Xəbər lenti
Qarabağ dalanı: Vasitəçilər susub, silahlar “danışır”
Arzu Nağıyev: “Azərbaycan balanslı siyasətini davam etdirməlidir”
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 141 dəfə pozub. “Cümhuriyət” qəzetinin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun
Göyəli, Zamanlı kəndləri və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Qeyd edək ki, bundan əvvəlki günlərdə də intensiv olaraq Ermənistan silahlı birləşmələri təmas xətti və dövlət sərhədləri boyunca müxtəlif istiqamətlərdən Azərbaycanın mövqelərini orta və iriçaplı silahlardan atəş açıblar.Orta hesabla hər gün atəşkəs rejimi Ermənistan – işğalçı tərəfindən 130-dəfədən çox pozulur.
Dalana dirənən Qarabağ
Son 1 ayda Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi ətrafında yaranmış durğun vəziyyət içində yeganə hərəkətlilik də cəbhə bölgəsində nəzərə çarpır. Bura qədər də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağ probleminin həllinin inandırıcı olmadığını deməklə, baş verən səthi fəallıqdan gözləntilərin də üzərindən xətt çəkmişdilər. Üstəgəl, münaqişənin həll qarşılığında, daha doğrusu 5 rayonun Azərbaycana qaytarılması müqabilində Rusiyanın Azərbaycan qarşısında qoyduğu qəbuledilməz şərtlər də ən az yaxın gələcəyə qədər münaqişəni yenidən “dondura” bilər. Həmin şərtə əsasən, Azərbaycan 5 rayon müqabilində Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTM) üzv olmalı, Dağlıq Qarabağın statusunun müəyyən edilməsinə baxılmalıdır. Əlbəttə, burada Rusiyanın şərti budur ki, Azərbaycan bu ittifaqlara üzv olduqdan sonra 5 rayon qaytarılmalıdır.Azərbaycan isə münaqişənin birdəfəlik həllindən sonra bunun mümkün olacağını bildirir.Bu da münaqişənin həllində həlledici tərəf olan Rusiya üçün qəbuledilməz şərtdir. Lavrov Ermənistanda səfərdə olarkən bunu açıq formada dedi. Görünən budur ki, yaxın perspektivdə Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün olmayacaq.ATƏT-in Minsk qrupu həmsədrlərinin passivliyi və bölgəyə azalan səfərləri, nazirlər və prezidentlər səviyyəsində uzaq tarixlərə təyin edilən görüşlər də heç nə vəd etmir.
Azərbaycanın seçimləri
Başqa sözlə, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən səthi proseslərin həllə gətirib çıxaracağı indiki perspektivdə inandırıcı görünmür.Bu vəziyyətdə də Azərbaycanın hansı addımı atacağı əsas müzakirə mövzusudur.Diplomatik cəhdlərin nəticə vermədiyi şəraitdə yeganə çıxış yolu kimi müharibə variantı önə çıxsa da istər Rusiya, istərsə də ABŞ bununla razılaşmır.Ayrı-ayrı vaxtlarda tərəflərə təqdim edilən təkliflərin də Azərbaycanı müharibə fikrindən daşındırmağa xidmət etdiyinə şübhə yoxdur.
“Ermənistana təzyiq gücləndirilməlidir”
Politoloq Arzu Nağıyev “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, münaqişənin həll prosesində də Azərbaycan balanslı siyasətini davam etdirməlidir. Politoloq hesab edir ki, Rusiya SSRİ-nin sələfi kimi, Qarabağ münaqişəsinin həllində açar fiqurdur:
“Bunu bütün dünya bilir. Ərdoğan da iki istiqamətdə bu məsələdən danışdı. İlk növbədə dedi ki, Türkiyədən asılı olmayan problemlər var. İkinci açıqlamasında isə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində açar fiqur Rusiyadır. Son vaxtlarda atəşkəs rejiminin intensiv olaraq pozulması və bir sıra tədbirlərin keçirilməsi, bir sıra məqamlarla bağlıdır. Məlumdur ki, indiki halda Ermənistan rəhbərliyini narazı salan məsələ, Brüsseldə Avropa İttifaqı ilə keçirilən görüşdə Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır. Şərq Tərəfdaşlığı proqramı üzrə bir sıra ölkələrlə sənədlər imzalananda da Azərbaycanın ərazi bütövlüyü tanındı. Bundan sonra Qarabağdakı separatçı rejimə verdiyi “müstəqillik” vədini yerinə yetirə bilməyən Serj Sarkisyan separatçılarla görüşə gəldi. Həmin vaxt Edvard Nalbandyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirak edirdi, həmin iclasda da sənəd qəbul edildi və göstərildi ki, Dağlıq Qarabağ münaqişəsi dinc yolla həll edilməlidir. Bununla da Ermənistan Qərbə göstərməyə çalışdı ki, Avropa İttifaqı ilə tərəfdaşlıq etməsinə baxmayaraq, Rusiya bu ölkənin müttəfiqidir. Rusiyaya da o mesajı verirlər ki, əgər təzyiqlər olsa, Qərblə daha yaxından əməkdaşlıq edə bilərlər”.
Arzu Nağıyevin sözlərinə görə, Azərbaycan işğalçı dövlətə qarşı təzyiqləri artırmalıdır:
“ NATO – Türkiyə sərhədi Ermənistandan keçir. Qərb də bunu çox yaxşı bilir. Yəni, Ermənistan rəhbərliyi daxili problemləri həll etmək üçün bu addımları atır. Azərbaycan bu prosesləri diqqətlə izləyir. Rusiyanın Azərbaycana səfir təyinatında da Azərbaycan ağıllı davrandı. Azərbaycan bu halda yalnız istər döyüş meydanında, istər diplomatik masada, istərsə də beynəlxalq təzyiq vasitələrindən istifadə edərək Ermənistana təzyiqləri gücləndirməlidir”. /Cebhe.info/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar