Xəbər lenti
Qısa ömrün böyük akkordları - 29 yaşlı şəhidin həyat hekayəti
Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik müzəffər ordumuzun gücünə güc qatdı. Bu, işğal altındakı torpaqlarımızın azad edilməsi naminə xalqımızın Ali Baş Komandanın ətrafinda sıx birləşməsinin bariz ifadəsi, qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi idi.
Yaşından, cinsindən, milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı bu tarixi missiyaya layiqli töhfəsini verməklə müzəffər ordumuzun zəfər qazanmasına, düşmənin 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarımızdan qovulmasına dəstək nümayiş etdirdi. Kimisi canı və qanı, kimisi əqli və intellektual gücü, kimisi də mənəvi dəstəyi və gündəlik fəaliyyəti ilə tarixi qələbəmizi bir az da yaxınlaşdırdı.
Vətənin müdafiəsinə qalxan qəhrəman oğullardan biri də Əli Nağıyev idi. Onun Füzulidən başlayan döyüş yolu Cəbrayıldan, Hadrutdan və Xocavənddən keçib. Elə Qarabağ bölgəsinin dilbər guzələrindən olan Xocavənddə də şəhidlik zirvəsinə yüksəlib...
TANITIM
Nağıyev Əli Mehman oğlu 1991-ci il dekabrın 25-də Bakıda anadan olub. 2007-ci ildə Bakının Səbail rayonundakı 91 saylı orta məktəbin 9-cu sinfini bitirdikdən sonra “İyirminci sahə”dəki sürücülük məktəbində peşə təhsili alıb. 2010-cu ilin yanvarından 2011-ci ilin iyuluna qədər hərbi xidmətdə olub. Əsgəri xidmətini Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi yaxınlığında, Ergi düzündə - işğalçı ermənilərlə üzbəüz mövqelərdə keçib. Qumbaraatanla sərrast atəş açmağın sirrlərini öyrənib.
Füzulidən başlayan döyüş yolu...
Əli Nağıyev hərbi xidmətini başa çatdırdıqdan sonra Bakıda ictimai iaşə sektorunda çalışıb.Sonuncu iş yeri “Sapphir” mehmanxanalar qrupuna məxsus restoran olub. Təxminən,bir ilə yaxın müddətdə bu restoranda çalışan Əli ötən il sentyabrın 21-də hərbi təlimə çağırılıb. Ermənistanın təxribatına cavab olaraq başlanan döyüş əməliyyatlarına da buradan yollanıb. Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətindən ordumuzun zəfər yürüşünə qoşulub.
Şiddətli döyüşlərdə iştirak edən Əli imkan tapanda valideynləri ilə telefon əlaqəsi yaradırdı. Atası Mehman Nağıyev deyir: “Bir ay müddətində 5-6 dəfə zəng etdi. Həmişə də əhval-ruhiyyəsi yüksək olurdu. Deyirdi ki, hər şey əladır, ermənilər qaçır, biz də onları qovuruq... Məndən nigaran olmayın!”
...Xocavənddə tamamlandı
Cəbhənin ən qaynar nöqtələrində işğalçıları torpaqlarımızdan qovan müzəffər ordumuz bütün cəbhəboyu ərazilərdə olduğu kimi, Əli Nağıyevin döyüşdüyü Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd zonasında da hər gün yeni-yeni yaşayış məntəqələrini düşmən tapdağından təmizləyirdi. Xocavənd istiqamətində geri çəkilən düşmən qüvvələri itirdikləri mövqeləri yenidən ələ keçirmək üçün hiyləyə əl atsalar da, Azərbaycan ordusunun sərt müqaviməti ilə rastlaşır, qaçmağa məcbur olurdular. Əli döyüşçü dostları ilə birlikdə şücaətlə vuruşur, qumbaratanla düşmən hədəflərinə sərrast atəş açırdı. Oktyabrın 20-də belə qızğın döyüşlərin birində o, qəhrəmancasına şəhid oldu...
Füzuli. Səngər dostları ilə növbəti döyüş tapşırığından əvvəl
Əlinin şəhid olması xəbəri Nağıyevlər ailəsinə oktyabrın 22-də çatdırılıb. Mehman kişini işdən evə çağırıblar. “Evə gələndə gördüm ki, camaat bizim həyətə toplaşıb. Küçədə adam əlindən tərpənmək mümkün deyildi. Saat 17 radələrində Əlinin cənazəsini gətirdilər,” – şəhid atası həmin kədərli günü belə xatırlayır.
Əlinin döyüşçü yoldaşları onun şücaətlərindən danışıb, hansı şəraitdə şəhid olduğu barədə atasına məlumat veriblər. Bildiriblər ki, hərbçilərimiz Xocavənddə pusquya düşüblər, hətta əsir düşməmək üçün özlərini qumbara ilə partlatmaq niyyətində olublar. Pusqudan çıxa bilsələr də, düşmənin mərmi yağışına tuş gəliblər. Əlinin yaxınlığına minaatan mərmisi düşüb, igid əsgər ölümcül yara alıb.
Sevdiyi qızla bağlı anasına danışmışdı...
Nağıyevlər ailəsi əslən Ucar rayonunun Təzə Şilyan kəndindəndir. Əli uşaqlıqdan el-obaya, torpağa bağlı olub? ata-baba yurdunu çox sevirmiş, hətta gələcək həyat yoldaşını da buradan seçəcəkmiş... Bu barədə anasına deyibmiş...Müharibədən qalib kimi qayıdıb evlənmək arzusunda olub.
Əli Nağıyev qardaşı Qahirlə
Ailənin sevimli və qayğıkeş övladı kimi Əli anasını çox istəyirmiş... Hər dəfə maaşını alanda anası ilə mağazaya gedib, qazancını onunla birlikdə xərcləməyi xoşlayarmış.
Döyüş yoldaşları, müəllimləri, vaxtilə çalışdığı “Sapphir” mehmanxanalar qrupunun kollektivi şəhid Əli Nağıyevin ailəsi ilə müntəzəm əlaqə saxlayır, mənəvi dəstək göstərirlər.
Bu yaxınlarda Əlinin komandiri ailəyə baş çəkib, cəsatətli, mərd və qorxmaz oğul böyütdüklərinə görə valideynlərinə minnətdarlıq edib. Mehman kişi deyir: “Komandiri Əlidən çox danışdı, dedi ki, çox sakit və təbiyəli uşaq olub. Oğlumu Bayıl camaatındanda soruşsanız, hamı onun mədəni, tərbiyəlu oğlan olduğunu deyəcək. Çünki böyüyün-kiçiyin yolunu saxlayan uşaq idi. Onun siqaret çəkdiyini bilirdim, amma heç vaxt özündən böyüyün yanında çəkməyib. Əlinin yanında hansısa məhəllə uşağı digərinin xətinə dəyən bir söz deyərdisə, Əli onları barışdırardı, kiminsə incidilməsinə razı olmazdı”.
Şəhidlik zirvəsinə uzanan yol
Elə bu müsbət keyfiyyətləri ilə təhsil aldığı məktəbdə müəllimlərinin, çalışdığı iş yerlərində isə əmək kollektivinin rəğbətini qazanmışdı. Atası Mehman kişi 29 yaşında şəhidlik zirvəsinə ucalan oğlunun son iş yeri olan “Sapphir” mehmanxanalar qrupunun kollektivindən, şirkətin rəhbərliyindən razılığını ifadə edir: “İndi də gəlib-gedirlər, tez-tez əlaqə saxlayırlar. İki gün əvvəl şirkətin rəhbərliyi yenə də gəlmişdi, yardım gətirmişdilər. Əlinin şəhid olmasından 6 aydan çox keçməsinə baxmayaraq, onun maaşını hələ də verirlər”.
Əli Nağıyev Badamdarda Səbail rayon şəhidlərinin uyuduğu qəbiristanlıqda dəfn olunub. İndi orada 44 günlük müharibənin 11 şəhidi uyuyur. Bura təkcə şəhid ailələri üçün yox, həm də şəhidləri tanıyan və tanımayan hər kəs üçün müqəddəs ziyarətə çevrilib. Əlinin məktəbli dostları, müəllimləri, döyüş yoldaşları, müharibədən əvvəl birgə çalışdığı əmək kollektivləri də tez-tez buraya ziyarətə gəlir. Nağıyevlər üçün ən böyük təsəllidən biri də budur.
Dostlarına da Əli Nağıyevdən çoxlu xatirələr qaldı...
“Şükür edirəm ki, qanı yerdə qalmadı, ordumuz bütün şəhidlərimizin qanını artıqlaması ilə aldı. Həm də Əlinin müəllimlərinin, döyüşçü dostlarının, iş yoldaşlarının münasibətini görüncə... Nə deyim vallah?! Allah hamısına kömək olsun, bizi tək qoymurlar, dərdimizə şərik olurlar” – deyə, atası bildirir.
Xatırladaq ki, şəhid Əli Nağıyev Vətən müharibədə göstərdiyi rəşadətə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb. Medalların yaxın vaxtlarda ailəyə təqdim ediləcəyi gözlənilir.
Əli Nağıyev 91 saylı məktəbin yeganə şəhid məzunudur. Atası oxuduğu məktəbə Əlinin adının verilməsini çox arzulayır. Hətta bununla bağlı məktəbin direktoruna, Səbail Rayon İcra hakimiyyətinin başçısına da müraciət edib. Bu müraciətlər isə aidiyyəti üzrə yuxarı orqanlara göndərilib. Valideynləri bu müraciətlə bağlı müsbət qərarın veriləcəyini və şəhid Əli Nağıyevin adının əbədiləşdiriləcəyini səbrsizliklə gözləyir...
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Elxan SALAHOV
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar