Xəbər lenti
Jurnalist ömrünün unudulmaz anları - Yol. Tale. İmza

İnsan həyatı yola və ilin fəsillərinə bənzəyir: enişli-yoxuşlu, günəşli-çiskinli. Bu yolda nələr olmur?... Taleyin hökmü səni haralara, hansı ağlagəlməz yerlərə aparıb çıxarır. Qələm əhlinə gəlincə burada yol və tale söz və imza ilə birləşir, yaxşı mənada bir-biri ilə kəsişir. Karyera, vəzifə gəldi-gedərdi. Yaşayan da, yaşadan da söz və imzadır.
Jurnalist dostumuz Aslan Aslanovun keçdiyi həyat və yaradıcılıq yolu bu mənada özəlliyi ilə fərqlənir. Bəlkə də çağdaş dövrümüzdə bənzəri olmayan yoldur. Niyə? Çünki başlanğıcını Cəbrayıl rayonunun kiçik bir kəndindən götürən bu yol çox uzaqlara - dünya informasiya məkanına qədər gedib çıxdı. Bu barədə bir qədər sonra.
Əvvəlcə ötən əsrin yetmişinci illərinin mətbuat aləminə ötəri nəzər salaq. O vaxt respublika miqyaslı 3-4 qəzet çıxırdı, bir neçə nəşriyyat, bir televiziya və bir xəbər agentliyi vardı. Jurnalistika fakültəsini isə hər il 75 nəfər bitirirdi (50 nəfər əyani, 25 nəfər qiyabi). Bəziləri Bakıda qalmaq, mərkəzi mətbuata təyinat almaq üçün, necə deyərlər, özlərini oda-közə vururdular. Aslan Aslanov isə bu barədə heç düşünmürdü. Həm doğma yurda qayıtmaq, həm də valideynlərinə həyan olmaq istəyirdi. Lakin təyinatını iri pambıqçılıq rayonlarından birinə verdilər. Hər halda evlərinə yaxın yer idi.
Özü o günləri belə xatırlayır: "Universiteti bitirdikdən sonra Bakıda qalıb işləmək perspektivi məni o qədər də cəlb etmirdi. Cəbrayıla qayıtmaq istəyirdim. Ailəmin də dəstəyimə ehtiyacı var idi. Avqustun əvvəlində təyinat yerinə gəldim. Orada heç də pis qarşılanmadım. Lakin sonra gördüm ki, rayonda hamını, o cümlədən yerli qəzetin müxbirlərini də pambıq yığımına cəlb edirlər. On gündən sonra biz tarlaya çıxdıq. Gündüzlər pambıq yığır, axşamlar isə materiallar hazırlayıb qəzet buraxırdıq".
...Beləcə illər keçdi. Artıq zəmanə dəyişmiş, əyalət qəzetlərinin başı üzərini qara buludlar almışdı, gələcək sual altında idi, yəni qarşıda heç bir perspektiv görünmürdü. Bu səbəbdən Aslan Aslanov qələmini respublika mətbuatında sınamaq qərarına gəldi, çox keçmədən imzası "Kommunist" (indiki "Xalq qəzeti") qəzetində görünməyə başladı.
Yeri gəlmişkən, biz bir-birimizi tələbəlik illərindən tanıyırdıq. Yollarımız təxminən 15 il sonra o vaxt respublikanın bir nömrəli qəzeti olan "Kommunist"də yenidən kəsişdi. 1992-ci ildə hər ikimizi eyni vaxtda Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) işə dəvət etdilər. O vaxtlar burada işləmək çox çətin və üzücü idi. Respublika rəhbərliyi agentliyə ögey övlad kimi baxırdı. Maaş azlığı bir tərəfdən, şəraitsizlik digər tərəfdən adamı sıxırdı. Çoxları dözmədi, çıxıb getdi. Yəqin bu da tale işi idi - o, dözüb dayandı. Bəlkə də karyerasındakı sonrakı yüksəliş həmin dözüm və mətanət üçün mükafat oldu, sıravi müxbirlikdən baş direktor vəzifəsinədək yüksəldi.
Azərbaycan o illərdə qaynar qazana bənzəyirdi, ölkədə ağır siyasi-iqtisadi böhran yaşanır, Ermənistanın hərbi təcavüzü dayanmaq bilmir, torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Xalqın yeganə ümid yeri o vaxt Naxçıvanda yaşayan Heydər Əliyev idi. Mövcud iqtidar isə onu yaxına buraxmaq istəmirdi. Dövlət mətbuatında, xüsusən də AZƏRTAC-da bu böyük siyasətçinin adının çəkilməsi yasaq edilmişdi.
Aslan Aslanovun xatirələrindən: "1993-cü il iyunun 10-da bizi AZƏRTAC rəhbərinin yanında iclasa dəvət etdilər. Mən işə yenicə qəbul edilmiş müxbir idim. Qızğın müzakirə gedirdi: məlum oldu ki, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olan Heydər Əliyev Bakıya gəlib və sabah Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında görüş keçirəcək. İclasda qərara aldılar ki, həmin görüşə məni göndərsinlər".
Agentliyin yeni müxbirinin gələcək taleyini müəyyənləşdirən məhz bu qərar oldu. O, ertəsi gün səhər tezdən görüş yeri olan İsmailiyyə binasının önünə gəldi. Heydər Əliyev burada ABŞ-ın və Böyük Britaniyanın ölkəmizdəki səfirləri ilə, sonra Akademiyanın Rəyasət Heyətinin üzvləri ilə görüşlər keçirdi. Aslan Aslanov görüşlərin hamısında iştirak edir, yaddaş kitabçasında qeydlər aparırdı. Təbii ki, diqqət çəkdiyini hiss etmədən.
Sonra Heydər Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə yollandı. Səfirlə görüşdən əvvəl foyedə jurnalistlərlə qısa söhbəti oldu.
Aradan 34 il keçsə də, həmin anlar Aslan Aslanovun yaddaşından silinməyib: "Heydər Əliyev gözlənilmədən üzünü mənə tutub soruşdu: "Sən hansı təşkilatdansan? Görürəm səhərdən bizimləsən". AZƏRTAC-ın əməkdaşı olduğumu biləndə dedi: "Baxa bilərəmmi nə yazmısan?". Mən həyəcanla kitabçanı ona verdim. Birinci informasiyanın sərlövhəsi belə idi: "Görkəmli dövlət xadimi Heydər Əliyev Amerika və Böyük Britaniya səfirləri ilə görüşüb". O, başlığı oxuyub təbəssümlə soruşdu: "Elə bilirsən sənin rəhbərlərin bu xəbəri buraxacaqlar?".
Azərbaycanın taleyinin həll olunduğu həmin mürəkkəb və tarixi günlərdə yaşananlar Aslan Aslanovun da həyatında dönüş nöqtəsi oldu.
Ulu Öndərin hakimiyyətə qayıdışından bir müddət sonra o, dövlət başçısının keçirdiyi tədbirləri, eləcə də xarici səfərlərini işıqlandıran müxbirlər qrupuna daxil edildi. Bu səfərlər zamanı bəzən saatlarla davam edən görüşlər və danışıqlar barədə geniş informasiyalar hazırlamaq, uzaq ölkələrdən Bakıya göndərmək bəlkə indi bəzilərinə adi görünə bilər. O vaxtlar isə ilk cığırlar açılırdı: nə bu sahədə bir təcrübə vardı, nə də indiki texniki imkanlar. Görüşlərin gedişi, danışıqlar diktofona yazılır, yaxud qələmlə kağız üzərində qeydlər aparılırdı. Xəbərlər isə gecə hazırlanır, sübh tezdən Bakıya yola salınırdı. İşin çətinliyi, yuxusuzluq və gərginlik adamı yorub əldən salırdı. Bir tərəfdən də məsuliyyət yükü. Heydər Əliyev mətbu sözə böyük önəm verirdi, informasiyalardakı bircə yersiz cümlə və söz diqqətindən yayınmırdı. Onun yüksək tələblərini ödəmək sözün əsil mənasında oğul istəyirdi. Aslan Aslanov çiynini belə bir ağır yükün altına vermiş, hazırladığı dolğun informasiyalarla ilk günlərdən Ulu Öndərin etibarını və etimadını qazana bilmişdi.
1993-cü il dekabrın 19-da Heydər Əliyev prezident kimi ilk səfərini Fransaya etdi. Üç günlük səfərin qrafiki çox sıx idi və hər gün bir neçə görüş keçirilirdi. Hər görüşlə bağlı informasiya hazırlamaq üçün gecələr səhərədək çalışmaq lazım gəlirdi. Bu gərginlik Aslan Aslanovun səhhətində problem yaranmasına gətirib çıxardı, səfərin sonuncu günü özünü narahat hiss etməyə başladı, lakin buna məhəl qoymadan işinə davam edirdi. Parisdən havaya qalxan təyyarə Bakıya enəndə huşunu itirdi.
Aslan Aslanovun xatirələrindən: "Özümə gələndə əvvəlcə nə baş verdiyini anlamadım. Məlum oldu ki, həkim mənə bir neçə iynə vurub. Fransada mənimlə eyni otaqda qalan mərhum fotomüxbirimiz Yaşar Xəlilov hamıya mənim düz üç gecə yatmadığımı deyirdi".
Hər halda çəkilən zəhmət əvəzsiz qalmadı. Bakıya qayıtdığı günün axşamı televiziyada xəbərlər proqramına baxarkən eşitdi ki, dövlət başçısının Fransaya səfərini yüksək peşəkarlıqla işıqlandırdığına görə Azərbaycan Jurnalistlər İttifaqının "Həsən bəy Zərdabi" mükafatına layiq görülüb. Bu, informasiya agentliyində çalışmağın nə dərəcədə fədakarlıq tələb etdiyini əyani surətdə göstərən azsaylı nümunələrdən biridir. Həm də bir həqiqətin təsdiqidir ki, informasiya sahəsi özünü bütünlüklə bu çətin və gərəkli peşəyə həsr edə bilən, şəxsi həyatını ikinci plana keçirməyə hazır olan insanların yeridir.
Səfərlər bir birini əvəz edirdi. Çoxsaylı səfərlərin təfərrüatına varmaq istəməzdik. Bu barədə Aslan Aslanovun yenicə çapdan çıxmış "Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri" kitabında ətraflı söhbət açılıb.
O, Ulu Öndər Heydər Əliyev məktəbini keçdiyi üçün özünü son dərəcə şanslı və xoşbəxt sayır, qazandığı uğurlara görə bu məktəbə borclu olduğunu deyir: "Xoşbəxtəm ki, Heydər Əliyevin dünyanın görkəmli dövlət xadimləri ilə görüşlərinin demək olar, hamısında iştirak etmişəm. Bunu unutmaq olmaz. Həmin on il, 1993-2003-cü illər ərzində mən demək olar ki, çox böyük nüfuzlu bir universitet - Heydər Əliyev universitetini bitirdim".
Aslan Aslanovun AZƏRTAC-a rəhbərlik etdiyi 20 ildə agentlik böyük və misilsiz inkişaf yolu keçdi. Maddi-texniki baza yeniləndi, beynəlxalq təcrübədən istifadə, innovativ iş metodlarına keçid sayəsində xəbər buraxılışı dəfələrlə artdı. Milli informasiya agentliyimiz dünyanın tanınmış media qurumları sırasında özünəməxsus yer tuta bildi.
Heydər Əliyevin qarşıya qoyduğu bir nömrəli vəzifə beynəlxalq informasiya platformalarına çıxmaq, Azərbaycan həqiqətlərini dünyada mümkün qədər çox yaymaq idi - yəni özümüz deyib özümüz eşitdiyimiz yetər. Deyirdi ki, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) üzv olun, dünyanın aparıcı informasiya agentlikləri ilə əlaqələr qurun. Bu sözlərin deyildiyi dövrdə belə bir beynəlxalq media qurumunun mövcudluğundan hətta respublikanın media sahəsində çox az insan xəbərdar idi. 2004-cü ildə AZƏRTAC OANA-ya üzv oldu (Aslan Aslanov agentliyin baş direktoru təyin ediləndən cəmi iki il sonra), 12 il sonra isə ona rəhbərlik etməyə başladı.
1990-cı illərin əvvəllərində Azərbaycanın xarici informasiya məkanına çıxışı demək olar ki, yox idi. Onun rəhbərlik etdiyi dövrdə AZƏRTAC səsvermə hüququ ilə "Associated Press", "Reuters" və TASS kimi cəmi 13 üzvdən ibarət Ümumdünya Xəbər Agentlikləri Şurasına daxil oldu. 2016-ildən 2019-cu ilədək həm Ümumdünya Xəbər Agentlikləri Konqresinə, həm də OANA-ya rəhbərlik etdi. Bu, dünya media tarixində bir xəbər agentliyinin eyni vaxtda iki nüfuzlu beynəlxalq informasiya təşkilatına rəhbərlik etdiyi ilklərdən idi. Özü də hər iki tədbiri keçirmək hüququ alternativ seçki yolu ilə əldə edilmişdi. Bu nüfuz və etimadın arxasında illər böyü çəkilən zəhmət, təşəbbüskarlıq və beynəlxalq tərəfdaşların rəhbərləri ilə ünsiyyət yaratmaq bacarığı dayanırdı.
AZƏRTAC-ın dünya informasiya məkanına çıxışı ilə bağlı atılan addımlar sırasında ən yaddaqalan hadisə 2016-cı ilin noyabrında baş verdi. Prezident İlham Əliyevin himayəsi, Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə dəstəyi ilə Bakı eyni vaxtda iki mötəbər beynəlxalq təşkilatın əsas forumlarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə və OANA-nın XVI Baş Assambleyasına yüksək səviyyədə ev sahibliyi etdi və açılış mərasimində Prezident İlham Əliyevin çıxışı əlamətdar hadisə oldu. Bununla da Azərbaycanın və AZƏRTAC-ın adı dünya mətbuat tarixinə həmişəlik yazıldı.
Bu tədbirlər çərçivəsində "Associated Press", "Reuters", "TASS", Türkiyənin "Anadolu", Almaniyanın DPA, İtaliyanın ANSA, Koreyanın "Yonhap", Çinin "Sinxua", Yaponiyanın "Kyodo" agentlikləri kimi dünyanın 100-dən çox aparıcı xəbər agentliyinin rəhbərləri və nümayəndələri Bakıda toplaşdı. Respublika tarixində heç vaxt bütün qitələrdən bu qədər aparıcı informasiya agentliyinin təmsilçiləri ölkəmizə səfər etməmişdi. Prezident İlham Əliyevin Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları ilə görüşü zamanı onlar beynəlxalq media təşkilatlarının inkişafına AZƏRTAC-ın verdiyi töhfələrdən də ağızdolusu söhbət açdılar. Doğrudan da çox qürurverici hadisələr, təkrarsız mənzərələr idi.
Daha bir fakt: həmin dövrdə Azərbaycan Dövlət İnformasiya Agentliyi ümumilikdə, 8 regional və beynəlxalq informasiya təşkilatına üzv seçildi, 48 informasiya agentliyi ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzaladı, yaydığı xəbərlər beynəlxalq platformalarında mütəmadi yer almağa başladı.
Aslan Aslanov 2008-ci ildən AZƏRTAC-ın üzv olduğu Avropa Xəbər Agentlikləri Alyansında agentliyi təmsil etdi, 2016-2019-cu illərdə isə planetimizin hər yerindən 150-yə yaxın xəbər agentliyini birləşdirən Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın prezidenti oldu. Bu çərçivədə Livan, İran və Səudiyyə Ərəbistanının informasiya nazirləri, Küveyt və Vyetnamın baş nazirləri ilə yaddaqalan görüşlər oldu. Onun başçılıq etdiyi beynəlxalq nümayəndə heyətini Cənubi Koreya prezidenti qəbul etdi. Həmçinin 17 may 2018-ci il tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hazırkı Kralı, o vaxtkı Uels Şahzadəsi Çarlz Britaniyanın Press Association agentliyinin 150 illik yubileyinə həsr olunmuş tədbirdə Aslan Aslanovla görüşərək onun AZƏRTAC-ın rəhbəri kimi Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik etməsini xüsusi qeyd etmişdir.
... Bu yaxınlarda Prezident kitabxanasında Milli Məclisin deputatlarının və ictimai-siyasi xadimlərin iştirakı ilə Aslan Aslanovun "Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri - I kitab" kitabının təqdimatı keçirildi. Onu bir növ yubiley hesabatı da adlandırmaq olar.
Tədbirdə iştirak edən akademik Rafael Hüseynov təqdimat mərasimindəki çıxışı zamanı haqqında bir qədər əvvəl danışdığımız məqamı çox gözəl vurğulayıb: "Heydər Əliyev o müstəsna şəxsiyyətlərdəndir ki, onun haqqında yazmaq səlahiyyəti olmalıdır. Hamı yazır. Böyük şəxsiyyətlər haqqında yazmaq üçün gərək özün də böyük olasan. Heydər Əliyevin keçdiyi yollarının hansılarınısa görmüş olasan, yaxından izləmiş olasan. Tarix, tale elə gətirdi ki, Heydər Əliyevin böyük qayıdışının elə ilk addımlarından, Azərbaycan Respublikasına yenidən rəhbərliyə başlamasının təməllərinin qoyulduğu günlərdən, Elmlər Akademiyasındakı o məşhur iclasdan başlayaraq Aslan Aslanov illər boyu AZƏRTAC-ın əvvəlcə müxbiri, sonra isə rəhbəri olaraq Ulu Öndərin həm burda, həm də xarici ölkələrdəki o səfərlərinin hamısını izləyib, onların canlı şahidi olub".
Tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun fikrincə, həmin kitab Azərbaycan tarixinin XX əsrin sonu - XXI əsrin əvvəlini əhatə edən dövrün dərin, geniş və obyektiv öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Hazırda müəllif "Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri" kitabının ikinci hissəsi üzərində işləyir.
Aslan Aslanov ömrünün 50 ilindən çoxunu mətbuata həsr edib, Azərbaycan jurnalistikasının inkişafına verdiyi töhfələrə görə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. "Tərəqqi" medalı, "Vətənə xidmətə görə" ordenləri, "Şöhrət" ordeni, Həsən bəy Zərdabi, "Qızıl qələm" mükafatları... Bu, Aslan Aslanovun təltif olunduğu mükafatların heç də tam olmayan siyahısıdır, əməyinə verilən yüksək qiymətin ifadəsidir. O, ictimai-siyasi mövzularda həm Azərbaycan, həm də xarici mətbuat orqanlarında dərc edilən yüzdən artıq məqalənin, həmçinin media və informasiya ilə bağlı monoqrafiyaların müəllifidir. "Heydər Əliyev və AZƏRTAC", "AZƏRTAC-dan AZƏRTAC-a mürəkkəb və şərəfli yol", "Müasir dünyanın informasiya şəbəkəsində AZƏRTAC-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri", "Dövlət siyasətinin informasiya təminatı" kitablarının və bir sıra digər əsərlərin müəllifidir. "İnformasiya yaradıcılığı: Standartlar və yeni yanaşmalar" kitabı Azərbaycanın ali təhsil müəssisələri üçün dərslik kimi təsdiq olunub. Bu kitab eyni zamanda Ankarada da çap olunaraq yeni nəsil jurnalistlər üçün tövsiyə edilib.
O, heç vaxt yubiley yaşının təmtəraqla qeyd olunmasına can atmayıb, bir kəlmə sözü də yetərli sayıb.
İllər ötüb keçir, söz və imza isə yaşamaqda və yaşatmaqda davam edir. Jurnalist dostumuza yaradıcılıq yolunda yeni uğurlar, tükənməz həyat eşqi arzulayırıq.
Elman Qədirli,
Əməkdar jurnalist
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































