Xəbər lenti
Azərbaycanda reket və dilənçiliyi "qanuni" sayanların güvəndikləri "baza"
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 206-cı maddəsinə görə, törədilmiş və ya hazırlanan cinayətlər haqqında kütləvi informasiya vasitələrinin məlumatları hüquq mühafizə orqanları tərəfindən cinayət soruşdurmasının başladılması üçün əsas hesab edilə bilər. Törədilmiş və ya hazırlanan cinayətlərlə əlaqədar kütləvi informasiya vasitələrinə ünvanlanmış, dərc edilməmiş yazışmalar, Məcəllənin 205-ci maddəsində nəzərdə tutulmuş qaydada, cinayət təqibi orqanlarına göndərilə bilər.
Cinayət müəlliflərinin operativ müəyyənləşdirilməsi və zərərsizləşdirilməsinə yardım etmək məqsədilə nəzərdə tutulmuş bu maddə, qəribə olsa da, "reket jurnalistlər" üçün faydalı istinad mənbəyinə çevrilib. Mexanizm belədir: hədəf seçdikləri obyektləri (şəxsləri) pul verməyə asanlıqla razı sala bilməyən "jurnalistlər" qarşı tərəfi qorxudub əndişələndirmək üçün "hüquq mühafizə orqanlarının yardımından" istifadə edirlər. Əldə etdikləri, yaxud özləri tərəfindən hazırlanmış qondarma faktları hüquq mühafizə orqanlarına ünvanlayır, hədəf seçdikləri obyektə istintaq üçün çağırış vərəqi göndərilməsinə nail olurlar. Paralel şəkildə, obyektlə danışıqlar aparıb, onu "prokurorluqla əlaqəli işlədiklərinə" inandıra bilirlər. Beləliklə, qorxudulub çaşdırılmış obyektdən həm "dərc edilmiş yazının saytdan silinməsi", həm də dindirmə çağırısı göndərmiş orqanla "barışığa vasitəçilik edilməsi" üçün haqq alınır. Hədəf seçilən obyekt fərqinə vara bilmir ki, ondan haqq tələb edən "jurnalist" dediyinin əksinə olaraq, istintaq üçün çağırış göndərən hüquq-mühafizə orqanı ilə hansısa sövdələşmə aparmır, sadəcə ora göndərdiyi şikayət (məlumat) ərizəsini geri götürür, bununla da məsələ qapanmış olur. Beləliklə, hansısa hüquq-mühafizə orqanının laqeyd yanaşması, "reket" şəbəkə üçün fürsətə çevrilir. Cinayətkar əməllərini "jurnalist" çətiri ilə örtən bu şəbəkələrin sadə bir əməliyyatı ilə həm hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salınır, həm də media təmsilçilərinə olan etimad itir.
Azərbaycan Mətbuat Şurasına daxil olan şikayət ərizələrindən məlum olur ki, "reket jurnalistlərin" bu mexanizmdən istifadə halları son dövrdə intensivləşib və ehtimal ki, cəmiyyət onun mahiyyətinə varınca, istifadə ediləcək. Amma bu, bədnam "jurnalistlərin" istifadə etdikləri mexaizmlərdən yalnız biridir. MŞ-yə daxil olan müraciətlər bu tip çoxsaylı mexanizmlərdən istifadə edilməsi barədə təsəvvür formalaşdırır. Onlardan birini iki gün öncə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ifşa ediblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində "Bizim dövr" qəzeti adı ilə vətəndaşları şantaj edən, barələrində rüsvayedici məlumatlar yaymaq hədəsilə onlardan rüşvət tələb edən dəstə üzvləri zərərsizləşdirilib. Həbs edilənlər arasında "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyev də var. O, bir qrup şəxslə əlbir olaraq, şantaj etmək yolu ilə müxtəlif insanlardan pul alınmasına nail olub. DTX-nın yaydığı məlumatda diqqət çəkən məqamlardan biri də budur ki, həmin şəxslər öz əməllərini həyata keçirmək üçün yalnız xüsusi xidmət orqanlarının istifadə etmək hüququ olan qurğulardan istifadə ediblər. Hansı ki, Azərbaycan qanunlarına əsasən, həmin hərəkətlərə görə cinayət tərkibi müəyyənləşdirilib: Əməliyyat-axtarış tədbirlərini həyata keçirmək icazəsi olmadan heç kəs belə fəaliyyət həyata keçirə bilməz, bu qurğulardan istifadə edə bilməz. Bəs Surxay Əliyev bu qurğuları necə əldə edib, onlardan istifadəyə necə cəsarət edib?
Məlumat üçün qeyd edək ki, Azərbaycan Mətbuat Şurası çoxsaylı müraciətləri və şikayətləri nəzərə alaraq, bu qəzetin adını hələ 2010-cu ildə "Qara siyahı"ya daxil edib, onlarının fəaliyyətinin mediaya aidiyyəti olmadığını elan edib. Bir müddət sonra isə müəyyən edilib ki, "Bizim dövr"ə rəhbərlik edən şəxslərin bir yox, bir neçə mətbu nəşrləri mövcuddur, hər biri də bənzər fəaliyyətlə məşğuldurlar. Yəni, artıq şəbəkələşmək üzrədirlər. Çox təəssüf ki, hüquq-mühafizə orqanları zamanında bu faktlara diqqət vermədilər. Əksinə, 2016-cı ildə bəlli oldu ki, fəaliyyətləri ifşa edilmiş sabiq MTN qruplaşması bu qəzetlə əməkdaşlıq edib, xidmətindən yararlanıb. Nəticəsi budur ki, indi bu "jurnalistlərin" əllərində nəinki onlarla qəzet, həm də elə bu qədər sayda onlayn resurslar, xüsusi xidmət orqanlarının istifadəsi üçün nəzərdə tutulmuş avadanlıqlar, qurğular var. Məsələ odur ki, bu müstəvidə fəaliyyət quran təkcə "Bizim dövr" qəzeti və onun təsisçiləri deyil. MŞ-nin "Qara siyahı"sına baxanda, nə qədər acınacaqlı bir mənzərənin olduğunu təsəvvür etmək mümkündür.
"Reket jurnalistika" ilə məşğul olan bir yox, bir neçə şəbəkə mövcuddur. Onlar bir yox, bir neçə, bəzən onlarla mexanizmlərdən istifadə edirlər. Bir mexanizm ifşa ediləndə, digərinə keçirlər. Onlar da "modernləşirlər", yeni qurğular əldə edirlər, hərəkətlərini pərdələmək üçün "hüququ istinadlar" tapırlar. Hətta özlərini beynəlxalq müstəvidə müdafiə etməyi bacarırlar. Həbs ediləndə, yaxud adları MŞ-nin "Qara siyahı"sına salınanda, "Azərbaycanda söz azadlığı boğulur, jurnalistlər həbsə atılır, təqib olunurlar" kimi beynəlxalq kampaniyalar keçirilməsinə nail olurlar.
Sadə vətəndaşın bu mexanizmlərdən baş açması imkansız. Amma media cameəsi, hüquq mühafizə orqanları və insan hüquq-müdafiə təşkilatları nə baş verdiyinin fərqindələr. Təəssüf ki, "reket" adlandırdığımız "jurnalistlər" öz varlıqlarını bəzən sonuncu üç qrup arasında manevr etməklə sürdürürlər. Onların sonunun çatması, bu üç qrupun vəhdət halında mübarizə aparmasından keçir.
Müşfiq Ələsgərli
Milli.Az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar