Xəbər lenti
"Bu dinləmələr erməni lobbisinə növbəti xidmətdir" - Millət vəkili
ABŞ-ın Helsinki Komissiyasının oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə Birləşmiş Ştatların və ATƏT-in rolu mövzusunda dinləmələr keçirməyi planlaşdırması hər şeydən əvvəl belə dinləməyə niyə məhz indi ehtiyacın yarandığı sualını ortaya çıxarır. Ancaq ən azı bu sual qədər dinləmələrin kimin təşəbbüsü ilə keçirilməsi məsələsi də maraqlıdır.
Manevr.az xəbər verir ki, bu fikirləri teleqraf.com-a açıqlamasında "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
"Məsələ burasındadır ki, ABŞ Konqresində belə dinləmələrin keçirilməsinin təşəbbüskarı ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kristofer Smitdir. Bu şəxs isə daim Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. Əslində K.Smit erməni lobbisinin ən fəal üzvlərindən biri olmaqla hələ Dağlıq Qarabağ münaqişəsi yeni başlayan zaman ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan azadlığı müdafiə aktına 907–ci düzəlişin qəbul olunmasına nail olan konqresmendir. Onun bu yaxınlarda ABŞ Erməni Milli Komitəsinin rəhbəri Aram Hampariyanla görüşməsi və görünür elə erməni lobbisindən aldığı sifarişlə də bu məsələni siyasi gündəmə gətirməsi dinləmələrin bir daha Azərbaycana qarşı şər-böhtan və qaralama kampaniyasına çevriləcəyindən xəbər verir”, - deyə Hikmət Babaoğlu qeyd edib.
Milli Məclisin deputatı bildirib:
"Komissiyanın məlumatında 2016–cı il aprel döyüşlərinin nəticələrinə istinad edilməsi, itkilərin statistikasının verilməsi ona işarə edir ki, nə Ermənistan və erməni lobbisi, nə də islamofob mərkəzlər aprel döyüşlərində Azərbaycan Ordusunun əldə etdiyi hərbi-strateji və mənəvi üstünlüyü qəbul edə bilmir. Bu, bir daha sübut edir ki, aprel döyüşləri Dağlıq Qarabağ probleminin həlli məsələsində yeni hərbi-siyasi reallıqlar yaradıb və Azərbaycanın danışıqlarda mövqeyini kifayət qədər gücləndirib.
Nəzərə almaq lazımdır ki, son dövrlərdə müsəlman Şərqində baş verən mürəkkəb hərbi-siyasi kataklizmlər zamanı regional aktorlar kimi Türkiyə və İranın atdığı müstəqil addımlar onların mövqelərini xeyli dərəcədə gücləndirdi. Əgər bu prosesdə Rusiyanın da region ölkələri ilə birgə hərəkət etdiyinə diqqət yetirsək görəcəyik ki, əslində xarici faktorlara qarşı yeni regional güc mərkəzi formalaşmaqdadır. Əgər belə davam edərsə, yeni regional güc mərkəzi qlobal xarakterli siyasi proseslərdə də sinxron, yaxud koordinasiya edilmiş qərarlar qəbul etməklə regionun bütün problemlərini, o cümlədən Dağlıq Qarabağ problemini Qərbin müdaxiləsi olmadan həll edə bilərlər. Məhz bu mühüm geosiyasi amillə manipulyasiya edən ABŞ-ın Helsinki Komissiyası məsələni Dağlıq Qarabağ ətrafında mümkün müharibəyə İran, Türkiyə və Rusiyanın da müdaxilə edə biləcəkləri kimi şərh edir. Komissiya dolayısı ilə bəri başdan mümkün yerli hərbi-siyasi ssenarilərə qısqanclıqla yanaşdığını nümayiş etdirir. Əgər belə olmasaydı, Helsinki Komissiyası bu günə qədər heç olmasa bircə dəfə də olsun Helsinki Yekun Aktının dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipini yada salar, işğalçı Ermənistanın Azərbaycana qarışı bu mühüm prinsipi pozduğunu dilə gətirər və onu ittiham edərdi. Ona görə də K.Smitin təşkil edəcəyi dinləmələr erməni lobbisinə növbəti xidmətdən başqa bir şey deyil. Yaxşı olar ki, aprel döyüşlərinin statistikasını hesablayanlar unutmasınlar ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarından çıxmasa belə döyüşlər tez–tez təkrarlana bilər”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar