Sizin Reklam Burada
Xəbər lenti
13-09-2024
12-09-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatlığa namizəd Vüsalə Dadaşova: "Seçiminiz öz əlinizdədir!"

Tarix: 28-08-2024 19:56     Baxış: 352 A- / A+

1 sentyabr 2024-cü il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə deputatlığa namizədliyi Ədalət Partiyası tərəfindən irəli sürülmüş Dadaşova Vüsalə Valeh qızı seçki platforması, seçki kampaniyasının gedişi, əsas hədəflərindən danışıb.
Əvvəlcə xanım namizədin tərcümeyi-halını təqdim edirik:
Dadaşova (Müseyibova) Vüsalə Valeh qızı, 1970-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri Yasamal rayonu 52 saylı, daha sonra 159 saylı orta ümumtəhsil məktəblərində tam orta təhsil alıb.
1992-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1992-1997-ci illərdə təyinatla Bakı şəhəri Yasamal rayonu 286 saylı ümumtəhsil məktəbində fizika müəllimi işləyib, paralel olaraq bu illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində dissertant kimi elmi fəaliyyətə başlayıb. 1997-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin “Yarımkeçiricilər fizikası” kafedrasına baş laborant vəzifəsinə təyin olunub, eyni zamanda həmin fakültənin “Ümumi fizika” kafedrasında saat hesabı müəllim olaraq fəaliyyətə başlayıb. 2006-cı ildən həmin kafedrada müəllim vəzifəsinə təyin olunub.
2008-ci ildə AMEA-nın müxbir üzvü, prof. Aydın Kazımzadənin rəhbərliyi altında “Bərk cismlər fizikası” üzrə elmi dissertasiya müdafiə edərək fizikariyaziyyat elmləri üzrə alimlik dərəcəsi alıb. 2012-ci ildən bu günədək “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının dosenti vəzifəsində işləyir. 2 Yerli və xarici jurnallarda çap olunan bir çox elmi məqalələrin müəllifidir. Mütəmadi olaraq yerli və beynəlxalq elmi konfransların, ictimai-siyasi tədbirlərin məruzəçisi və iştirakçısı olub.
2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə 16 saylı Yasamal İkinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizəd olub. 2019-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.
2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizəd olub.
2021-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin fəxri üzvü seçilib və Azərbaycan Respublikasının Milli Ordusunun 100 illiyi ilə bağlı təsis olunmuş “Milli Ordu – 100” medalı ilə təltif olunub.
2022-ci ildə Ədliyyə Akademiyasında “Mediatorların ilkin hazırlıq kursu”nu, daha sonra isə, Ailə və Əmək münasibətləri üzrə ixtisaslaşmış mediatorların hazırlıq kurslarını uğurla başa vurub. Həmin ildən Azərbaycan Respublikası Mediasiya Şurasının üzvüdür. Ölkəmizdə mediasiya institutunun ilk qurucularındandır. Məhkəmə öncəsi ailə münasibətləri, əmək münasibətləri və kommersiya münasibətləri zəminində mübahisəli məsələlərin baxış proseslərini aparan mediator kimi fəaliyyət göstərir.
2024-cü ilin aprel ayından İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyasının üzvüdür. Hazırda Ədalət Partiyasında Ailə, Qadın, Uşaq Problemləri üzrə sədr müavini olaraq siyasi fəaliyyət göstərir.
Ailəlidir, iki övladı, bir nəvəsi var.

***
- Vüsalə xanım, hadisələrin gedişi sizi qane edirmi? Seçki kampaniyanız necə gedir?
- Şükür. Mən gözlədiyim və hazır olduğum intensiv təmaslarda, gərgin iş rejimində, lakin müsbət məcrada. Hesab edirəm ki, təbliğat-təşviqat kampaniyası başlamazdan əvvəl bu proseslərin gedişatı barədə təsəvvürlərim düzgün olub.
Yəni, seçkilərin azad və demokratik şəkildə keçiriləcəyinə inamınız tükənmir?
- Hesab edirəm ki, seçki mühitinə dair aparılan ilkin təhlillərimiz özünü doğruldur. Təbii ki, fərqli yanaşmalar çərçivəsində bu proseslərə müxtəlif, hətta daban-dabana zidd qiymətlər verilir. Mən öz müşahidələrimə əsaslanaraq, deyə bilərəm ki, təbliğat prosesi demokratik normaların qorunması şəraitində, təziqlər, qanunazidd ciddi müdaxilələr olmadan həyata keçirilir.
Əlbəttə, mənə də müəyyən yerlərdə, o cümlədən mən namizəd olduğum seçki dairəsində, hansısa namizədlərin inzibati resurslardan istifadə etməsi barədə məlumatlar çatır... Lakin mən bunu real demokratiyanın "böyümə xəstəliyi" kimi görürəm. İdeal demokratiya yalnız safürəkli, idealist düşünçəli insanların beynində və ya ictimai həyatdan təcrid olunmuş, dövlət və cəmiyyətin problemlərindən uzaq olan fərdlərin təxəyyülündə olur.... İdeal seçkini nəzərdə tutaraq, ona doğru hərəkət edərək, gəlin “doğuş suları ilə bir yerdə, dölü, uşağı da atmayaq”. Gəlin prosesi onun inkişafında dəyərləndirək. Ayrı-ayrı əyintiləri, çatışmazlıqları mütləqləşdirməyək. Onları həddindən artıq şişirdərək, ümumi mənzərəni itirməyək. Ağacların arxasında meşəni də görə bilək.
Lakin əsas odur ki, real demokratiya mexanizmləri işləyir, insanlar özləri bu görüşləri hansısa bir maraqlarının ödənilməsinin üsulu kimi dərk edib, gəlirlər. Onları olduqca böyük diqqətlə dinləyirəm, sonra gələcək fəaliyyətimdə onların dilə gətirdiyi məsələlərin həlli yollarına dair ata biləcəyim addımlar barədə danışıram. Bu, demokratik bir proses deyil, bəs nədir?! Başqa məsələ ki, bu deyilənlər yerdə qalmasın. Bunun üçün düzgün seçim etmək,yerlərdən gələn maraqları, tapşırıqları real işlərdə əks etdirə, maddiləşdirə biləcək insanları qanunverici orqana layiq bilmək tələb olunur. İnanıram ki, bu belə də olacaq.
Bilirsinizmi, bəzən radikal-tənqidi yanaşma sərgiləyən özündən müştəbeh, əslində cılız düşüncəli “mütəfəkkirlər” elə bil ki, reallığı görmürlər. Müəyyən qlobal və ya regional məsələrə münasibət bildirərkən “real-politik” nəzəri baxımına üstünlük verirlər, xüsusən də, bu, onları açıq və ya gizli şəkildə dəstəkləyən xarici siyasi qüvvələrin maraqlarına xidmət etdikdə. Bir növ suvari çaparlara bənzəyirlər bu maraqlara xidmət yolunda. Lakin ölkədaxili məsələlərə gəldikdə onlar reallıq hissini sanki itirirlər. Bu, ölkəmizin, cəmiyyətimizin olduqca ağır bəlalara düçar olmasına, həll edilə bilinməyən daxili qarşıdurmalara gətirə bilər. Ölkə, cəmiyyət müstəvisində deyilən hər sözün, atılan addımın ciddi məsuliyyəti, ağırlığı və ağrılığı “yeddi ölç, bir biç” yanaşması üzərində qurulmalıdır.
Gəlin yüngül görünən sadə həllər axtarmayaq, təkamül yolu ilə ictimai tərəqqiyə, rifaha doğru yolumuzu davam edək!

***
1 sentyabr 2024-cü il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə deputatlığa namizədliyi Ədalət Partiyası tərəfindən irəli sürülmüş Dadaşova Vüsalə Valeh qızının
SEÇKİ PLATFORMASI
Müasir dövlətçiliyin tələbi siyasi və idarəçilik sisteminin hakimiyyətin bölgüsü prinsipi üzərində qurulmasıdır. Bu, hər birimizin düzgün, dürüst və düşünülmüş meyarlara köklənmiş seçimi əsasında xalqı təmsil edən, onun iradəsini qanunlarda əks etdirən qanunverici orqanın formalaşmasını zəruri edir. Niyə? Ona görə ki, bu orqanın qəbul etdiyi qanunlar dövlətdə idarəetmənin, cəmiyyətdə - münasibətlərin tənzimlənməsinin əsas aləti olaraq, bütövlükdə cəmiyyətin və onun hər bir üzvünün azadlığını və fəaliyyətinin sərhədlərini müəyyən edir, mövcud ictimai-siyasi, iqtisadi, mənəvi müstəvini dəyişərək, yeni reallıqlar yaradır. Hər birimiz qanunların yaratdığı bu reallıqlarla hesablaşmalı, gündəlik fəaliyyətimizi onların tələbləri əsasında qurmalıyıq. Bu, vətəndaşlıq borcudur.
Bu tələblər qanunlarla idarə olunan vahid, hər bir şəxsə eyni yanaşma əsasında qurulmuş ictimai davranış və aydın oyun qaydalarını müəyyən etməlidir. Bu, insana və cəmiyyətə bu gününü və gələcəyini daha rahat mühitdə qurmağa şərait yaradır. Eyni zamanda, mənəvi-mədəni dəyərlərlə birgə tədricən cəmiyyətdə sağlam mühafizəkarlıq, sağlam konservatizm ruhunu formalaşdırır. Bunsuz icmalar və dövlətlərin zaman-zaman faciələr yaşaması labüd, qaçılmaz olur! Beynəlxalq aləmdə müşahidə etdiyimiz, şahidi olduğumuz hadisələr təsdiq edir: yüngül, yelbeyin fürsətçil düşüncə və məsuliyyətsiz radikal yanaşmadan doğan fəaliyyətlər oturuşmuş dövlətləri belə məhv edir, insanları çox acınacaqlı taleyə məhkum edir. Biz bundan qaçmalıyıq.
Bunun yolu tam aydındır: kənardan gələn dağıdıcı təsirlər qarşısına sipər qoyaraq, bir-biri ilə üzvi bağlılığı olan sağlam mənəvi mühit və ruh, şəffaf idarəetmə və rəqabətqabiliyyətli iqtisadiyyat üzərində qurulmuş ədalətli qanunlara tabe cəmiyyət və hüquqi dövlətə nail olmaq!
İnkarolunmaz, qırılmaz və sadə zəncirvari bir məntiq: dövlət adət-ənənədən və zəruri tələblərdən, mənəvi dəyərlərdən və mütərəqqi sivilizasiya təcrübəsindən qaynaqlanan qanunlarla idarə olunmalıdır. Bu qanunlar şəffaf prosedurlar əsasında qəbul edilməli və ədalətli olmalıdır. Bunun zəmini isə sağlam düşüncəyə malik milli və bəşəri dəyərləri əxz etmiş əqidəsi saf, əxlaqı təmiz, əməli saleh insanlardan ibarət qanunverici orqanın seçilməsidir!
Bu nə idealizmdir, nə də mümkün olmayan bir təxəyyül, utopiya! Bax, dəyərləndir - qəlbinə yatani, əqlin deyəni seç! Bu seçimi etmək çətindir. Ancaq bunu etmək vacibdir!
Hörmətli seçicilər!
Sizin etimadınızla Milli Məclisə üzv seçiləcəyim təqdirdə aşağıdakıları öhdəmə götürürəm:
1. Seçki dairəsində və daha geniş ərazidə yaşayan insanlarla daima əlaqədə, onlar üçün əlçatan məsafədə olmaq, qaldırdıqları məsələləri dərindən öyrənmək və onların həllinə çalışmaq. İnsanların maraq və mənafeyini ifadə edən aşağıdan, yerlərdən gələn sifarişləri, tələbləri sistemləşdirərək qanunverici aktların lahiyələrini hazırlamaq və ədalətli, işlək qanunların qəbul olunmasına nail olmaq.
Hesab edirəm ki, Milli Məclisin üzvünün ən əsas vəzifələrindən biri dövlətin dayaqlarının möhkəmliyi naminə cəmiyyətin müxtəlif kəsimlərinin maraq və mənafeyi əsasında formalaşan impulsları, tələbləri zamanında tutmaq, onların zəminində dövlətin, bütövlükdə cəmiyyətin və hər bir fərdin, tam və hissənin dayanıqlı vəhdəti və ahəngliyinə nail olmaqdan ibarətdir.
2. Yalan və mümkün olmayan vədlərdən, populizmdən uzaq olmaq. Hesab edirəm ki, bu, əsassız umacaqlar yaradır, insanları ələbaxımlığa, gözləmə mövqeyi tutmağa vadar edir, təşəbbüskarlığı məhdudlaşdırır, cəmiyyətdə qeyri-sağlam mühit yaradır.
3. Cəmiyyət həyatının rəngarəngliyini və insanların, sosial qrupların, layların maraqlarının üst-üstə düşmədiklərini dərk edərək, siyasi, iqtisadi, sosial, ideoloji müxtəlifliyin təmin edilməsini və hər bir insana, sosial qrupa marağının ifadəsi edilməsi üçün imkanların yaradılmasını dəstəkləmək. Bununla birgə, hesab edirəm ki, dövlətimizin varlığına bərabər Azərbaycançılıq, insan həyatını hər şeydən üstün tutmaq - Humanizm, səninkindən fərqli olan düşüncə tərzinə və davranış qaydalarına hörmət - Tolerantlıq cəmiyyətimizin və dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq hər birimizin, vahid xalqımızın birgə yaşamının təməl daşlarıdır. Bu dəyərlərə xələl gətirən hər bir cəhdin qarşısı qəti tərzdə alınmalıdır!
4. Üzərimə düşəcək hər bir işi ümumi maraqları şəxsi marağımdan üstün tutmaqla, səmimiyyətlə, vicdanla, peşəkarlıq səviyyəmi artırmaqla adekvat, düşünülmüş yanaşma əsasında və mümkün olan hər bir qanuni üsullardan istifadə etməklə yerinə yetirmək. İnanıram ki, aldığım ailə tərbiyyəsi və həyatımla formalaşdırdığım mənəvi dəyərlər, insanlara münasibətdə səmimilik və onların istəklərinə diqqət, ağrılarına biganə qalmamam, dövlətimizin maraqlarına hər vəhclə qulluğa hazırlığım mənə bu işdə dayaq olacaqlar.
Dostlar!
Hər birimiz doğuşdan sonumuza qədər seçim etmək məcburiyyətindəyik və edirik: mənafe və vicdan, şəxsi maraq və vətəndaşlıq borcu, laqeydlik və fədakarlıq, şər və xeyir arasında. Edilən seçim insanın dəyərinin, ləyaqətinin, vicdanının, vətənpərvərliyinin göstəricisidir. Seçiminiz öz əlinizdədir - qüdrətli dövlət, xoşbəxt cəmiyyət, ləyaqətli insan, yüksək rifah naminə! Hər birinizə uğurlar arzusu ilə!

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar