Xəbər lenti
Daha bir tarixçi-alim Fazil Mustafaya cavab verdi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Xeyirbəy Qasımov Milli Məclisin üzvü Fazil Mustafaya cavab yazıb və onun qarşı tərəfə nəzərdə tutulan cavab haqqı olaraq saytımızda dərc olunmasını tələb edir. O və institutun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilov israrla istəyirlər ki, məqalənin bir sətrinə belə toxunulmasın. Əslində bu yazıda Fazil Mustafanın fikirləri ilə yanaşı, şəxsiyyətinə də hücum olduğu üçün məqalə ixtisara məruz qalmalıydı. Bununla belə, alimlər arqumentlərimizi qəbul etmədilər və biz onları Fazil Mustafa ilə baş-başa buraxmağa məcbur olduq. Bu yazıdan sonra F.Mustafanın da cavab haqqını tanıyacaq, ona da tribunna verəcəyik - əlbəttə ki, o, alimlərə cavab vermək istəsə.
***
On ildən artıq bir müddət ərzində Azərbaycan Respublikası Milli Məclisində yer tutan, millət vəkili funksiyalarını yerinə yetirməkdən daha çox Azərbaycan dövlətçiliyi tarixinə qarşı diletant çıxışları ilə tanınan, Vətənin tarixinə yad möv¬qe¬lərdən yanaşan, hüquq və fəlsəfə sahəsindəki yarımçıq araş¬dır¬ma¬la¬rından əl çəkərək, yarımçıq deputatlıq fəaliyyətini unudaraq tarixçi olmaq, həyatını tarix elminə həsr etmiş tarixçilərə, ölkədə tarix elminin inkişafına rəhbərlik edən şəxslərə tarix dərsləri keçmək iddiasında olan, tarixlə bağlı olan hər çıxışı ilə bu sahədə də yarımçıq olduğunu, Azərbaycan xalqından, onun tarixindən xeyli uzaqlaşdığını, bizim üçün məchul olan qüvvələrə xidmət etdiyini sübut edən Fazil Qəzənfər oğlu Mustafanın belə uzaqlara gedəcəyini zənn etməzdik.
Azərbaycan səfəvişünaslığının banisi, AMEA-nın müxbir üzvü, təqribən 40 il ərzində AMEA-nın Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinə rəhbərlik etmiş, xeyli tarixçinin yetişməsində rolu olmuş Oqtay Əfəndiyev (1926-2013) həmişə qeyd edirdi ki, “gündəmdə qalmaq arzusu ilə yaşayan qeyri-tarixçilərin Vətən tarixi ilə bağlı olan çıxışlarını, “məqalələrini”, müsahibələrini ciddi qəbul etməyin, onlara özlərini sonadək ifşa etmək imkanı verin”. 2005-ci ilədək ən azı millət vəkili olmaq arzusu ilə yaşamış yarımçıq hüquqşünas, yarımçıq “filosof” Fazil Mustafa son 11 ildə Azərbaycan Respublikasında yarımçıq millət vəkili kimi məhşurlaşmış və özünü ifşa məqamına çatmışdır. Onun bu məqama yetişməsində yarımçıq “tarixçilik” sahəsində qızğın “fəaliyyətinin” həlledici rolu olmuşdur. Tarixçinin hüquq, fəlsəfə sahəsinə meyil etməsi, bilgilərə yiyələnməsi normal qarşılanan haldır. Lakin onun “araşdırmalara” qatılması, özü də həmin sahələrdəki mütəxəssislərə dərs keçmək cəhdləri yalnız məsuliyyətsizlik kimi dəyərləndirilməlidir. Tarixçi olmayan şəxslərin tarix elmi sahəsinə müdaxilə etməsi, özü də öz “müddəalarını” geniş ictimaiyyətə qəbul etdirməyə çalışması da məsuliyyətsizlikdir. Bu cəhdləri hətta orta əsrlər tarixinin araşdırıcısı olmayan tarixçilər də etmirlər. “Məsuliyyət” anlayışı “hər şeydən bir az” bilən F.Mustafa kimi “hərşeyşünaslar” üçün yaddır. Onun cari ilin sentyabr ayının 19-da Teleqraf.com-un əməkdaşı Kəramət Böyükçölə verdiyi müsahibə bu fikrimizi bir daha təsdiq edir. “Bir budaqda oturub nəinki bir ağacı, hətta meşəni silkələməyə” can atan bu “millət vəkili” kiçik müsahibədə o qədər mətləbə toxunur ki, onları təhlil etmək üçün xeyli səbr, əsəb və zəhmət tələb olunur. Bu yazıda həmin müsahibənin yalnız bəzi məqamlarına diqqət yetirməklə kifayətlənirik.
F.Mustafa “millət vəkili” statusuna tam zidd olan, “Səfəvilər fəlakət tariximizdir” sərlövhəsi ilə təqdim edilən bu müsahibəsində osmanlıpərəst “səfəvişünas” qismində çıxış etməklə Azərbaycan dövlətçiliyi tarixinin 236 ilinə nihilist (inkarçı) münasibətini nümayiş etdirmiş, Azərbaycan Səfəvi dövləti tarixinin bütün məsələlərinə Vətən övladı kimi deyil, “neytral” (əslində isə osmanlısayağı) şəxs kimi yanaşmış, son ildə Azərbaycan səfəvişünaslığının qazandığı uğurlara göz yummuş, irəli sürdüyü “müddəalarının” Azərbaycan xalqına xidmət etmədiyini bir daha biruzə vermişdir. Vaxtilə elmi müəssisədə (AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda – X.Q.) dissertasiya işini müdafiə etmiş F.Mustafa son illərdə özünü Azərbaycan cəmiyyətinə öyrənmək, araşdırmaq istəyi ilə deyil, öyrətmək iddiası ilə yaşayan bir şəxs kimi tanıtmışdır. “Millət vəkili” Mustafa Kamal Atatürkün “millətə əfəndilik etmək olmaz, ona xidmət etmək olar” müddəasını unudaraq onu yetirmiş xalqın öyrətmək “funksiyasını”, “məsuliyyətini” də öz üzərinə götürmüşdür. F.Mustafanın son müsahibəsində də Azərbaycan və Anadolu türklərinin tarixini bir-birindən ayırmaq, onları bir-birinə qarşı qoymaq meyili aşkarcasına nəzərə çarpır. Özünü “tarixçi” kimi qələmə verən “millət vəkili” Səfəvi dövləti tarixinin bütün məsələlərinə “həvəskar” (əslində diletant) “tarixçi” mövqeyindən yanaşdığını nümayiş etdirir. Mütəxəssis tarixçi 236 illik Səfəvi dövləti tarixini Azərbaycan dövlətçiliyinin “fəlakət tarixi” adlandırmaz, F.Mustafa isə bunu asanlıqla edir, XVI-XVIII əsrlərin tarixi gerçəkliklərinə XXI əsrin düşüncəsi ilə yanaşır, “bizləri təhqir edən bu nadanları başa sal” kimi təhqiramiz ifadələrə əl atır, tarixi proses və hadisələrin “baş verə biləcək” (?!) alternativ gedişlərini, variantlarını, “ssenarilərini” göstərir. Tarixçi bunları etməz, lakin “millət vəkili” yalnız incəsənətin bir çox sahələri üçün səciyyəvi olan həmin üsullara əl atır.
İslam tarixinin müəyyən problemlərini “araşdırmış” F.Mustafa bil¬məmiş deyil ki, şiəlik Buveyhilərin, Səfəvilərin varlığından xeyli öncə meydana çıxmışdır, orta əsr şiəliyi və XX-XXI əsrlərin şiəliyi tam fərqli gerçəkliklərdir. Cəmaləddin Mütəhhər Hillinin (1250-1325) “Qəvaidi-islam” (“İslamın qaydaları”) əsərinin yazılması tarixi bəlli olduğu (O.Ə.Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti XVI əsrdə. Bakı: Azərnəşr, 1993, s.50) halda “millət vəkili” həmin “əsərin XV əsrin əvvəllərində yazıldığının ehtimal olunduğunu” bildirir. Tarixçi hər tarixi faktı qaynaqlara, elmi ədəbiyyata istinadən təqdim etməyə çalışar, “məsələlərə bu günün kontekstindən, maraqlarından” yanaşan, oxumadan inkar etdiyi elmi ədə¬biy¬yata deyil, öz duyğularına, gümanlarına, ehtimallarına, Anadoludan gələn alayarımçıq “ideyalara” etibar edən F.Mustafa isə özünü belə bir əziyyətə salmır.
İslam tarixinə, qızılbaşlıq ideologiyasına qeyri-ciddi, barmaqarası yanaşan “millət vəkili” “Şah” ləqəbli Firuz Zərrinkulahın (qızılbaşın) hicri tarixinin VI əsrində deyil, “hicrətin 6-cı ilində yaşadığını” qeyd edir. F.Mustafa Azərbaycan dövlətçilik tarixində müstəsna yer tutmuş Səfəvi dövlətini “İran” dövlətçiliyinə “bəxşiş” edir. Azərbaycan Səfəvi dövlətinin “İran” xalqlarının ortaq ictimai-iqti¬sadi, siyasi, mədəni, dini-ideoloji həyatında müstəsna rol oynadığı danılmazdır, lakin bu dövlətin tarixi hər şeydən öncə Azərbaycan türklərinin mirasıdır. “Sə¬fəviliyin bizim bugünkü milli mirasa aid edilməsinin heç bir məntiqi izahı yoxdur” iddiasını irəli sürən “millət vəkili”nin Vətən tarixini öyrənməsinə, məntiq elminin sirlərinə yiyələnməsinə ehtiyacı var. “Hər şeyi bilən” F.Mustafa “Səl¬cuqluların xəlifənin dəvəti üzrə Bağdada gəldiyi”, məqsədin isə “islamı fars dini cərə¬yan¬larının təhlükəsindən xilas etmək olduğunu” bildirir. Görəsən, bu tarixi məqamda “millət vəkili” Abbasi xəlifəsinin və yaxud Sultan Toğrulun sarayında olmuşmu? “Səlcuqlular, prinsipcə İsmaililərlə savaşdığı kimi Səfəvilərlə eyni dövrdə olsaydılar, onlarla da savaşmalı idilər” kimi “ssenarisini” təqdim edən F.Mus-tafanın fantaziyası yalnız heyrət doğurur. “Sultan Toğrulun səmimi müsəlman olduğunu” müəyyənləşdirmiş “millət vəkili” digər tarixi şəxsiyyətləri də dəyər-ləndirmək məsuliyyətini öz üzərinə götürdüyünü nümayiş etdirir. Dövrün dini-ideoloji amillərini mütləqləşdirən “müstəqil tarixçi” iqtisadi və siyasi amillərə göz yumur. Əmir Teymurun, başqa siyasi xadimlərin düşüncə axarından, arzularından, baş tutmamış planlarından hali olan F.Mustafa üçün tədqiqə ehtiyacı olan tarix problemi yoxdur, hər şey ona öncədən məlumdur…
“Millət vəkili” bir çox məqamlarda öz “müdəalarını” əsaslandırmaq üçün Əhmədbəy Ağaoğluna, Məhəmmədəmin Rəsulzadəyə müraciət edir. O, “yalançı patriotlar” adlandırdığı Azərbaycan səfəvişünaslarına irad tutaraq iddia edir ki, “Səfəvilər bizim üçün faydalı miras deyil, Rəsulzadənin, Ağaoğlunun qeyd etdiyi kimi fəlakət tariximizdir”. Qeyd edək ki, oxucuları “Məhəmmədəmin Rəsulzadənin irsinə, ideyalarına sədaqətli olduğunu” inandırmağa çalışan “millət vəkili”nin “hətta Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərinin girişində (əslində “müqəddimə” adlanır, s. 9-11 - X.Q.) Azərbaycan dövlətçiliyinin əsaslarını təşkil edən sülalələrin xronologiyasını sadalayanda bilərəkdən Səfəvilərin adını qeyd etməyə lüzum görmür” iddiası sadəcə yalandır. M.Rəsulzadənin əsərinin bu qismində bu “xronologiyadan” heç bəhs olunmur, burada müəllif yalnız XX əsrin Azərbaycan gerçəkliklərinə qısaca münasibət bildirmişdir (M.Ə.Rəsulzadə. Azər¬baycan Cümhuriyyəti. Bakı: Elm, 1990, s. 9-11). F.Mustafanın “xronologiya” (əslində xatırlatmadır - X.Q.) adlandırdığı hissə M.Rəsulzadənin bu əsərinin “Azər¬baycan xalqı” adlanan I fəslinin əvvəlindədir (s. 12-13). Burada nəinki Səfəvilərin, heç XV əsrə qədərki və XV əsrdən sonrakı bir çox Azərbaycan sülalələrinin (Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Əfşarlar, Qacarlar) adları çəkilmir. Səfəvilərin və digər sülalələrin adlarının M.Rəsulzadə tərəfindən “bilərəkdən qeyd edilmədiyi” fikri isə “millət vəkili”nin ehtimallarının nəticəsi kimi dəyərləndirilə bilər. M.Rəsulzadənin əsərinin “Ədəbi və milli İntibah” adlanan III fəslində (s. 14-24) “İran şahı” kimi təqdim olunan Şah I İsmayılın “Xətai” təxəllüsü ilə “türkcə şeirlər yazdığı, Xətai divanının məruf olduğu” xüsusi qeyd edilir (s. 15). M.Rəsulzadənin 1923-cü ildə Türkiyədə nəşr olunmuş, Atatürk mükafatına layiq görülmüş “Azərbaycan Cümhuriyyəti” əsərində səfəvişünaslıqla bağlı olan bütün suallara cavab axtarmaq cəhdləri əbəsdir: M.Rəsulzadə həmin əsəri yazarkən orta əsrlərlə, Səfəvi dövrü ilə bağlı olan cüzi məlumatları XX əsrin ilk onilliklərinədək yaranmış ədəbiyyatdan əxz etmiş, həmin məlumatları ətraflı təhlil etmək macalı tapmamışdı, Səfəvi dövləti ilə əlaqədar olan tarixi həqiqətlər həmin əsrin yalnız 50-ci illərinin II yarısından sonra üzə çıxmağa başladı. F.Mustafanı həmin həqiqətlər, səfəvişünaslığın son uğurları deyil, M.Rəsulzadənin təqribən 100 il bundan öncə görə bildiyi həqiqətlər daha çox maraqlandırır. Çünki əski həqiqətlər “millət vəkili”nin məqsədli səciyyə daşıyan “müddəalarına” daha uyğundur.
F.Mustafa Türkiyə araşdırıcısı Faruk Sümerə istinadən qeyd edir ki, qızılbaşlıq “təriqətinin əsas kütləsini Anadoludan gələn yeni türklər təşkil edib”. Halbuki əski və yeni türklərin “Anadoludan Azərbaycana qayıtdıqlarını” anlamaq üçün heç tarixçi olmaq da lazım deyil. Azərbaycan əsrlər boyu türklüyün vətəni, ocağı, istinadgahı, güc mənbəyi olmuşdur və bu mövqeyini indi də qorumaqdadır. Səfəvi sarayında fars dilinin rolunun ənənəyə əsasən yalnız kargüzarlıqda göründüyünə, sarayda türkcənin aparıcı olduğuna, Azərbaycan ədəbiyyatının, incəsənətinin, memarlığının görünməmiş yüksəliş dövrünü keçirdiyinə, Səfəvilərin bu sahələrə qayğısına əmin olmaq üçün M.Rəsulzadənin “Azərbaycan Cüm¬huriyyəti” əsərinin III fəslinə, heç olmasa müəllifin “Ədəbi və milli intibah” ifadəsinə, Məhəmməd Füzuliyə, Şah İsmayıl Xətaiyə dair mülahizələrinə, həmin dövrün mədəni mənzərəsini, əzəmətini işıqlandıran, ən azı son 10-15 ildə nəşr olunmuş, səfəvişünaslıqla bağlı olan tarix ədəbiyyatına nəzər salmaq kifayətdir. Maraqlıdır ki, XXI əsrin “millət vəkili” təqribən 70 il bundan öncə Cəvahirləl Nehrunun “İntibah dövrü” kimi dəyərləndirdiyi Səfəvi hakimiyyəti dövrünün uğurlarına göz yumur, xalqı bu dövrün “tariximizlə bağlı olmadığına”, “fəlakət tariximiz olduğuna” inandırmağa çalışır.
F.Mustafa Azərbaycan Respublikasının şimal və cənub qonşuları olan Rusiyanı və İranı “əzəli və əbədi düşmən” qismində təqdim edərkən unudur ki, Azərbaycanın şimal qisminin əhalisi “ya zəlzələdən, yaxud vəlvələdən” təqribən 170 il ərzində Rusiya imperiyası və SSRİ tərkibində olmuş, hal-hazırda “İran” adlanan məkanda yaşayan xalqlarla (xüsusilə Azərbaycanın cənub hissəsində ya¬şayan soydaşları ilə – X.Q.) əsrlər boyu sürmüş ortaq tarixi yaşamışdır. Keçmişinə “güllə atmaq”, yalnız bu günün problemləri ilə məşğul olaraq gələcəyə can atmaq, Azərbaycan Respublikasının şimal və cənub qonşuları ilə münasibətlərini gərginləşdirmək, ölkənin beynəlxalq münasibət və əlaqələrini yalnız qərb səmtinə yönəltmək cəhdləri “millət vəkili”nə yaraşmaz.
F.Mustafa müsahibəsinin sonunda müasir gerçəkliklərdən bəhs edir, Azər¬baycan Respublikasının “baş hədəfinin” son 20-25 ildə itirdiyi torpaqları “formal da olsa özümüzdə saxlamaqdan ibarət olduğunu” göstərir. O, məhz tarixçi ol¬madığına görə “xalqın öz tarixindən imtina etmədiyini” bildirməyi unudur və yalnız görmək istədiyini görən şəxs kimi qeyd edir: “Müstəqillikdən sonra Səfəviliyi milli miras olaraq görmək Azərbaycanı İranın bir parçası olaraq görməyə bərabərdir”. Müsahibəsinin sonunda yenidən M.Rəsulzadəyə müraciət etmiş F.Mustafaya böyük siyasi xadimin indi də aktual səslənən bir fikrini xatırlatmaq istərdik: “Xalqın düşüncəsində Azərbaycan məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur” (M.Ə.Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990, s. 95).
Özünü, xalqını tanımayan bir şəxsin xalqı öz tarixi ilə tanış etməyə, ona tarix dərsləri keçməyə, onu reallıqla barışmağa, özəl tarixindən imtinaya səsləməyə mənəvi haqqı yoxdur. Sonda dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin məşhur bir fikrini xatırlatmaq yerinə düşər:
Kamil bir palançı olsa da insan
Yaxşıdır yarımçıq papaqçılıqdan…musavat.com
Xeyirbəy Qasımov
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar