Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İnanılmaz, gözlənilməz görüş - Qarabağ dəftərindən

Tarix: 20-03-2022 21:42     Baxış: 3940 A- / A+
Keçmiş “naməlum döyüşçü” cəbhəyə anası ilə birgə Novruz sovqatı və bayram təbriki göndərmiş 28 il əvvəlin “baxça uşağı”nı çalışdığı kollektivdə “təsadüfən” necə tapdı?..

İndi unudulmaz tarixə çevrilmiş 2020-ci ilin oktyabrında bütün xalqımız kimi Sumqayıt “Liftservis” Birliyinin kollektivi də Azərbaycan Prezidenti, Ali Baş komandanımız İlham Əliyevin müdrik rəhbərliyi ilə Qarabağda böyük qələbə uğrunda vuruşan döyüşçülərimizə hər cür yardım göstərməyə çalışır, vaxtaşırı cəbhə bölgələrinə ərzaq, isti paltar, əlcək və s.-lə dolu bağlamalar göndərirdi. Sonsuz Vətən məhəbbətindən və qələbə əzmi ilə düşmən üzərinə qətiyyətlə yeriyən igid döyüşçülərimizə olan inam və sevgidən irəli gələn bu mühüm aksiyada kollektivin hər bir üzvü könüllü olaraq, böyük fəallıqla iştirak edirdi. 
Milli Ordumuzun mərd, cəsur döyüşçülərinin azğın düşmənlə çətin, ağır döyüşlərdə bir-birinin ardınca qazandığı qələbələr – Füzulinin, Cəbrayılın, Zəngilanın, Ağdamın... işğaldan azad edilməsi bütün xalqımızda böyük ruh yüksəkliyi yaradır, xalqla ölkə rəhbərliyinin birliyinin daha da möhkəmlənməsinə səbəb olurdu. Ali Baş komandana,  Qələbəyə inam o qədər böyük idi ki, kollektivin üzvləri evdə qabaqcadan hazırlayıb gətirdikləri ərzaq və pal-paltarla - əlcək, corab, qalın köynəklər və s.-lə yanaşı “Liftservis”in vətənpərvər direktoru Çümşüd İsmiyevin təklifi ilə ağac dəstəklərində əllə, böyük həvəslə hər rayonun işğaldan azad olunacağı günlər üçün “Füzuli”, “Qubadlı”, “Cəbrayıl”, “Ağdam”, “Zəngilan”, “Laçın”, “Kəlbəcər”, “Şuşa” sözləri yazdıqları üçrəngli bayraqlarımızı döyüşən Ordumuza göndərmək üçün hazırlayırdılar.  
Xalqımızda böyük ruh yüksəkliyinin olduğu, cəbhəyə yollamaq üçün ərzaq, paltar bağlamalarının komplektləşdirildiyi həmin günlərin birində keçmiş döyüşçü, birinci Qarabağ müharibəsi qazisi İsrafil İsmiyev söhbət əsnasında ötən dövrün 90-cı illərini yada salaraq demişdi ki, “bizim döyüşdüyümüz vaxtlarda da bizə bu cür bağlamalar gəlirdi, çörək, şirniyyat, dolma, qovurma ətlə, siqaretlə yanaşı ünvansız, lakin çox səmimi, qələbəyə, əsgərlərimizə inam dolu məktublar da alırdıq. Xüsusilə Novruz bayramı günlərində belə bağlamalar və məktublar çox gəlirdi. Məktublardakı inam və sevgi dolu sözlər bizi döyüşlərə, qələbəyə ruhlandırırdı...”
İş yoldaşına diqqətlə qulaq asan gənc dispetçer Xalidə Hacıyeva əlindəki işi bir anlığa saxlayıb, gülə-gülə demişdi ki:
İsrafil müəllim, mən də baxçada olarkən valideynlərimizin əsgərlər üçün hazırladıqları Novruz sovqatlarının göndərilməsinin “iştirakçısı” olmuşam.
İsrafil müəllim gülümsünərək qayıdır ki, “yox, Xalidə, sənin yadına gəlməz, sən o vaxt balaca uşaq olardın”. 
Niyə yadıma gəlmir ki, İsrafil müəllim? Düzdür, o vaxt mən 6 yaşına təzəcə keçmişdim, ancaq yadımdadır ki, valideynlərimiz həmin sovqatları baxçamızın, “Cücələrim” qrupunun adından göndərmişdilər.    
“Cücələrim” sözünü eşitcək keçmiş döyüşçü duruxub qaldı. Qulaqlarına inanmadı:
“Cücələrim” qrupu? Bu, sənin – 5-6 yaşlı uşağın dəqiq yadında qalıb? Səhv etmirsən?
Yox, İsrafil müəllim, dəqiq yadımdadır. Çünki o vaxtlar tərbiyəçilərimiz bizə xorla tez-tez “Cücələrim” mahnısını da oxudurdular. Biz uşaqlar o mahnını çox sevirdik və çox da həvəslə oxuyurduq...
Keçmiş döyüşçü nəsə kəşf edibmiş kimi mənalı-mənalı gülümsündü, lakin dünənki “baxça uşağına” daha heç bir söz demədi...  
Axşam işdən sonra evdə cəbhə arxivinə göz gəzdirib, neçə illər idi ki qoruyub-saxladığı “otkrıtka”ların üçündə “Cücələrim ansamblı” sözlərini görüb, fikrində yanılmadığını anladı. Səhərisi günü iş yerində onları Xalidəyə göstərəndə dilli-dilavər olan o qızın az qala nitqi tutulmuşdu. Artıq 5-6 yaşlı baxça uşağı yox, iki Universitet məzunu olan Xalidə məktubların birində anasının xəttini o dəqiqə tanımışdı. Məktubda yazılmışdı: “Əziz dost! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbik edirik! Sizə həyatda can sağlığı və cəbhədə qələbə arzulayırıq!  “Cücələrim” ansamblı.”
-  İsrafil müəllim, bunlar sizdə hardandır? Yoxsa, anamla göndərdiyimiz Novruz sovqatları və təbrik məktubumuz sizə çatıb? Nə yaxşı! Necə də inanılmazdır, - deyərək, sevinc hissi ilə kövrəlib, bir vaxtlar Vətən yolunda igidliklə vuruşmuş iş yoldaşının çiynini qucaqladı. Gözlərinə inana bilmirdi. O vaxtlar Sumqayıt Kimya zavodunun işçisi olan anası Məryəm xanımın öz xətti ilə yazdığı “Cücələrim” sözü olmasaydı, kim inanardı belə möcüzəyə - bəlkə də heç milyonda bir dəfə də rast gəlinməyən bu cür təsadüfə?       
Bəli, inandırıcı görünməsə də, 1992-ci ilin o çətin, həyəcanlı günlərində - birinci Qarabağ müharibəsi zamanı Novruz bayramı ərəfəsində cəbhəyə, döyüşçülərimizə ərzaq, isti pal-paltar bağlaması və bayram təbiki göndərilməsində anası ilə birlikdə “çalışan” baxça uşağı Xalidə 28 ildən sonra – 2020-ci ilin payızında Vətən müharibəsinin igid  döyüşçülərinə işlədiyi kollektivdə ərzaq bağlamaları hazırlayarkən təsadüfən, sevinc-fərəh içində öyrənmişdi ki, onun hələ uşaq ikən göndərdiyi məktub və bağlamanı alan əsgərlər onun iş yoldaşı, kollektivin sevimlisi olan İsrafil İsmiyev və onun döyüş dostları olub. 
 Keçmiş döyüşçü cəbhəyə həmin ağır günlərdə onlar üçün ərzaq və geyim-gecim göndərənlərə minnətdarlıq ifadə edərək deyir:
Gözləmədiyimiz halda arxa cəbhədən göndərilən məktub və sovqatları alanda hədsiz dərəcədə sevinir, döyüş ruhumuz artırdı. Çünki hiss edirdik ki, hərb meydanında tək deyilik, arxamızda qədirbilən xalqımız – ağsaqqallarımız, ana-bacılarımız dayanıb.  Bu, bizə əlavə güc, qüvvət verirdi. O zaman döyüşçülərimiz üçün göndərilənləri müharibənin o ağır şəraitində bizə çatdırmış mülki və hərbi poçt işçilərinin də xidməti unudulan deyil. Qaldı ki bizə göndərilmiş təbrik məktubları, o vaxt onları bir kənara atmağa əlimiz gəlmirdi (axı, onlarda bizim ana-bacıların əllərinin təması, istisi qalırdı) və onlardan üçünü mən o çətin günlərin yadigarı kimi özümlə götürmüş və aylarla, neçə il döyüş silahımla yanaşı gəzdirmişdim. Ancaq, düzü, nə vaxtsa o məktubları və sovqatları bizə göndərənlədən kiminləsə rastlaşacağımı - özü də məhz iş yerində - heç fikrimə də gətirə bilməzdim. Sən demə, onlardan biri neçə ildir ki mənimlə eyni müəssisədə, birgə çalışdığımız iş yoldaşım, “Cücələrim” baxçasının “yetirməsi” Xalidə xanım imiş. Bu, mənim üçün çox gözəl, xoş bir sürpriz oldu. Hələ də belə bir gözlənilməz görüşün olduğuna inana bilmirəm.
...1969-cu ilin 7 iyununda Kürdəmir rayonunun Xırdapay kəndində dünyaya gəlmiş İsrafil İsmiyev böyük qardaşı, idmanın boks növü ilə məşğul olan Cümşüd kimi idmana böyük maraq göstərmiş, güləşçi olmaq istəmişdi. İdmana olan böyük həvəsi ilə Azərbaycan Bədən Tərbiyəsi İnstitutuna (indiki İdman Akademiyasına) daxil olmuşdu. Lakin 1991-ci ilin sentyabrında erməni-daşnak tör-töküntülərinin daha da azğınlaşdığını, satqın rus hərbçilərinin köməyi ilə Qarabağda və onun ətrafında kənd və qəsəbələrimizə hücum edərək, dinc sakinləri qətlə yetirib, onların mal-mülkünü ələ keçirmələrinə, evlərinin vəhşicəsinə dağıdılıb-yandırılmalarına dözməyərək, təhsilini yarımçıq qoyub, könüllü olaraq yenicə formalaşmaqda olan Milli Ordu sıralarına qoşulur. Və 22 yaşlı gənc bir idmançı kimi xüsusi təyinatlılar dəstəsində hazırlıq keçərək, döyüşlərə atılır. Ağdam, Füzuli, Ağdərə, Cəbrayıl, Xocavənd, Laçın və Şuşa istiqamətlərindəki döyüşlərdə mərdliklə, igidliklə vuruşur, cəbhə yoldaşları ilə birgə düşmənə ağır zərbələr endirilməsində iştirak edir. 1992-ci ilin 5 iyununda (özünün Ad gününə iki gün qalmış) Ağdərənin alınması uğrunda gedən gərgin döyüşlərdə igidliklə vuruşub, düşmənə qan uddurur (o zaman hələ döyüş orden-medalları təsis edilmədiyindən İsrafilə və onun döyüşlərdə fərqlənmiş digər yoldaşlarının hər birinə o vaxtkı pulla 7000 manat mükafat da verilmişdi). Lakin bir müddət sonra düşmənin atdığı raket İsrafilin lap yaxınlığında partladığından kəllə-beyin travması alıb, səhra qospitalında ciddi müalicə keçməli olur. Ancaq müalicəsi tam başa çatmamış, həkimlərin qadağasına, etirazına baxmayaraq, “mən hələ o daşnak it uşağından qisasımı almamışam” deyərək, yenidən döyüşə yollanır və 1995-ci ilədək Orduda xidmətini davam etdirir. Tərxis edildikdən xeyli sonra başındakı ağrılar özünü yenidən göstərir və ona II qrup əlillik dərəcəsi verilir.
İsrafil İsmiyev birinci Qarabağ müharibəsi qazisi olsa da, 2020-ci ildə Vətən müharibəsi başlayanda yenidən könüllü olaraq döyüşə yollanmaq istəyi, lakin hərbi komissarlıqda yaşının 50-ni keçdiyini və II qrup əlil olduğunu xatırladaraq, “sən Vətənə olan borcunu layiqincə yerinə yetirmisən. İndi cavanlar döyüşür, hələlik sənə ehtiyac yoxdur, lazım olarsa, xəbər göndərərik” demişdilər. Ancaq xalqımızın 18-25 yaşlı və yaşca daha böyük oğulları Ali Baş Komandanımızın rəhbərliyi ilə düşmən ordusunu darmadağın dağıdaraq, tarixi qələbəmizi təmin etdilər və İsrafilin yenidən ordu sıralarına çağırılmasına ehtiyac olmadı.  
Artıq neçə ildir ki, Sumqayıt “Liftservis” Biliyində çalışan İsrafil İsmiyev işgüzarlığı, səmimiyyəti ilə kollektivin sevimlisinə çevrilib. Təvazökarlıqla bunu dilə gətirməsə də, son illər Birliyin şəhər sakinlərinə göstərdiyi lift xidmətinin genişlənməsində və keyfiyyətcə yüksəlməsində kollektivlə birgə onun da böyük rolu vardır. Xüsusilə məmnundur ki, lift xidmətindən çox razılıqla istifadə edənlər arasında onun üçün hər zaman əziz olan adamlar - Qarabağ müharibəsi iştirakçıları və qaziləri, yaşlı şəhid ata-anaları da vardır. Və artıq onların əvvəllər olduğu kimi liftlə bağlı heç bir problemləri yoxdur, mənzillərinə rahatlıqla qalxıb-düşə bilirlər. Problem yaranarsa belə, onun operativ olaraq aradan qaldırılması üçün Birliyin direktor müavini İsrafil İsmiyev və dispetçer Xalidə Hacıyeva bütün kollektivlə birgə həmişə hazırdırlar.  

Rəhman ORXAN,
Respublikanın Əməkdar jurnalisti.



















Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar