Xəbər lenti
100 yaşlı nənənin bunları etdiyinə heç kim inanmır -FOTOLAR
Hələ də yoqa ilə məşğul olan Böyük Britaniyalı Cin Douson (Jean Dowson) adlı qadının 100 yaşı var. Çöhrəsindən təbəssüm əskik olmayan Douson haqda yerli mətbuat geniş reportajlar verdikdən sonra ölkəsində yoqaya maraq birə-beş artıb.
Xanım Doyson yoqaya necə başladığını belə izah edib: “Mənim yoqaya girişməyimin çox sadə başlanğıcı olub. 67 yaşım var idi, revmatizmdən əziyyət çəkir, bədənimi arxamca güclə sürüyürdüm. Özümü bitib-tükənmiş, heç kimə lazım olmayan bir varlıq kimi hiss edirdim. Günlərin bir günü yaşadığım binanın elanlar lövhəsində yoqa təlimini öyrədən reklam gördüm. Maraq məni bürüdü. Adresi götürüb səhər tezdən həmin yerə getdim. Kristina Tayson adlı xanım məni xoş üzlə qarşılayaraq “yoqa heç bir yaşda gec deyil” deyib məni həvəsləndirdi. Dərhal paltarımı soyunub özümlə gətirdiyim idman formasını əynimə geydim və məşq edənlərin cərgəsinə qoşuldum. O gündən bir dəqiqə də olsun məşqlərə gecikmirəm”.
Cin Dousonun söylədiyinə görə, elə ağır bir xəstəliyi olmasa da, yaşla əlaqədar özündə bədən ağrıları, yorğunluq hiss edirmiş. Onu əsasən onurğa sütununda olan bir neçə fəqərə sümüyünün küt ağrıları narahat edib. Yoqaya başlayandan bir müddət sonra bədənindən həmin diskomfort çəkilib gedir.
Ömrünün 42 ildən çoxunu yoqaya həsr edən yoqa müəllimi Kristina Cin Dousonun təlimlərə olan həvəsi və davamiyyəti haqda bunları söyləyib: “Cin bizim ən yaşlı və fəal tələbəmizdi. Hər dəfə onun gəlişi zalda xoş ovqat yaradır, məşqlərimizə yeni qoşulanları yoqanın heyrətamiz gücünə bir daha inandırır. Madam Dousona baxanda həmişə düşünürəm, 100 yaşını haqlamış bir xanım həyat eşqi ilə necə də aşıb-daşır. Bir dəfə özünə zarafatla dedim, həftənin birinci günü səhər tezdən bir britaniyalının yataqdan qalxması möcüzə sayılır, o isə üstəlik, belə həvəslə təlimə gəlir. O, bütün təlimlərdə xüsusi aktivlik göstərir. Yaşlılar üçün nəzərdə tutulmuş qrupda olduğuna görə onu həftədə bir dəfə görürük. Ona görə Cin üçün həmişə darıxırıq. Sonsuz ruhi enerji və gümrah bədənə sahib olan bu qadın haqda düşünürəm ki, o, ömrünün ikinci yüzilliyini də beləcə yola salacaq”.
Yoqanın “Ayenqar” növü ilə məşğul olan Cin Douson təlimin ona bəxş etdiyi hislərdən söz açarkən belə deyib: “Yoqa həm bədənin, həm də ruhun müalicəsidi. Mən 1916-cı ildə Londonda doğulmuşam. Həyatda çox faciəli günlər yaşamışam. Atam öləndə kiçik qızcığaz olmuşam. Ailənin maddi problemlərinə görə anam məni uşaq evinə verib. Elə o vaxtdan yanıma çox az-az gələrdi. Bütün bunlara görə uşaqlıqdan əsəbi olmuşam. Hamı kimi mən də gündəlik qayğılar və stresslərlə yaşayaraq ömrümün 67 ilini geridə qoydum. Artıq illərdi ki, məşğul olduğum yoqa məndə üst-üstə yığılıb qalmış əsəb izlərini yava-yavaş yox etməyə başladı. Demək olar, hər ay yenidən doğulurdum. Tezliklə ruhi müvazinətim bərpa olundu. Məndə məğlubedilməz həyat eşqi yarandı. Möhkəmləndim, ümidlə doldum. Problemlərə həsr etdiyim gəncliyimi sanki geri qaytardım. Açıq hava məşqlərindən sonra təbiətlə daha yaxşı qaynayıb-qarışmağı bacardım. Mən indi çox rahat şəkildə heyvanla heyvan, ağacla ağac ola bilirəm. Ən yağışlı günlər də mənə işıqlı gəlir. Onurğa ağrılarım, revmatizmim duş altında yuyulan şampun kimi bədənimdən axıb getdi. Düşüncələrimi asanlıqla cəmləyə, yuxularımı çox rahat idarə edə bilirəm. Nifrət hissim yoxa çıxıb. İnsanları sevir, onlara yaxşılıq eləmək üçün fürsət axtarıram. Beş nəvəm, iki nəticəm var. Sevinirəm ki, bu dünyadan kamil bir insan nümunəsi kimi çıxıb gedəcəm”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar