Xəbər lenti
Qoca ərlərini bəyənməyənlər
Azər QİSMƏT
“O gənc qalıb, ərim isə qocaya bənzəyir”. İki rəfiqənin söhbətində birinin digərinə Facebook səhifəsindəki kiminsə fotosunu göstərməsi digər rəfiqənin də dərdini açdı. Və həmin cavan qalan insanın şəkli bir az böyüdülüb nəzər salındı: iki qadın ona diqqətlə baxıb ərlərini elə görmək istədilər. “Ehhh” səsləndirib əl yelləmələrindən anladım ki, daha ərlərini istədikləri kimi görə bilməyəcəklər, bundan əllərini üzüblər.
Sonra digər gənc qalan ərlər, ailə başçıları da xatırlandı. Rəfiqənin biri dostluğunda olan digər qadınların da ərlərinin fotolarını göstərdi. Yenə də fotolar böyüdüldü. Yenə də qocalmış ərləri barədə ümidsiz sözlər səsləndi, cavan qalan ərlərin fotolarına baxdıqca öz doğmalarına, neçə il bir yastığa baş qoyanlarına əski parçası kimi baxdılar.
“Sən qocalmısan” sözlərinin arxasında bir kişinin doğum evində həyat yoldaşını və dünyaya yeni gələn ilk övladını uzaqdan görüb ata duyğusunun şirinliyini sinəsinə çəkən həyacanını görürəm. Bir tikə çörək üçün sübh yuxusuna haram qatan, evdən vaveyla çıxıb küləkli şəhərin ağuşunda piştaxta arxasında, üzünü qarsıyan fırtınalı dənizdə, əlində mişar - çəkic bahalı maşınların qabağına qaçanda, meyvə ağaclarını şaxta vurub müflis hala gəlib borc pul axtaranda, bank kreditlərini verə bilməyib gecələr çarpayısında qovrulan görürəm. Bu, həmin “sən qocalmısan, o cavan qalıb” sözü üzünə çırpılan o kişi idi ki, gecələr övladlarının üstünü örtəndə, bağrına basıb qoxularını canına çəkəndə, dərsdən gec gələndə başına nəsə gəlibən düşünüb həyəcan keçirəndə, övladının pis “kruq”a düşməməsi üçün narahatlıq keçirəndə, cəmiyyətdə mənəvi aşınmanı görüb qız övladının pozulmaması naminə məsləhət verməkdən “mızmızı ata” adını alanda saçı getdikcə ağarır, sifəti qırışır, beli bükülürdü. O kişi bu günün çətinliyi qarşısında ailəsi yolunda ürəyinin yağını əridən, hansısa axmağın ona nümunə göstərilməsini eşidən kişi idi. Bu, 25 il gözlərinin qarşısında bir kişilik mücəmməsinin necə qocalmasının hər saniyəsini görən qədirbilməz qadının çalın-çarpaz xətt çəkib final fitini səsləndirməsi idi. Bu o kişi idi ki, gənc yoldaşını anasının yanında müdafiə edib adi şalvar ütüləyə bilməməsinə göz yummuşdu, xəstələnəndə şəhərin apteklərinə düşüb tapılmayan dərman axtarmışdı, hamiləliyi zamanı ona əziyyət verməyib bəzən özü mətbəxə keçib şor-çörək yemişdi, qarlı-çovğunlu havada ona şirin nar axtarmışdı, doğmaları qonaq gələndə arvadının anlaşılmaz sifət konfiqurasiyasını görüb xəcalət çəkmişdi, “sənə ərə gələn günə daş düşəydi” ittihamını eşidib siqareti siqaretə calamışdı. Bu da son.
O, tez qocalmışdı. Bir doğmasının “sən artıq qocalmısan” sözünü udacaq halda başını təəssüflə bulayan kişi. Ürəyin doludur. Ürəyinə sazaq dolub. Ürəyin çatlayıb. Deyə bilmirsən ki, nümunə gətirilən kişinin gənc qalmasının səbəbi tamam başqadır. O, bunu demir.
Ömürlərinin yaşlı çağında bu iki qadının qeyri-məntiqi düşüncə tərzi ilə üzləşəcəyini indi başını əlləri arasına alan qocalmış kişi bilməzdi. Yoxsa, o da cavan qalan kişi kimi həyat yoldaşına laqeyd yanaşıb günlərini başqa qadınlarla keçirər, tək qalanda məşuqəni uşağının ilk dəfə ayaq açıb yeridiyi evə gətirər, xəstəlik büllüteni götürüb qazandığı pullarını xarici otellərdə xərcləyər, “şirkətə cavan qız tələb olunur” elanı adı altında yeni sevgililər qazanar, gecələr inbokslarda yalnız onunla yazışdığını söyləyib yalançı sədaqət nümayiş etdirər, üzünə qadın kremləri sürtər, uşaqlarının varlığı-yoxluğundan xəbər tutmaz, nə yedikləri nə içdikləri ilə maraqlanmaz, uşaq oynamaq istəyəndə eşşək kimi anqırar, həyat yoldaşı zəng edəndə “iclasdayam” deyib eyş-işrət məclisinə davam edər. Qocalmış kişi bunları etməmişdi. Bunları edə bilməzdi. Çünki onun üçün ailə, övlad, həyat yoldaşı prinsipləri tamam başqadır. O, belə görməyib, belə götürməyib.
İndi avtobusdakı o iki qadının kiminsə ərinin gənc qalması həsrətlərini eşidirəm. Həyat bu deyil. Uşaqlarını böyüdüb evləndirəndən, iş-gücdən qurtulub mənəvi rahatlıq tapandan sonra beyinlərə gic arzular da girirmiş. İndi bu arzular qoca ərin bəyənilməməsindən ibarətdir. Əksinə, belə rahatlıqdan ərə də bəxş edilməlidir. Onun buna daha çox haqqı çatır.
Qadına kişi lazımdır. Fərqi yoxdur, saçı ağarsın, beli bükülsün, amma bir həmdərd, bir həyan, bir kişi olsun. Başı gicəllənəndə, döşəməyə yıxılanda, barmağı qanayanda, darıxanda yanında olası bir kimsəsi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar