Xəbər lenti
"İdmana ayrılan pullar məcburi köçkünlərə xərclənsin" -Deputatın təklifi
Milli Məclisin bu gün keçirilən iclasında gələn ilin büdcə zərfi ətrafında müzakirələr keçirilir.
Manevr.az-ın məlumatına görə, çıxış edən deputat Fərəc Quliyev bildirib ki, Azərbaycanda kommunal xidmət göstərən dövlət qurumlarının özəlləşdirilməsinə ehtiyac var.
O qeyd edib ki, bu müəssisələrin özəlləşdirilməsi dövlət büdcəsinin yükünü xeyli azaltmış olar: “İndi dövlət büdcəsindən həmin qurumlara vəsait ayrılır. Ancaq həmin müəssisələr özəlləşdirilsə, nəinki onlara pul ayrılmayacaq, hətta onlar özləri dövlət büdcəsinə vəsait verəcək”.
Deputat Qüdrət Həsənquliyev xaricə gedən tələbələrin sayının azlığından narahatlığını bildirib: “Çox təəssüf ki, Mikayıl Cabbarov təhsil naziri olandan sonra xaricə gedən tələbələrin sayını artırsa da, bu 3700 civarından çox deyil. Bu rəqəm belə azdır. Heydər Əliyevin vaxtı ilə keçmiş SSRİ ölkələrinə oxumağa göndərdiyi gənclər sonradan o ölkələrdə qalaraq diasporumuzu inkişaf etdirdilər, Azərbaycanın adını yüksəltdilər. Və yaxud əsrin əvvəlində Azərbaycanda Demokratik Cümhuriyyəti quranlar Rusiyada və Türkiyədə oxuyub gələn azərbaycanlılar olub. İndi də təklif edirəm ki, maliyyə çətinliyinə baxmayaraq ildə 100 istedadlı gəncin xaricdəki reytinqli ali məktəblərdə təhsil almasına şərait yaradılmalıdır”.
Q. Həsənquliyev onu da qeyd edib ki, təhsil sahəsində mütləq islahatlar aparılmalıdır: “İndi demək olar ki, böyük əksəriyyət repititor yanına gedir. Bu da o deməkdir ki, bizdə faktiki olaraq orta məktəb pulludur. Məncə, bu məsələyə bir aydınlıq gətirilsin ki, ali məktəblərə qəbul imtahanları ilə bağlı yığılan pullar kimlər tərəfindən ödəniləcək? Buna aydınlıq gətirilməlidir”.
Deputat hazırda 9 000 qəzalı mənzildə qaçqın və məcburi köçkün yaşadığını qeyd edib: "Bu, 45 000 nəfər deməkdir. Yaxşı olardı ki, idmana ayrılan pullar 2018-ci ilə saxlanılsın və həmin vəsait məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldilsin".
Deputat iclasda iştirak edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova sual da ünvanlayıb. O, Dövlət Neft Fondunun xaricdə saxladığı vəsaitdən ildə nə qədər gəlir əldə olunduğunu soruşub: " Yaxşı olmazdımı ki, həmin pullar bir hissəsi müsbət reytinqə malik bir neçə yerli banklarımızda saxlanılsın? Bizim banklar xaricdən 7 faizlik vəsait cəlb edir və bu vəsaiti 11, 16 və 22 faizlə sahibkara verir. Sahibkar burada nə qazanacaq? Düşünürəm xaricdəki o vəsaitlərin bir hissəsi ölkəyə gətirilməlidir ki, sahibkarların münasib şərtli kreditlərə çıxış imkanı olsun”.
Deputat Fəzail Ağamalı isə bildirib ki, maliyyə çatışmazlığı üzündən gələn il bir neçə səfirliyin bağlanılması gözlənilir. O qeyd edib ki, gələn ilin dövlət büdcəsindən Xarici İşlər Nazirliyinə 220 milyon manat vəsait ayrılıb: “Bu vəsait kifayət qədər azdır. Ancaq mənzil kommunal təsərrüfatı birliklərinə 300 milyon manat vəsait ayrılıb. Bizim üçün səfirliklər daha əsasdır, yoxsa mənzil kommunal təsərrüfat birlikləri? Bunu kim izah edə bilər?”. Deputat eyni zamanda rayonların ləğv olunmasını təklif edib. O qeyd edib ki, quberniya tipli çevik idarəçilik sisteminə keçilməlidir.
Deputat Qənirə Paşayeva diqqəti mənzil probleminə yönəldib. İpoteka kreditlərindən yararlanmanın kateqoriyaları olduğunu deyən millət vəkili qeyd edib ki, güzəştli kateqoriyalara müəllimlər də əlavə edilməlidir: “Bu gün ən ciddi məsələlərdən biri mənzil problemidir və dövlətin diqqət mərkəzindədir. İndiki halda müəllimlərin maaşları azdır. Biz müəllimləri güzəştli kateqoriyaya əlavə etməklə onlara dəstək ola bilərik. Bu, həmçinin gənclərin bu sahəyə marağını artırar”.
Q.Paşayeva gənclər üçün sosial mənzillərin tikilməsi layihəsini dəstəklədiyini bildirib.
Sənədsiz evlərin sənədləşməsi məsələsinə də toxunan deputat bu problemin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Bank sistemində vəziyyətə toxunan millət vəkili Zahid Oruc həmkarı Qüdrət Həsənquliyevin ARDNF-in vəsaitlərinin bir hissəsinin ölkəyə gətirilməsi ilə bağlı təklifini dəstəklədiyini deyib: “Bu gün problemli kreditə görə 200 min vətəndaş məhkəmə ilə üz-üzə qalıb və bu gərgin vəziyyət qalmaqdadır. Bank-maliyyə sisteminin ölkənin qan-damar sistemi olduğunu qəbul edirik. ARDNF-in vəsaitlərinin 1 milyard dolları ölkəyə gətirilməlidir. Elman Rüstəmov deyir ki, banklarımız bu vəsaiti uda bilməyəcək. Onda bu vəsait vətəndaşlara verilməlidir ki, kreditlərin qaytarılması mümkün olsun. Bizim millətdə belə bir düşüncə formalaşıb ki, manat sabitdirsə, vəziyyət yaxşılaşacaq. Buna görə də düşünürəm ki, maliyyə sabitliyinin təmin olunması üçün ciddi addımlar atılmalıdır. Manat sabitləşsə, əhali və investorlar saxladıqları pulları ortaya çıxaracaq. Bank sektoru sağlamlaşdırılmalıdır”.apa
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar