Xəbər lenti
Türk dünyasının urfanı
Bir neçə gün əvvəl şair Vaqif İsaqoğlu ilə "İMZA" nəşrlər evinin direktoru, Səbuhi Aslanın yanına getmişdik. Qapını astaca döyüb otağa daxil olduq.Otaqda ustad aşığı aşıq Əli Quliyev ( Urfan Əli) gördük. Görüşüb, hal- əhval tutduq. Çox maraqlı söhbətlər etdik. XX əsrin 80- ci illərindən xatirələr danışıb ustad aşıqlardan aşıq Əkbər Cəfərov, aşıq İmran Həsənov, aşıq Mikayıl Azaflı, aşıq Əlixan Niftəliyev, aşıq Mahmud Məmmədov, aşıq Ələsgər Tağıyev, aşıq Aydın Çobanoğlu və solo saz ifacisi aşıq Xanlar Məhərrəmovla dövlət tədbirlərindəki çıxışlarından, olduqları el şənliklərindən geniş söhbət etdik. Vaqif İsaqoğlu aşıq Əlidən soruşdu :
-Xeyirdimi, bura gəlməkdə ?
-Həə ! Bir balaca cızmaqaram var, istəyirəm onu kitab halında çap etdirim ki, gələcək nəsillərə qalsın.
Hər ikimiz ustada xeyir - dua verib getmək istəyəndə, mən Səbuhi müəllimdən soruşdum ki, kitab nə vaxta çap olunar.
Səbuhi müəllim xoş təbəssümlə bildirdi ki, on- on beş günə çap olunar.
Bu günlərdə, Səbuhi müəllim mənə zəng edib bildirdi ki, aşıq Əlinin " Haqdan gələn naxış- naxış" kitabı artıq nəşr olunub. Aşıq Əli sizin üçün iki kitab saxlayıb, gəlib götürə bilərsiniz.
Aşıq Əli Urfanın təzəcə çapdan çıxmış («İmza» nəşriyyatı, 2025) «Haqdan gələn naxış-naxış» şeirlər toplusunu təzəcə əlimə götürmüşdüm ki, qulağıma saz səsi gəldi. Ovsunlandım və özumu sehrli bir dünyada hiss elədim. Aman Allah, görəsən bu sazın pərdələrində gəzən kimin barmaqları idi? Aşıq Əkbərinmi, Aşıq Azaflınınmı, yoxsa Aşıq Xanlarınmı? Yox. Bu sazı dilləndirən, ruhumuza sığal çəkən, ürəyimizi yerindən oynadan, hər kəsi Yanıq Kərəmə döndərən Aşıq Əli Urfanın özüydü.
Bu nə haray,bu nə ündü,ay lələ,
Bu nə saat , bu nə gündü , ay lələ.
Fələklərintası söndü,ay lələ.
Öldürməni, bu dağlarda dəfn elə,
Qoy üstümə duman gələ,çən gələ.
( Duman gələ,çən gələ.)
Və yaxud
Ay Əli,yaş ötüb , saqqalım saldı,
Kim haqda uddusa orda da çaldı,
"Yanıq Kərəm"ini çox aşıq çalı,
Ədalət çalan tək "Kərəm" olmadı.
( Olmadı )
Aşıq Əli sazının sehrindən ayılmağa macal tapmamış, Aşıq Əli sözünün sehrinə düşdüm. Bir də baxıb gördüm ki, aşığın vaxtilə gəzdikləri, gördükləri, ziyarət etdikləri yerdəyəm - Təbrizdəyəm, Savalan dağındayam, Babək qalasındayam, İstanbuldayam, Dərbənddəyəm, Şah dağındayam, Xudafərin körpüsünün üstündəyəm, Ərzurumdayam, Kəpəzdəyəm, Murovdayam… Bu siyahını uzatdıqca uzatmaq olar. Aşıq Əlinin qarış-qarış gəzdiyi yerlər, müqəddəs ocaqlar, pirlər, ziyarətgahlar…onun Tanrı adamı, el adamı, el aşığı olduğunu bir daha təsdiqləyir. Bütün bunlardan bəlli olur ki, aşıq elsiz bir gün də yaşamayıb. El üçün ağlayan, el dərdi çəkən, elin dərdinə, sevincinə sazıyla, sözüylə şərik olan Aşıq Əli Urfan Hüseyn Bozalqanlının, Əkbərin, Azaflının, Xanların, Çopur Ələsgərin, Nəcəfin… və bir çox ustad sənətkarların ruhunu sazında yaşadan, onların yolunu davam etdirən qocaman aşıqlarla bir sıradadır.
Əli Urfan Quliyev yaradıcı və ifaçı aşıqdır, sənətdə öz möhürünü vuran saz-söz adamıdır. Üzü Dədə Qorquddan bəri gələn, boy boylayan, söz söyləyən, ən ağır məclisləri yola verən, elin sevinciylə sevinən, kədəriylə kədərlənən Vətən oğludur, sazıyla türkün ruhunu yaşadan, türk dünyasına, türk mədəniyyətinə böyük töhfələr verən Dədə Qorqud yadigarıdır. Hələ sağlığında ikən üz minlərlə türkün ürəyində öz heykəlini ucaldan Aşıq Əli «Haqdan gələn naxış-naxış» kitabıyla Aşıq Əli Urfan imzasının əbədi yaşayacağını bir daha təsdiqləmiş oldu.
Urfan deyir, getdi sənli gecələr,
Daha ruhum xəyalınla gecələr.
Əhdim budu, yalqız qalıb gecələr,
Mənim kimi qəm bəhrində üzərsən.
( Üzərsən )
Kitabda yer almış rübailər, qoşmalar, təcnislər, dördlüklər, divanilər, sözləşmələr… oxucunu aşıq şeirinin ən gözəl incilərilə tanış edir və bu incilərdən, həm də Əli Urfanla şəxsi tanışlıqdan məmnun olur, o böyük ustad aşıq-şairin varlığına şükür eləyirsən. Şükür eləyirsən ki, bu dünyada Aşıq Əli var, onun özünü görürsən, sözünü eşidirsən, çaldığı saz havalarının təsirindən qanadlanıb mavi səmalara uçmaq istəyirsən. Aşığın hər çaldığı saz havasında, (xüsusilə «Dilqəmi»si), qələmə aldığı hər şeirində ümid var, inam var, həyatın şirinliyi, yaşamağın gözəlliyi var, türk xalqının keçmişi var, gələcəyi var. Əlinin hər ifasında mərdlik var, cəsarət var, igidlik, qorxmazlıq var, ən əsası isə haqq-ədalət var, haqsızlığa üsyankarlıq var…İşə bax dəllallar uyub tamaha ,
Zəri zərgərinə sırıyır baha.
Nə ilqar, nə iman qalıbdı daha,
Şəkk edən varisə yoxlasın bizi.
( Saxlasın bizi )
Aşıq Əli sazının, Aşıq Əli şeirinin qüdrətilə ölümün üstünə gülə-gülə getmək və qalib gəlmək olar.
Aşıq havayı söz işlətmir. İşlətdiyi hər sözün fəlsəfi qüdrəri var və bu qüdrətdə dağı da yerindən oynatmaq mümkündür. Düşünürəm ki, təkcə «Dilqəmi» havasıyla bir orduya qalib gəlmək olar !
Bəli, Əli Urfanın çaldığı «Dilqəmi» havasının eşqinə el şairi Sücaət demişkən «qəm sevincə, sevincə qəmə qarışar», «xəstə canın yatağından oyanar», «için yanar, od-alova bürünər».
«Haqdan gələn naxış-naxış» kitabını vərəqlədikcə bu görüşün sevincini, şirinliyini yaşayırdım. Bəzən də xəyalən «ruhumuzu diri və duru saxlayan» (Zəlimxan Yaqub) Baba Dərvişə - Aşıq Əliyə qoşulub Tanrıya doğru üz tutub gedirdim. «Baş sarıtel» havasında haqqa doğru yol gedə-gedə həm də aşığın bu misralarını pıçıldayırdım:
Aşıq Əli, elə ola,
Əcəl öncə canım ala.
Yar üstümdə layla çala,
«Baş sarıtel» havasında.
Türk dünyasının urfanı - Aşıq Əlinin oxuculara ünvanladığı «Haqdan gələn naxış-naxış» kitabını qara saz kimi sinəmin üstünə qoyub yarı kövrək, yarı sevinc hissiylə belə söylədim: «Hər şeirində dağdan ağır fəlsəfə yükü daşıyan, ağlı-qaralı dünyanın iç üzünü bizə göstərən, dostluğun, qardaşlığın, vətənsevərliyin, sədaqətin, məhəbbətin nə demək olduğunu şeirlərində əks etdirən Aşıq Əli Urfan min ildən sonra da unudulmayacaq, xatırlanacaq… Eynən Dədə Qorqud kimi!
Hüseyn İsaoğlu,
yazıçı-publisist,
AYB - nin və AJB - nin üzvü.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































