Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

XATİRƏLƏR XƏZİNƏSİ - “Bərgüşad” – 80”

Tarix: 08-07-2018 13:48     Baxış: 4403 A- / A+
XATİRƏLƏR XƏZİNƏSİ

“Bərgüşad” – 80” kitabı ötən günlərin canlı salnaməsini üzə çıxaran gözəl bir kitabdır. Vaxtilə adi rayon qəzeti adlandırdığımız mətbuat orqanının səhifələrində nələr yox imiş, ilahi! Bu kitab Qubadlının 80 illik tarixinin, iqtisadiyyatının, ictimai və mədəni həyatınının, təhsilin, səhiyyənin, mədəniyyətin, insanların gündəlik qayğılarının, sayılıb-seçilən yaradıcı insanların düşüncə tərzinin, yaradıcılıq təxəyyülünün aynasıdır elə bil. Bu kitabda o qədər maraqlı fakt, informasiya var ki, onlara istinadən neçə-neçə sanballı tədqiqat əsəri yazmaq olar.

Bu yaxınlarda AMEA-da mənim də uzun illərdən bəri üzvü olduğum Dissertasiya Şurasının iclası idi. Dostumuz Ayaz Vəfalının qızı Sevinc Heydərova “Azərbaycan ədəbi-nəzəri fikrinin inkişafında “Ədəbiyyat və incəsənət” qəzetinin rolu (1960-1970-ci illər)” mövzusunda fəlsəfə doktorligu dissertasiyası müdafiə eləyirdi. Onun elmi rəhbəri, mənim aspirant dostum, akademik Rəfael Hüseynov çıxışının bir yerində heç gözləmədiyimiz halda Qubadlı, “Bərgüşad” – 80” kitabı haqqında danışdı, onun məziyyətlərindən söhbət açdı və dedi ki, nəinki “Ədəbiyyat və incəsənət” qəzetinə, hətta bu və buna bənzər kitablara istinadən də dissertasiya yazmaq olar. O mənada ki, “Avanqard” (“Bərəgüşad”) qəzetinin səhifələrində vaxtilə ilk yazılarını çap elətdirən insanlar indi ədəbi prosesin, elmi ictimaiyyətin sayılıb-seçilən nümayəndələridir.
Dissertasiya Şurasının üzvləri adından çıxış edərkən tədqiqat işinin məziyyətlərindən danışmaqla bərabər, dediyi xoş sözlərə görə alim dostum Rəfail müəllimə minnətdarlığımı bildirdim, o illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru işləyən görkəmli şair, ədəbiyyatşünas, Dövlət mükafatı Laureatı Qasım Qasımzadənin Qubadlıya gəlməsindən, birlikdə Xocamsaxlıya getməmizdən, onun ilk qələm təcrübələrim haqda öz fikirlərini söyləyib dəyərli məsləhətlər verməsindən, Ayaz Vəfalı kimi istedadlı gəncləri o vaxt işə götürməsindən danışdım. Qürur duydum ki, mətbuatımıza yeni həyat vermək baxımından da birincilər sırasındayıq...
Doğrudan da, nəfis tərtibatla nəşr olunan “Bərgüşad” – 80” kitabı çox dəyərli bir elmi qaynaqdır. Bu kitabı vərəqləyəndə rayonumuz və onun dəyərli insanları haqqında təsəvvürüm əhəmiyyətli dərəcədə zənginləşdi. Sən demə Qubadlının yetişdirmələrinin böyük əksəriyyətinin yolu bu qəzetin səhifələrindən keçibmiş.

XATİRƏLƏR XƏZİNƏSİ

“Avanqard” qəzetinin 17 iyun 1943-cü il tarixli nömrəsində əmim, əfsanəvi qəhrəman, görkəmli ictimai xadim Mirağa Əliyev haqqında “Can şirindir, vətən ondan da şirindir” adlı məqaləni, onun 1944-cü ildə rayon zəhmətkeşlərinə ünvanladıgı “Cəbhədən məktub” yazısını (“Avanqard”, 10 fevral 1944, №4) oxuyanda və əmimin hərbi geyimdə şəklini qəzetin həmin səhifəsində görəndə çox qürurlandım. Etiraf edim ki, indiyəcən nə bu yazılardan, nə də İdris İbrahimov adlı bir həmyerlimizin Mirağa müəllimə həsr etdiyi və “Avanqard”ın 1 noyabr 1943-cü il tarixli nömrəsində dərc olunan “Zərbəni sən bir də vur” adlı bu şeirindən xəbərim var idi:

Qəlb evimin bağçasında ucaltmışam heykəlini,
Elin, yurdun şərəfisən, gəl bir sıxım mən əlini!
Qalibiyyət səslərindən şair sinəm cuşa gəldi...
Ayna üzlü ülkər kimi gülümsəyir körpə balan,
Qan çanağı yağılardan qılıncıyla qisas alan
Bir atanın övladında bu əzəmət, bu vüqarı
Görüncə mən rəqsə gəlir xəyalımın qanadları.
Hələ atan – gənc ömrünün bağçasında qoca bağban
Eşidincə xoş xəbərlər şir ürəkli oğulundan,
Gülüş qonur yanağına, tarixdə min cəlalı var,
Qalib hünər qarşısında qamətini əyir dağlar.
Budur, gəlin libasını geyib gəldi sevgilin də,
Yollarına göz dikərək ayrılıgin hər ilində
Arxa adlı cəbhəmizin bu yorulmaz qəhrəmanı,
Böyük əmək ustasıdır, çox ucadır adı-sanı.
Həsrət sözü yaddır ona hicran deyil bu ayrılıq,
Saf eşqınin ilk nübarı alqışlayır səni artıq.
Koroğlunu sal yadına, qoç oğulsan, qoç kimi dur,
Qoyma düşmən ayaq ala, zərbəni sən bir daha vur!


Bu şeirdə o dövrün ab-havası var. Kimliyini bilməsəm də, bundan başqa digər bir yazısını oxumasam belə hiss olunur ki, İdris İbrahimov yaradıcı təxəyyül sahibi olmuşdur. Şerdə bəzi dil-ifadə qüsurlarına rast gəlsək də, “Qalibiyyət səslərindən şair sinəm cuşa gəldi” sətrini tamamlayan qafiyəli misra olmasa belə, “Qəlb evimin bağçasında ucaltmışam heykəlini”, “Ayna üzlü ülkər kimi gülümsəyir körpə balan”, “Qalib hünər qarşısında qamətini əyir dağlar”, “rəqsə gəlir xəyalımın qanadları”, “gülüş qonur yanağına” və sair bu kimi misralar, ifadələr göstərir ki, İdris İbrahimov istedadlı bir insan olmuşdur.
Ən maraqlı cəhət bu şeirdə lakonik cizgilərlə dörd insanın – Mirağa Əliyevin, atası Seyidəlinin, indi professor olan qızı Fikriyyənin, həyat yoldaşı, ali təhsilli kimya müəllim Sima xanımın obrazının yaradılması ilə əlaqəlidir. Doğrudur, şeirdə bu adlar çəkilmir, ancaq prototiplərin kimliyi mənə gün kimi aydındır.
Mən burada bir nəfərdən söhbət açdım, ancaq kitabda neçə-neçə ləyaqətli Qubadlı övladının taleyini izləmək mümkündür... Məhz bu baxımdan “Bərgüşad” -80” təkcə bir qəzetin yox, əslində Azərbaycanımızın ayrılmaz bir parçası olan bir el-obanın aynası, onun taleyinin salnaməsi, tarixidir. Qubadlı torpağının, onun maddi və mənəvi abidələrinin düşmən tapdağı altında olması faktı bu kitabın dəyərini birə on artırır. Yeni nəsli təmsil edən oxucular bu toplunu vərəqlədikcə kimliklərini, nələri itirdiklərini və nələri düşməndən nə yolla olur-olsun geri almaq zərurətini dərk edəcəklər...
Bu kitab xərcləndikcə tükənməyən, dəyəri artan xatirələr xəzinəsidi...

Rafiq Yusifoğlu,
Əməkdar mədəniyyət işçisi, şair,
filologiya elmləri doktoru, professor.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar