Xəbər lenti
“Xaricdə təhsil hədəflərimizi qətiləşdirməyə stimul oldu”
Azərbaycanı xarici universitetlərdə təhsil aldığı illərdə layiqincə təmsil edərək peşəkar mütəxəssis kimi vətənə dönən və hazırda ölkəmizin inkişafı naminə öz töhfələrini verən gənclərimizdən biri də Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi vəzifəsində çalışan Aysel Tahirovadır.
Aysel olduqca məsuliyyətli bir sahədə çalışır və özünü bu işə tam səfərbər etdiyini deyir. Bu günlərdə redaksiyamızın qonağı olan Ayselin fikirləri məzunlarımızın uğur formuluna bir nümunə hesab oluna bilər. Mançester Universitetinin məzunu ilə söhbətimizdə ilk olaraq ölkəmizdə gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil alması üçün yaradılan şəraitdən bəhs etdik.
TANITIM. Aysel Tahirova 1988-ci ildə Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Sumqayıt şəhərindəki 12 nömrəli tam orta məktəbi bitirib. Elə həmin ildə Qafqaz Universitetinə daxil olub. 2011-ci ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib. Məzun olduqdan sonra “ERA” şirkətində layihə meneceri vəzifəsində çalışıb. Daha sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-2015-ci illərdə Böyük Britaniyanın Mançester Universitetində magistratura təhsili alıb.
- Əlbəttə, gənclərimizin dünyanın müxtəlif ölkələrində peşəkar mütəxəssislər kimi yetişməsi üçün yaradılan şərait tələbələrimiz üçün böyük imkanlar açıb. Prezident İlham Əliyevin diqqət və qayğısı Azərbaycan gənclərinin özlərini inkişaf etdirmələrinə, dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsil almalarına imkan yaradıb. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti də Azərbaycanın inkişaf istiqamətlərini müəyyən edir. Bu sahədə biz gənclərin də üzərinə böyük məsuliyyət düşür. Biz gənclər də üzərimizə düşən məsuliyyəti dərindən qiymətləndirməli, hansı fəaliyyət sahəsində çalışmağımızdan asılı olmayaraq, dövlətimizin güclənməsi naminə öz töhfələrimizi verməliyik.
Mən təhsil almaq üçün Böyük Britaniyaya yola düşməzdən əvvəl də peşəkar mütəxəssis kimi yetişib, ölkəmin inkişafı üçün çalışmağı özümə hədəf seçmişdim. Xaricdə təhsil bizim üçün öz hədəflərimizi bir daha qətiləşdirməyə stimul oldu. Biz gənclər üçün yaradılan belə bir şərait və imkana görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.
Düşünürəm ki, burada məsələ təkcə xaricdə ali təhsil almaqla yekunlaşmır. Xaricdə oxuyan gənclər həm də ölkəmizi təmsil edir, Azərbaycan mədəniyyətini, adət-ənənələrini tanıtdırırlar.
- Yeri gəlmişkən, Mançesterdə keçirdiyiniz tədbirlər barədə də məlumat verərdiniz.
- Qeyd edim ki, Mançester Universitetində Azərbaycanlı Tələbələrin Cəmiyyəti fəaliyyət göstərir. Universitetdə oxuduğum müddətdə mən cəmiyyətin fəaliyyətində yaxından iştirak etmişəm. Biz 20 Yanvar, Xocalı faciələrinin ildönümləri ərəfəsində stendlər, bukletlər və broşürlər hazırlamışdıq. Universitetdə təşkil etdiyimiz “Azərbaycan gecəsi” ali məktəbdə təhsil alan əcnəbi tələbələr, müəllimlər tərəfindən maraqla qarşılandı. Başqa ölkələrdən olan tələbələr tədbirlərə çox maraqla qatılır, ölkəmiz barədə daha çox məlumat almaq istəyirdilər. Onlara ölkəmiz barədə daha dolğun məlumat çatdırmağa çalışırdıq. Əcnəbilərə Azərbaycanın mədəniyyəti, təbiəti, adətləri, ölkəmizdə hökm sürən multikiltural dəyərlər barədə ətraflı məlumatlar verilirdi. Bu da onlarda ölkəmizə qarşı marağı daha da artırırdı.
- Xaricdə təhsil sizə nə verdi?
- Xaricdə təhsil, şübhəsiz ki, mənə çox böyük dividendlər verdi. Ən əsası, mənim akademik biliklərimi artırdı, özümü inkişaf etdirdim. Mən dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri ilə tanış oldum. Avropa təhsil sistemi ilə yaxından tanış ola bildim. Orada həm təhsildə, həm də idarəetmə sahəsində tətbiq olunan yeniliklərlə, həm də onların verdiyi effektlə tanış oldum. Onların çox maraqlı işə yanaşma metodları var. Hesab edirəm ki, Azərbaycan da o yolu gedir. Avropada öyrəndiklərimizi ölkəmizdə çox rahatlıqla tətbiq edə və bunun çox müsbət effektlərini görə bilərik. Adicə şagird-müəllim münasibətlərini deyə bilərəm. Bu məsələdə biz təhsil müəssisələrimizdə nə qədər irəliləyişlərin olduğunu hiss edirik.
- Aysel, necə oldu ki, ictimaiyyətlə əlaqələr sahəsində işləməyə qərar verdiniz?
- 2016-cı ildə Böyük Britaniyada magistr təhsilimi başa vurub vətənə döndüm. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs vəzifəsi üçün verdiyi elanla tanış oldum və müsabiqədə iştirak etmək üçün Təhsil Nazirliyinə müraciət etmək qərarına gəldim. Bir sıra müsahibələrdən keçdim və Abşeron Rayon Təhsil Şöbəsində ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs vəzifəsinə təyin olundum.
- Təhsil sahəsi olduqca məsuliyyətli sahədir. Siz görəcəyiniz işlər barədə məlumatlı idinizmi?
- Bəli. Bu vəzifəyə təyin olunana qədər məlumatlar əldə etmiş, müəyyən araşdırmalar aparmışdım. Bu vəzifə səlahiyyətləri çərçivəsində görəcəyim işlərlə tanış idim. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə gördüyü işlərlə də maraqlanmışdım. Rayon təhsil şöbələrində bu işin təşkilinin çox zəruri olduğunu, buna ehtiyacın duyulduğunu öyrəndim. Bu sahə mənə çox maraqlı gəldi, məni çox cəlb etdi.
- Məsələn, sizi daha çox nələr cəlb edirdi?
- Mütəmadi olaraq insanlarla ünsiyyətdə olmaq, insanların gördükləri müsbət işlərlə tanışlıq, məktəblərdə keçirilən tədbirləri yaxından izləmək və iştirak etmək, istedadlı şagirdlərin üzə çıxarılması, onların rayon ictimaiyyətinə təqdim olunması, həmçinin qabaqcıl müəllimlərin tanıdılması, iş təcrübələrinin yayılması, onlar haqqında məlumatların paylaşılması məni cəlb edirdi. Bu, həm müəllimlərin, həm də şagirdlərin özləri üçün stimul idi.
- Fəaliyyətiniz dövründə keçirdiyiniz hansı layihələri qeyd edə bilərsiniz?
- Mütəmadi olaraq Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində müxtəlif tədbirlər keçirilib. Uşaqlar, təhsil işçiləri tədbirlərə çox mütəşəkkil şəkildə hazırlaşırlar. Həmçinin biz məktəblərdə hazırda Azərbaycanın sosial- mədəni həyatında mühüm xidmətləri olan görkəmli şəxslərin şagirdlərlə görüşünü təşkil edirik. Məsələn, ötən il bizdə görkəmli uşaq yazıçısı Zahid Xəlillə görüş olub. Bu yaxınlarda isə paralimpiya çempionumuz İlham Zəkiyev şagirdlərimizin görüşünə gəldi. Bu kimi tədbirlər mütəmadi olaraq keçirilir. 20 Yanvar ərəfəsində universitetlərin tarixçi alimləri, professorları məktəbimizə dəvət olunur, şagirdlərimiz onlara maraqlandıqları suallarla müraciət edirlər. Və ya uşaqlar özləri ölkəmizin həyatında xüsusi rol oynamış hər hansı tarixi hadisə ilə bağlı araşdırmalar aparırlar. Bununla bağlı çıxışlar, təqdimatlar hazırlayırlar. Eyni zamanda, uşaqlar müxtəlif ekskursiyalara aparılır.
- Siz bu tədbirlərin iştirakçısı kimi şagirdlərin fəallığını hiss edirsinizmi?
- Son vaxtlar məktəblərin sosial həyatında bir canlanma hiss olunur. Uşaqlar mütəmadi olaraq, hətta müəllimlər də söhbət zamanı bunu deyirlər ki, özləri təşəbbüs irəli sürürlər. Məsələn, biz keçən il 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar olaraq şagirdlərlə təhsil şöbəsinin görüşünü keçirdik. Uşaqlar çox maraqlı təkliflərlə çıxış etdilər. Dedilər ki, gəlin məktəblərarası kitabxanalar yaradaq. Oxuduğumuz kitabları, bədii əsərləri bir-birimizlə dəyişək, birlikdə oxuyaq. Daha sonra sinif otaqlarını gəzsəniz görərsiniz, uşaqların təşəbbüsü ilə bitkilərdən ekoloji mühit yaradılıb.
- Bu tədbirlər həm də istedadlı uşaqların üzə çıxarılmasına xidmət edir...
- Biz 2017-2018-ci tədris ilində hər ayı müəyyən fənn aylığına həsr etmişik. Bu, məktəblərimizdə, mən deyərdim ki, hədsiz dərəcədə böyük həyəcana səbəb olub. Bütün müəllimlərimiz öz fənləri üzrə nümunəvi dərslər keçirlər. Məsələn, bu ay bizdə xarici dil aylığıdır, alman, rus dili müəllimləri “açıq dərs”lər keçirlər, tədbirlər hazırlayırlar, bədii qiraət gecələri təşkil edirlər. Texnologiya aylığında şagirdlər məktəbyanı sahədə ağac əkdilər, yəni bu işə çox böyük həvəslə yanaşırdılar.
- Yəni, bu işlərdə həm müəllimlərin, həm də şagirdlərin fəallığı özünü göstərir?
- Bu kimi tədbirlər zamanı həm müəllimlərdə, həm də şagirdlərdə qarşılıqlı anlaşma, etimad münasibətləri baş qaldırır, bir ailə mühiti yaranır. Uşaqlar tək sinif yoldaşları ilə deyil, həm də digər siniflərdə oxuyan həmyaşıdları ilə bir sosial mühitdə tanış olur, iş birliyi qurulur, komanda halında işləməyi öyrənirlər. Onlarda komanda ruhu formalaşır, indidən, məktəb yaşlarından onlarda layihələr işləmək istedadı üzə çıxır.
- Siz 10 il əvvəl məktəbdən məzun olmusunuz. Müəllimlərimizin dəyişdiyini hiss edirsinizmi?
- Fərq çox böyükdür. Hərdən deyirəm ki, kaş bizim vaxtda da indiki tədris proqramı tətbiq olunaydı. Müəllimlər keçdikləri mövzular üzrə slaydlar hazırlayır, internetdə müxtəlif materiallar tapırlar. Uşaqların kimya-biologiyadan olan reaksiyaları məktəbdə etmək şansları daha yüksəkdir. Dərslərin slaydlarla keçilməsi, elektron lövhədən istifadə olunması, dərs vaxtı birbaşa internetə çıxışın olması çox müsbətdir. Bu həm də şagirdlərdə keçilən dərsə xüsusi maraq yaradır. Onlar çox həvəslidirlər, özləri təqdimatlar hazırlayırlar. Məktəb dövründən artıq şagird bilir ki, təqdimat necə olmalıdir, necə araşdırma aparmaq lazımdır. Dərsdə elektron resurslardan istifadə olunur. Şagirdlər elektron dərslik portallarından da faydalanırlar. Düşünürəm ki, kaş mənim oxuduğum dövrdə də informasiya bu qədər əlçatan olaydı.
- Dərslərdə iştirak edəndə hərdən sizdə elə bir hiss yaranırmı, kaş mən də müəllim olaydım?
- Bəli. Bu yaxınlarda müəllimlərimizin dərsinə qatılmışdım. Onların mühazirələrini dinlədikcə, tətbiq etdikləri yenilikləri gördükcə, məndə bir həvəs yaranır ki... Özüm də istəyirəm ki, gedim araşdırım. Çünki bilirsən ki, sənun gördüyün işin bir faydası var. Sinifdə ən azı 20 uşaq olur və sən bilirsən ki, bu 20 uşağa təsir edə, onlarda motivasiya yarada, yönləndirə bilərsən. Elə bunun faydasını düşünmək insanda bir həvəs yaradır.
- Uşaqlarda hansı yaşdan tədqiqatçılığa maraq aşılamağı düşünürsünüz?
- Bizdə ibtidai sinif müəllimləri var ki, şagirdləri qruplara ayırırlar və onlara mövzular verilir. Uşaqlar bir neçə gün ərzində kağızlar üzərində araşdırma edir. Yəni, birinci sinif şagirdlərinin hazırlaya biləcəkləri bir formada bu işi görməyə çalışırlar. 4-5 şagird bir yerə yığışıb komanda formasında həmin mövzunu təqdim edir. Bu, onlarda kiçik yaşlardan tədqiqatçılığa maraq yaradır, sinifdə olduğumuz zaman onların necə həvəsli olduğunu görə bilərik. Təkcə dərs gedişində deyil, həm də kənarda öyrəndiklərini başqaları ilə paylaşmağa, “Bunu mən elədim” deməyə can atırlar. Yəni, bu, onlarda həm də özünəgüvən hissini artırır. Situasiyaya, mövzuya hakim olduqlarını düşünürlər. Bu da onların digər dərslərinə da sirayət edir. Yəni, daha çox araşdırma, tapşırıq yerinə yetirməyə, layihə həyata keçirməyə həvəs yaradır. Bunlar bizim ibtidai siniflərdə tətbiq olunur.
- Şagird-müəllim münasibətləri sizi qane edirmi?
- Müəyyən müqayisələr aparmaq olar. Bizim dövrdə uşaqlar daha çəkingən idi. Müəllimdən qorxurduq. Müəllim avtoritar idi. Sözümüzü, fikrimizı çatdırmaqda çətinlik çəkirdik. İndi belə deyil, uşaqlar öz fikirlərini rahat şəkildə izah edə bilirlər. Dərslər uşaqların istəyinə, səviyyəsinə uyğun bir şəkildə qurulur. Əvvəllər dərslər konkret proqrama əsaslanırdısa, hamıya eyni şəkildə yanaşılırdısa, indi daha fərqlidir, biliklər uşaqlara anlaya biləcəkləri şəkildə çatdırılır. İndiki uşaqlar daha yaradıcı, daha həvəsli, təşəbbüskardır. Məktəblərimizin çoxunda təklif və şikayətlər qutusu var. Şagirdlərin şansı var ki, öz təkliflərini verə bilsinlər. Bu təklifləri açıb oxuyanda çox maraqlı fikirlərlə qarşılaşırıq.
- Valideynlərlə işi necə qurursunuz?
- Məktəblərimizdə “açıq qapı” günləri var. Valideynlər həftənin şənbə günləri gəlib dərslərdə iştirak edə bilirlər. Bu, çox gözəl effekt verir. Dərsdən çıxandan sonra valideynlər deyirlər ki, indiki dərslərin belə maraqlı keçdiyini heç gözləmirdik. Məktəblərdə daim valideynlərlə marifləndirmə işləri aparılır. Məktəblərimizdə sıx-sıx valideyn iclasları olur. Buna ciddi nəzarət olunur ki, valideynlər məktəb həyatına cəlb olunsunlar. Təbii ki, bu üçlüyü - məktəb, valideyn, şagird - qorumaq bizim aktual məsələmizdir, buna çox böyük önəm verilir. Məktəblə mütəmadi əməkdaşlıq edən valideynlərimiz çoxdur.
- Sizin üçün uğur formulu nədir?
- 2016-cı ildən məktəb həyatı ilə bağlıyam, gördüyüm qədər də biz günbəgün irəli gedirik. Çox böyük inkişaf yolu keçmişik. Bundan sonra da təbii ki, hədəflərimiz böyükdür, ona doğru gedirik. Şagirdlərimizin uğurları artır, onlar daha çox oxumağa həvəslidirlər. Hədəf qoyublarsa, ona nail olmaq niyyətindədirlər. Mənim düşüncə tərzim həmişə belə olub ki, hədəf varsa, ona çatmaq üçün mütləq əlindən gələni etməlisən. Yəni, bir-iki dəfə cəhd edirsən, 3-cüdə mütləq alınacaq. Çox çalışmaq lazımdır. Kimdənsə nəsə gözləmək ki, möcüzə olacaq, ona inanma. Ola bilsin ki, möcüzə olsun, lakin insan öz üzərində daim işləməlidir, hədəfinə fokuslanmalıdır. Daim çalışmalı və yaradılan bütün imkanlardan istifadə etməlidir. Durmadan əzmlə çalışmaq lazımdır, əsas budur.“Azərbaycan Müəllimi”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar