Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Dilsuz Musa, yaxud şairin sözə sədaqəti

Tarix: 30-05-2018 21:29     Baxış: 2431 A- / A+
Dilsuz Musa,  yaxud şairin sözə sədaqəti


Azərbaycan xalqının mədəni-mənəvi aləminin inkişafına və dünyaya münasibətinə ədəbiyyat həmişə əhəmiyyətli təsir göstərib. Xalqın milli kimlik düşüncəsi, mənəvi dəyərlər, adət-ənənələri, tale-yaşam haqqında müşahidə və dyğuları əsasən ədəbiyyat vasitəsilə yayılıb və dünyaya tanıdılıb. Və təbii haldır ki, indi Azərbaycan poeziyasında ictimai məzmun daşıyan mövzular, insan hisslərini, torpaq və vətən təssübkeşliyini özündə ehtiva edən mətnlər üstünlük təşkil edir.
Ədəbiyyata ötən əsrin 70-ci illərində gələn Dilsuz Musa o şairlərdəndir ki, demək olar, hər şeirində ictimai fikir, milli duyğular üstün mövqedə durur. Onun əksər şeirlərində, ümumən müşahidələrində keçmişdən bu günə bir incə, ruhsal yol görünür. Və şair yaradıçılığındakı bu cür ictimai motivli nümunələrə - milli kimlik, özünüdərk, vətəndaş özəllikləri kimi aktual məsələlərə günlə (və könüllə) səsləşən bir poetik xarakter verir. Elə müasir Azərbaycan ədəbiyyatının, eləcə də müasir oxucunun ədəbi zövqü, yeni həyatın ritmi də bunu tələb edir.
Bu mənada Dilsuz Musanın şeirlərində vətəndaş, milli birlik duyğularını, torpağın müqəddəsliyini və doğma Vətən sevgisini, dost sədaqətini özündə ehtiva edən məzmun səciyyəvi və təsirli imkanlarla özünü biruzə verir. “Vətən” şeirindəki kimi:

Soy kökün, soy adın hamıya bəlli,
Nəğməni ozanlar yazıbdı, Vətən!
Bəzən namərd əli, xəyanət əli,
Sənin nizamını pozubdu,Vətən!

Dilini dandılar, bəli, bir zaman,
Dilin öz evində yasaq edildi.
İstiqlal yolunda nə qədər insan
Qanlı zindanlarda dustaq edildi.

Yaxud da:

Yurda dayaq olar Oğuz birliyi,
Qorqud müdrikliyi, Ağ üz birliyi.
Bizə çox gərəkdir ağız birliyi,
İndi dost itirən vaxtımız deyil.


Onun əksər şeirlərində qəhrəmanlıq və yaşam yolu zəngin, fəxrli, eyni zamanda keşməkeşli olan Vətən tarixi, xalqımızın yurda (və dünyaya) bağlıllığı, torpaq mücadiləsinin şərəfi aydın düşüncəylə əks olunur. Dilsuz Musa bir vətəndaş-şair, ziyalı kimi tarixə, insana, taleyə, qismətə poetik müraciətlərində qətiyyən bədbinlik nümayiş etdirmir. Onun şair düşüncəsindən ulu keçmişə sədaqət və sayğı, bu günə, gələcəyə və gəncliyə böyük ümid boylanır:

Mənim tariximi bilmək istəsən
Tükü tükdən belə seçəsən gərək.
Qəmli göz yaşımı silmək istəsən
Keçilməz sədləri keçəsən gərək.

Mən bir xəzinəyəm bilinməz yaşım,
Tufanlar qoynunda qala qurmuşam.
Ulu bir tarixdir hər kiçik daşım,
Dünənlə, bugünlə yol yoldaşıyam.

(Qobustan kitabələri)

Və yaxud:

Artıq deməyin ki, o günlər keçdi,
Hərə öz payını həyatda seçdi.
İndi seyr edirəm fərəhlə burda,
Bir işıq parladı bu doğma yurda....

(Doğma kəndim)

Şairin bir çox şeirləri vətənçi ovqata, işğalda olan yurd yerlərimizin nisgili və acısına, azadlıq arzularına, nəticə etibarilə millətin mübarizlik ruhuna köklənib. Müəllif yaradıcılıq yolunda xalqın arzu və istəklərinə, ağrıları və könül xoşluğuna və yenə də qürurlu gələcəyə inamına tapınır.Bu məsələləri milli-mənəvi aləmin aktual və həssas duyğuları olaraq tərənnüm etməyə çalışır:

Yanıq kösöv kimi tüstülənir hey,
Bu qədər möhnətə dözdü Qarabağ!
Bu sözüm çoxuna gəlməsin giley,
Yaralı nəğmədi, sözdü Qarabağ!

“Topxana” meşəsi talan olubdu,
Xocalı dağılıb, viran olubdu.
“Xarı bülbül” bağrı al qan olubdu
İnləyən kamandı, sazdı Qarabağ!
(“Qarabağ”)

Şairin poetik üslubu Azərbaycan poeziyasının, ümumən ədəbiyyatımızın spesifik yaradıcılıq texnologiyalarına xas cəhətlərə uyğun olsa da, mövzuya münasibət, onun nəticəsini təqdim etmək baxımından maraqlı və fərdi-ümumi səciyyə daşıyır.
Dilsuz Musa sözlə həssas və dost kimi davranır, nə sözlə oynayır, nə də söz oynadır. Sözə bir həyat yolu, əbədi enerji-varlıq kimi ehtiram, sədaqət göstərir. Sözünü tutmayanlara, sözlə manipulyasiya edənlərə qarşı barışmazdır:

Söz alıb söz satmaq indi peşədi,
Sözü yamadılar kürəyimizə.
Soruşma bu elin halı necədi,
Bir xəncər saplandı ürəyimizə...


Şairi düşündürən, yaxud cəlb edən mövzular həm bu günün tələbləri, həm də insan üçün xarakterikdir. Məhz bu günün şairi ana torpağın ürək döyüntülərini, Azərbaycan insanının qədərini, yaşam nəbzini, həyat təsəvvürlərini öz yaradıcılıq təxəyyülünə, səviyyəsinə uyğun şəkildə mənalandıraraq (obrazlaşdıraraq) qələmə almağa çalışır. Dilsuz Musa kimi:

Düşmənlərə sinə gərdin məğrur, mətin,
Tarix boyu keçdiyin yol,
Tarix boyu seçdiyin yol
Demirəm ki, asan olub
Çətin olub
Bu yol çətin.
Bu yollarda qan tökülüb
Ölüm olub.
Neçə-neçə qovuşmamış
Həsrət qalıb
Ümid qalıb.
Bu yollarda çox vuruşlar görmüsən,
Çox imtahan vermisən
Əyilməzlik – vüqarın.
Yenilməzlik – dayağın.
Sən yenə də
Keşiyində mərd durursan
Bizim ana torpağın.

(Düşmənlərə sinə gərdin)

Azərbaycan şairlərinin ta qədimdən bu yana daim müraciət etdiyi ənənəvi mövzulara onun mətnlərində də bolluca rast gəlinir. Amma bu yazılarda onun fərdi yanaşması və fərqli duyumu özünü göstərir. Bu mənada, Yol onun poetik parçalarında müxtəlif mənalarda təzahür edir. Bu Yol şairə görə insanın dünyadakı missiyası, ömrün gerçək və ruhsal üzüdür. Onun əksər şeirlərində reallıqlara sayğı, rəğbət və qismətlə hesablaşmaq var. Və yenə də sabaha inamın özü də bir Yolu ifadə edir:

Yollar ömrümüzün qan damarları,
Günümüz çox zaman yollarda keçər.
Yollar ömrümüzün sürət qatarı,
Obalar adlayar, ellərdən keçər.

Bu yollar heç zaman bitib, tükənməz,
Yollar yorğunuyuq nə vaxtdan bəri.
Yolların hesabı ölçüyə gəlməz,
Yollarda açırıq çox vaxt səhəri.

Bu yol hara gedir, bir deyin görək,
Nə qədər acısı, şirinliyi var.
Bu yol çoxlarına bir tikə çörək,
Kimiyə göz yaşı, xəcalət olar...

(Yollar, izlər...)

Yaxud da:

Bizimlə yol gedir xəncər yarası,
Bu yolun hələ ki, sonu görünmür.
Qəlblərə ruh versin “Çəngi” havası,
Yoxsa bu gözlərdən kədər silinmir...
(Kəndimiz böyükdür...)


Dilsuz Musanın şeirləri üçün özəl mövzulardan biri də qoynunda boya-başa çatdığı Borçalıya, onun qədim tarixinə, bənzərsiz təbiətinə, sehrli dağ-dərəsinə, keçilməz meşəliklərinə, bollu-bərəkətli torpağına, mərd-vəfalı, saf, mübariz insanlarına sevgisinə işıq salan duyğularıdır. O, ata ocağı Saraçlının varlığına, el-obaya övlad şükranlığını və məhəbbətini bir təbii məmnuniyyət və səmimiyyətlə qələmə alır:

At oynadıb, qılınç çalıb bu yerdə,
Babaların güvənç yeri bu ellər.
Əlbir olub neçə xeyirdə, şərdə,
Ötüşsə də neçə-neçə fəsillər...

(Yuxuda görüş)

Və yaxud:

Əzizdir hər qarış torpağın, daşın,
Qədimdir ellərin, qədimdir yaşın,
Çoxdur ər oğulun, igid sirdaşın,
Bükülməz biləyim, dizim, Saraçlı!

Özün de, nəyim var bu yer üzündə
Sənsiz qəm göyərdər al gündüzüm də.
Ən uca zirvəsən bil ki, gözümdə,
Yanında ağ olub üzüm, Saraçlı!..

(Saraçlı)

Və Dilsuz Musa o şairlərdəndir ki, həmişə vəsf etdiyi torpağa, milli-mənəvi dəyərlərə, sözə, qələmə bir vətəndaş və yaradıcılıq sədaqəti göstərib. Onun sözü el-obanın, həm də sənətin yanında üzü ağdır.

Dəyanət Osmanlı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar