Xəbər lenti
İçə bilmirsən, içmə...
Seymur VERDİZADƏ
Alkoqollu içki insanın təkcə cibinə ziyan vurmur, həm də səhhətinə mənfi təsir göstərir. İçki düşkünü olan adamların sifətindən həmişə zəhrimar yağır. Araq şüşəsi şəffaf olduğu üçün insan öz iztirablarını onun arxasında gizlədə bilmir.
İçki insanın fiziki hərəkətlərini məhdudlaşdırdığı kimi, həm də zehni inkişafını əngəlləyir. Peyğəmbərimiz buyurub ki, ağla sərxoşluq verən hər şey haramdır. Elm də sübut edir ki, normadan artıq alkoqol qəbulu insanın ağlını korşaldır, məntiq hissini arxa plana keçirir. Ağır cinayət törətmiş adamlar hadisə baş verəndə içkili olduqlarını əsas gətirib, adətən, özlərinə bu cür haqq qazandırmağa çalışırlar: “Həmin vaxt ağlım başımda olmayıb”.
İçkinin dadına az-çox bələd olan adam kimi bu arqumentlə müəyyən qədər razıyam. Aydın məsələdir ki, yarım saat ərzində bir şüşə araq gillədən adamın ağlı başında olmaz. Amma o da var ki, birinci badəni qaldıranda heç kim sərxoş olmur. Ağıllı adam burnunun ucundan iki metr qabağı gördüyü kimi, əlində tutduğu badənin iki saat sonra ona bədbəxtlik gətirə biləcəyini də nəzərə almalıdır.
Son illər Azərbaycanda dini ayinləri yerinə yetirən, mömin həyatı yaşamağa çalışan insanların sayı xeyli artıb. Azərbaycan dünyəvi dövlət olduğu üçün insanlar istədikləri həyat tərzini seçməkdə sərbəstdirlər. Müşahidələrim onu deməyə əsas verir ki, son vaxtlar həm də nicatı araq şüşəsində tapan, alkoqolu həyatının ayrılmaz parçasına çevirən adamların da sayı çoxalıb. Cəmiyyətə zərər vermədikcə, ictimai münasibətləri zədələmədikcə bu adamlara irad bildirməyə haqqımız yoxdur. Amam nə yazıq ki, onlar getdikcə dözülməz olurlar...
Azərbaycanlılar həftənin birinci günləri toy etməyə həvəs göstərməsələr də, dünən bir dostumun oğlunun ailə həyatı qurmasına şahidlik etdim. Masa arxasında əyləşən 10 nəfərdən beşi alkoqollu içkilərdən birmənalı şəkildə imtina etsə də, digər beş nəfər ən azı 6-7 şüşə araq boşaltdı. Axşam 9-da onların ikisi qəfildən yoxa çıxdı. Bir neçə dəqiqə sonra tualetə girəndə həmin iki nəfərin dizini yerə qoyub, öküz kimi böyürdüyünü gördüm. Jurnalistikada realizmin tərəfdarı olsam da, həmin iyrənc mənzərəni təsvir edib, könlünüzü bulandırmaq istəmirəm. Bu iki nəfərin ucbatından kişilər üçün nəzərdə tutulmuş tualet yarım saat bağlı qaldı.
İçmək istəməyən adamı bu işə məcbur etmək tərbiyəsizlikdir. Kişi məclislərinin yazılmamış qanunu var: içkiyə məcburiyyət yoxdur! İçib-içməyəcəyinə, yaxud nə qədər içəcəyinə insan özü qərar verməlidir. Şəxsən mən alkoqollu içkilərdən istifadə etməyin əleyhinəyəm. Araq minlərlə ailəni dağıdıb, on minlərlə uşağı atasız qoyub. İçki kişini ailə-uşaq yanında başıaşağı edən, dost-tanış yanında utandıran əsas amildir. Yeniyetmə və gənclərimizin bu zəhrimardan uzaq durması üçün son illər qatıldığım bütün tədbirlərdə içki əleyhinə təbliğat aparmağı özümə borc bilirəm.
Biz gənc olanda şənlənmək, həyatdan zövq almaq üçün içirdik. Bir- iki “rumka” arağın sayəsində ən azı bir-iki saat qayğılarımızı unudur, özümüzü “xoşbəxt” hiss edirdik. Amma əbədi səadət axtarışına çıxandan sonra “müvəqqəti xoşbəxtlik”dən imtina etdik. Buna baxmayaraq, toyda-düyündə 100 qram araq içən adamları başa düşür, bəzən onlarla həmrəylik nümayiş etdirirəm. Amma axşam içib, səhərə qədər dana kimi böyürən adamları heç cür başa düşə bilmirəm. Yenə təkrar edirəm, nə qədər içəcəyinə insan özü qərar verməlidir. Mən hələ görməmişəm ki, məclisdə kimisə yerə yıxıb, ağzına araq töksünlər. Seçim hər kəsin öz əlindədir. İçə bilmirsən, içmə...(Qafqasinfo üçün)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar