri çəkilmələrinə nail olduq. Hal-hazırda düşmən ön cəbhədə gecələr fəaliyyət göstərmir. Bütün bunlar bizim döyüş qabliyyətimizin artmasına, daha da artıq təcrübə toplamağımıza gətirib çıxartdı. 
Bir il fasilədən sonra, 2015-ci il mart ayında qarşımıza daha bir tapşırıq qoyulur. Bu tapşırıq bizi çox sevindirdi. Ona görə ki, biz xain düşmənin, erməni ordusunun(7 ümumqoşun ordu komandanı) komandirinin getdiyi maşın kolonuna zərbə vurmalıydıq. Biz buna mütəşəkkil hazırlaşmışdıq. Tədbirdə 23 nəfər iştirak edirdi. di. Bölünmüşdük. (Bu sirr qalır). Mənim yaxından tanıdığım Tərtərdən Natiq adlı bir yoldaşım vardı. O qədər gözəl ailə tərbiyəsi görmüşdü ki, mən ona tam etibar edirdim. O tədbirdə o inanılmaz qəhrəmanlıq göstərdi. O, mənim xidmət boyu Badim (Badi sözü bizim dilimizdə sənin bir hissən deməkdi) idi. Bu tədbirdə də biz ikili Badi olduq. Mart ayının 17-dir. Biz ... rayonunda yerləşmişik. Gün ərzində biz tam hazırlığımızı gördük. Gecə düşdü, hər kəs yerindədi, amma heç kəs yatmır. Bu minvalla səhəri açdıq. Artıq martın 18-dir. “Qartal”da ordaydı. Yatdığı yer bizim çadırdan 25 metr aralı idi. Səhər yeməyi yeyildi.   
“Qartal” lazım olan şəxsləri yanına çağırıb son tapşırıqlarını verdi və yoxlamalarını etdi. Gün keçir, hava axşama doğru gedir. Saat 17:00-dır. Komanda gəldi, hər kəs avtomobillərə!. 2 avtomobil ilə (kamaz). 23 nəfər 2 avtomobilə yerləşdik və hərəkətə başladıq. 2 saat yol getdik. Hər kəsdə qisas hissi o qədər idi ki, tədbir üçün hər birimiz tələsirdik. Millətimizin igid oğulları, gözlərini qırpmadan gecə-gündüz mövqedə qorxmadan durmuş kiçik qardaşlarımızın yanına qalxdıq. Havanın qaralmasını gözləyirdik. Onların qaldığı yerə getdik. Bizi görəndə üzlərində təbəssüm yarandı, daha da qorxmazcasına hərəkət etdiklərini gözümlə gördüm. Çox rahat idilər. Yerləri balaca və çox darısqal idi. Qaranlıq otağı şamla işıqlandırırdılar, o şəraitdə 23 nəfəri qonaq etdilər. Orada içdiyim çayın, bir də gecə yediyim qayğanağı dadını unutmaram. Mart ayının 18-i axşam saat 20:00-dı. Dedilər hazırlaşın. Bizə aid olan əşyaları götürdük. Səngər dediyimiz yer o qədər də rahat olmasa da ora ilə irəliləmək məcburiyyətindəyik, oranın dərinliyi təxminən 25 metrdi. Biz 21 ildir həsrətində olduğumuz bu yerlərlə, qaranlıqda bu hündürlüyü aşıb getməli idik. Belə də oldu. Qarşıda mənim Badim gedir, hər kəsdə onun ardınca. Çox zülmət qaranlıq idi. Ard-arda gedənlər arasında 3 metr məsafə vardı. Keçdiyimiz o 25 metr hündürlüyün qarşısı bütün təhlükəli əzazi, hətta o dərəcədə təhlükəli ki, bir ayağını yana sərbəst olaraq qoysan şəxsi heyətin sayı 22-yə düşər (ölərsən). Badinin yüksək peşəkarlığı nəticəsində biz bu təhlükəni aşdıq. Qarşıdan çay axır, mart ayı, su çox soyuqdu. Çayda su yetərincə boldu. Çayın adı İncə çay idi. Adı incə olsa da bizlə o qədər də incə davranmadı. İçinə düşməmək qərarı alındığı üçün ağac kəsildi. Üzərinə körpü salındı. Saat 01:00-dı. Qarşıda yol olmalı idi. Meşə ilə qalxdıq. Yol var, amma işlək vəziyyətdə deyil. Məruzə olunaraq qarşıda işlək yolun olduğu deyilir. Səhər 06:00-dək yol bizə məruzə edilir. Səhər açılır. Hər yan meşədir. Quşlar oxuyur. Qarşımızda köhnə yol var. Həmin yolun üzərindəyik. Yol boyu bütün minadır. Minalar o qədər köhnə idi ki, üzərinə bir çöp atsan partlayardı. 23 nəfərdən 3 nəfər deyilən yolun harada olduğuna baxmaq üçün ayrılıb qarşıya getdi. İtin hürməsini eşitdik, həmin 3 nəfər qaça-qaça geriyə, yanımıza gəldi. Qarşıda təpənin üstündə bir bölmənin olduğunu dedilər. Vax gedir, yol yox. Beləcə həmin günümüzü o minalı yolun üzərində bitiririk, axşam düşür. 
 
Zülmət qaranlıq meşədir. Hər şıqqıltı tədbir görməyimizə səbəb olur. Heç nə yoxdur. Bütün istiqamətlərdə 2-2 dairəvi mühafizə alınıb. Silah var. Axşam saat 22:00-dı. Geri çəkilin əmri verilir, gəldiyimiz yolla qayıdırıq. Həmin 25 metrlik dar yola düşürük. Yenə igid əsgər öz mövqeyindədir. 
İçəridə bir şam yanır. Bizə çay verdilər. Maşınlara oturun komandası gəldi. Hər kəs gəldiyi maşınlara oturdu. Hamımız yuxusuz, yorğunuq. Maşında yatdıq. Avtomobil dayandı, ayıldıq. Artıq avtomobillər “Qartal”ın yanındaydı. Yatmamışdı. Gecə saat 04:00-dır. Hər kəsdən bir-bir sorğu götürülür. Sorğu bitir. Tezdən “07:00-da hazır ol” komandası gəlir. Sabah birbaşa həmin getdiyimiz istiqamətə tədbir görməyə gediləcək əmri verilir. Çox peşmanıq, çünki çox körpələrin ölümündə əli olan düşmən artıq keçib getmişdi. 19 mart, gecə saat 22:00-dı. Hava çox soyuqdu, qar yağır. O, 25 metrlik yeri aşıb getmək lazımdı. Hər yer ağ örpəyə bürünüb. Aydınlıqdı. Qarın bəyazlığı çox şeyin rahat görünməsinə səbəb olur. Bu, bir az özünü müdafiəni asanlaşdırır. İlk dəfə geyimin insan üzərində donduğunu orada gördüm. Su gətirmişdik, belimdə su qabındaydı. Qabın adına bizim dildə “kəmlbək” deyilirdi. İstədim su içim. Gördüm su gəlmədi, donmuşdu. Belimdə artıq su deyil buz parçası daşımalı oldum. Bu dəfə hərəkət asan idi, çünki 18-i hər şey hazır edilmişdi. Bir başa həmin işlənməmiş yol istiqamətinə deyil, o yolun soluna getdik. Yola çatanda durduq. Səhərin açılmağını gözləyirik. İki yerə bölünmüşük. Hər yer qardır. Biri yatır, biri oyaqdır. Səhər açıldı. Qar yağmırdı. Meşədə quşların səsi gəlir. Qarşımızda bir dağ var. Qərar verildi, irəli. Bu dağın düz başına kimi qalxmalıydıq, oradan hara gedəcəyimiz görünürdü. Saat 07:00-dı. Bir kalonda dağa doğru qalxdıq, meşəyə heç vaxt ayaq dəyməmiş kimi görünür. Ağaclar çürüyüb yıxılıb. Ayaqlarımız sürüşdüyü üçün qalxmaq çətin idi. Sol tərəfimdən, dərinlikdən odun qıran baltanın səsi gəlir. Bir an təsəvvür yarandı ki, həmin düşmənin məhvinə gedilir. Amma yox, sağ tərəfə meyilli qalxırıq. Birdən “dur” komandası gəlir. Hər kəs çöküb aşağı uzanır. Birinci gedən şəxs əliylə yol olduğunu göstərdi. O yolu tapdığımıza çox sevindik. Yolun kənarı tikanlı məftillərlə bağlı idi. İrəlidə gedən 3 nəfər artıq yolun 3 metrliyindəydi. Yol elə bil başımızın üzərindən keçirdi. Ayaqüstə durmaq üçün mütləq bir yerdən tutmaq lazım idi. İlk gedən 3 nəfər yaxına çatanları sağa, sola yol boyu yönləndirirdi. Mənlə Badim tikanlı telə çatdıq. Bizə sağa gedib yerləşin, deyildi. Sağ tərəfdə axırıncı adam mən, Badim və Ayaz idi. Yol uzanıb biz tərəfdən yuxarı qalxırdı. 18 mart idi. Yanımızda böyük bir ağac var. Onun dibində ayağımızı qoymaq üçün yer düzəltdik. 8 nəfər yol boyu yerləşmişik. Digərləri arxada ağacların arxasındadır. Soldan sağa uzanan heyət hədəf gözləyir. Biz yolu tam görmürdük. Tam görmək üçün gərək qalxıb yolun ortasına çıxaq. Biz yer hazırlayan vaxt sol tərəfdə yerləşən axırıncı şəxs düşmənin gəldiyini görür. Yol döngəymiş. Döngədən 3 nəfər çıxıb qarşıdan gəlir. Soldan sağa 3 nəfərin gəldiyi komandası verilir. O 3 nəfərin ikisinin vurulması, 1-nin diri götürülməsi qərara gəlinir. O zaman qabaqda gələnlərə, 10 metr aralı 25 nəfərin gəldiyi ötürülür. Artıq qarşıdan gələn 3 nəfər yerləşən 8 nəfərin tən ortasındadı. Biz onların ancaq başını görürük. Arxadan gələnlər əsgər, qarşıda gələnlər komandirdi. Arxadan gələnlər də 8 nəfərin arasına girən kimi qarşıda 3 nəfər susdurucuyla vuruldu. Onlar yerə yıxılır. Arxadan gələn əsgərlər gəlib çatır qarşıdan yıxılanların yanına. Əllərində yemək qabları vardı.  
 
***
 
“Qəhrəman oğul böyütdüyümə görə qürurluyam”
Musa Musayev, şəhidin atası 
 
  Oğlum Sahib anadan Vətən üçün doğulmuşdu. Onun amalı, arzusu ancaq hərbçi olmaq, Vətənə xidmət etmək  idi. Həqiqi hərbi xidmətini qurtaran kimi yenə qayıtdı hərbiyə, xüsusi təyinatlılarda xidmət edirdi. Öz arzusuna çatdı, xalqı, Vətəni üçün Qarabağ torpağına canını qurban verdi. Bir ata olaraq onun itkisi mənə ağır olsa da, mən oğlumla fəxr edirəm. Neçə illər idi ki, torpaqlarımız düşmən əlində girov idi, igid oğullarımızın sayəsində bu xəcalətdən qurtula bildik, xalqımızın, millətimizin başını Sahibtək oğullar uca etdi. Onlar olmasaydı bizim başımız dik olmazdı. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Qalan əsgərlərimizin qoluna qüvvət versin ki, yağı düşmən yenə başını qaldırsa, onun başını əzsinlər. Qəhrəman oğul böyütdüyümə görə bu gün qürurluyam, fəxr edirəm ki, xalqımızın dar günündə canından, qanından keçdi. Torpaqlarımız uğrunda döyüşdü, şəhid oldu. 
 
Bu gün tək mən yox, bütün şəhid ataları övladları ilə öyünür, fəxr edir. Oğul dünyaya Vətən üçün, xalqı üçün gəlir. Xalqına , dövlətinə yaramıyan öğuldan oğul olmaz, bizim oğullarımız igid oğullardır. 
 
***
“Onu hərbi geyimdə görəndə ürəyim dağa dönürdü”
 
 
Pəri Musayeva, anası
 
Bir ana kimi oğlumun yoxluğu barədə danışmaq mənə çox ağırdır. Heç bir ana oğul dağını, oğul itkisini görməsin. Oğlum Sahibin Vətənin ərazi bütövlüyü uğurunda şəhidlik zirvəsinə yüksəlməsi qürurverici haldır. Ancaq heç bir ana ömrü boyu oğul itkisi ilə barışa bilməz. Torpağı, vətəni oğul qorumalıdır, oğul keşiyində durmalıdır. Namərd düşmənin hiyləsi, nadanlığı üzündən minlərlə oğlumuz şəhid oldu, yaralandı, öz sağlamlıqlarını itirdilər. Məni kimi minlərlə ana gözü yaşlı qaldı. Ancaq təsəllimiz odur ki, biz övladlarımızı düzgün tərbiyə etmişik, Vətənin ana qədər əziz və müqəddəs olduğunu onlara aşılaya bilmişik. 
Sahibin hərbçi olmaq arzusunun qarşısını almadıq. Çünki Vətənə dar günündə onu qoruyacaq oğlu-qızı gərək olur. Peşəsinə ürəkdən bağlı idi oğlum. Nə qədər narahat olsam da onu hərbi geyimdə görəndə ürəyim dağa dönürdü, çox qürurlanırdım. Sahib ailəmizdə tək oğul idi. Beş bacının sevimli qardaşı olaraq böyüdü. Hər işdə özünü doğrultu, təsdiq elədi. Xoşbəxt ailə - uşaq sahibi oldu. Ancaq o xoşbəxtçilik bir ömür boyu davam etmədi. Övladları doyunca ata qayğısı görmədilər. Hamımız gözü yaşlı qaldıq. Ancaq Sahibin ən böyük arzusu çin oldu. Özü bunu sona qədər görməsə də, uğrunda canını qurban verdiyi torpaqlarımız düşməndən az edildi.
 Bu gün bütün ərzilərimiz, o cümlədən oğlum Sahib torpağı üstə can verdiyi Şuşamız yağı düşməndən təmizlənib. 
Bütün şəhidlərimizin ruhu şaddı. Həm qanları yerdə qalmadı, həm də doğma yurd yerlərimiz düşməndən tam təmizləndi. Allahdan bütün şəhidlərimizə rəhmət, analarına isə səbir diləyirəm!
 
***
 
 
“Yarımçıq qalan arzular”
 
Pərvin Musayeva,
şəhid Sahib Musayevin xanımı 
 
 
16 illik həyat yolumuz! Sahib haqqında yazmaq, danışmaq çox çətindir. Sahib həm qayğıkeş həyat yoldaşı, həm övladlarına çox gözəl, nümunəvi ata, həm də Vətənini, millətini, torpağını, işini sevən cəsur hərbçi idi. 
Sahiblə bizim evimizdə tanış olmuşuq. Anam “Azərbaycan dili və ədəbiyyat” müəllimidir. O vaxt Sahib ali məktəbə hazırlıq üçün anamın yanına gəlirdi. İlk tanışlığımız elə oradan başlayıb. Sonra həyat elə gətirdi ki, biz nişanlandıq, 2006-cı ildə isə evləndik. Bundan sonra hər ikimizin hərbi həyatı başladı. 2007-ci ildə qızımız Sahibə, 2010-cu ildə oğlumuz Ülvi dünyaya gəldi. Biz çox xoşbəxt ailə idik. Qayğısız, şən günlərimiz bir-birini əvəz edirdi. 
Sahib hər səhər işə gedir, mən də evdə uşaqlarla məşğul olurdum. Günlərinin çox hissəsi işdə, təlimlərdə keçirdi. Hər gün yolunu səbirsizliklə, sevinclə gözləyirdik. 
2016-cı ilin mart ayının 27-si Sahib yenə təlim adı ilə evdən çıxdı.
Aprelin 2-də “Aprel döyüşləri” başladı. 6 gün ondan heç bir xəbər ala bilmədik. 7-ci gün axşam saatlarında bilinməyən nömrədən zəng gəldi. Sahib idi. Dedi sağam, hər şey yaxşıdır, narahat olmayın. Çox sevindik, bütün dünya sanki bizim oldu. Aprelin 20-də evimizə, yanımıza sağ-salamat qayıtdı. Amma nə biləydik ki, bu sevincimiz, xoşbəxtliyimiz bundan sonra cəmi 4 il sürəcək. 
Hərbçi olmaq, hərbçi ailəsi olmaq həm çətin, həm də çox şərəflidir. Evimizdə həmişə Qarabağ haqqında, işğalda olan torpaqlarımız barədə söhbət gedirdi. Bir gün oturub televizorda xəbərlərə baxırdıq. Xəbərlərdə Şuşa haqqında veriliş gedirdi. Sahibə atasına sual verdi. 
-Ata, biz nə vaxt o torpaqlara gedəcəyik?
Sahib cavab verdi ki, ata, atanın iş yoldaşları gedib Şuşanı alacaq, adımız tarixlərə düşəcək. 
Və 2020-ci il. Sahibi bizdən ömürlük ayıran o il. Demək olar ki, 2020-ci ildə çox vaxtı təlimlərdə oldu. Evdə az vaxt keçirtdik. Sentyabrın 25-i işdən gəldi. Dedi ki, 1-2 həftəlik təlimə gedirik. 2 həftəyə qayıdacağıq. Çox pis oldum. Çünki ətrafdan eşidirdim ki, müharibə olacaq. Amma inanmırdım. 
Soruşdum müharibə olacaq, bəlkə sizi müharibəyə aparırlar?
Həmişəki kimi dedi:
-Narahat olma, təlimə gedib qayıdacağıq. 
Çantasını yığdı, lazım olan əşyalarını götürdü. Və sentyabrın 26-sı səhər saat 4-də özüm yola saldım Sahibi gedər-gəlməzə. Qapıdan çıxanda məni möhkəm qucaqladı. “Möhkəm ol”, dedi və getdi...
Arxasınca su atdım, qapını örtüb içəri girəndə, gördüm dönüb bir dəfə geri baxdı və getdi...
Sentyabrın 27-si səhər tezdən müharibənin başlaması xəbərini aldıq. Hamı kimi biz də çox həyəcan keçirtdik. Sahibin zəngini gözlədim. Və gözlədiyim zəng gəldi. Sahib yığmışdı. 
Dedim, Sahib müharibə başlayıb, necəsiz, siz də ordasız?
Dedi, narahat olma, bizə hələ aparmayıblar, gözləyirik. 
Sən demə, birinci elə özləri gedib müharibəyə. Bundan sonra həyəcan dolu yuxusuz gecələr, hər saat, hər dəqiqə nəsə olacaq deyə qorxulu günlərimiz başladı. Elə vaxt olurdu 4-5 gün yığmırdı. 6-cı gün yığırdı, danışırdıq. Tez-tez əlaqə saxlaya bilmirdi, amma vaxt tapan kimi evə zəng edərdi. Hər zəng gələndə evdə toy-bayram olardı. 
Xəstəxanada yaralanıb yatıb, onda da bizə xəbər verməyə qoymayıb, amma özü mənimlə heç nə olmamış kimi danışırdı. Deyirdi  ki, hər şey yaxşıdı. 2 dəfə yaralanıb, heç birində bizə bildirməyib. 
Bir dəfə axşam zəng elədi, əvvəl Ülvi ilə, sonra Sahibəylə danışdı. Uşaqlar ikisi də ağladı, tam danışa bilmədilər. Mən danışıb telefonu söndürdüm. Səhər tezdən mənə mesaj yazdı ki, Pərvin, Ülvini ağlamağa qoyma. 
Ürəyimin ağrısından səhərə kimi yatmadım, Ülvi ağladı deyə...
Atası şəhid olanda Ülvinin 10 yaşı vardı. 
Həyəcanlı, narahat, qorxu dolu günlər bir-birini əvəz edirdi. 
Hər an şəhid xəbəri gəlirdi. Amma mən Sahibin şəhid olacağına heç vaxt inanmırdım. Çünki, bir çox tapşırıqlardan, təlimlərdən, Aprel döyüşlərindən sağ-salamat qayıtmışdı. Sahib sonuncu dəfə oktyabrın 29-u zəng etdi, səsini eşitdim və hər şey bitdi. Noyabr ayı gəldi, dedilər, Şuşaya çıxılır, telefonlara zəng çatmır. Dedim yəqin vaxt tapan kimi zəng vurar. Amma bir daha zəngi gəlmədi...
Noyabrın 6-da Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub, Sahibizmiz. Amma bizim xəbərimiz yox idi. Ətrafımızda dostlar, tanışlar, iş yoldaşları bilirdi, ancaq bizə xəbər vermirdilər.
Noyabrın 8-də Şuşanın işğaldan azad olunması xəbəri gəldi. Çox sevindik. Dedik yəqin zəngi gələr. Amma Sahibdən xəbər yox idi. Noyabrın 10-da qələbə xəbəri gəldi, yenə zəng yox, xəbər yox. Fikirləşdim yəqin telefon tutmur, zirvədən düşəndə zəng edər. Hamı “Qələbəni” bayram edir, sevinir, biz isə yox. Dedim Sahib zəng edəndə, bir xəbər çıxanda mən sevinəcəm. Amma...
Noyabrın 11-də kənddən zəng gəldi, dedilər Sahib yaralanıb, kəndə gəlin. Dedim axı yaralanan adamı Hospitala gətirirlər, kəndə aparmazlar, cavab verdilər ki, gəlin.
6 saatlıq yolu necə getdim kəndə, bir Allah bilir. 2020-ci ildə dünyada “Korona” bəlası yayılmışdı, eləcə də Azərbaycanda. Yolboyu postlar qurulmuşdu. 1-ci postda bizi saxladılar, sürücü düşüb nə dedisə, ondan sonra bütün yollar üzümüzə açıq oldu. Və mən onda anladım ki, Sahib artıq yoxdu. Kəndə çatdıq, küçənin başında təcili tibbi yardım maşınları, insanlar, bayraqlar. Artıq hər şey aydın oldu. Evimiz yıxılmışdı, hər şey bitmişdi. Maşından düşdüm, yeriyə bilmədim, ayaqlarım tutuldu. Uşaqlar “Ata” deyə evə qaçdılar, atalarını axtardılar. Amma artıq ataları həyatda yox idi. Səhərə kimi heç kim yatmadı. Sahibə də, Ülvi də pəncərədən çölə baxıb atalarının yolunu gözlədilər. Səhər üçrəngli bayrağa bükülmüş tabutda ataları “gəldi”. 
 
Oğlumuz Ülvi “Şəhidlər ölməz, Vətən bölünməz” söyləyə-söyləyə atasını, uğrunda canından, qanından, hər şeyindən keçdiyi Vətən torpağında əbədi dəfn elədi.
 Kəndə çağırıldığımızı eşidəndə Ülvi bildi ki, atası şəhid olub. Otağına qaçıb “Ata gəl, ata gəl”, deyərək hönkürtüylə ağladı. Ülviyə dedim:
-Ata deyib ki, Ülvini ağlamağa qoyma. 
O sözdən sonra oğlum sanki sakitləşdi və bir daha ağlamamağa çalışdı. Atasını dəfn edəndən sonra sanki böyüdü, Ülvi. 
Sahib haqqında o qədər danışmaq olar ki. Filirlərim bitib-tükənməz. 4 ildi aramızda, yanımızda cismən yoxdur Sahib. Amma bilirəm ki, ruhən hər zaman yanımızdadır. 
Şəhid xanımı olmaq çox çətindir, amma bir o qədər də şərəflidir. Çalışıram ki, şəhidimin mənə əmanət qoyduğu 2 gül balamızı adına layiq böyüdüm. 
Şəhidimin ruhu şad olsun!
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları uca olsun!
 
***
“Göynəyə-göynəyə yazdığım bu sətrlər qardaşım haqqında əbədi xatirəyə çevrildi”
 
Ədalət Kərimova, şəhidin bacısı
 
 
 
Çox heyifsilənirəm ki, əziz qardaşım Sahib haqqında şirin xatirələrim acı bir səhifəyə çevrildi. Sahib beş bacının bir qardaşı, ailəmizin sonbeşiyidir. Sahib doğulanda evimizə sevinc gətirdi, o qədər istəkli böyüdü ki... Tərbiyəli, savadlı olması, məktəbdə dərslərini əla oxuması bizi çox sevindirdi. Müəllimlərinin sevimli şagirdinə çevrildi. Dərslərini oxumaqla bərabər idmana da marağ artdı, balaca ikən xeyli nailiyyətlər qazandı, 5-ci sinifdə karate-cüdo üzrə birincilik əldə etdi. O cümlədən musiqiyə marağı çox idi, qarmon ifa edirdi. Konsetrlərə dəvət aldı, səhnələrə çıxdı. Demək olar ki, bacardığı hər işdə uğur əldə etdi. Ailənin kiçiyi olsa da əməli ilə, bacarığı ilə ata-anasının, bacılarının işinə yarayır, hamımızın köməyinə çatırdı. Sahib məndən balaca olmasına baxmayaraq həm sirdaşım, həm də dostum oldu. Bacılarını çox sevirdi, biz də həmişə ona dəsdək olurduq. Heç vaxt enilməyi, yorulmağı sevməzdi. 
Mən indi bu xatirələrimi ağrıya-ağrıya şəhidim haqqında yazıram. Bizdən kiçik olmasına baxmayaraq onun hörmətini saxlayardıq, məclislərdə Sahibə söz verərdik. Fəxrlə, qürurla yanında dayanardıq, şəhid qardaşıma xüsusi hörmətimiz, vardı. Sanki o tərbiyəsi, savadı  ilə ad-san üçün doğulmuşdu. Eləd ə oldu. Şəhidlik zirvəsinə yüksəlməklə ən yüksək ada layiq oldu. Ata-anasının, biz bacılarının başını dik elədi. Atam həmişə bir oğlu ilə fəxr edirdi. Çünki əvvəldən tərbiyəli, böyük-kiçik yeri bilən idi. Sonra da şəhidliyi ilə qürur duydu, fəxr elədi.
 
Əsgər getdi... Hər bi xidmətdən atama xeyli tərifnamələr gəldi. Elə burdan hərbiyə marağı artdı.  
Gözəl ailə başçısı, həyat yoldaşı, ata idi. İndi göynəyə-göynəyə yazdığım bu sətrlər qardaşım haqqında əbədi xatirəyə çevrildi. 
Axırıncı görüşümüzü xatırlayıram. Müharibəyə gedəndə evimizə gəldi, sanki ürəyinə dammışdı.  Atasınının 70 yaşını qeyd etdi. Axırıncı, son xatirəmiz onda oldu. Şəhid olacağını bilmiş kimi biz bacıları ilə son xatirə şəkilləri çəkdirdi. Heç vaxt hərbdən geniş danışmazdı, sanki xüsusi təyinatlılar üçün yetişmişdir. Ətrafda kim məndən soruşanda qardaşın nə işləyir, geniş məlumat verə bilmirdim. Bir gün Sahibdən soruşdum:
-Məndən sənin harada işlədiyini soruşurlar.
Elə bil bir cavab verdi ki, heç vaxt yadımdan çıxmayacaq. 
 
-Deyərsən Vətəninə xidmət edir, sizi qoruyur. 
Doğrudan da bizi qorudu, Vətənini qorudu. Mən bir şəhid bacısı kimi qardaşımla qürur duyuram. 
 
Doğulduqda yaddaşımızda necə xoş iz buraxmışdısa, necə vardısa, indi də adını tarixə igid kimi yazdırdı. Qardaşımın unudulmamasında, xatirəsinin əziz tutulmasında kimin zəhməti varsa ona təşəkkürümü bildirirəm. 
Mətbuat işçilərinə minnətdaram. Bizim təsəlli yerimiz ona verilən dəyərdi, barəsində qələmə alınan yazılardı. Çox sağ olun ki, şəhidləri unutmursuz. 
 
   ***
 
“Şəhid olduğunu bilsəm də, hələ də yolunu həsrətlə gözləyirəm”
 
Məkkə Musayeva, şəhidin bacısı
 
Qardaş itkisi bacı üçün çox ağırdı. Sahib ölümü ilə ölümsüzlüyə ucalıb qürur yeimizə çevrildi.
 
Bu bizim üçün ağır itki oldu, eyni zamanda Sahib qürur yerimizə çevrildi. 
Sahib ailəmizin ən sevimli uşağı olub. Biz bacıların tək qardaşı olduğu üçün onu çox əzizləyirdik, xətrini çox istəyirdik. Bütün istəyini yerinə yetirməyə çalışırdıq.  
O da bizə qarşı çox mehriban, həssas qardaş idi. Uşaqlıqdan fərqli xarakteri, çalışqanlığı onun gələcəkdə vətəninə, xalqına, ailəsinə layiqli övlad olduğundan xəbər verirdi. Sonrakı illər bütün bunları o təsdiq etdi. O hərbçi olaraq vətəninə xidmət etməklə əsl vətəndaş olduğunu göstərdi. Ömrü yarıda kəsilməsəydi o bu xidmətlərini davam etdirəcəkdi. Ancaq ən uca ada – şəhidlik məqamına yüksəlməklə vətənə, xalqa, anaya, ataya, bacıya, bütün doğmalara sevgisini sübut etdi. 
Sahibin müharibədən sağ- salamat doğmalarının yanına qayıtması üçün çox dualar etdik. Ancaq belə olmadı. Nə biləydik ki, evimizin sonbeşiyi Şuşa dağlarında şəhid olacaq. Bizim üçün çox ağırdı. Elə yadıma düşür, çox görmək istəyirəm. Şəhid olduğunu bilsəm də hələ də yolunu həsrətlə gözləyirəm. 36 yaşa qədər ömür sürən qardaşım xalqımızı düşdüyü bəladan qurtarmağa, torpaqlarımızı azad edib ailəsinin yanına sağ-salamat geri dönmək üçün getmişdi. Vətənini canından çox sevirdi, ona görə də yaralansa da Şuşa uğrunda döyüşünü davam etdirib. Budur, Sahibin Vətəninə, torpağına, xalqına olan sevgisi. 
 
Biz Sahiblə fəxr edirik!
 
 
***
 
“Atam Vətənini bizdən daha əziz bildi, Qarabağı seçdi”
 
Sahibə Musazadə, şəhidin qızı
 
 44 günlük İkinci Qarabağ müharibəsində atam Vətənini,  ana torpağı canından əziz bildi. Belə demək mümkünsə, atam Vətənini bizdən üstün tutdu, daha əziz bildi, Qarabağı seçdi. Mənim atam qəhrəman olsa da, şəhidlik zirvəsinə yüksəlsə də, bu gün onun yoxluğu haqqında danışmaq bir övlad olaraq mənə çox ağırdı, ağrılıdı, çox çətindi. Amma bu gün atam haqqında qürurla danışıram və onunla fəxr edirəm. Atamla bağlı o qədər şirin  xatirələrim  var ki...Ancaq təəssüf edirəm ki, həmin xatirələri bu gün göz yaşlarımla yada salıram, xatırlayıram.  
Bir dəfə evdə televizora baxırdıq. Şuşa haqqında videoçarx verilirdi. Atamdan torpaqlarımızın nə vaxt azad olunacağını, sülh şəraitində yaşayacağımımızı soruşdum. 
-Qızım, torpaqlarımızı tezliklə düşməndən azad edəcəyik, dedi və adımız tarixə düşəcək əlavə elədi. 
Belə də oldu. Atam və hərbçi dostları döyüşə atıldılar, müqəddəs yud yerlərimizi düşməndən azad etdilər. Biz də artıq əmin-amanlıq şəraitində, qorxusuz-hürküsüz yaşayırıq. Onlar adlarını tarixə yazmaqla bərabər, bizim də and yerimiz, qürur yerimizə çevrildilər.
 
Həmişə Vətəninə, torpağına bağlı olan atam 16 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir. Bu illər ərzində sanki biz də atamla birgə hərbi mühitdə yaşamışıq, böyümüşük. Atam qardaşımla mənə hər zaman Vətənimizi sevməyi, ona layiq övlad kimi böyüməyi öyrətmişdi. Artıq 15 yaşım var. Atamla bağlı bu vaxta qədər çoxlu xatirələrim var. Ən yadımda qalan xatirələrimdən biri karona vaxtlarında olandı. Anamla mən koronaya tutulmuşduq. Ad günüm ərəfələri idi. O vaxtlar atam da tətildəydi. Yayda atamı təlimə çox aparırdılar. Demək olar ki, 2020 -ci ildə atamı çox görmədik. Ad günümdən bir gün əvvəl atam gəldi, korana olduğundan heç bir yerə gedə bilmədik. Atam buna baxmayaraq səhər tezdən mənimçün tort sifariş verməyə getmişdi. Orada tortun bu gün hazırlanmasının mümkün olmadığı deyilmişdi. Atam isə zarafatla mənim elə bir qızım var ki, tortu evə aparmasam məni evə qoymayacaq söyləmişdi. Atamla bağlı  olan bu şirin xatirəm heç vaxt yadımdan çıxmaz. 
 
Atam çox ciddi, görünsə də bizi daim əyləndirməyi bacarırdı. Tez-tez yeməkdən sonra oyunlar oynayardıq. Yay vaxtları bizi velosiped sürməyə aparırdı. Yaşadığımız yer həyət evi olduğu üçün burada kabab çəkər, çay süfrəsi açardıq. Atamın xatirələrini gündəliyinə yazardı. 
Şəhid olduqdan sonra anam həmin gündəliyi oxuyub deyirdi ki, atan “Mən hara getsəm, kim gözləməsə də Sahibə məni gözləyəcək”, yazıb. Doğrudan da gözləyirdim. 
Atamın şəhid olduğu gün məni qəribə hisslər bürümüşdü. Nənəm o vaxtlar bizdəydi. Mənə Azərbaycan dilindən hazırlıq keçirdi. Hazırlığın ortasında özümdən asılı olmayaraq ağlamağa başladım. Həm gülürdüm, həm də ağlayırdım, özümü saxlaya bilmirdim. Atamın şəhid olduğu anamın o vaxt qəlbinə danmışdı. 
 
O gündən 5 gün sonra atamın şəhid xəbəri gəldi. Bizə bu barədə açıq demədilər, kəndə yaralanıb adı ilə apardılar. Amma kəndə çatanda qarşılaşdığım mənzərə gözümün önündən getmir. Evimizin qarşısında təcili tibbi yardım maşınları, darvazanın üstündə Azərbaycan, Türk bayraqları...
O zaman bildik ki, bizə yalan deyiblər. Atam yaralı deyil, şəhid olub. O gecə yatmadıq. Səhəri gün bayrağa sarılmış tabutu gətirdilər. Bütün rayon camaatı həyətimizə cəm olmuşdur. 
Hər rayona gedəndə gözümün önündə o gün olanlar canlanır. Əslində hələ də inana bilmirəm atamın yoxluğuna. Elə bilirəm ki, hansısa təlimdədir, bu gün, ya da sabah gələcək. İnanıram ki, atam daima bizim yanımızdadır. Hər hərəkətimizi görür. Həmişə bunu hiss edirəm.   
 
Atamla axırıncı dəfə 2020-ci ilin oktyabr ayında, gecə saatlarında danışdım, bu zaman kövrəldim, o bizim ağlamağımızı istəmirdi. Atam yaxşı oxumağımızı tələb edirdi, dərslərinizə yaxşı hazırlaşın, deyirdi. Bu gün atamın bu istəyini yerinə yetiririk, dərslərimizi yaxşı oxuyuruq.
***
 
“Hər yerdə atamın adını qürurla çəkirəm”
 
Ülvi Musazadə, şəhidin oğlu
 
 
Atamı çox erkən yaşımda itirdim. Onun isti nəfəsinə təzə isinirdim, xarakterini, keçdiyi həyat yolunu yenicə öyrənirdim. Vətəninə, xalqına necə bağlı olduğu barədə yavaş-yavaş anlayırdım. 
Atam 44 günlük Vətən müharibəsinin ilk günlərindən qaynar nöqtələrdə düşmənə qarşı vuruşdu, ağır və qanlı döyüş yolu keçdi, iki dəfə ağır yaralansa da intiqam hissi, Vətəninə olan sevgisi onu yolundan döndər bilmədi. Şərəfli döyüş yolunu davam etdirdi.  Atam Şuşa uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid oldu. 
Atam bu gün mənimçün qürur, iftixar yeri olmaqla bərabər, keçdiyi həyat yolu bir örnəkdir, məktəbdir. Vətənpərvərlik nümunəsidir, xalqına olan sevgisinin sübutudur. Hər yerdə atamın adını qürurla çəkirəm. Onun barəsində tanyanların hamısından xoş sözlər eşidirəm. Bu həm də məndə bir məsuliyyət hissi yaradır. Onun adına layiq oğul olmaq qarşımda duran ən vacib şərtdir. Mən buna çalışacam. 
Atamın çox arzuları yarımçıq qaldı. Onun övladları – bacım və mənimlə bağlı çox böyük arzuları var idi. Bu barədə bizə danışardı, bizi ilk olaraq tələbə görmək, gələcəkdə yüksək təhsil almaq idi. Bu gün onun arzularına uyğun olaraq hər ikimiz əla qiymətlərlə oxuyuruq və gələcəkdə ali təhsil alıb atamın arzularını doğrultmaqdır. O bunu görməsə də ruhu daha da şad olar. Mənim də atamla bağlı arzularım yarımçıq qaldı. İstəyirdim atam bütün uğurlarımı görsün, sevinsin. Bir övlad olaraq atalı böyüyüm. Ancaq nə atam mənim uğurlarımı görə biləcək, nə də mənim atalı böyümək arzum çin olacaq...
Mən atamla fəxr edirəm. O, mənim and yerim, qürur yerimdi. Onu da deyim ki,  atam 2016-cı ildə Aprel döyüşlərində də iştirak etmiş, orda da qəhrəmanlıq göstərmişdir. 
Bu gün atam bir ailəni övladı deyil, bütün Türk dünyasının oğludur, istəyirəm ki, atamı tək Azərbaycan deyil, bütün türk dünyası tanısın. Atama və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
 
 
***
 
“Qəhrəmanlar əbədi yaşar olur, onların işığı sönmür”
 
Gülbənd Verdiyeva, şəhidin qayınanası
 
 
   İnsan ömrü bir nağıla bənzəyir. Acılı-şirinli, sözlü-söhbətli, enişli-yoxuşlu bir zaman kəsiyində nələr gəlmir başına.
Başıma gələn bütün bunları bir kənara qoyub, ömrümün ən gözəl çağlarını yaşadığım müəllimlik peşəmdən başlamaq istəyirəm. Şagirdlər mənim dünyam, məktəb isə doğma məkanım idi. 
Sənətimi sevirdim, doğma dilimi, ədəbiyyatı vurğuncasına öyrədirdim şagirdlərimə. Beləcə tanındım, məni sevənlər çox oldu. Bu sevgiylə gələn bir şagirddən bəhs etmək istəyirəm.
Qonşu kənddə doğulmuşdu, sorağıma gəldi, gəlişiylə bir sevinc bəxş elədi mənə... 
Söhbət bugünkü el qəhrəmanından, sinəsini düşmən gülləsinə sipər edən igiddən, öncə  Vətən deyən canparçamızdan gedir. 
İlk tanışlıqda son dərəcə sakit, tərbiyəli, utancaq görünən Sahibimizdə, onun ürəyində geniş mənada elə sahib - Vətənə sahib, yurda sahib kimi böyük bir ürək döyündüyünü hiss etməmişdim.
Məşğələ keçdiyim sıravi şagirdlərdən biri idi. Qeyri adilikləri ilə seçilirdi. Danışığında bir vüqar, hərəkətlərində qətilik, əminlik, məqsədyönlülük göz önündə idi. 
...Beləcə istədiyinə nail oldu, müəyyən qədər arzularına çatdı. Ən böyük arzusu hərbçi olub mənfur düşmənlərdən qisas almaq, Bütöv Azərbaycan naminə hər şeyə hazır idi. 
Artıq igidimiz haqqında çox sözlər yazılıb, hekayələr dinlənilib, həyatı bir qəhrəmanlıq dastanına çevrilib. 
Sahib həm sevimli şagirdim, həm də böyük sevgiylə hörmət etdiyim kürəkənim, oğlum, Pərvin qızımın ömür-gün yoldaşı, nəvələrimin arxası, dayağı, əvəzsiz, ideal bir ata idi. Ailəsini çox sevirdi, çox bağlı idi onlara, istəyirdi ki, balaları yaxşı oxusun, ali təhsil alsın, gözəl bir sənət sahibi olsunlar. Arzuları çox idi. Amma belə bir deyim var: “Sən saydığını say, gör fələk nə sayır”.
Amansız ölüm, arzuolunmaz tale, 44 günlük müharibə onun bütün arzularını vaxtsız torpağa gömdü. Torpağa gömülmüş arzular oldu. Canından çox sevdiyi torpaq onu qoynuna aldı.
Taleyə bax... 
Qələbəyə bir neçə gün qalmış, Şuşa alınan günü o torpaqda, Şuşada gözlərini əbədiyyətə yumdu, ən ali, uca Şəhidlik zirvəsinə ucaldı, həsrətində olduğu Vətən küləkləri tellərini oxşadı, doğma Şuşamız ona ana laylası çaldı, hər kəsdən xəbərsiz, hər kəsdən çox uzaqlarda...
Bəli, qəhrəmanların uşaqlıq və gənclik çağları başqalarından fərqlənmir, lakin qəhrəmanlıq anı gəlib çatanda bu şərəfə layiq olanlar hünər, qeyrət çırağında daha çox parlayırlar. Onların bir parıltısı əbədi yaşar olur, işığı sönmür, sönməz Sahib işığı kimi.
Bəli, bu gün Sahib ocağında Ülvi balamız böyüyür, Sahibə qızımız atasının yarımçıq qalmış arzularını gerçəkləşdirməyə çalışır. 
“Mən qürurlu şəhid xanımıyam” – deyən Pərvin balam var. Şəhidimizin arzularının davamçıları. Allah yardımçınız olsun.
 
***
 
“Gəlin abidəsin qoyaq Sahibin, altından yazaq ki, Vətən sağ olsun!”+
 
Vüqar Əmirxanov, şəhidin bacısı oğlu
 
 
Sahib dayım haqqında o qədər deyiləcək sözlər, həyatda qoyduğu   xatirələr var ki... Bütün bunları qısa şəkildə yazıb bitirmək mümkün deyil. 
 Sahib dayım Xüsusi Təyinatlı Qüvvələrdə gizir olaraq  mərd, şərəfli hərbçi kimi xidmət etmişdir. Hətta mənim də bu qüvvələrdə xidmət etmək istəyimin ən başlıca səbəbi o olmuşdur. Hal - hazırda Xüsusi Təyinatlı Qüvvələrdə kapitan rütbəsində  Vətənə şərəflə xidmət edirəm. Məhz bu xidmətimdə ən böyük rolu olan, insanlardan biri, hətta birincisi  dayım olub.
 Sahib dayım gənc yaşlarımdan hərbiyə marağımın olmasını hiss etmişdi, ilk dəfə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmaq istəyimə ən çox dəstək verən, bu peşənin bütün sirlərini öyrənməyimə, zabit peşəsinə yiyələnməyimə səbəb olmuşdur. Bu həyat yolunda dayıma olan bağlılığım mənim üçün motivasiya mənbəyi olmuşdur. Bu gün onun mənə igidim, deyə xitab etməsi üçün çox şeyi qurban verərdim. O mənə dayıdan çox böyük qardaş, bu həyatda atdığım addımlarda yol göstərənim, ən çox dayaq duranım, insan kimi, kişi kimi və bir zabit kimi formalaşmağımda əvəzsiz rolu olmuşdur. O, mənim üçün bir qəhrəman idi. Kaşki əvvəllər olduğu kimi indi də mənim yanımda olardı, məni yenə çağırıb məsləhətlər verərdi. Dayımın göstərdiyi şücaət mənə daha çox ilham qaynağı olmuşdur. Gələcəkdə tarixi torpaqlarımız olan Zəngəzur mahalına qəhrəman dayımın intiqamını almaq üçün indi daha çox can atıram.
Bu həyatda  ən çox istədiyim dayımla birgə mənfur düşmənə qarşı doğma Qarabağımızda döyüşmək arzum olmuşdur. Heyf ki bu xəyal olaraq qaldı,  gerçəkləşmədi. Dayım məndən öncə döyüşə getdi. Onun döyüşdə nələr etdiyini, necə qəhrəmanlıq göstərdiyini, təəssüf ki özündən eşitmək mənə qismət olmadı. 
 
Son danışığımız 30 oktyabr 2020-ci ildə oldu. Həmin vaxt dayım düşmənə qarşı qəhrəmanlıqla Şuşa yaxınlığında döyüşürdü və mənə telefonda Şuşanı, illərdir həsrətində olduğumuz torpaqları gördüyünü dedi. Mən o zaman Naxçıvan MR-da xidmət edirdim. Həmin zaman bizə müharibədə döyüşəcək heyətlə Xocavənd istiqamətində irəliləmək tapşırığı gəldi. Mən öz arzumla döyüşə könüllü olaraq yazıldım. Ən böyük arzum torpaqlarımızın yağı düşməndə azd edilməsi və eləcə də burada dayımla birgə çiyin-çiyinə döyüşməyim idi. Buna görə   çox sevincli idim. Bu arzu ilə döyüş bölgəsinə yola düşdüm və atamla telefonla əlaqə zamanı dayımın qəhrəmancasına şəhid olması xəbərini aldım. O an yaşadığım hissləri sözlə ifadə edə bilmərəm. İnanmadım, bəlkə də qəbullanmaq istəmədim. Zamanla özümü toparladım, sonra isə bu şüarla – 
İnsan uyur beşikdə məzarda yatmaq üçün, 
Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün 
– mübariz olub özüm də Xüsusi Təyinatlı Qüvvələrdə xidmət aparmaq, dayımın yolunu davam etdirmək istədim. 
 
Kimi sonu seçir, kimi əvvəli,
Sən də eləsin seç üzün ağ olsun.
Gəlin abidəsin qoyaq Sahibin,
Altından yazaq ki, Vətən sağ olsun!
 
Bir də elə igid dünyaya gəlməz, 
Düşmən sinəsinə dağdır bu Sahib.
Quranda ayə var “şəhidlər ölməz,” 
Deyin erməniyə sağdır bu Sahib!
 
Mən bir bacısı oğlu olaraq qəhrəman, igid dayımla fəxr edirəm, onunla qürur duyuram və ruhu qarşısında baş əyirəm. Hər kəsin həyatında belə bir qəhrəman şəxsin var olmasını arzu edirəm. Məkanı cənnət olsun. 
Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canından keçən, başda dayım Sahib olmaqla Allah bütün şəhidlərimizə rəhmət etsin!
Vətən sağ olsun!  
 
 
***
 
 
“Sahib xidməti özünü nümunəvi əsgər, qorxmaz igid kimi göstərmişdi”
 
Natiq Cavadov,  döyüş yoldaşı
 
 
Sahib Musa oğlu Musayev 2006-cı ildə XTQ kursant keçdikdən sonra bizim bölməyə təyin edildi. İlk xidmətə XTQ qrupun Tibb (həkim) mütəxəssisi kimi başladı. Xidmətə başladığı gündən özünü nizam-intizamlı, cəsur, qorxmaz biri olaraq göstərirdi. Eyni qrupda Badi olaraq(cütlük) xidmət edirdik. Sahib Musayevlə xidmət etdiyimiz illərdə bir-birimizlə çox yaxın dost, sirdaş olmuşuq. Qrupda hər zaman bir-birimizi “Badi” deyərək çağırırdıq. 
Sahib XTQ-də xidmət etdiyi  müddətdə qarşıya qoyulmuş bütün tapşırıqları məsuliyyətlə yerinə yetirmiş, özünü çox yaxşı göstərmiş, bütün işin öhtəsindən layiqincə gəlmişdir. Xidmət dövründə hər zaman özünü nümunəvi əsgər, qorxmaz bir igid kimi göstərmişdi. 
18. 03. 2016-cı ildə düşmənin təxribatının qarşısını almaq məqsədi ilə Ali Baş Komandan tərəfindən tapşırıq aldıq. 
Goranboy rayonunun Tapqaraqoyunlu istiqamətində Barambat meşəsi adlanan ərazidə düşmən təxribatının qarşısını almaq məqsədi ilə təmas mövqelərindən (mina sahəsi) keçə bildik. Düşmənin mövqelərinin dərinliyinə sızdıq. Bu zaman bölmələrimizin ön xətti istiqamətində hərəkət edən düşmənin XT kəşfiyyat tağımını pusquya salaraq 23-25 nəfər canlı qüvvəsini məhv edib geri dömdük. 
Bu tapşırıq vaxtı Sahib özünü çox qorxmaz, igid, məsuliyyətli göstərərək yaralı yoldaşlarımıza yüksək səviyyədə ilk tibbi yardım elədi. O, dəfələrlə bu cür tapşırıqlarda iştirak etmiş və özünü çox peşəkar, qorxmaz bir qəhrəman olaraq sübut etmişdi. 
27 sentyabr 2020-ci ildə müharibə başladıqda Sahiblə eyni bölmədə, Lələtəpə istiqamətində döyüşlərə başladıq. Cəbrayıl rayonu istiqamətində düşmənin “yarlmaz sədd” adlandırdığı “Ohanyan səddi”ni yararaq döyüşə başladıq. Bölməmizin qarşısına qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilərək Cəbrayıl rayonu istiqmətində irəliləyirdik. Müharibə vaxtı bölməmizə, 3-cü XT taboruna başqa-başqa istiqamətlərə getmək üçün tapşırıqlar verildiyiyinə görə Sahiblə bir-birimizi görmürdük. 
04. 10 2020-ci ildə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə başımdan güllə yarası alaraq  döyüş meydanından təxliyə olaraq xəstəxanaya gətirildim. Biləsuvar xəstəxanasında 4 gün müalicə aldıqdan sonra öz istəyimlə bölməmizə  qayıtdım. Mən orda olmadığım müddət ərzində bölməmiz Cəbrayıl rayonunu işğaldan azad edərək Hadrut istiqamətində gedən döyüşlərə qatılmışdı. Hadrut istiqamətində gedən döyüşlər zamanı Sahib ayağından yaralanaraq döyüş meydanından təxliyə edildi. Təxliyə zamanı görüşdük və mənə yaralanması barədə ailəsinə heç nə deməməyi tapşırdı. Xəstəxanada yatdığı müddət ərzində Şuşa istiqamətində gedən döyüşlər barədə eşidərək öz istəyi ilə xəstəxanadan çıxıb döyüş meydanına, bizim yanımıza gəldi. Topxana meşəsi istiqamətində hərəkət edərkən gəlib Taborun heyətinə çatdı. Şuşa istiqamətində hərəkət edərkən Xocavəndin Sığnaq kəndi istiqamətində yerləşdiyimiz zaman Sahiblə bir yerdə gecələdik. Bu zaman çantasından fotoaparat çıxararaq mənə “şəkil çəkdirək” deyə müraciət etdi. Mən ona müharibə başlayandan şəkil çəkdirmədiyimi bildirdim. Sahib isə “çəkdirək xatirə qalsın” deyə söylədi. “Şuşaya gedirik, sağ qalıb -qalmayacağımız bilinmir” deyə vurğuladı. Onun bu sözündən sonra 4-5 şəkil çəkdirdik və bir neçə saat söhbət etdik, gecəni bir yerdə keçirdik. Səhəri gün Şuşa istiqamətində hərəkətə başladıq və mən ondan sonra Sahibi görmədim. Şuşa şəhəri istiqamətində döyüşlərə başladıq və gecə şəhərə girdik. XTQ iki istiqamətdə döyüşlər aparırdı. Şuşanın içərisindən və Xankəndindən Şuşaya gələn düşmən bölmələri ilə bizim qrup döyüş aparırdı. Onların Şuşaya girməsinə imkan vermədik. Sahibgilin qrupu digər tərəfdə, Şuşa istiqamətində döyüş aparırdı. Hava çox çiskinli və dumanlı idi. Duman çəkilən kimi Xankəndindən gələn düşmən tankları bizə ağır zərbələr endirdi,   itkilərimiz oldu və bu barədə Tabor komandirinə rabitə vasitəsilə bildirdik. Bu zaman Şuşa istiqamətində irəliləyən bölmələrimiz Şuşa qalasını keçmişdi. Komandir şəxsi heyətin şəhərə doğru, Şuşa qalasının arxasına çəkilməyi əmr etdi. Yanımda olan şəxsi heyəti Şuşa qalası istiqamətində yola salıb yüküm yığmağa başladım, bu zaman duman bir az çəkilmişdi. Xankəndindən gələn tanklar bizə atəş açmağa başladı. Həmin an Sahibin “Badi”, “Badi” deyə məni çağırdığını eşitdim. Hə, “Badi” buradayam, deyə cavab verərək yerimi bildirdim. Yanıma gəldi və burada niyə tək olduğumu soruşdu. Uşaqları qala istiqamətində yola saldığımı bildirdim. Təhlükəli olduğu üçün bura niyə gəldiyini Sahibdən soruşdum. O da qala istiqamətinə gedərkən mənim səsimi eşidib bura gəldiyini dedi. Söhbət vaxtı düşmən tankı qala istiqamətində gedən şəxsi heyətə dayanmadan atəş açırdı. Mən Sahibə ocaq yanan istiqamətə getməli olduğumuzu bildirdim. Mənimlə bir yerdə getmək istədiyini söylədi. Bu ara düşmən tank atışını saxlamışdı. Biz birlikdə qaçaraq qarşıda ocaq yanan istiqamətdəki qayacığa çatmağa çalışdıq, bu an bizi gördülər və tankdan atəş açmağa başladılar. Təhlükəsiz yerə çatmağa 5-6 metr qalmış Sahib ayağından yaralandı. Tank da dayanmadan bizə atəş açırdı. Mən üzərimdəki ipi Sahibə ataraq onu yanıma çəkdim. Güllə biləyinə dəymişdi. İlk tibbi yardım göstərdim, qanaxması kəsildi və digər yaralıları qayanın arxasına qoymuşdular. Sahibə getməli olduğumu bildirdim, çünki Şuşanın içərisində şiddətli döyüş gedirdi. O da mənim döyüşə qatılmağımı,   onu digər yaralıların yanında qoy getməyimi istədi. Sahibi yaralılar olan yerə gətirdim, ağrıkəsici iynə vurub qala istiqamətində hərəkət etdim. Şuşa şəhərinin işərisində qalan düşmənlərlə güclü döyüş gedirdi. Təxliyə qrupuna Sahibin də yaralıların yanında olduğunu bildirdim və onun da təxliyəyə ehtiyacının olduğunu dedim. 
 Səhər açıldı. Təxliyə qrupunun yaralıları gətirdiyini gördüm və Sahibi soruşdum, bildirdilər ki, Sahib orada yox idi. 
Yaralılardan biri dedi ki, sən gedəndən sonra Sahib Şuşada güclü döyüş getdiyi üçün burada qala bilməyəcəyini deyib, ora yollandı. 
Onu da deyim ki, şəxsi heyət az olduğu üçün onların təxliyəsinə (axtarışına) 2 nəfər ayrılmışdı.
 Şuşanın içərisindəki düşmən bölmələri ilə güclü döyüşlər gedirdi və bizə gələn təminat - kömək yolları bağlı idi. Yaralıları bir evə yerləşdirib mühafizə etmək məcburiyyətindəydik. Şuşa düşməndən tam təmizləndikdən sonra Sülh müqaviləsi bağlandı. Bundan sonra qalan şəxsi heyəti toplayıb yaralı və şəhidlərimizi axtarmağa getdik. Bu zaman Sahibin qala istiqamətində 30-40 metr gedəndən sonra 2-ci dəfə qarın boşluğundan güllə yarası alaraq Şəhid olduğunu gördüm. Məkanın cənnət olsun, Qardaş!
 
***
 
 
“Sahib yaralandı, amma yenidən döyüş meydaına döndü”
 
Amid Qurbanov, döyüş yoldaşı 
 
 
-Mən Sahibin Musayevlə döyüş yoldaşı olmuşuq. Rəhmətlik Sahibi 2010-cu ildən tanıyıram. Həmin il  XTQ-yə gəldim, onda tanış olduq. Yeni gələnlərə, XTQ kursunu keçəndən sonra ilk müəllim - təlimatçılardan biri olub, şəxsiyyəti öyrətmək, istiqamət verənlərdən idi. Bu bir müddət işi belə davam etdi. Sahib əvvəl sanitar kimi xidmət edirdi, sonra işi dəyişildi, pikap sürücüsü oldu. Sahiblə xüsusi tapşırıqlarda iştirak etmişdik. 2012-ci ildə bizə verilən  xüsusi tapşırıqda bir yerdə olduq. 
O çox yaxşı döyüşçü, hərbi qulluqçu olduğu üçün Sahibi hər kəsə nümunə göstərilirdi. Hərbçi olduğumuz görə hər zaman Vətənin keşiyində durmaq, xidmət etmək vəzifə və vətəndaşlıq borcumuzdur. Ancaq tez bir zamanda maharibənin başlamasını gözləmirdik. 
2012-ci ildən 2014-cü ilə qədər bir yerdə xüsusi tapşırıqlarda olduq. Bundan sonra Sahiblə münasibətlərimiz daha da yaxşılaşdı. 2015-ci ildə hərbi şəhərcikdə bizə ev təqdim edildi, Sahiblə qonşu olduq. Qonşu kimi münasibətlərimiz yaxşı idi, bir-birimizə gedib gələrdik. 
2016-cı ildə Sahib məlum  Aprel döyüşlərində iştirak etdi, qəhrəmanlıq göstərdi. Döyüş bölgəsindən şəhidlərimizin çıxardılmasında onun böyük rolu oldu. 
 
Hətta bunu bütün XTQ-nin ailələri, ətrafda hır kəs bilir. 2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda biz ayrı-ayrı qruplarda idik və ayrı - ayrı istiqamətlərdə döyüşə başladıq. 
 
Sahib bu döyüşdə yaralandı, amma buna baxmayaraq o yenidən döyüş meydaına  döndü. O yaralandığını heç kimə bildirmədi, həm də telefon işlətmədiyimizə görə heç kimlə ünsiyyət qura bilmirdik. 
 
Doyüşə qayıtdıqdan sonra bizə yeni tapşırıqlar verildi, Sahibin son döyüşü Şuşada oldu. Noyabr ayının 6-da şəhidlik zirvəzinə yüksəldi. 
 
 Sahib haqqında çox xatirələrim var, onun qəhramanlığından, şücaətindən nə qədər danışsam da az olar. Yaddaşımda səmimi, gülərüz bir dost kimi qaldı. Onun haqqında danışdıqca ötən xatirələr mənə çox ağır gəlir. Sahib ağır silah mütəxəssisi idi, o özündən atəş açmaq üçün hədəf düzəltmişdi, indi də o hədəf durur. Onun adını öz bölməmizdə “Sahib hədəfi” qoymuşuq. Harasa məşqə, atışa gedəndə “Sahib hədəfini” də götürürük. Bu hədəfdən müəyyən yerlərdə istifadə olunur.
 Sahib çox dəyərli insan idi, adı həmişə qəlbimizdədir.
Allah ona rəhmət eləsin.  
 
***
 
“Həkimlər onun geri qayıtmasına icazə verməsə də...”
 
Samiq Əliyev, şəhidin döyüş yoldaşı
 
Bu gün şəhidliyi və igidliyi ilə qəlbimizdə əbədi yeri olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Sahib Musa oğlu Musayev 2006-cı ildə gizir hazırlığı məktəbini bitirərək Xüsusi Təyinatlı Qüvvələr kursuna daxil olmuşdur. O, kursda özünü 
nizam-intizamlı, iradəli, vətənpərvər bir hərbi qulluqçu kimi göstərmiş və kursu müvəffəqiyyətlə bitirib 2007-ci ildə N-saylı hərbi hissədə xidmətə başlamışdır. 
Sahib Musayev özünü daim nümunəvi hərbçi kimi göstərmiş, verilmiş döyüş tapşırıqlarını laiqincə yerinə yetirmişdir. Sahib həmişə öz üzərində çalışan hərbçi kimi yeni gələn şəxsi heyətə nümunə olmuşdur. 
27 sentyabr  2020-ci ildə Cənab Ali Baş Komandanın əmri ilə II Qarabağ müharibəsi başlayanda Sahib Musayev Cəbrayılda, Hadrut istiqamətində döyüşmüşdür. Oktyabr ayının 7-si Sahib yaralansa da,  dəfələrlə ona ön cəbhəyə getməməsi tövsiyə edilsə də qəhrəman döyüşçü geri çəkilmədi. Çünki Sahib  döyüş yoldaşlarını tək buraxmaq istəmirdi. Daim çətin və şərəfli yolda onun atdığı hər bir addım bizi qələbəyə daha da yaxınlaşdırardı. Ayağı yaralı olduğu üçün addım atmaqda çətinlik çəkirdi. Nəhayət, yoldaşlarının təkidi və xahişi ilə o müalicə olunmaq üçün xəstəxanaya getdi, həkimlər onun geri qayıtmasına icazə vermirdi. O isə döyüş yoldaşlarını tək qoymamaq üçün yaralı halda xəstəxanadan çıxdı və sağalmayan ayaqları ilə Şuşaya ilk daxil olan Vətənin bu qeyrətli oğlu bizə qələbə qazandırdı. Son nəfəsini vətən uğrunda verdi. Daim bizim qəlbimizdə yaşayır və yaşadacağıq. 
 
***
 
 “Biz onu çox çətinliklə döyüş meydanından çıxarıb hospitala yola salmaq istəsək də razılaşmırdı”
 
Alim Zərbəliyev,  baş gizir
 
Bu gün ağır olsa da şəhid qardaşım Sahib Musayev haqqında xatirələrimi yazıram.
Sahib Musayevlə 2008-ci ildə ilk xidmətimə başlamışam. Birinci dəfə gələndə sinifdə məni qarşılayan ilk şəxs Sahib  oldu. Çox səmimi, gülərüz qarşıladı və xoş gəlmisən Xüsusi Təyinatlı Qüvvələrə, bizlərin arasına - deyə bildirdi. 
Çox bacarıqlı, idmanı sevən bir hərbi qulluqçu idi. Ətrafdakılara kömək etməyi çox sevirdi, buna can atırdı. Bir yoldaş olaraq fiziki gücümü və nəzəri biliklərimi artırmaqda mənə də köməklik edirdi. Sanki Vətən üçün, millət üçün, torpaq üçün doğulmuşdu. Mənəvi, psixoloji cəhətdən çox sağlam insan idi. Sahib haqqında çox danışmaq olar.
2016-cı ildə Aprel döyüşləri vaxtı yüksək əzmkarlıq göstərmişdi. Bir döyüşçüyə nə lazım idisə, bu, artıq Sahibdə formalaşmışdı. Heç nədən qorxusu olmayan şəhid qardaşım həmişə deyərdi: “Bu torpaqlar bizim olduğu halda düşmən necə rahat gəzir burda”. Onda düşmənə qarşı nifrət hissi çox idi. Uzun illər hərbi qulluqçular üçün ayrılan hərbi şəhərcikdə qonşu olaraq yaşamışıq. Həm döyüşçü, həm də bir qonşu olaraq çox yaxşı bir insan kimi yaddaımda qalıb. Vətənpərvər oğlan idi. Dəfələrlə beynəlxalq təlimlərin iştirakçısı olmuş, dövlətimizi laiqincə təmsil etmişdir. Və nəhayət, 2020-ci il 27 sentyabr Vətən müharibəsi başladı, bir hərbçi kimi çox sevindi, döyüşə hazı idi. İxtisası pulemyotçu idi, döyüşlər başlayanda mərd, qorxmaz, cəsur bir igid kimi yüksək səviyyədə döyüşə atıldı. Neçə düşmən məhv etmişdi, təəssüflər olsun ki, düşmən tərəfindən atılan mərmilər nəticəsində ayağından yaralanmışdı. Biz onu çox çətinliklə döyüş meydanından çıxarıb hospitala yola salmaq istəsək də razılaşmırdı, sizi tək buraxıb gedə bilmərəm, deyirdi. Döyüşlərin davam etməsi və gedəcəyimiz yolun uzaq olduğundan, nəhayət ki, onu hospitala yola saldıq. Ancaq çox keçmədi ki, yarası sağalmamış yenidən bizim aramıza qayıtdı. Gözündə qorxu yox idi. Döyüş meydanında düşməndən intiqam alacağını, onlara diz çökdürmək lazım olduğunu deyirdi. 
Döyüşlərin daha da şiddətlənməsi, düşmənin geri çəkilsə də hələ də müqavimət göstərməsi Sahibi daha da hiddətləndirirdi. Biz ona “Pələng” ləqəbi də qoymuşduq. 
Döyüşlərin birində düşmənin atdığı top mərmilərindən yaralandım və hospitala təxliyə olundum. 
Şuşanın alınmasında iştirak edən zaman aldığı güllə yarasından şəhidlik zirvəsinə ucaldı Sahib. Allahdan ailəsinə səbr diləyirəm. İki övladı Vətənə əmanət qaldı. 
Şəhid qardaşım Sahib Musayevin xatirəsi həmişə əzizdir, ruhu şad olsun.
 
***
 
“Sahib Vətən, torpaq, uğrunda canından keçərək, ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışladı” 
(ADINI YAZMAQ)
 
 Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, millətimizi, torpaqlarımızı qoruyarkən şəhidlik zirvəsinə ucalan, xətri mənim üçün əziz, doğma olan, dünya var olduqca xatirələrimizdə daim qalacaq qardaşım, sirdaşım Sahib.
Haqqında yazılacaq kitabda öz sözlərimi üzülərək, lakin qürurla, fəxrlə Vətəninə sahib çıxmış vətənpərvər qardaşım üçün qeyd edirəm.
Sən sağ olasan, Vətən!
Daha bir gənc, Vətən sevdalısı sənin müqəddəsliyin uğrunda gözünü qırpmadan canını fəda etdi. Vətənpərvərliyi sözdə yox, əməldə gösdərdin sən. 
Sahib Vətən, torpaq, böyük amallar uğrunda canından keçərək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışladı.
Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, hər kəs o məktəbin məzunu ola bilmir, lakin yeni nəsillər o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənir. 
Hər dəfə Sahibin  məzarını ziyarət edərkən zirvənin əlçatmaz olduğu qədər də qürurverici olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır, hər bir insana şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur. Lakin Sən, payızda başlayan 44 günlük Vətən savaşında 30 illik işğala son qoymaq adıyla ailəni, əzizlərini, elini-obanı arxada qoyaraq, vətəni üstün tutaraq bu mübarizəyə başladın. Hərçənd ki, bu mübarizəyə dünyaya ilk göz açdığından başlamışdın, əlbəttə, qəhrəmanlar anadan qəhrəman doğulur, bu sonradan yaranmır...
Bu qəhrəmanlıq salnaməndə etdiklərin, XTQ-də neçə-neçə keçirdiyin əməliyyatlar, 2016-cı il aprel döyüşləri və sonda Vətən müharibəsində öz əksini tapdı. 
Ulu öndər Heydər Əliyevin dediyi kimi, bütün peşələr gözəldi, amma vətəni qorumaq peşəsi ən ali peşədir. Sən də ulu öndərimizin dediyi bu ağır, lakin gərəkli peşədə öz mərdliyini, vətənpərvərliyini, şərəf və sədaqətini, sonda ən uca məqam olan şəhidliyi qazandın. O şəhidlik ki, arxanda gələcək nəsillərə nümunə olacaq, elində-obanda qürur rəmzi kimi göstəriləcək, övladların fəxrlə deyəcək: “mənim atam qəhrəmandır” və s.
Bu gün bizim qürur mənbəyimizə çevrilmisən, gənclərimiz və eləcə də bütövlükdə Azərbaycan xalqı səninlə fəxr edir, əziz qardaşım. Bu gün hər bir ölkə vətəndaşı “Bu Vətən bizimdir” deməyi, canını Azərbaycanın ərazi bütövlüyü naminə qurban verməyi məhz sən  və sənin timsalında şəhid qardaşlarımızdan örnək götürürlər. 
Vətəni Vətən edən qana bulaşmış torpaqdır! 
Bunu məhz sən canını fəda edərək, şəhidlik zirvəsinə ucalaraq və sonunda Şuşa uğrunda gedən döyüşlərdə sübut etdin. 
Bu gün siz şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur, fəxr yerimizsiz. 
Məkanın cənnət olsun, əziz qardaşım Sahib!
***
“Sahibin vətənpərvərliyi, xalqına olan sevgisi onu yolundan dönməyə qoymadı”
 
Elnur Orucov, Sahib Musayevin dostu
 
                            
Sahiblə çox gənc yaşlarımızdan sıx dostluq münasibətlərimiz olub. Onunla bağlı bir çox xoş xatirələrim var. Mən daha çox onun sahib olduğu yüksək insani keyfiyyətlərdən, vətənpərvərliyindən bəhs etmək istəyirəm. Belə bir deyim var ki, xoş günün dostu çox olar, əsl dostlar dar gündə bəlli olar. Sahib daha çox dar günün dostu idi. Ətrafında kiminsə bir sıxıntısı, bir çətinliyi olardısa əlindən gələn yaxşılığı əsirgəməzdi. El-obasının xeyir-şər işlərində yaxından iştirak edərdi. O Vətənini, xalqını çox sevərdi. Həmişə deyərdi ki, işğal altında olan torpaqlarımızı düşməndən biz azad etməliyik. İşğal olunmuş ərazilərimizi yağı tapdağından xilas etmək ən böyük arzusu idi. Sahibin vətənpərvərliyi, xalqına, millətinə olan sevgisi onu yolundan dönməyə qoymadı. 
Sahib kimi dəyərli, səmimi, bütöv xarakteri dostu, insanı itirmək təbii ki, mənim üçün, eləcə də bütün onu tanıyanlar üçün çox ağırdır. Onu hər zaman qürurla, xoş xatirələrlə xatırlayacağıq.
 
 

 
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar