Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zəngəzur-Göyçə şivələrində işlənən qarğışlarda qədim türk leksik qatı və onların linqvistik TƏHLİLİ

Tarix: 25-09-2016 20:06     Baxış: 2838 A- / A+
Zəngəzur-Göyçə şivələrində işlənən qarğışlarda qədim türk leksik qatı və  onların linqvistik


Azərbaycan dili dünya dilləri içərisində ən zəngin dillərdən biri hesab olunur. Əgər müəyyən bir dilin dəyişməyə məruz qalmadığını, istər dilin öz daxili imkanları hesabına, istər sərhəd qonşusu olduğu, istərsə də coğrafi baxımdan uzaq məsafədə yerləşən dillərdən söz mübadiləsi prosesinin baş vermədiyini düşünsək, təbii ki, səhv etmiş olarıq.

Çünki dil bir canlı orqanizm kimi daim təzələnir, həm məişət və elm sahəsindəki yeniliklər, həm də digər dövlətlərlə bağlanmış iqtisadi-siyasi, elmi-mədəni əlaqələr nəticəsində yeni leksik vahidlərin qəbulunu durmadan həyata keçirir. Elə bu baxımdan da dilin özünə xas olan milli sözlərin köhnəlməsi, arxaikləşməsi hadisəsi baş verir.

Hər bir xalq öz dilinin daşıyıcısı, qoruyucusu rolunu oynayır. Ancaq bir tərəfdən həyatımızda, istər məişət, istərsə də ictimai sahədə olsun, baş verən dəyişikliklər, bir tərəfdən o dövrün dil daşıyıcıları olan yaşlı nəslin dünyasını dəyişməsi və özləri ilə külli-miqdarda milli vahidi aparmaları, digər tərəfdən məişətimizə yeni, daha müasir predmetlərin yol tapması əski əşyalarla bərabər onları adlandıran vahidlərin də “qədim söz anbarına” verilməsinə səbəb olur. “ Əşyaların unudulması, qanunauyğun olaraq ona aid olan sözlərin də unudulmasına səbəb olur. Əşyaların taleyi sözlərin taleyini həll edir” (Çikobava). Qərbi Azərbaycan ərazisində yaranmış şifahi ədəbiyyat, aşıq şeiri unudulmuş və unudulmaqda olan belə nümunələrlə zəngindir. Bu proses heç də asan başa gələcək bir məsələ deyil. Çünki dil başqa dil ailəsinə aid olan xalqlardan söz alarkən çox mühafizəkar bir mövqe nümayiş etdirir. Bunun isə bir neçə səbəbi vardır:
a) dil konservativdir və dildə vətəndaşlıq qazana bilməyən alınma vahidi ya dilin öz lüğət fondu, ya da digər alınma ilə əvəz etməyə meyillidir;
b) digər dil ailəsinin əhatəsində olan dil yeni leksem yarada bilməsə də, köhnələrinin unudulmasına da yol vermir.
c) şifahi ədəbiyyat nümunələrində qorunmaqda olan leksemlər dilin qədim dövr mənzərəsini yaratmaqda böyük rol oynayır.

Nümunə üçün deyə bilərik ki, XIV əsr Dehli sultanlığında Bədr-əd-din İbrahim tərəfindən tərtib olunmuş çoxdilli (türk, fars, ərəb və yunan) lüğətdə əks olunmuş türkcə ilə XI əsrdə M.Kaşğarinin məşhur lüğətinin leksik tərkibi, demək olar ki, eyniyyət təşkil edir. Belə bir “qısqanclıq” dilin özünü müdafiəsindən irəli gəlir.
Ancaq vurğulayaq ki, bütün sadalanan hallarda itirən ancaq milli mədəniyyət və məişət olur. Bu “itirməklər” isə son nəticədə yeni nəslin öz kökündən, milli mədəniyyətindən uzaqlaşmasına, xalq mənəviyyatının daşıyıcısı kimi çıxış edən dildən, ədəbiyyatdan uzaqlaşmasına səbəb olur.
Digər narahatlıq doğuran cəhət isə Azərbaycan torpaqlarının böyük bir hissəsinin (Qərbi Azərbaycan və Dağlıq QArabağ) işğal altında olması, tarixən o ərazinin axtoxton əhalisi olan həmvətənlərimizin öz tarixi ata-baba torpaqlarından qovulması, ulu babalarımızın əli ilə yaradılmış tarixi abidə və bu abidələrin adlarını özündə yaşadan söz sərvəti daşıyıcılarımızın öz yurdlarından didərgin salınmasıdır.
Təbii ki, qədim zamanlardan Azərbaycanın qərb sərhədlərini öz canı, qanı bahasına qoruyan bu insanlar qərb bölgəsində yaranmış və ən təmiz azəri türkcəsində söylənmiş şifahi ədəbiyyatın ən mahir qoruyucuları hesab olunurlar. Böyük bir ərazini əhatə edən İrəvan mahalı (Zəngəzur-Göyçə mahalları ) da həm ağız ədəbiyyatının yaranması, həm də aşıq sənətinin inkişafına öz dəyərli töhfəsini vermişdir. Bu ərazidə yaranmış, ümumilikdə Azərbaycan şifahi xalq ədəbiyyatının təkibinə daxil olan nümunələr qədimliyi ilə fərqlənir. Süjet xəttinin sadəliyi onların daha erkən dövrlərdə yaranmasını söyləməyə əsas verir . Bunu söyləmək üçün ancaq tədqiqat zamanı əldə etdiyimiz “Çoyçrax canavarın nağılı” (“Əhmədin nağılı” da deyilir), “Tarıtın nağılı”, xalq içərisində çox geniş işlənən alqış və qarğışları göstərmək yetərlidir.
“Qarğış” leksik vahidinin etimologiyasını araşdırarkən maraqlı faktlarla qarşılaşırıq. Əvvəlcə, onu deyək ki, bu vahid Azərbaycanın qərb bölgələrində qismən fərqli fonetik tərkibdə “qarğış” və “qarğaşa” formasında işlənir: məs. Qan-qarğaşa sa:vı olduɳ.

Sözün hansı vahid əsasında yarandığını söyləmək çətindir. Lakin onun “kara//qara” və “qa//qu”-səs, dua sözləri əsasında yarandığını guman etmək olar. Leksem DLT-də də eyni mənada “karğa”-lənət etmək, “karğak”-qarğış, lənət, “karğaş”-bir-birinə lənət etmək fonetik tərkiblərində işlənmişdir.
Lüğətin I cildində belə bir nümunə öz əksini tapmışdır:
Karğış: qarğış, lənət. Tənqri karğışı anınq üzə=tanrını lənəti onun üstünə olsun. (DLT.I c. S.449)
Demək lazımdır ki, şifahi xalq ədəbiyyatının çox qədim janrlarından olan qarğışlar məişətimizdə daha geniş işlənməkdədir. Ancaq müasir türk insanının söylədiyi qarğış-bəddualar qədim türk insanının söylədiyinin eyni deyil. Qədimdə deyilən belə ifadələr leksik tərkibcə sadə, ifadə formasına görə qafiyəli və təbiət qüvvələrinə istinad faizinin çoxluğuna görə fərqlənir. Tədqiqat göstərir ki, qarğışlar dilin ən erkən dövrlərində, yəni insanın tapındığı Tanrının özünə oxşadığını, həqiqətən də onun səhər tezdən gjündoğanda oturub onları müşahidə edən bir “tan eri//dan əri” olduğunu düşündüyü zamanlarda yaranmışdır. Hətta qərb torpaqlaımızda yaşayan insanların leksikonunda elə ifadələrə rast gəlirik ki, sanki Tanrıya deyil də, iki şəxsin bir-biri ilə müsahibəsinə, birinin digərini məzəmmət etməsinə şahid oluruq. Azərbaycanın qərb bölgəsində, eləcə də Qərbi Azəbaycanda yaşamış bir ağbirçək baş tutmayan arzularının hesabatı kimi hətta “Tanrıdan cavab tələb eləmək iqtidarındadır”. Bunlar isə əski inancların təzahürü kimi meydana çıxır.
Qarğışları üç qrupda cəmləşdirmək olar: a) təbiət hadisələrinin cəzalandırıcı qüvvə rolunu oynadığı qisim; b) Tanrının (tan eri//dan əri, adamı) bütün gücü ilə təcəssüm olunduğu və edilən günahlara müqabil cəzalandırıcı missiyasının qəbul olunduğu qisim; c) islam dininin qəbulundan sonrakı dövrdə yaranan və bir olan Allahın adı ilə bağlı yaranmış qisim.
Birinci qismə aid edilən kəlamlarda adından da göründüyü kimi aparıcı və hökmverici qüvvə təbiətdir. Deməli, bunlar, K. Marksın dediyi kimi, bəşəriyyətin uşaqlıq dövrünün, ibtidai dövrün məhsuludur. İbtidai insan qarşısında aciz qaldığı təbii qüvvəni “apa//baba” adlandırdığı dövrdür. Dağıdıcı külək, yandıran od, donduran şaxta, onu bar-bəhəri ilə qidalandıran torpaq, bir sözlə, sirrini, səbəbini anlamadığı hər əşya və hadisə onun üçün əlçatmaz və müqəddəsdir. Həm də onu qeyd edək ki, türk dillərində, ümumiyyətlə bütün dillərdə, qarğışların miqdarı çox, ifadə forması zəngin, işlənmə məqamı isə daha genişdir.
İlk öncə təbii hadisə və bəzi ayinlərdə izləri qorunan adətlərlə əlaqədar yaranmış qarğışlardan bəhs etmək məqsədəuyğundur.

“İldırımın qabağında get” və ya “Səni ildırım vursun” ; “Daşıɳ atılsın”, “Yurddan yelə dön” və ya “Ağır-əzvər yurduɳnan yelə dön”; “Quşlar ətiɳnən ət aparsın”, “Qanıɳa qarğalar uyuşsun (üşüşsün)”, “Üzüɳə gün doğmasın”, “Baxtıɳa gün doğmasın, hey”, “Çər//çor dəysin saɳa” və s.
Nümunələrdən də göründüyü kimi bu nümunələr ən qədim zamanlara aiddir. Bunu ifadələrdə əksini tapmış hadisələr də sübut edir. Belə ki, ilk iki bəddua qədim insanın ildırımı dağıdıcı, cəzalandırıcı qüvvə hesab etdiyi dövrdə yaranmışdır. Doğrudur, qədimdə ildırım vurması halları baş vermiş, vurulan insanın pis və eybəcər hala düşməsi insanları belə düşünməyə vadar etmişdir. Bu qorxu isə getdikcə ildırımın müqəddəsləşməsi və etiqad, and yeri olmasını şərtləndirmişdir.
“Daşıɳ atılsın” ifadəsi çox qədim “Daş yuma” mərasimi ilə bağlı yaranmışdır. Düzdür, bu ifadəni islam dini ilə əlaqələndirmək meyylləri də ola bilər. Çünki orada da dünyasını dəyişən insanın cənazəsi qaldırılandan sonra yerinə daş qoyulur. Fikrimizcə, belə bir əlaqəni düşünmək sadəlövhlük olardı. Ancaq yuxarıda adı çəkilən mərasim tarixən türklər arasında mövcud olmuş , elin şahidliyi ilə yuyulan daşın atılması isə kiminsə elindən, evindən qovulması, dərbədər salınmasına işarə idi. Şübhəsiz ki, bir qəbilənin digər qəbiləyə hücumu zamanı bu hadisələr kütləvi xarakter alırdı. Deməli, bu ifadənin yaşı minillərlə ölçülməlidir.
“Yurddan yelə dön” və ya “Ağır-əzvər yurduɳnan yelə dön” kimi ifadələr də təbiət hadisəsi küləklə əlaqədar yaranmışdır. Burada küləyin hər şeyi süpürüb aparması xüsusiyyəti əsas götürülmüşdür, insanlar bir kəsə uzun-uzadı nifrinlər yağdırmaq əvəzinə qısa və lakonik ifadə ilə fikirlərini çatdırmışlar. Unutmaq olmaz ki, külək, yel kultu qədim insanın müqəddəsləşdirib , “ata, baba” adlandırdığı anlayışlardandır: Ay Yel baba, Yel baba. Qurban sənə, gəl, baba (xırman sovurularkən oxunan mahnı).
“Quşlar ətiɳnən ət aparsın”, “Qanıɳa qarğalar uyuşsun (üşüşsün)”. Bunlar tədqiqat zamanı əldə etdiyimiz ən maraqlı bəddualardanır. Çünki həm əks olunan situasiya, həm də onların ifadə etdiyi mənalar çox qədim dövrlə, bəlkə də hələ Zərdüştlük dininin mövcud olduğu dövrlə səsləşir. I qarğış sırf atəşpərəstlik zamanının dəfn adətlərilə üst-üstə düşür. Çünki zərdüştlikdə insan dəfn olunmur, üstüaçıq binalarda yerləşdirilir və sözün həqiqi mənasında, “quşlar ətindən ət aparırdılar”. Belə demək olar ki, bu deyim insana yönəlmiş ən qatı bəddualardan biridir.
II nümunə də həmin mənanı daşıyır. Lakin burada maraq doğuran cəhət qarğışı təşkil edən komponentlərin düzülüşü və ifadə formasıdır. Nümunələrdən də göründüyü kimi göstərilən və gətiriləcək digər nümunələrin əksəriyyiti üçün daxili qafiyələnmənin olması səciyyəvidir. Göründüyü kimi y-y, q-q, ə-ə, g-g, b-b və başqa səslərin ritmi özünü göstərir. Müasir dövrə qədər gəlmiş bu ifadədə “uyuşsun” ifadəsi işlənir. Ancaq zənnimizcə, tarixən burada əksini tapmış vahid “üş꞊üşüşmək, yığışmaq” leksemidir. Bu ifadəyə M.Kaşğarinin məşhur divanının bir neçə yerində rast gəlirik: ətməkgə təlim kişi üşdi=xalq çörəyə üşüşdü, adamlar çörək üçün toplaşdı (1.219).

“Ana abidəmiz” KDQ-də bu mənzərənin şahidi oluruq. “Dirsə xan oğlu Buğac boyu”nda, həqiqətən, qarğalar yaralanmış Buğacın yerə tökülmüş qanı üzərinə qonmaq istəsələr də, igidin atı buna imkan vermir. Bu deyimdə, məhz həmin mənzərə nəzərdə tutulur. Bu səpkidə olan qarğışlar, şübhəsiz ki, eyni inkişaf dövrü keçmiş digər türk xalqlarında da vardır.
İkinci qismə aid etdiyimiz ifadələrdə əsas ibadət və güvənc obyekti rolunu, qədim türklərin dediyi kimi, Teɳri/Tanrı oynayır. O, qüdrətlidir və səmada yaşayır. Tanrı özündə insanın bir sıra xüsusiyyətlərini cəmləşdirmişdir. Bunu ona verilən “taɳ eri/dan əri” adı da təsdiq edir. Deməli o, laməkan deyil, bəlli bir ünvanı var-göydə yaşayır. “Ər”-insan adlandırıldığı üçün insana xas olan xarici görünüşə malikdir. O uluğ=apa=bayat=tanrıdır. Bütün göstərilən əzəmətilə hər bir işə qadirdir. Bu tip deyimlərdə o gah “Tanrı”, gah da “Yaradan” kimi təqdim olunur. Nümunələrə nəzər yetirək: “Tanrı alnıɳa qara qada yazsın”, “Tanrıɳ daş yağdırsın”, ”Tanrıɳ qara boyansın”, “Səni görən Tanrının gözü tökülsün”, “Yaradanıɳ qara geysin”, “Tanrıɳ qara boyaxlı qalsın”, “Tanrı zavalına gəl”, “Tanrı, gözüɳ tökülsün”, “ Yaradanıɳ tökülsün”, “Qarnıɳnan çıxsın qada, Tanrıɳ yetməsin dada” “Baxt yazan Tanrının qələmi sınsın” və s.
Verilmiş nümunələrin məzmunundan Tanrıya müxtəlif aspektlərdən yanaşmanın şahidi oluruq və bu baxımından yuxarıdakı nümunələri bir neçə yerə bölmək mümkündür:

• Tanrı cəza verəndir;
• Tanrı insan xüsusiyyətlərinin daşıyıcısıdır;
• Tanrı qınaq obyekti və müsahibdir.


“Tanrı alnıɳa qara qada yazsın”, “Tanrıɳ daş yağdırsın”, “Tanrı zavalına gəl”, “Qarnıɳnan çıxsın qada, Tanrıɳ yetməsin dada” və s. Göründüyü kimi örnəklər (1) bölməsinə aiddir. Burada Tanrı bütün ehtişamı ilə canlandırılır. O, fövqəlgüc sahibidir, edilmiş günahları görür və cəzalandırır.
(2) bölümündə o, insan xüsusiyyətlərini özündə təcəssüm etdirir. Qədim türk öz tanrısını qəzəblənəndə qara geyimdə- “Yaradanıɳ qara geysin”; hər şeyi dağıdan - “ Yaradanıɳ tökülsün”, “Tanrıɳ qara boyaxlı qalsın” kimi təsəvvür edir. Qədim türkə görə Tanrı zahirən insana bənzəyir. Əsəbləşir, dağıdır, lazım olanda “hoya yetir”.
Ancaq onun da Tanrıdan soruşacaqları, umacaqları, hətta yeri düşəndə onu məzəmmət etmək məqamları da olur. (3) bölümü bu tip bədduaları nəzərdə tutur: “Baxt yazan Tanrının qələmi sınsın”, “Səni görən Tanrının gözü tökülsün”, “Hamını görən Tanrı səni görmürmü?”, “Tanrı, sənin altında nə günah işləmişəm” və s. Göründüyü kimi qədim insan öz Tanrısını əlində qələm tutan, bəzən də insanla üzbəsurət durub söhbət edən bir varlıq kimi təsəvvür edir. Deməli, qədim türklər “Tanrı” anlayışını insan gücündən, insan şüurundan kənarda təsəvvür etmir. Elə ona görə də onu “dan, gündoğan adamı” adlandırırlar.


Nailə Mirzəyeva,
filologiya üzrə fəlsəfə doktoru

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar