Sizin Reklam Burada
Xəbər lenti
03-10-2025
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağ – həsrətdən zəfərə 

Tarix: 03-10-2025 21:31     Baxış: 329 A- / A+
Arif ƏRŞAD
Yazıçı-publisist,
Azərbaycan Yazıçılar və Avrasiya Yazarlar
Birliklərinin üzvü, 
Prezident mükafatçısı.
                
Rəfail Tağızadənin 2023-cü ildə “Füyuzat” nəşriyyatında çap edilmiş “Qarabağ – həsrətdən zəfərə” kitabı əminliklə demək olar ki, Azərbaycan xalqının yaddaş kitabıdır. Bu kitab müasir Azərbaycan ədəbiyyatında həm xatirə, həm salnamə, həm də poetik etiraf formasını özündə birləşdirən nadir əsərlərdən biridir. Müəllif bu kitabda yalnız şəxsi xatirələrini yazmır, o, bir nəslin, ümumən bütöv bir xalqın itgilərini, yaralarını, ağrı-acılarını və sızıltılarını sözə çevirir. Əsər həm tarixi sənəd, həm də bədii etiraf kimi oxucunu həm keçmişin həsrətinə, həm də zəfərin sevincinə aparır. 
Kitabın hər səhifəsi özündə Qarabağın torpağını, ruhunu, mədəniyyətini yaşadır. Kitabda həm işğalın dərdi, həm də azadlıq uğrunda mübarizənin fəlsəfəsi birbirini tamamlayır.
Rafail Tağızadənin “Qarabağ – həsrətdən zəfərə” kitabı özlüyündə nəsr və şeirin sintezini təşkil edir. Kitabın çox hissəsində qısa hekayəvari nəsr hissələri ilə dərin məna yüklü şeirlər növbə ilə yerləşdirilib ki, bu yanaşma da oxucuya geniş emosional görüntü təqdim edir. Müəllif bəzən aforizm səviyyəli cümlələrlə hadisələri yekunlaşdırır:
“Qara gün gün sayılmaz, çünki gündüzü bəlli olmaz” 

Bu kimi ifadələr əsərin həm lirik, həm də düşüncə qatını gücləndirir.
Vaqonun altından asılan beşik,
içində körpələr böyüyür indi.
Qaçqın həsrətindən, qaçqın qəmindən
bixəbər körpələr uyuyur indi.
Bu misralar böyük bir tarixi cinayətin poetik icmalıdır. Körpələrin olanlardan xəbərsizliyi, uşaq məsumiyyəti ilə müharibənin qaranlığı arasında kəskin ziddiyyət yaranır.       
“Qarabağ – həsrətdən zəfərə” kitabının əsas qayəsini həsrət təşkil edir. Həsrət yalnız fiziki ayrılıq deyil, o, mədəni itkidir, adətənənələrin, melodiyaların, keçmiş xatirələrin məhv olması qorxusudur. Rəfail müəllim bu qorxunu özünün şəxsi və ümumi qatlarda hiss etdirir. O, həsrəti səssiz, lakin qətiyyətlə təqdim edir. Onun təsvirlərində qəlb sızladan bir sızıltıyla oxucuya vəhşi qonşularımız tərəfindən yer üzündən silinmiş məkanın abu-havası ötürülür. Müəllif 30 illik işğalın yaratdığı həsrət dövrünü həm şeir, həm də nəsr dili ilə oxucuya ustalıqla çatdırır.
“Uçulub tökülmüş daşları üstüstə qoyaraq xəyallarda bir ev qururam, köhnə çərçivəli. Qapısız, pəncərəsiz.”
Müəllifin nəsrlə verilmiş bu cümləsi sadəcə görüntü deyil, bu, həm fiziki, həm də psixoloji baxımdan bir xatirənin yenidən inşası cəhdidir. Qapısızpəncərəsiz ev simvolu — xatirələrin yarımçıq qalması, evin əsas funksiyasının itməsi, vətənin səsini dinləmək qabiliyyətinin zədələnməsi deməkdir. Bu obraz həm nostalji, həm də acı ironiyadır. Bu təsvir bütöv bir xalqın ağrısını simvolizə edir.
Qarabağ yalnız torpaq deyil, həm də musiqi, poeziya və incəsənətin beşiyidir və bu baxımdan müəllif kitabında Şuşanın muğam gecələrini, Ağdamın çal-çağırlı günlərini böyük məhəbbətlə təsvir edir.
Əsərdə şəhidlərin və qazilərin qəhrəmanlığı da xüsusi hörmətlə qeyd olunur. Etimad Əsədovun simasında bütün Qarabağ qazilərinə ehtiram bildirilir. Qarabağ torpağında  şəhid olanlar rəhmətlə anılır.

“Hər ölən əsgərlə ölürəm, Allah” 
Rafail Tağızadə bu misrası ilə şəhidlərin itkisini ümummilli bir ağrıya çevirir. Ümumiyyətlə, 2020-ci ilin Vətən müharibəsi əsərdə xüsusi coşqu ilə təsvir olunur. Müəllif xalqın birliyini, ordunun qəhrəmanlığını, azadlıq uğrunda apardığı mübarizəni dərin qürurla, böyük şövqlə qələmə alır. 
“Əsgər də toya gedirmiş kimi sevincək çıxmışdı yola...”
İşğaldan azad edilmiş torpaqlara qayıdış hissləri kitabda həm kədər, həm də ümid dolu hisslərlə verilir. Ağdam Dram Teatrının binasından qalan arka divarlarının səhnəyə oxşadılması müəllifin təsirli bənzətməsidir. Rəfail Tağızadənin özünün həmin ağır günləri canlı olaraq zabit kimi yaşaması mətnin səmimiyyətini qat-qat artırır və bununla da o, oxucuya yalnız keçmişin ağrısını deyil, həm də gələcəyin ümidini çatdırır. O, oxucunu həm ağrının, həm də qürurun dolanbacından keçirərək ona bir daha xatırladır ki, azadlıq yalnız torpaq üzərində deyil, həm də ruhun dərin qatlarında qazanılır. 
Bu kitab hər bir azərbaycanlı üçün milli yaddaşın, azadlıq sevgisinin, zəfər sevincinin və qürurun mənbəyidir. Hər kəs bu kitabda öz ağrısını, öz zəfərini tapacaq. Çünki Qarabağ hər birimizin yaddaş kimliyinin ayrılmaz parçasıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar