Noyabrın 26-da Soçidə keçirilən Rusiya və Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasındakı üçtərəfli görüşün ardınca Brüsseldə olduqca əhəmiyyətli hadisələr baş verdi. Belə ki, Soçi görüşündə razılığa gəlinən Zəngəzur dəhlizi ilə bağlı bəzi məqamlara Avropada Qərbin təşkilatçılığı ilə keçirilən görüşlərdə aydınlıq gəldi. Xüsusilə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında ilk dəfə gerçəkləşən ikitərəfli - təkbətək görüş Azərbaycan-Ermənistan, Ermənistan-Türkiyə münasibətlərinin yeni müstəvidə davam etməsi üçün imkanlar açdı. Çox güman ki, bu görüş əsnasında Paşinyan Azərbaycanla Türkiyənin əsl məqsədlərini məhz İlham Əliyevin dilindən eşitdi və bu açıqlamalar Ermənistan baş nazirini razı saldı.
Avropadakı dialoqun ən müsbət cəhəti məhz bu idi ki, lift diplomatiyası bağlı qapılar arxasında təkbətək masa arxası diplomatiya ilə əvəz edildi və rəsmi İrəvan Bakı ilə birbaşa təmasa keçdi. Bu görüşlərdən sonra bəyanatlardakı öhdəliklərini yerinə yetirməkdən başqa çıxış yolunun qalmadığını anlayan Paşinyan nəhayət özündə cəsarət tapıb qəti addımlar atmaqda israrlı kimi görünür. Onun elə dekabrın 20-də milli təhlükəsilik xidməti əməkdaşları ilə keçirdiyi görüşündə sülh prosesi mövzusuna toxunaraq qeyd etdiyi məsələlər deyilənlərin təsdiqidir. Paşinyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə və Brüsseldə keçirdiyi görüşlərdən sonra regionda sülhün bərqərar olması üçün "sülh gündəliyi"ni irəli aparmağın mümkünlüyünü düşünür. Baş nazirin fikrincə, regionda yeni dövr başlayır və Ermənistan höküməti bu dövrü sülh siyasəti dövrü olaraq elan edib.
Bir qədər keçmişə - Brüssel görüşündən əvvəlki tarixə nəzər salsaq görərik ki, Paşinyan müharibədən sonra bu qədər adekvat mövqe sərgiləmirdi. Lakin ötən gün Ermənistanda dərc olunan "Past" qəzetində Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında bu il daha bir görüşün keçiriləcəyi ilə bağlı iddiası deməyə əsas verir ki, ilin sonuna belə qısa bir zaman qaldığı bir müddətdə belə bir məlumatın yayılması çox güman ki, məhz Ermənistan iqtidarı tərəfindən bilərəkdən, düşünülmüş şəkildə sızdırılıb. Qəzet bu məlumatı "Xarici İşlər Nazirliyindəki mənbə"sinə istinad etsə də, bunun arxasında hökümətin sifarişinin dayandığı ehtimalı böyükdür.
Çünki artıq Paşinyan da zaman itirmək fikrində deyil. O, Brüssel səfərində Azərbaycan prezidenti ilə görüşdən sonra o zamana kimi israrla mümkünsüz olduğunu təkrar-təkrar qeyd etdiyi kommunikasiyalarla bağlı məsələdə Zəngəzurdan dəmiryolunun keçməsi məsələsində razılığa gəlindiyi ilə bağlı açıqlamasından sonra ölkəsində ciddi etirazlarla qarşılaşmadığını gördüyünə görə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində növbəti addımları atmaq üçün artıq özünü nisbətən daha ürəkli, daha hazır hesab edir. Elə bu səbəbdən də rəsmi İrəvan Azərbaycanla yenidən masa arxasına gəlmək barədə düşünür.
Bu dəfə Rusiyada nəzərdə tutulan görüşlərin qəzetin verdiyi məlumata görə, daha geniş tərkibdə keçiriləcəyi gözlənilir. İclasda dövlət başçılarından başqa, üçtərəfli komissiyanın üzvlərinin (baş nazirin müavinləri Aleksey Overçuk, Mher Qriqoryan və Şahin Mustafayev, müdafiə nazirliklərinin rəhbərləri və xarici işlər nazirləri iştirak edəcəklər - red) iştirak edəcəyini iddia edən erməni qəzetinin yazdığına inansaq, hələlik heç bir rəsmi məlumatın olmadığı görüşün keçiriləcəyi ilə bağlı bir-iki gün əvvəl açıqlanacaq. Əgər həqiqətən də deyildiyi kimi belə bir görüş planlaşdırılırsa, və həmin tarixə 5-6 gün vaxt qalıbsa, lakin ortalıqda hər hansı bir təqvim yoxdursa, demək ki, hələlik görüşlə bağlı bütün detallar aydınlaşdırılmayıb.
Görüşün əsas iki istiqaməti:
I. Son bəyanatlar, Ermənistan baş nazirinin səsləndirdiyi son açıqlamalara əsasən demək olar ki, Azərbaycan və Ermənistan hökümətləri bu dəfə artıq Rusiyada dəmiryolu və avtomobil yolu ilə bağlı əldə edilmiş razılıqları hüquqi müstəviyə keçirməyi planlaşdırırlar.
II. Prezident İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberqlə Brüsseldə baş tutan görüşü zamanı Zəngəzur dəhlizinin statusu ilə bağlı ona ünvanlanan suala dövlət başçısının "Ermənistan Zəngəzur dəhlizində Gömrük postu qurarsa, biz də eynisini Laçında tətbiq edəcəyik" açıqlamasından sonra Paşinyanın narahatlığı, məsələni Makron və Putinin öz aralarında aydınlaşdırmasına kimi gedib çıxmasını nəzərə alsaq, çox güman ki, bu görüşdə Laçın və Zəngəzur dəhlizlərinin hansı sistemlə fəaliyyət göstərəcəyi məsələsi də müzakirə ediləcək mövzulardan olacaq.
İlin sonuna planlaşdırılan bu görüş böyük ehtimalla Ermənistanın ərazi iddialarından əl çəkməsi, Azərbaycanın və Türkiyənin (Türkiyə ilə Ermənistan arasında təyyarə reyslərinin gerçəkləşməsi istiqamətində son hazırlıqların görüldüyünü, tərəflərin xüsusi nümayəndələr təyin etdiyini nəzərə alsaq Ankaranın münasibətlərin qurulması üçün irəli sürdüyü şərtləri qəbul edilə bilər. Belə ki, gerbdən Ağrı dağının ləğvi və soyqırım iddialarından imtina məsələsi də Ermənistan tərəfindən elan edilə bilər - red.) ərazi bütövlüyünü tanıması ilə tarixi hadisəyə çevrilə bilər. Nəzərə alsaq ki, Azərbaycan və Türkiyənin bu məsələdə mövqeyi eynidir, o zaman Paşinyandan ölkəsinin qonşu dövlətlərlə əlaqələrinin genişlənməsi, inkişafı üçün uzun illərdir davam edən düşmənçilik, kin-nifrət, işğalçılıq siyasətindən əl çəkmək istiqamətində ilk addımı gözləmək olar. Çünki bu zamana kimi - 44 günlük müharibədən də sonra rəsmi Bakı dəfələrlə İrəvana barışıq əli uzadıb. İndi bu əli sıxmaq qalır...milli.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar