Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mehmet Taşarın "Dəniz"i (hekayə)

Tarix: 26-06-2018 11:14     Baxış: 21 103 A- / A+
Dilçi - alim Nailə Mirzəyeva Türkiyədə yaşayan yazıçı, "Yaşam sanat" jurnalının naşiri Mehmet TAŞARIN "DƏNİZ" adlı hekayəsini dilimizə uyğunlaşdırmışdır.

Manevr.az həmin hekayəni oxucularına təqdim edir:

Mehmet Taşarın "Dəniz"i


"DƏNİZ" (hekayə)

Yeni tikilmiş istilik elektrik stansiyasının və Botaşın "işğalından" canını qurtara bilmiş kəndin yaxınlığında saxladı maşını, pəncərənin şüsəsini endirdi. Dənizdən əsən yelin gətirdiyi duzlu nəm hava yaladı üzü - gözünü. Sahil boyu uzanan kələ-kötür yol dənizə dayaqlanmış dağların ardında gözdən itirdi. Yol boyu salınmış balıqçı restoranları yaz mövsümünün gəlməsi səbəbilə səssizliyə bürünmüşdü. Bu mənzərə insanda tənhalıq, təklik duyğusu oyadırdı. Birdən elə araba ilə dəniz sahilinə uçmaq keçdi könlündən. Ayağını əyləcdən çəkməsi bəs edərdi bunun üçün. Amma etmədi bunu, özünü toplayıb dayandı. Sürəti artırıb sahilə doğru irəlilədi. Balıqçı restoranlarından birinin yanında saxladı maşını. Artıq yaşlı bədənini güclə gəzdirən ayaqlarına dayaqlanaraq güclə maşından çıxdı, üzü sahilə doğru addımladı. Sahilə enən dar cığır bitdikdən sonra yaxınlıqdakı qayanın üstündə oturdu. Gözlərindən axan yaş dayanmaq bilmirdi. Dənizdən əsən meh göz yaşlarını üzünə yayırdı. Sanki uzaqlarda kim isə onun ürəyinə toxunan türkü söyləyirdi.
"Dənizin üstündə ala bulud" Başını qaldırdı. Həqiqətən, səmadakı buludlar ala idi. Ağ buludların tən ortasında ağappaq geyimli Dəniz qollarını açaraq onu gözləyirdi....
Mahnı hələ də qulaqlarında səslənməkdə idi:
"Dibində mavi yosun..."
Nə dənizin üzünə, nə də dibinə baxmağa halı yox idi. Ala buludlar arasında qollarını açıb onu gözləyən Dənizdə idi fikri.
"Sahildə bir çılpaq adam Durub düçünməkdədir"
"Nəyi düşünəcəm, qızım? Mənim nəyisə düşünəcək halım qaldımı?"
"Buludmu olsam yaxşıdır?
Bəlkə gəmi olum...
Bəs, balıq olsam necə?
Yoxsa dəniz olum?"
Boğazı tutuldu sanki, sızıltını andıran boğuq səslə bircə kəlmə qopdu dodaqlarından: "Dəniz..."

***
Günorta idi. Rəis son sənədləri imzalayırdı. "Məmur bəy, sizi soruşurlar.. İkinci xətdə".
Dəstəyi qaldırdıqda xəttin o başından ağlar bir səs " Ata" dedi. Udqundu. Əvvəl səsin kimə aid olduğunu aydınlaşdırmağa çalışdı. "Ata" dediyinə görə oğlu olmalıydı. Ürəyi sıxıldı. Ürəyinin sürətli döyüntüsü qulaqlarında əks - səda verdi. Oğlunun uşaqlıqdan bəri ağladığını görməmişdi. O, qəza keçirəndə, xərçəng üzündən qırtlağı götürüləndə belə ağlamamışdı oğlu. Baxışlarından kədər yağsa da, öz həkim soyuqqanlılığını saxlaya bilmişdi...
"Oğlum, xeyirdimi?" soruşdu xırıltılı səslə.
Oğlu İstanbulda anasıyla yaşayırdı. Həkim idi. Ancaq oğlunun hələ də ailə qurmaması onu narahat edirdi. "Bəlkə anasına nəysə olub?" düşündü.
- Ata, biz Adanaya gəlirik.
- Nə baş verib, oğlum?
- Dəniz, ata...
"Dəniz" adını eşidəndə bir az rahatlandı. Amma Dəniz sərhədin o üzündə
idi. Anasının hədsiz tələb və istəkləri üzündən elmi iş üçün xarıcə getmişdi.
- Dənizmi?
- Hə, ata. Bir həftəydi burda idi. Özümüz sənə demədik ki, sürpriz olsun.
Xırıltılar içindən əsəbi bir bağırtı qopdu sinəsindən:
- Nə olub Dənizə?
- Dəniz öldü, ata..!
Kresloya yıxılıb qaldı. Telefonun dəstəyi əlindən düşdü. Rəis, orada işləyən işçilər şüşə arakəsmənin o üzündən onları izləyirdi. Onun yıxıldığını görənlər
köməyə tələsdilər. Dəstəyin o başından "ata... ata.." deyə səs gəlirdi. Rəis dəstəyi götürüb:
- Narahat olmayın, yanındayıq. Nə baş verib?
- Atama kömək edin. Cənazəmiz var. Sabah tezdən orada olacağıq,-dedi xəttin o başındakı səs.
Bir az sonra özünə gəlincə ətrafina toplaşanları soyuq baxışlarla süzdü. Rəis və onun özünə təhkim edilmiş köməkçi qoluna girərək onu kreslodan
qaldırdılar. Bir-birinin ardınca "Başınız sağ olsun, məmur bəy" kəlmələri səsləndi. Heç kəsin üzünə baxmadan "Məni kəndimizə aparın" dedi.

***

Həyatda çox şeylərə şahid olmuş, çox çətinliklər görmüşdü. Hər zaman ölümün bir addımlığında olmuşdu. Gözlərinin önündə şəhid olan əsgərlər, gənclik illərində qaragüruhçuların gülləsi ilə öldürülən yoldaşları... Anadoluda tibbin hələ də müalicəsi önündə aciz qaldığı cüzamlı xəstələrin parça-parça qopub tökülən bədənləri, kasıblıq üzündən xəstəlik tapıb sürünərək yaşayanlar... işgəncələr, daha nələr...nələr...
Ancaq o ölümlərin heç biri ona bu qədər yaxın olmamışdı, onu bu qədər üzməmişdi. İndi o, ölümü bütün ruhuyla, qəlbiylə hiss edirdi. Deməli, başqalarına qarşı nə qədər həssas olursan ol, öz canına düşən atəşin yanğısı başqa olur. Ayaqları uyuşurdu. Sərin bahar mehinin gətirdiyi şəbnəmi xatırladan duzlu göz yaşları içərisindən dənizə baxdı. Məzarlıqda etdiyi duanı xatırladı:"Allahım, yapışacağım həyat ağacım qurudu. Məni də yanına al."
Ürəyini arvadına açmazdı. Oğlu ilə qızı da çox uzaqda idilər. Uzaqdan -uzağa da olsa yaşadıqlarını, sağ-salamat olduqlarını bilmək, öz yollarını özləri çizsələr belə, arabir səslərini eşitmək istəyirdi. Artıq son işi ömrünün nə vaxt bitəcəyini gözləmək idi...
- Salam, ata!
Orta yaşlı adam qayığını sahilə çəkmişdi. Uzun çəkmələri islanmışdı. Başında toxunma, qulaqlı papaq, əlindəki paketdə yeni tutduğu balıqlar vardı. Dəniz kənarında tənha oturmuş adamı xeyli süzmüşdü. Sonra Mərdana yaxınlaşıb, salam vermişdi. Yəqin ki, özü səslənməsəydi, burada kiminsə olduğunu hiss etməyəcəkdi ixtiyar. Qoca başını çevirib eyni dalğınlıqla baxdı gələn adama.
- Dəniz ölərmi, oğlum?- soruşdu qeyri - ixtiyari.
- Dəniz ölməz, Mərdan ata, - deyərək yanına gəldi balıqçı. Onun sualını tam
başa düşmədi də. Qocanın qoluna girib:
- Hava sərindi, ata. Burda uzun müddət otursan, xəstələnərsən. Yuxarı çıxaq.
Bax, balıq da var. Rakı da açarıq. Sən də xoşlayırsan, bilirəm.
Bir müddət tərpənmədi. Balıqçının israrlı baxışlarına, gözləntisinə qarşı getmədi də.. "Bəlkə istəyinə qarşı gedə bilməyəcəyi bu adam ölüm yolçuluğuna
çıxıb? Kim bilir, bəlkə Dəniz də dənizin dibindədir?"- düşündü. Adamın onu dartaraq aparmasına icazə verdi. Yuxarı qalxan ciğirla bərabər irəlilədilər. Bir az dayanıb nəfəsini dərdi. Yanında onu tutan olmasaydı, ayaq üstə dura bilməzdi, yıxılardı. Gərilən əsəbləri ayağının birini tamamilə keyləşdirmişdi.
Qəhvəxana - restoran qarışığından ibarət olan barakaya gəldikdə, orada Kəl Əlidən başqa kimsə yox idi. Əllərini yekə qarnını qucmuş önlüyünün ciblərinə soxmuşdu.
- Vay, Mərdan ata, xoş gəldin! - dedi. Bir qolundan da o tutdu. Dənizə baxan
masanın ətrafında oturtdular qocanı.
- Balıqlar məndəndir, Kəl.. Bişirmək və rakı da səndən. Ata da ki, qonaqdır, -
dedi balıqçı.
- Başqa cür olarmı, kapitan? Bir halda ki, atamız gəlib, söhbəti yoxdur.
Tez təmiz parça götürüb stolun üstünü sildi Əli. Mərdanın susqunluğu Kəli çaşdırmışdı. Masanı sildikdən sonra kapitana göz qırpdı. Sonra isə:
- Haydı, oğlan, tək balıq gətirməklə işmi bitər? Mən onları təmizləyənə qədər süfrəni düzəlt. Allah nə veribsə, düz süfrəyə,-dedi.
Mətbəxdə ardınca gələn balıqçıdan :
- Nə olub, oğlan? Xeyirdimi?,-soruşdu.
- Vallah, mən də bilmirəm. Balıqdan dönəndə gördüm. O qaya parçasının üstündə heykəl kimi oturmuşdu. Yaxınlaşdığımı da hiss etmədi. Onu çağıranda üzümə elə qəribə nəzərlərlə baxdı ki. Təkcə: "Dəniz ölərmi, oğlum?" soruşdu. Nə isə pis bir şeyin olduğunu hiss etdim, amma zarafata saldım. "Dəniz ölməz, ata" dedim. O da mənə :"Dəniz öldü, oğlum" dedi. Gördüm orda bir az da qalsa donacaq, bura gətirdim.
Kəl Əli öz - özünə bir neçə dəfə "Dəniz, dəniz..." dedi. Keçəl başını qaşıyıb, birdən:
- Mənə bax, oğlan, bu Dəniz onun qızı Dəniz olmasın?
-Hə, xaricdə oxuyan bir qızı vardı.
-Kədərlidi, oğlan. Elə odur. Dünən qəsəbədə hüzr vardı. Gəlib-gedəndən
eşitmişdim. Amma indi burda bunun nə işi var?-dedi Kəl Əli.
- Vay, Mərdan ata, vay, - deyərək balıqçı xidmət pəncərəsinə yanaşdı.
Qoca hələ də dənizə baxırdı.
- Yaxşı, sən rakı ilə bakalları götür, get. Adamı tək qoyma,- dedi Kəl..
Balıqçı siniyə rakı və bir neçə stəkan qoyub salona keçdi. Özünü necə
aparacağını kəsdirə bilmirdi. Nə hadisədən xəbərdar olduğunu gizlədə, nə də
"başın sağ olsun" deyə bilirdi.
- Gəldim, ata, - masaya yaxınlaşdı. Stəkanları iki-iki düzdü. Rakıları stəkana doldurub su ilə qatdı. "Kəltoş, gəl. Atanı gözlətməyək. Bismillah edək, yenə dönərsən içəri " deyə mətbəxə səsləndi. Kəl Əli əlində bir neçə nimçə gətirdi. Rakı ilə dolu stəkanı Mərdan
kişinin stəkanına toqquşdurdu. "Bismillah" etdikdən sonra stəkanı masanın üzərinə qoyub "mən balıqların işinə baxıb gəlirəm" deyərək mətbəxə üz tutdu.
Balıqçı oturub Mərdana baxırdı. Qoca sankı çox uzaqlarda idi. Başında çoxlu cavabsız suallar dolaşırdı. Başına gələnlərin izahını tapmağa çalışsa da,
bacarmırdı. "Dəniz nədən ölmüşdü: qəzayamı düşmüşdü, xəstəlikdənmi ölmüşdü, yoxsa kimsə vurub onu?" sualları onu rahat buraxmırdı. Fikrinin daha da qarışdığını görüb ayağa qalxdı, ortada gəzişməyə başladı. Artıq mətbəxdən cızıltı səsi gəlirdi.
- Ata, mən Kələ kömək edim,-dedi balıqçı. Mərdan hərəkətsiz durmuşdu.
Ancaq içərisində bir təlatüm vardı. Sakitcə balıqçının arxasınca baxdı.
Bu adamların mehribanlığına necə cavab verəcəkdi. Heç danışmağa da halı yox idi. Bu tərəflərdə onu tanımayan yox idi. Həm vəkil olduğu zaman, həm də
notarius məmuru olduğu müddətdə çox adama kömək etmişdi. Təkcə özünə xeyiri dəyməmişdi. Avtomobil qəzasından sonra ayağı şikəst oldu, sonra da
xərçəng üzündən udlağını götürdülər. Onda da vəkillikdən əlini üzdü.. Çəkiləsi dərd deyil bunlar. Dalğaları ilə sahili döyən, içinin qəzəbini ağ köpüklərilə ətrafına qusan dənizə baxdı. Dəniz indiyə qədər etmədiyini etmişdi. Ölüm acıdır dəniz. Ancaq bunun səbəbini anlamaq da çox çətindir. Bir az əvvəl qəbristanlıqda idi.
"Quran" ayələri oxumuş, dualar etmişdi. Ancaq yenə də Yaradana "Mən dururkən nə üçün Dənizi apardın?" sualını vermişdi. Qızı iyirmi altı yaşında, həm də çox istedadlı bir tələbə idi. Bu yaşda üç dil bilirdi. "Beynəlxalq münasibətlər" ixtisasına yiyələnirdi. Onun xaricdə təhsil almasını anası istəyirdi. Əvvəl İtaliyada oxumuşdu. Sonra da anasının təkidilə Amerikada təhsilini davam etdirirdi. Bilmək olmurdu anası oxuyub karyera quracaq, yoxsa qızı. Arvadı ilə çox mübahisə etsə də, söz eşitdirə bilməmişdi ona. "Qancıq, indi xoşbəxtsənmi?" arvadının ünvanına söyüş yağdırdı. "Sənin acgözlüyün, şöhrətpərəstliyin məhv etdi qızı".
Hər şey bir yana. Camaatın "bu necə oldu?" sualına cavab verə bilmirdi. Qızı bir həftə əvvəl dönmüşdü. Anası ilə bərabər qardaşının yanında imiş. Həmin axırıncı gecə öz otağına keçib "altın vuruş" etmişdi. Mərdanı qəzəbləndirən də onların laqeydliyi idi. "Yaxşı, mən uzaqda idim. Bəs siz niyə
onun vəziyyətini görmədiniz: biriniz həkm, biriniz də anası" deyinirdi ürəyində.
Səbəblər nəticələri doğururdu. Ancaq təkbaşına bu nəticələrlə qalmağın özü dəhşətli idi. Daha bundan sonra ona rahatlıq olmayacaq. Bu səbəblər içini qurd kimi gəmirəcək, ona dinclik verməyəcəkdi. Qızının bu hala düşməsində özünün də günahkar olduğunu düşündükcə, canı daha çox yanacaqdı.
Süfrəyə əvvəl salatlar gəldi. Ardınca da balıqlar.
- Hə, ata, buyur. Nə balıqları, nə də rakını ağlamağa qoymayaq,-dedi Kəl Əli.- ən pis günümüz belə olsun.
Mərdan rakını sonuna qədər içdi.
- Bundan da pis gün ola bilərmi, oğlum,- Kəl Əlinin üzünə baxdı.

Mehmet Taşar

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar