Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan at əti ixrac edəcək: onu kimlər və necə yeyir...

Tarix: 09-12-2016 09:56     Baxış: 5341 A- / A+
 Azərbaycan at əti ixrac edəcək:


Adil Qeybulla: “At əti daha təmiz və kifayət qədər də problemi olmayan bir qidadır”;

Kənan Rövşənoğlu: “İslam dinində at əti yemək məkruhdur”


Azərbaycan kilosu 13-16 dollara at əti satacaq. Belə ki, Azərbaycanın və Moldovanın müvafiq şirkətləri arasında 2016-cı ildə bağlanmış müqaviləyə əsasən 2017-ci ildə Azərbaycandan bu ölkəyə at əti ixrac edilməsi nəzərdə tutulub. At kəsimi sexlərində yalnız çıxdaş və damazlığa yaramayan atların baytar həkimin nəzarəti altında ayrıca kəsilməsi, soyulması və ətin tədarük olunması və soyuducu kameralara yığılaraq Moldova Respublikasına göndərilməsi nəzərdə tutulur.

Azərbaycanda at ətinin satışına qadağa olmasa da, bu ətlər açıq şəkildə satılmır və azərbaycanlıların qida rasionuna daxil deyil. Doğrudur, zaman-zaman dana əti ilə at ətinin qarışdırılıb satıldığı, kolbasa və sosiskalara vurulması xəbərləri yayılır. Dəfələrlə at ətini satanlar da saxlanılıb. Düzdür, at ətinin istehlakı qadağan deyil. Problem ondadır ki, işbazlar bunu mal əti adına satırlar və bu da məsuliyyət yaradır.

Ölkəmizdəki atların azlığını nəzərə alsaq Azərbaycanın bu biznesdən elə də gəlir əldə edə bilməyəcəyini demək mümkündür.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Teleqraf.com-a açıqlamasında Azərbaycanda cəmi 70 min baş at olduğunu bildirib və deyib ki, bundan böyük gəlir götürməyə ümid etmək olmaz: “Azərbaycanda müxtəlif rayonlar üzrə yararsız atların kəsimi, daşınması baha başa gələcək. Ölkədə atlar bir təsərrüfatdan çıxdaş olmayacaq ki, həmin heyvanları kəsib Moldovaya göndərsinlər. Məsələn, müşahidə aparacaqlar ki, hansısa bir rayonda at zədə alıb. Həmin at kəsiləcək və ixrac olunacaq. Təxmini hesablayanda hər rayonda 3 gündən bir at çıxdaş ola bilər. Bu, bahalı bir fəaliyyətdir”.

Vahid Məhərrəmovun sözlərinə görə, at əti istehsalı üçün normal şərait olmalıdır: “Məsələn, ətliyə verilməli bir neçə at varsa, onları maşına yığıb daşımaq daha ucuz başa gələr, nəinki bir atı emal müəssisəsinə aparmaq. Atın əti havayı olsa belə, onun daşınması, emalı, ixracı pul aparacaq”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə “Yeni Müsavat”a açıqlamasında at ətinin mal ətinə qarışacağını, mal əti adı altında istehlakçılara at əti satılacağını və onların aldadılacağını dedi: “Azərbaycanın ət bazarı həddindən artıq çirklənəcək. Mən hətta satışa eşşək ətlərinin də çıxacağını gözləyirəm. Mal ətinə eşşək və digər bilmədiyimiz heyvanların da ətləri qarışdırılıb satılacaq. Bu il Azərbaycan üçün sürpriz oldu, qurbağa ətləri meydana çıxdı, gələn ildə eşşək, at əti olacaq və istehlakçıların hüquqlarının pozulması baş verəcək. Biznes qurumları toxunulmazlıq şəraitindən sui-istifadə hallarını daha da artıracaq. Düşünürəm ki, ənənəvi olmayan ətlərin Azərbaycanda satışı arzuolunmazdır. Bu Azərbaycanda keçirilən səhv siyasətdir”.

“Alıcılar ət alarkən ona at əti qatıldığını necə ayırd edə bilərlər” sualına isə qurum sədri bunu daha çox bişirərkən müəyyən etmənin mümkün olduğunu dedi: “At əti qabırğalarının enliliyi ilə fərqlənir. At ətinin qeyri-adi tam verən yağı var. Bunu ayırd etmək çətin olacaq və ət bazarı kifayət qədər çirklənəcək. Əslində qanunvericiliyə görə Azərbaycanda at, eşşək əti satmaq qadağan deyil. Sadəcə olaraq üstünə yazılmalıdır ki, bu nə ətidir. Onun üzərinə heç nə yazılmaması istehlakçıların aldadılması kimi başa düşülür və bunun üçün də çox kiçik cərimə nəzərdə tutulub. Lakin at ətinin ixracı məsələsi həyata keçirilərsə, o zaman açıq-aşkar satılacaq və mal ətinə qarışdırılacaq. Hələ qadağan olunduğu halda görürük ki, ölmüş, murdar olmuş atların, eşşəklərin ətləri gətirilib satılır. İndi buna azadlıq veriləndən sonra görün vəziyyət hansı həddə çatacaq. Əgər at əti Moldovaya verilirsə, bu, ölkə bazarında da açıq şəkildə satılacaq. Çox güman ki, əhalinin bir hissəsi də bunu alacaq. At əti dinimizdə arzuolunmayan ət hesab olunur”.

At əti yeməyin zərərli və ya zərərsiz olmasına gəlincə isə tibb elmləri doktoru, professor Adil Qeybulla qoyun ətinə nisbətən at ətinin zərərsiz olduğunu dedi: “Bilirsiniz ki, Orta Asiya ölkələri at ətindən geniş istifadə edirlər. Əgər atda başqa xəstəlik yoxdursa, istifadə oluna bilər. Ona qalsa bizim istifadə etdiyimiz qoyun ətində, mal ətində belə hansısa infeksiya varsa, onun əti istifadə edilə bilməz. At əti də bu qəbildəndir. At əti yoxlanılır, baytarlıq müayinəsindən keçdikdən sonra istifadə olunur. Bu, daha təmiz və kifayət qədər də problemi olmayan bir ətdir. Sadəcə, burada qidalanma məsələsi var. Bizim orqanizmimiz buna o qədər də öyrəşməyib. Ancaq hesab edirəm ki, burada elə də bir problem yoxdur. Yəni zərərsiz bir qidadır”.

Maraqlıdır, bəs İslam dini at ətinin yeyilməsinə necə baxır?

Dini ekspert Kənan Rövşənoğlu
İslam dinində at əti yeməyin məkruh olduğunu dedi: “İslam dinində at əti yemək məkruh, yəni bəyənilməyən, xoş görülməyən bir işdir. Eyni zamanda qatır və ulaq əti bəzi məzhəblərə görə haram, bəzilərinə görə isə məkruhdur. İslam araşdırmaçıları at ətinin qadağan olunması ilə bağlı bir sıra səbəbləri qeyd edirlər. Bu səbəblərin bir qismi mənəvi, bir qismi sosial və nəhayət, tibbi səbəblərdir”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə mətbuata açıqlamasında Azərbaycan və Moldova arasında at ətinin ixracı barədə hələlik yalnız müqavilə bağlandığını bildirib: “Bir sıra regionlarda, o cümlədən Gəncə regionunda at kəsimi məntəqəsinin tikilməsi planlaşdırılır. Əvvəlcə məntəqə tikilməlidir və həmin məntəqə soyuducularla təmin olunmalıdır”.

Y.Xanvəlinin sözlərinə görə, həmin məntəqələrdə baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərməlidir: “Bundan sonra heyvanlar qəbul olunacaq. Müayinə edildikdən sonra kəsiminə icazə veriləcək. At əti yalnız Moldovaya ixrac olunacaq. Yəni ölkə daxilində bu ətin satılması mümkün deyil. Bütün proseslər Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşlarının nəzarəti altında həyata keçiriləcək”.

Günel MANAFLI

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar