Xəbər lenti
Öncə şair Dilsuzu, sonra dost Dilsuzu tanımışam - 70 yaşa dost sözü
Mən Dilsuz Musayevi 1974-cü ildən tanıyıram. Daha doğrusu, Dilsuz adlı şəxsi tanımamaışdan əvvəl Dilsuz adlı şairin imzasını tanımışam. Allah Həmid Vəliyevə cansağlığı versin, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professorunu deyirəm.
Ötən əsrin 70-80-ci illərində Həmid müəllim “Sovet Gürcüstanı” qəzetinin redaktor müavini olmaqla yanaşı, qəzetdə həm də ədəbiyyat məsələlərinə baxırdı. O vaxtlar ilk qələm təcrübələrini Gürcüstanda yeganə Azərbaycandilli mətbuat orqanı olan “Sovet Gürcüstanı”na göndərən biz gənc yazarların bu insan sanki qəniminə çevrilmişdi! Nə yazırdıqsa, redaksiyadan bircə cavab alırdıq: “Bədii cəhətdən zəif olduğu üçün dərc edə bilmədik”.
Biz də kürəyimizi yerə vuran uşaqlar deyildik ha!.. Həmid müəllimin lap zəhləsini aparırdıq - hər həftə redaksiyaya təzə yazılar göndərirdik. Bir də görürdün, budur, “Redaksiyanın poçtundan”, “Redaksiyamıza şer gəlir”, “Poeziya yollarında”, “Ələ qələm alanda” rubrikalarında Həmid müəllim 10-15 nəfər gənc yazarın şerlərinə, hekayələrinə şərhlər verib, resenziyalar yazıb, uğurlu yol diləyib. Pah! Elə bil bizi dünyanın yeddinci qatına qaldırırdılar! Bircə uçmağa qanadımız çatmırdı!
Bax elə həmin bu şərhlərdən tanımışam mən Dilsuzu. Təkcə Dilsuzu yox – Şurəddin Məmmədlini də, Allahverdi Təhləlini də, Zəlimxan Yaqubu da, Eyvaz Əlləzoğlunu da, Dəyanət Osmanlını da, Səadət Butanı da, Əlixan Binnətoğlunu da, Nazim Fikrəti də, Nizami Saraclını da, Telman Nəzərlini də, Rəşid Faxralını da...
Həmid müəllim haqqında bir daha əvvəlki fikrimə qayıdıram: Allah ona cansağlığı versin! O neçə-neçə gəncin həyat yoluna işıq salıb. Onların çoxuna qabiliyyətlərinə, bacarıqlarına uyğun yol göstərib və bizi bir-birimizə tanıdıb.
Sözümün qüvvəti, 90-cı illərin bir yaz günündə görkəmli poliqrafçı, nəşriyyat işinin mahir bilicisi, vaxtilə Mətbuat Komitəsi sədrinin I müavini, “Azərnəşr” və “Yazıçı” nəşriyyatlarının direktoru işləmiş Əjdər Xanbabayev yaşadığı evdən çıxarkən maşınını mənim yanımda saxladı (biz qonşu idik). Məni maşına oturmağa dəvət etdi. Ordan-burdan söhbət etdik. Gördüm ki, Əjdər müəllim sözlü adama oxşayır. Birdən qəfil dedi:
-Şərif, bilirəm məndən incimisən...
Dedim:
-Nə danışırsız, Əjdər müəllim?!
-Mən hiss edirəm, axı... – deyə, gülümsədi.
-Əjdər müəllim, belə şeyi mən heç ağlıma da gətirməmişəm...
-Yox, sənin nəzərində mən sənə qarşı haqsızlıq etmişəm, ancaq öz nəzərimdə mən sənə yaxşılıq etmişəm...
Haşiyə: Əjdər Xanbabayev “Yazıçı” nəşriyyatının direktoru olarkən mən gənc mütəxəssis kimi institutdan təyinatla ora göndərilmişdim. Doqquz il bu nəşriyyatda kiçik korrektor, korrektor, texniki redaktor, kiçik redaktor kimi ən kiçik vəzifələrdə işlədikdən sonra nəhayət, nəsr redaksiyasında redaktor vəzifəsinə keçirilmişdim.
-Üzərimdə haqqınız var, Əjdər müəllim!..
-Mən səni doqquz il ən kiçik vəzifələrdə gəzdirmişəm, bilirsən niyə? Mən səndən yaxşı bir nəşriyyat işçisi yetişdirmək istəyirdim! Sən cavan idin, tez əsəbiləşirdin, elə bilirdin mən sənə qarşı ədalətsizlik edirəm. Ancaq bu gün... mən özümdən razıyam. Bilirsən niyə? Mənim arzularımı sən doğrultmusan. Mən sənə də, özümə də minnətdaram, - deyib, Əjdər müəllim bərkdən güldü.
Mən ağzımı açıb cavab vermək istərkən, o, sözümü kəsdi və:
-Mən indi Mətbuat Komitəsinin sədr müaviniyəm, - dedi, - ancaq mən bu vəzifəyə kuryerlikdən gəlmişəm. Bunu elə-belə, sözgəlişi dedim...
-Sizin dediklərinizlə tam razıyam, Əjdər müəllim. Sizin o vaxtlar mənə qarşı olan niyyətinizi bilməsəm də, ancaq indi elə günlərim olub ki, ürəyimdə dönə-dönə Sizə minnətdarlıq etmişəm, nə yaxşı ki, bir vaxtlar mən Sizin yanınızda məktəb keçmişəm!
Əjdər müəllim əlini mənə uzadıb:
-Onda barışdıq? Vur gəlsin! – və yenə də bərkdən güldü.
Qeyd edim ki, mən o zamanlar artıq “Azərbaycan” qəzetinin baş redaktoru idim. Allah sənə rəhmət eləsin, Əjdər müəllim!
Bu hadisə, Əjdər müəllim demiş, elə-belə, təsadüfən yadıma düşmədi. Bir yaxşı adam haqqında danışanda istər-istəməz ona oxşar adamlar hökmən yada düşür. Elə Dilsuz müəllimin və mənim kimi yüzlərlə gəncin yetmişinci illərdə xeyirxahı olmuş Həmid müəllim kimi.
Dilsuzla mən ilk dəfə şəxsən 90-cı illərdə “Azərbaycan” qəzetində görüşdüm. Çünki mən Universitetə qəbul olanda o, Azərbaycan Pedoqoji Dillər İnstitiutunu bitirib təyinatla Tərtər (Mirbəşir) rayonuna rus dili və ədəbiyyatı müəllimi göndərilmişdi.
1989-cü ildə Qarabağa Xalq Yardımı Komitəsində əmək fəaliyyətinə başlayan Dilsuz müəllimlə (O, artıq müəllimlik statusu almışdı, onu adı ilə çağırmağa daha mənim mənəvi haqqım yoxdur!..) tez-tez qəzetdə görüşür və yaradıcılıq əlaqələri saxlayırdıq. O, bir qələm sahibi kimi cəbhə bölgəsinə, Qarabağın çətin vəziyyətdə olan kəndlərinə can atırdı. Mən onun bu istəyini anladığımdan öz köməyimi əsirgəmədim - dəfələrlə “Azərbaycan” qəzetinin müxbiri kimi cəbhənin qaynar nöqtələrində oldu, maraqlı yazılar gətirdi, Qarabağa müxtəlif yardım kompaniyalarında fəal iştirak etdi.
Bu illərdə Dilsuz müəllim ədəbi fə
aliyyətini də dayandırmamışdı. Dünya ədəbiyyatından etdiyi tərcümələr Dilsuz Musayevin yaradıcılığının ayrılmaz tərkib hissəsidir. Onun Mayya Rumyatsevadan, İrakli Abaşidzedən, Revaz Margianidən, Muxran Maçavarianidən, Mikola Bajandan, Mixail Stelmaxdan, Lanka Kupaladan, Robert Roldestvenskidən, Aleksandr Bobrovdan, Aleksandr Qriçdən, Atamurad Atabayevdən, Marina Safanovadan, V. Malisevdən, M. Prisvcndən, Boris Seysardan və başqalarından etdiyi tərcümələr qəzet və jurnallarda oxucular tərəfindən maraqla qarşılanırdı. Tezliklə ədəbi-bədii, publisistik fəaliyyətinin nəticəsi kimi Dilsuz Musayev “Düşmən ocaq başında”, “Bakını necə tutdular”, “Qəlbimdə göyərən vətən” kimi sanballı kitabları ilə ədəbi ictimaiyyət arasında bir yazar kimi özünü təsdiq edə bildi.
Dilsuz bir dost, həmkar kimi çox qiymətli insandır. Heç vaxt istəməz ki, kiminsə xətrinə dəysin, kiməsə acı söz desin, kiməsə öz üstünlüyünü nümayiş etdirsin. O öz etirazını da elə bildirər ki, sanarsan ki, səninlə razılaşır. Bu, insanda çox böyük etik keyfiyyətdir. Belə insanların adətən dostu da çox olar.
Dilsuzla səfərə çıxmağın da ayrı ləzzəti var. İllah da ki, təbiətin qonağı olarkən! Heç vaxt yaxasını kənara çəkməz. Əlindən nə iş gəlirsə - heyvan kəsmək, onu soyub-doğramaq, bişirmək, süfrə açmaq və s. məsələlərdə Dilsuzun əvəzi yoxdur.
Dilsuz müəllim gözəl ailə başçısıdır. Bir ata kimi övladlarının təhsili, tərbiyəsi həmişə onu qayğılandırıb və çalışıb ki, bu işi ikinci, üçüncü dərəcəli işlərinin cərgəsinə atmasın.
O, təkcə yaradıcılıqda deyil, həyatda da çox həssas, kövrək və haqqa tapınandır. Çox az yaradıcı insanlar tapmaq olar ki, şəxsi həyatı ilə yaradıcılığı bir-birinə uyğunlaşsın, paralel addımlasın. Belə keyfiyyət ancaq mənəviyyatca zəngin və saf insanlarda özünü göstərir.
Bir sözlə, mən şair Dilsuzdan danışmaq istəmədim, mən dost Dilsuz haqqında ürək sözlərimi deməyə çalışdım. Ancaq sanıram ki, şair və dost Dilsuzda sadaladığım keyfiyyətlər bir vəhdət təşkil etməsəydi, Dilsuz Musayev adlı bir şəxsi yəqin ki, mən tanımazdım. Nə yaxşı ki, Dilsuz Musayev bütövdür, onda bədiyyat da var, mənəviyyat da!
Şərif Kərimli,
yazıçı-publisist
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar