Xəbər lenti
Həbsdəki məcburi köçkünlər vəkilsiz qalıb
Məhəmməd Məcidli: “Həbs edilənlərin heç biri nəinki cinayət törədib, heç inzibati xəta belə etməyib”
Martın 27-də Bakı Apelyasiya Məhkəməsində Biləsuvardakı etiraz aksiyasına görə saxlanılan beş nəfərdən biri - Cəlal Quliyevin şikayətinə baxılıb. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə onun vəsatətini təmin etməyib və o həbsdə saxlanılıb.
Vəkil Elçin Sadıqov məhkəmədəki çıxışında həm C.Quliyevin, həm də onunla birlikdə saxlanılmış digər məcburi köçkünlərin- Zaur Feyruzlu, Gülağa Əlməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərovun qanunsuz həbs edildiyini bildirib. Bundan əlavə, vəkil həbs müddətlərinin əsassız şəkildə uzadıldığını da qeyd edib.
“Qanuna görə, ibtidai həbs müddətinin uzadılması üçün 4 səbəbdən biri mövcud olmalıdır. Həbs müddətini artırmaqdan ötrü şəxsin gizlənmə, iş üzrə həqiqətin aşkara çıxarılması prosesinə mane olma təhlükəsi real sayılmalıdır. Eyni zamanda şəxsin yeni cinayətlər törətməsinin qarşısını almaq və ya ictimai asayişi qorumaq zərurəti mövcud olmalıdır. Nəsimi məhkəməsi Cəlal Quliyevin həbs müddətini artırarkən bu əsasların olub - olmadığını araşdırmayıb”, deyən vəkil rayon məhkəməsinin qərarının ləğvini tələb edib. Onun bu vəsatəti də təmin olunmayıb və cəbrayıllı məhbus həbsdə qalıb.
E.Sadıqov məhkəmədən sonra AzadlıqRadiosuna deyib ki, qərarı qanunsuz hesab edirlər.
“Avropa Məhkəməsinə gedəcəyik”, deyən vəkil C.Quliyevlə birgə həbs olunmuş digər məcburi köçkünlərin müdafiəsiz qaldığını bildirib.
“Hadisə ilk baş verdiyində onların hamısının vəkilliyini öz üzərimə götürmüşdüm. Təəssüflər olsun ki, prokurorluq buna imkan vermədi, mən yalnız C.Quliyevə vəkillik edəsi oldum. Zaur Feyruzlunun, Ülvi Quliyevin və İlkin İsgəndərovun müdafiəsi isə dövlət hesabına təyin edilən vəkillərin öhdəsində qalıb. Bildiyimə görə, onlar da həbs müddətlərinin artırılmasından şikayət etmək istəyiblər, ancaq həmin vəkillər apelyasiya şikayəti ilə məhkəməyə müraciət etməyiblər”-deyə vəkil bildirib.
Qeyd edək ki, E.Sadıqov Biləsuvarda həbs edilən 5 məcburi köçkündən yalnız birinin-C.Quliyevin vəkilidir. Baş Prokurorluq onun eyni işdə 1-dən artıq şəxsə vəkillik etməsini qəbul etməyib.
Qeyd edək ki, ötən il dekabrın 22-də Biləsuvarda cəbrayıllı məcbur köçkünlərin elektrik enerjisinin kəsilməsi ilə bağlı keçirdikləri aksiyadan sonra qəsəbədə problem aradan qalxıb, əraziyə qaz xətləri çəkilib. Lakin aksiya ilə bağlı həbs edilən 5 nəfər azadlığa buraxılmayıb. Hazırda da cəbrayıllı məcburi köçkünlərin əsas problemi bu şəxslərin azadlığa buraxılmamasıdır. Onların məhbəsdə saxlanılması bəzi suallar yaradıb. Sakinlər həmin beş nəfərin aksiyada fəal iştirakını əsas gətirərək, onların sifarişlə həbs olunduqlarını, bununla qəsəbə sakinləri arasında xof yaratmaq niyyətinin olduğunu iddia edirlər.
Aksiyanın baş verdiyi ilk günlərdən həbsdə olan şəxslərin işləri ilə yaxından maraqlanan Cəbrayıldan olan məcburi köçkün, keçmiş siyasi məhbus Məhəmməd Məcidli “Yeni Müsavat”a bunları dedi: “Həmin beş nəfərin siyasi sifarişlə həbs olunduqları ortadadır. İndiyə qədər rayon rəhbərliyinin məsələ ilə bağlı mövqeyi də bunu sübut edir. Məhkəmələr müstəqil olmadığından onlar həbsdə qalıblar. Onların ailələrinin vəziyyəti normaldır. Sadəcə, həbsxanaya getməklə bağlı maddi problemləri var ki, bunu da sakinlər kömək etməklə aradan qaldırmağa çalışırlar. Başqa elə bir ciddi problemləri yoxdur. İlk vaxtlar şübhəli qalsaq da, indi məlum olur ki, həbs edilən beş nəfərə ilkin vaxtlar müxtəlif təzyiqlər ediblər, onlardan ifadələr məcburi şəkildə alınıb.
Onlar hazırlaşırlar ki, məhkəməyə çıxan kimi ilkin ifadələrindən imtina etsinlər. Hədə-qorxu ilə ziyanlarına olan ifadələr alıblar, aldatma yolu ilə də ifadə alınma halları olub. Bir nəfərə müstəntiq deyib ki, bu şəkildə ifadə ver, səni buraxacağıq, sonradan isə əksi baş verib. Digər dörd nəfərdən isə təzyiqlər yolu ilə ifadə alıblar. Açıq şəkildə deyiblər ki, istədiyimiz ifadələri verməsəniz, daha ağır maddələrlə ittiham olunacaqsınız. Aksiya zamanı səslənən tələblərin sonradan yerinə yetirilməsi sübut etdi ki, onların heç bir günahları yoxdur, heç biri qanun pozuntusu etməyib. Hətta tələblərin yerinə yetirilməsi ilə hakimiyyət də bunu sübut etdi. Mövzudan kənara çıxaraq onu da deyim ki, bu ay qəsəbəyə gələrək qaz xəttinin istifadəyə verilməsi ilə bağlı açılış etdilər.
Amma qəsəbələrə hələ də qaz verilməyib, işlər tam bitməyib. İctimaiyyətin gözü görə-görə aldadırlar ki, guya qaz verilib. İşçilərlə iki gün öncə görüşdüm və dedilər ki, işlər hələ 20 günə başa çata bilər. Sakinlər arasında xofun qalması üçün o uşaqları buraxmırlar. Başqa bir məqsəd görmürük. Sakinlər sözü bir yerə qoymuşdular ki, polislər zor tətbiq etsələr belə, biz adekvat cavab verməməliyik. Bu baxımdan, əminliklə deyirəm ki, həbs edilənlərin heç biri nəinki cinayət törədib, heç inzibati xəta belə etməyib. Artıq biz əmin olmuşuq ki, onları məhkəmə deyil, hakimiyyət buraxacaq. Sanksiya müddətləri var, çox güman ki, iş məhkəməyə göndəriləcək və onlara hökm oxunacaq. Məhkəmənin ədalətli qərar çıxaracağına inam yoxdur. Dörd nəfərin vəkili yoxdur, sağ olsun Elçin bəyi, onların hər birini müdafiə etməyə çalışdı. Lakin qanunla bir şəxsin buna hüququnun olmadığı deyildi.
Amma bununla belə, Elçin bəy onların hamısının işini Avropa Məhkəməsinə göndərdi. Artıq onlar ilkin ifadələrini veriblər. Məhkəmə prosesləri zamanı bir vəkilin onları müdafiə etmək hüquqları olacaq. Əsabəli Mustafayevlə də danışmışıq. Məhkəmə müddətində o da vəkil qismində prosesə çıxacaq, yəni Elçin bəyin işi olanda o, prosesdə həbs edilənlərin hüquqlarını müdafiə edəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar