Sizin Reklam Burada
Xəbər lenti
05-10-2025
04-10-2025
BÜTÜN XƏBƏRLƏR

"Halallıq və ədalət — insan cəmiyyətinin ən mühüm dayağıdır"

Tarix: 06-10-2025 11:47     Baxış: 337 A- / A+
                          Mehriban Abdurəhmanova

Həmsöhbətimiz — Özbəkistan Yazıçılar Birliyinin üzvü, Cizzəx vilayəti şöbəsinin rəhbəri, tanınmış şairə və yazıçı-publisist, Özbəkistan Respublikasının “Şührət” medalı laureatı, ondan artıq poetik, nəsr və publisistik kitabların müəllifi Mehriban Abdurəhmanovadır. 

— Uşaqlıq xatirələri — yaradıcı insanın tükənməz xəzinəsidir. O xəzinədən hansı “qızıl yadigar” hələ də sözlərinizə rəng, nəfəs, həyat verir?

— Anamın gülxəyrilər haqqında oxuduğu nəğməsi uşaqlığımın ən parlaq xatirəsidir. 
Həyətimizdə, bağçamızda, hətta kəndimizin geniş çöllərində də ağ, çəhrayı gülxəyrilər açardı.

Eşik önü gülxəyrı, 
Mənim balam Beqəli. 
Gülxəyrinin gülü çox, 
Beqəlimin oğlu çox. 

  
Və bir də gün batımındakı şəfəqin cazibəsi. 
Həyətimiz kəndin kənarında olduğuna görə gün batarkən yaranan o mənzərə hər zaman məni heyran qoyardı. Bu barədə “Qanlı şəfəq surəti” adlı hekayəmdə xüsusi dayanmışam:
“Bütün günü aləmə işıq saçan günəş axşamçağı üfüqün arxasına çəkilərkən elə bir gözəlliklə batardı ki, bu mənzərədən qəlbim titrəyər, gözlərim qamaşardı.
O an anladım ki, mavi, yaşıl, göy deyə adlandırdığım rənglərin sayı və mənası nə qədər səthi imiş. 
Üfüqdə yayılan qırmızı şəfəqin üstündəki min bir tonlu mavi və göy çalarları sanki ürəyimə dolur, damarlarımda axmağa başlayırdı.
Qəlbimə iztirablı bir hüzn çökür, gözlərimdən yaş süzülürdü. 
Sanki yerə yıxılıb, səssiz-səmirsiz ağlamaq istəyirdim.
Səsim çıxmasa da, içimdə göylər dolusu fəryad çalır, şimşəklər çaxır, yağışlar yağırdı.
Yağışlar ki, istiğfar yağışları idi!
Ey Rəbbim, sən əsl Musəvvirsən, sən əsl ustasan!
Sənin sonsuz camalının bir zərrəsi qarşısında qəlbim mum kimi əriyirdi.
Səni dərk etdiyimə şükür, Allah! Var olduğuna şükür, İlahi!
Divanə kimi çöllərdə qaçan ruhum nənəmin atası — babamın vaxtilə tikdiyi, indi xarabaya dönmüş balaca kulbanın önündə dayandı.
O yerdə hələ də gülxəyrilər açırdı.
Orada balaca bir qız anasından soruşurdu:

– Ana, gülxəyrilər niyə bu qədər gözəldir?
– Onlarda Allahın camalı var, balam.
– Allah kimdir, ana?
– Allah məni, səni, hamımızı yaradan Uca Tanrıdır.
– Mən Onu görmək istəyirəm, ana. Göstər mənə, göstər...”

 —  Yaradıcılığınız poeziyadan başladı, sonra nəsr, publisistika və tarixi romanlara keçdi. Bu janr dəyişməsi qələmınıza necə təsir etdi?

— İlk yaradıcılığım şeirlə başladı, əlbəttə. Şeir misraları hafizəmdə hazır şəkildə yaranardı, sonra kağıza köçürmək qalardı. 
Yadda saxlamağa belə ehtiyac qalmazdı. 
Son beş ildə hafizəm bir az zəifləyib, indi fikirlərim tezliklə uçub gedir. Buna görə də, noutbuk ekranına mıxlanmış halda yazıram.

Publisistikaya isə təsadüfən gəlmişəm. Əvvəlcə müəllimlər haqqında məqalələr yazardım, sonra qəzetdə işləməyə başlayanda bu sahəyə ciddən girişdim. “Mirzəçölnamə” adlı publisistik toplusum “Vətən üçün yaşayaq” müsabiqəsində yüksək yer qazandı.
Amma zaman dəyişdikcə bu cür əsərlərin tez köhnəldiyini gördüm. “Əbədiləşəcək əsərlər yazmalıyam,” – dedim özümə. Və nəsrə yönəldim. “Yoshlik” (Gənclik) jurnalında çıxan ilk hekayələrim oxucular tərəfindən alqışlandı. 
Amma özüm yazdıqlarımdan razı qalmırdım. Bir müddət fasilə verdim. Yenə poeziyaya, sonra publisistikaya qayıtdım.
“Qadın yazarlarımız arasında nəsr yazan niyə azdır?” – sualı tez-tez səslənir. 
Bəli, nəsr ağır janrdır. Üstəlik, qadının boynunda həm yaradıcılıq, həm analıq, həm də evdarlıq məsuliyyəti var. Lakin istəsən, imkan taparsan.
Zamanla gördüm ki, qəlbimdəki duyğular nə şeirə, nə publisistikaya sığmır. Nəsrə tam yönəldim. 
Yazmaq istədiyim hekayələr böyüyüb povestlərə çevrildi.
Sonra “1916” adlı tarixi roman üzərində işləməyə başladım. 
Çünki o dövrdə baş verən Cizzəx üsyanı barədə babamdan, anamdan eşitdiklərimi yazmaq, gələcək nəsillərə çatdırmaq istəyirdim.
Beləcə, şairlik və publisistikadan doğan nasirlik bu gün məni daha çox ədib kimi tanıdır.

— Bir əsəri yazmaq üçün ilham və hazırlıq dövrü sizdə necə keçir?

— Düzünü desəm, şeir və hekayə yazmaq üçün ilhamın gəlməsini gözləmirəm. Məncə, yaradıcı insan ilhamı özü istəyi və hərəkəti ilə çağırıb gətirməlidir. Birdən-birə şüura gələn kiçik bir fikir, kompüterin qarşısına keçəndən sonra böyük hadisələrin qapısını açır. Ən əsası — yazmağa başlamaqdır. Yazı başladımı, artıq yazıçının iradəsi öz əlinə qalmır, hadisələr axarına düşüb, müəllifin iradəsini də ələ alır. Yazmağa başlayanda mənfi qəhrəman bəzən elə hərəkətlər edir ki, insanın tam pis, yaxud müsbət qəhrəmanın da daim yaxşı ola bilməyəcəyini göstərir. 
Hə, hər şeydə nisbilik var — hətta insanlara aid “yaxşı” və “pis” keyfiyyətlərin də nisbi olduğunu yazıçı məhz yaradıcılıq prosesində daha dərindən duyur.
Əgər yazılacaq əsər böyük həcmli və xüsusilə tarixi mövzudadırsa, yazıdan əvvəl mövzuya aid materialların hər xırdalığınadək öyrənilməsi vacibdir. Bunsuz olmaz. “1916” romanını yazmazdan öncə çoxlu tarixi mənbələri oxumağa məcbur oldum. Rusiya imperatorunun rus olmayan xalqların məcburi əmək üçün səfərbər olunması barədə fərmanını və onun ətrafında cədidlərimizin yığıncağında gedən söhbətləri təsvir etmək üçün hər bir cədidin əsərləri ilə tanış olub, onların fikirlərini öyrənmişdim. Əlbəttə, bu, böyük zəhmət, dözüm və peşəkarlıq tələb edirdi.— Ustad kimi şagirdlərinizə verəcəyiniz ən mühüm üç tövsiyə nədir?

— Dürüstlük, halallıq;
— Bir saniyəni belə boş keçirmədən oxuyub-öyrənmək;
— Zülm etməmək və məzlumların tərəfində durmaq.

—  Siz halallıq və ədaləti həm şəxsi həyatınızda, həm də yaradıcılığınızda üstün tutursunuz. Bu prinsiplər yaradıcı insan üçün necə sınaqlardan keçir?

— Halallıq və ədalət — insan cəmiyyətinin ən mühüm dayağıdır.
Halallıq və ədalət olmayan yerdə həyat ağacı qurumağa başlayır, nəhayət tənəzzülə uğrayır. Yazılan əsər mahiyyətcə həqiqətə və ədalətə xidmət etmirsə, onların yox olduğu yerdə zülm hökm sürəcəyini həyati misallar və bədii təfsir vasitəsilə göstərə bilmirsə — o əsər deyil, sadəcə uydurulmuş yalanlardan ibarət söz yığınına çevrilir.
Əgər oxucu qəhrəmanın kədəri ilə kədərlənib ağlaya bilmirsə, yaxud onun sevincindən könlü işıqlanıb, qeyri-ixtiyari təbəssüm edə bilmirsə, əsərə hopmuş yumorun təsirindən səmimi gülə bilmirsə — demək, o əsər bədii əsər deyil.
Hər bir əsərin dayağı həqiqət və ədalət olmalıdır. Bütün çətinliklərə baxmayaraq, bu keyfiyyətlərsiz yaradıcılıq uzunömürlü ola bilməz.

— Qadın yaradıcı kimi cəmiyyət və ailə məsuliyyəti arasında tarazlığı necə qoruyursunuz?

— "Zərif varlıq" olan qadının boynuna düşən  məsuliyyətlər bir kişinin üzərinə yüklənsə, bu günün tələsik dünyasında o kişini belə tükəndirərdi. 
Amma xalqımızın “Qadının canı qırxdır” deyimi hələ də öz mənasını itirməyib.
Bugünün qadını həmin qırx canı ilə hər şeyə çatmağa çalışır:
Cəmiyyətdə — işgüzar rəhbər, ailədə — sevimli yar, mehriban ana, bacarıqlı evdar qadın. 
Bu tarazlıq pozularsa, cəmiyyətin tarazlığı da pozular.
Mən bu tarazlığı qorumağa çalışıram, əlbəttə. 
Dörd övladımın hamısı savadlıdır. Onların həyatda öz yerini tapması üçün daim dəstək oluram.

— Mehriban Abdurəhmanovanın həyata baxışını bir cümlə ilə ifadə etmək lazım gəlsəydi, bu necə səslənərdi?

— Özünə layiq bildiyini başqalarına da layiq gör.

—  Şair və yazıçı üçün hər bir kitab — həyatındakı ayrı bir dövrün əks-sədasıdır. Hansı əsərinizi “qəlbimin ən zərif ipindən toxunmuş” adlandırırsınız?

— “Qanlı şəfəq surəti” adlı hekayəmi ağlaya-ağlaya yazmışam. Baxmayaraq ki, əsərin bir hissəsində hadisələr rəssam gəncin dili ilə nəql olunur, onun uşaqlığı mənim uşaqlığıma çox bənzəyir.
Doğulub böyüdüyüm kəndin təbiətini, oradakı insanların həyat tərzini həmin rəssam gəncin dili ilə təqdim etməyə çalışmışam. Özüm də qız uşağı olsam da, kitab əlimdə geniş çöllərdə qoyun-quzu otarardım. 
Buna görə də əsərin hər sətri, qəhrəmanların sevinci, kədəri və iztirabı mənim ürək titrəyişlərimin əksidir, demək olar.

— Kitabxananızda sizin üçün ən dəyərli üç kitab hansılardır və niyə?

—“Anna Karenina”, L. Tolstoy.
“Ötən günlər”, A. Qədiri.
“Sakit axan Don”, M. Şoloxov.

“Anna Karenina” – hər bir dövr qadınının taleyində təkrarlana biləcək acı bir qismətin bədii təfsiridir. Əsərin qəhrəmanları – bir-birinə bənzəməyən müxtəlif insanların taleyi, xüsusilə qadınların düşüncə və hiss dünyası, onların həyat tərzinin incəliklərinə qədər olduqca inandırıcı, dərin həqiqətlərlə təsvir edilmişdir. Tolstoy dahisinə heyran qalmamaq mümkünsüzdür.
Ötən günlər” – ilk növbədə, milli dəyərlərimizin zərif ifadəsi kimi oxucunun qəlb tellərini titrədən bir əsərdir. Yusifbəy Hacı obrazında özbək xalqının müdrikliyi, Özbeqoyim timsalında isə özbək analarının əzəli və əbədi arzusu — övladına təmtəraqlı toylar edib, gəlin almaq istəyi canlandırılıb. Atabək – məhəbbət hissi ilə övladlıq borcu arasında qalan, nəticədə acı qismətə düçar olan qəhrəmandır; Kumuş – özbək gəlinlərinin mələk simvoludur; Zeynəb isə dövrün qurbanı kimi son dərəcə milli bir tərzdə təqdim olunub. 
Əsər milli ədəbiyyatımızın nəsr sahəsində yazılmış ilk və ən gözəl nümunəsidir.

“Sakit axan Don” – Birinci Dünya müharibəsi fonunda Rusiya imperiyası dönəmində Don kazaklarının həyat tərzini, duyğularını, faciəli talelərini və müharibə dəhşətlərini olduqca aydın və canlı lövhələrlə əks etdirən bir romandır.— Yazıçı kimi çoxlu kitab oxumaq ilhama nə dərəcədə təsir göstərir? Bəzən elə olurmu ki, bir kitab sizə şeir və ya hekayə yazmaq üçün “açar” rolunu oynayır?

— Mən nə qədər yaradıcılıqla məşğul olmuşamsa, bunun hamısı qatı bir kitabsevər olmağımın nəticəsidir, — deyə düşünürəm. 
Dünya ədəbiyyatının ən seçmə nümunələrini oxuyub onlara heyran qalmışam, əlbəttə. Xüsusilə, Şoloxovun “Sakit axan Don” romanının birinci cildini oxuyandan sonra sadə xalqın həyat həqiqətlərini bədii boyalarla bu qədər gözəl təsvir etməyi məhz onun əsərlərindən öyrənmək gərəkdiyini dərk etmişdim.
—  “Vətən, ürəyimin döyüntüsünü eşit” kitabınızın adından da milli ruh və məhəbbət duyulur. Sizcə, yazıçı Vətən qarşısındakı ən böyük borcunu necə yerinə yetirir?

— Elə bir ədib ki, öz əsərləri vasitəsilə milli dəyərlərimizin — ümumbəşəri dəyərlərin tacı olduğunu göstərə bilsə, deməli, o, Vətən və millət qarşısında ən böyük borcunu yerinə yetirmiş olur. Ürəyimiz Vətən sevgisi və xalq dərdi ilə döyünməsə, ömrümüzün mənası və dəyəri itər.




















Söhbətləşdi: 
Cahangir NAMAZOV, 
Azərbaycan Jurnalistlər Birliyinin və 
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar