Xəbər lenti
Qarabağ şahini – Natiq Qasımov
Müharibə qatildir – heç kəsə aman verməz. Parçalayar, dağıdar, yetim qoyar. Keçdiyi hər yerdən qan qoxusu gələr. Arzulara kor düyüm vurub dərin quyuya atar. İnsanlar kədərə bürünər, hövsələsiz, əsəbi olar. Aclıq, səfalət hər yerə hakim kəsilər. Vətəni müharibənin qanlı pəncəsindən qurtarma üçün əli silah tutan cəsarətli insanlar meydana atılar, son damla qanına qədər savaşar. İllərdi unuda bilmədiyim qəhrəman Natiq Qasımov kimi...
Natiq Qasımov əslən Gədəbəy rayonundandır. Ancaq sonralar ailəsi ilə birlikdə Mingəçevirə köçür. Həyatını bu şəhərlə bağlayan qəhrəman savaş başlayanda könüllü olaraq cəbhəyə yollanır. Yaqub Rzayevin dəstəsinə - Qarabağ şahinlərinə qoşulur. 21 yaşlı gənc müharibənin ən ağır sınaqlarından cəsarətlə çıxır.
Sonuncu tapşırığı mühüm strateji mövqe –Ağdamın Xramort kəndindəki alban məbədini düşməndən alıb onu qorumaqdı. Dəstə verilən tapşırığı qanı bahasına yerinə yetirir. Ancaq döyüşçülərə kömək gəlmir. Məbədi qoruyan dəstə üzvləri bir-bir şəhid olur. Komandir son nəfəsində Natiqə mövqeyi tərk etməmək əmrini verir. Beş gün ac-susuz və yuxusuz qalan gənc ermənilərə dirənir. Onları bir addım belə yaxına buraxmır. Xisləti qorxaq və hiyləgər olan erməni əsir aldığı Xocalı sakinini məbədə göndərir. Əgər təslim olsalar 22 nəfər Xocalıdan olan qadın və uşaqları azad edəcəklər. Erməni böyük bir dəstə ilə döyüşdüyünü sanır. Lakin məbəddən əlində üçrəngli bayrağımızı tutaraq həyatını 22 nəfər Xocalı əsirinə qurban verməyi gözə alan 21 yaşlı gənc oğlan, aslan ürəkli Natiq çıxır.
Erməniyə əsir düşmək hər gün hissə-hissə, əzabla ölmək deməkdir. Və Natiq başına gələcəkləri bilə-bilə təslim olur.
Natiq Qasımov haqqında ilk dəfə məqaləni 1992-ci ildə, o itkin düşəndə, anası Dursun bibi və atası Səlim kişiylə görüşəndən sonra yazdım. Natiq sinif yoldaşım Çiçəyin bibisi oğludu. O vaxtdan 29 il ötür. Onları xatırlayanda ürəyim sızlayır. Səlim kişi oğul həsrətilə dünyadan köçür. Ancaq Dursun bibinin və ailəsinin gözləri yollardadı.
İkinci Qarabağ savaşından sonra Natiqdən xəbər almaq ümidi doğmuşdu içimdə. Ancaq...
Natiq Səlim oğlu Qasımov cəsur döyüşçü, 22 nəfərin və bütünlükdə Azərbaycanın qürurunu, namusunu qoruyan xilaskar oğul – haqqında məqalələr yazılan, filmlər çəkilən əfsanəvi qəhrəman. Bir igid daha nə etməlidir ki, dövlət tərəfindən təqdir edilsin. İllərdi düşünürəm, Natiq Qasımov niyə “Milli qəhrəman” adına layiq görülmür? Niyə orden və medallarla təltif edilmir? Dəmir parçası olsa da , insana qürur verir. Soruşuram, cənablar, qəhrəman olmaq üçün daha nə etmək lazımdır?
Mənsurə Eldar Xələfbəyli
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar