Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qadınlar da şiddət göstərir: Səbəb nədir?

Tarix: 08-03-2023 09:56     Baxış: 5138 A- / A+




Qadınlar da şiddət göstərir: Səbəb nədir?
 
 

Son zamanlar cəmiyyətimizdə qadınların şiddət göstərdiyinə şahid oluruq. Etiraf edək ki, bu durum cəmiyyətimizdə də xoş qarşılanmır. Səbəb isə şiddət, aqressiya göstərən şəxsin məhz qadın olmasından irəli gəlir. Çünki “qadın” dedikdə cəmiyyətimizin ağlına gələn ilk təsəvvürlərdən biri “humanizm”, “mərhəmət”dir. Ancaq ictimai nəqliyyatda, mağazada  və insanların sıx olduğu digər məkanlarda qadınların aqressiyasına daha çox şahid olmağa başlamışıq. Məsələn, bu yaxınlarda Bərdədə 80 yaşlı kişini həyat yoldaşı ütü ilə yandırmışdı. Bundan başqa, ötən günlərdə 12 saylı avtobusda qadın sərnişinin sürücünü vurması da birmənalı qarşılanmadı. Bir neçə gün öncə yaşananlar isə sözün həqiqi mənasında cəmiyyətdə əks-səda doğurdu. Söhbət Lənkəran  şəhərində baş vermis hadisədən gedir.
 
Cəmiyyətimizdə qadınların şiddət göstərməyə daha çox meyilli olduğu statistik rəqəmlərdən də bəllidir. Dövlət Statistika Komitəsi (DSK) ölkəmizdə qadın və kişilərin törətdiyi zorakılıq faktları ilə bağlı rəqəmləri açıqlayıb. Komitədən verilən məlumata görə, ötən il qəsdən adam öldürmə faktı ilə cinayət törədən qadınlar 4.2 faiz, kişilər 5.8 faiz təşkil edir. Adam öldürməyə cəhd göstərən qadınlar 1.7 faiz, kişilər 1.9 faiz, qəsdən sağlamlığa az ağır zərər vuran qadınlar 9.8 faiz, kişilər 8.6 faiz, qəsdən sağlamlığa yüngül zərər vuran qadınlar 80.3 faiz, kişilər 70.6 faiz təşkil edir. Təəssüf ki, əzab vermə faktında da qadınlar üstünlük təşkil edib. Belə ki, əzab vermə faktı ilə 0.7 faiz qadınlar, 0.3 faiz kişilər DKS-da qeydə alınıb.
 
Psixoloq Elnur Rüstəmov açıqlamasında söyləyib ki, həqiqətən də son zamanlar qadınların daha çox fiziki şiddət göstərdiyinə şahid oluruq: “Məktəblinin döyülməsi xoşagəlməz və təəssüf doğuran bir hadisə idi. Ən çox təəssüfləndirici məqam isə bu hadisənin bir xanım tərəfindən törədilməsi oldu. Bu gün cəmiyyətimizdə həm kişilər, həm də qadınlar arasında aqressiv davranışlara rast gəlirik”.
 
Psixoloqun sözlərinə görə, cəmiyyətimizdəki qadınların aqressiyasının əsas səbəblərindən biri ailədaxili konfliktlər, tərəflər arasında münasibətlərin pis olması, eyni zamanda informasiya əsrində yaşamağımızdır: “Əvvəllər şiddət daha çox kişilər tərəfindən olurdusa, bu gün qadınların şiddət göstərdiyinə daha çox şahid oluruq. Cəmiyyətimizdə gender bərabərliyindən danışırıq, qloballaşan dünyada, informasiya əsrində görürük ki, əvvəllər elə sahələr olurdu ki, orada yalnız kişilər çalışırdısa, bu gün qadınların da çalışdığını görürük. Yəni dəyişən bir dünyada yaşayırıq, bu baxımdan da aqressiyanın qadınlarda daha çox büruzə verdiyinə şahid oluruq. Hər bir halda cəmiyyətimizdə psixoloji maariflənmə işini aparmalı, psixo-profilaktik fəaliyyəti həyata keçirməliyik”.
 
 
Sosioloq, “Status” Sosial Araşdırmalar Mərkəzinin sədri Nail Cəlil qeyd edib ki, son dövrlər cəmiyyətdə şiddətə, zorakılığa meyilin artması təmayülü müşahidə edilir. Cəmiyyətdə şiddət göstərən qadınların sayının və xüsusi çəkisinin artmasına gəldikdə bunun müəyyən obyektiv və subyektiv səbəbləri var: “Əslində, başlıca səbəb Azərbaycan cəmiyyəti üçün xarakterik olan etnomilli xüsusiyyətlərin əsas daşıyıcısı, ailəsinə bağlı, həyat yoldaşına sadiq, milli dəyərləri yaşadan, böyüdən, nəsildən-nəsilə ötürən, mərd, qürurlu, qeyrətli, namuslu, şəfqətli qadın obrazının tədricən aşınması, itirilməsidir. Qloballaşmanın, yeni texnologiyalar sayəsində internet məkanında şəbəkələşmənin gətirdiyi mənfi təsirlər burada obyektiv faktorlar sırasındadır. Digər obyektiv səbəb maddi-məişət tələbatlarının artması fonunda qadınların daha çox işləməyə, çalışmağa məcbur olmasıdır. Biz sözsüz ki, xanımların işləməyinin, karyera qurmağının, ən yüksək vəzifələri tutmalarının, cəmiyyətin fəal yarısı olmasının tərəfdarıyıq və bu mənada, hər hansı gender ayrı-seçkiliyinin əleyhinəyik. Bununla yanaşı, sosioloji və sosial-psixoloji tədqiqatlar göstərir ki, qadınların işi, işləmə saatları artdıqca boşanmaların, eləcə də qadınların stressli, aqressiv davranışlarının sayı artır. Fikrimcə, burada hüquq bərabərliyi gözlənilməklə incə, həssas bir yanaşma olmalıdır”.
 
Sosioloq vurğulayıb ki, güclü və azad olmaq anlaşılan, təqdirediləndir, lakin bu, heç qadının xanımlıqdan, öz təbiətindən, milli-etik dəyərlərdən kənara çıxması demək deyil: “Həmin şərt eynilə kişilərə də aiddir. Əslində, qadın qadın kimi, kişi də güclü, əzmkar tərəf olaraq, öz şəxsiyyətini tərbiyə etməyi, özünə, ətrafına yaxşı cəhətdən nümunə olmağı bacarmalıdır. Qadınları indi çox vaxt hər addımda güclü olmağa, azad olmağa, öz ayaqları üstündə durmağa səsləyirlər. Bu, başadüşüləndir, lakin bu fikri mütləqləşdirmək, “qadın azaddır, istədiyini etməlidir” şəklində təqdim etmək ciddi xəta, böyük qüsurdur.
 
Digər mühüm, bir qədər subyektiv təsirə malik olan amillərdən biri medianın, xüsusən, televiziyaların qadın hüquqlarını həddən artıq qabartmaqla kişiləri zəif, gücsüz, aciz bir duruma gətirməkdir. Bu istiqamətdə bir çox media qurumlarının davranışı sosial-etik məsuliyyətdən uzaqdır. Bütün dövrlərdə bir qədər arxa fonda olsa belə, ailəni, cəmiyyəti, övladı tərbiyə edən məhz analar-xanımlardır. Kişilərin və ya ataların tərbiyəvi rolu həmişə anaların tərbiyəvi təsirindən sonra gəlir”.
 
N.Cəlilin fikrincə, qadınların zorakılığa əl atmasının, kişilərə, uşaqlara qarşı aqressivləşməsinin səbəblərindən biri də yanlış təbliğat, hüquq və gender bərabərliyinin çox zaman birtərəfli və yanlış çərçivədə yozulmasıdır: “Zorakılığın artması və dəbə çevrilməsi nə qadınlar, nə də kişilər üçün problemlərin həlli sayıla bilər. Belə olduqda vəziyyət daha da mürəkkəbləşir, problemlərin sayı daha da artır. Çıxış yolu sosial maariflənmədə, ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və möhkəmləndirilməsində, Qərbdən gələn bəzi mənfi təsirləri Şərq ailəsinin müsbət, pozitiv dəyərləri ilə qarşılamaqda, dəf etməkdədir. Sözsüz ki, burada nə Şərqi çox tərifləmək, nə də Qərbi, Avropa ölkələrini yerli-yersiz tənqid etmək doğru olmazdı. Çünki söhbət bilavasitə Azərbaycan cəmiyyətindən, indiki halda şiddətə yol verən, yoldaşına əl qaldıran, ya uşaqları bir bəhanə ilə incidən, döyən azərbaycanlı xanımlardan gedir. Biz istənilən halda “bütün bunlar yolverilməz, xoşagəlməzdir” deyib keçməməliyik, müvafiq həll yollarını və profilaktik, qabaqlayıcı həll modellərini hazırlayıb təqdim və tətbiq etməyi bacarmalıyıq. Bu, sosioloqların, psixoloqların, sosial işçilərin, etnoloqların, hətta hüquqşünasların, politoloqların birgə multidissiplionar komanda işi olmalıdır. Başqa sözlə, həll yolları var və zorakılığın, o cümlədən, qadın zorakılığının artması problemini əhəmiyyətli dərəcədə, səmərəli, effektiv həll etmək mümkündür. Elə həll mexanizmləri var ki, onlar barədə danışmaq məqsədəuyğun deyil. Yəni, danışdıqda, peşə sirrini açmış oluruq, zəruri prosedurları yerinə yetirə, uyğun həll modellərini gerçəkləşdirə bilmirik. Ona görə də lazım olduğundan artıq izah vermək çox vaxt ümumi işin ziyanına olur. Qısaca onu deyə bilərik ki, burada çoxpilləli, çoxsəviyyəli, mürəkkəb mərhələləri əhatə edən kütləvi, effektiv sosial-psixoloji iş vacibdir”.
 
Qanunvericilik nə deyir?
 
Hüquqşünas Rövşən Qasımov fiziki zorakılıq göstərən şəxsləri qanunvericilikdə nələrin gözlədiyindən danışıb: “Adam döymə və digər zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə, 300 manatdan 500 manatadək məbləğdə cərimə edilə və ya işin hallarına görə, xətanı törədən şəxs iki ayadək müddətə inzibati həbs ala bilər. Əgər döyməklə şəxsin sağlamlığına ağır, az ağır və ya yüngül zərər vurulsa, Cinayət Məcəlləsinə əsasən, zorakılıq göstərən şəxs cinayət məsuliyyətinə cəlb ediləcək. Burada isə bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakterindən asılı olaraq, cəza və ya azadlıqdan məhrumetmə nəzərdə tutulub”.
 
Taleh Şahməmmədli
Yazı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində hazırlanmışdır
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar