Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Özünə əriştə kəsə bilməyən xalq

Tarix: 27-11-2016 21:26     Baxış: 4489 A- / A+
Özünə əriştə kəsə bilməyən xalq



Seymur VERDİZADƏ

Xəsis müğənnilərin təbirincə desək, adını çəkib reklam etmək istəmədiyim nəhəng ticarət mərkəzlərinin birində meyvə-tərəvəz şöbəsinin qarşısında dayanmağa macal tapmamış satıcı oğlan başımızın üstünü kəsdirdi: “Məhsullarımızın hamısı yenidir. Kartofu İrandan, pomidoru Türkiyədən gətirmişik. Mandarin, armud da türk malıdır. İstəyirsiniz, birini yeyib dadına baxın. Balı damır”.

Həmin gün mənimlə yoldaşlıq edən 11 yaşlı qızım pencəyimin ətəyindən çəkdi: “Ata, bizim ölkəmizdə pomidor, xiyar, kartof yetişmir?”

Uşağın dünyagörüşünü yoxlamaq üçün suala sualla cavab verdim: “Qızım, səncə yetişmir?”

Xədicə hazırcavab şagirdlər kimi tələsik danışmağa başladı: “Əlbəttə, yetişir. Sabirabadda çox dadlı qarpız olur. Lənkərana limon, portağal bitir. Gədəbəy kartofun vətənidir. Yer üzündə Göyçayın narına nar çatmaz. Qubanın ağ almasına isə hətta mahnı da qoşublar”.

Oğlan maraqla bizə baxsa da, söhbətə müdaxilə etməyə çəkinirdi. Qısa fasilədən sonra Xədicə növbəti sualı verdi: “Əgər bizim ölkədə bütün meyvələr yetişirsə, niyə İrandan alma, Türkiyədən armud alırıq?”

Bu mövzuda ayrıca məqalə yazmağa qərar verdiyim üçün söhbətə nöqtə qoymaq istədim: “Çünki insanların əksəriyyəti tənbəldir. Çox adam əkib-becərmək, əziyyət çəkmək istəmir”.

Bir tanışım üç-dörd il əvvəl məni kənddə yaşayan qardaşının evinə qonaq aparmışdı. Ev sahibinin mal-qara cinsindən bircə qotur danası da yox idi. Yumurtadan kəsilmiş beş-altı fərsiz toyuq isə səhərdən axşama kimi quqquldayıb, baş-beynimizi aparmaqla məşğul idi. Bakıya qayıdandan sonra “Günah acından öləndədər!” adlı məqalə yazıb, təsərrüfatla məşğul olmayan kənd sakinlərini qınadım. Nəticəsi də o oldu ki, həmin tanışım bir də məni evlərinə qonaq aparmadı...

Nədənsə, bu barədə danışanda bəzi dostlarımız qıcıqlanırlar. Mən də kənd mühitində böyümüşəm. Torpaq ona doğru əyilən heç kimi naümid qoymur. Müəllim ailəsində böyüsəm də, qapımızda həmişə iki sağılan inəyimiz olub. Həyətimizdəki toyuq-cücənin, hind quşlarının sayı-hüsabı yox idi. Atam mənə 9-cu sinifdə oxuyanda ayrıca dəryaz düzəltdirmişdi. Bakıda köçkün həyatı yaşamağa başlayandan sonra düz bir il kənddən gətirdiyimiz yağ-pendiri yedik...

Ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatı yerli istehsalın hesabına ödənilmədiyinə görə təkcə kəndlini qınamaq ədalətsizlik olardı. Hökumət bu məsələyə xüsusi diqqət ayırmalı, fermerləri öz fəaliyyətlərini genişləndirməyə təşviq etməli, mərkəzi bazarlardakı monopoliyanı aardan qaldırmalıdır. Gəlin, özümüzü aldatmayaq. Biz nə qədər çalışsaq da, Yaponiyadan yaxşı televizor, Cənubi Koreyadan keyfiyyətli telefon istehsal edə bilməyəcəyik. Balaxanıda tikilən şalvarlar 50 il də bundan sonra Türkiyədə istehsal olunan analoji məhsulun səviyyəsinə çatmayacaq. Özümüzün bəyənib geyinmədiyimiz 50 qəpiklik corabları rus və ingilislərə satmağımız isə bir xülyadır. Biz dünya bazarına ancaq kənd təsərrüfatı məhsulları ilə çıxa bilərik. Qubanın ağ alması, Göyçayın narı İvanın ağzını sulandırdığı kimi, Tomun da iştahını açacaq. Yetər ki, onu əkib-becərək, ortaya çıxaraq...

...Un və un məmulatları satılan şöbənin qarşısında vaxtilə jurnalist işləmiş keçmiş iş yoldaşlarımdan biri ilə qarşılaşdıq. Qadın bizimlə hal-əhval tutandan sonra bəzəkli sellafon torbaya pərçimlənmiş bir məhsulu mənə doğru uzatdı: “Yaxşı əriştədir, İtaliyadan gətiriblər. Siz də alın. Uşaqların xoşuna gələcək”.

Ağzımı açmağa macal tapmamış Xədicə dilləndi: “Mənim nənəm italiyalılardan yaxşı əriştə kəsir”.

Keçmiş iş yoldaşım üzünə süni təbəssüm verib, belə dedi: “Köhnə adamların əlindən hər şey gəlir. Mənim isə belə işlərdən başım çıxmır. Buna görə də pulla alıram”.

Jurnalist marağı güc gəldiyi üçün İtaliyada istehsal olunmuş “Delverde” adlı əriştəni alıb, o tərəf - bu tərəfə çevirdim. Çəkisi 250 qram, qiyməti 2 manat 29 qəpik idi. Qadının arabasında dörd ədəd “Delverde” əriştəsi vardı. Orta məktəbdə riyaziyyatdan dörd alsam da, keçmiş iş yoldaşımın 1 kiloqram əriştə üçün 9 manat 16 qəpik ödəməli olduğunu müəyyənləşdirməyim cəmi bir neçə saniyə çəkdi. Hansı ki, bazarda 1 kilqoram unun qiyməti 50 qəpikdir...

Həmin gün evə qayıdanda beynimdə ancaq bir fikir dolaşırdı: kəndlisi yağ-pendir üzünə həsrət qalan, həyətlərindən toyuq-cücə səsi kəsilən, İranın kartofunu, Türkiyənin pomidorunu yeyən, nəhayət, özünə əriştə kəsə bilməyən xalqı qarşıda çətin günlər gözləyir.

Özünüz görəcəksiniz...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar