Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xatirəyə çevrilmiş ÖMRÜN ZİYASI: Zülfü HACIYEV

Tarix: 20-11-2017 09:56     Baxış: 23 476 A- / A+
Xatirəyə çevrilmiş ÖMRÜN ZİYASI: Zülfü HACIYEV


26 il əvvəl 1991-ci ilin 20 noyabr tarixində Azərbaycanın Xocavənd bölgəsinin Qarakənd kəndi səmasında Ermənistan və rus silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycan silahlı qüvvələrinə məxsus Mİ-82 N72 seriyalı helikopter partlamış, içərisində, bir qrupu müşahidəçi olmaqla, 22 nəfər həlak olmuşdur.

Onların arasında Azərbaycanın görkəmli dövlət xadimi Zülfü Saleh oğlu Hacıyev də vardı. Bu ad orta və daha yaşlı azərbaycanlılara yaxşı tanışdır. Çünki bu şəxs harada və hansı vəzifədə işləməsindən asılı olmayaraq, həmişə həmvətənlərinin rəğbət və sevgisini qazanıb. Elə ona görə də o hadisədən uzun müddət keçməsinə baxayaraq, Zülfü Hacıyev onu tanıyan insanların xatirində gözəl, xeyirxah insan, təəssübkeş vətəndaş kimi qalıb.
Nəzərinizə çatdırım ki, Zülfü Saleh oğlu Hacıyev 1935-ci il martın 21-də-Bahar bayramı günü, qədim torpağımız Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndində dünyaya göz açıb. İlk təhsilini kəndlərində alıb. Doğulduğu torpağın əsrarəngiz gözəllikləri canına hopub. Gözəl duyğuların, xəyalların məskəninə çevrilib gənc Zülfünün kiçik ürəyi. Məktəbi qızıl medalla bitirən Zülfü Politexnik İnstitutuna daxil olur. Oxuduğu müddətdə öz bilik və bacarığı ilə yoldaşlarından seçilən bu qaynar təbiətli gənc ali məktəbi də fərqlənmə diplomu ilə bitirir. Təyinatı Rusiya Federasiyasının Krasnoarmeysk şəhərinə verilir. Əmək fəaliyyətinə sıravi mühəndis kimi başlayır Zülfü. Ancaq onun vicdanlı əməyi yüksək qiymətləndirilir və o, burada idarə rəisi vəzifəsinədək yüksəlir. Qürbətdən vətənə dönən Zülfü Hacıyev Sumqayıt şəhərinə gəlir. Burada da öncə mühəndis, bir müddət sonra isə Qırmızı Əmək Bayrağı Ordenli Sənaye tikinti Nazirliyinin Sumqayıtdakı 1 saylı Tikinti Trestinin rəisi vəzifəsinə təyin olunur. Beləcə, Sumqayıtın Zülfü Hacıyevli firavan günləri başlayır.
Xatirəyə çevrilmiş ÖMRÜN ZİYASI: Zülfü HACIYEV

Sonrakı dövrdə Zülfü Hacıyev bir çox məsul vəzifələrdə işləyir. Əvvəl Sumqayıt Şəhər İcraiyyə Komitəsinin sədri, sonra Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, ömrünün sonlarında isə Azərbaycan Nazirlər kabinetinin sədr müavini vəzifələrində çalışır.
Məsul işlərdə çalışmasına, vaxtının məhdud olmasına baxmayaraq respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edir. Belə ki, o, bir neçə plenuma üzv olaraq qatılır, ali və yerli sovetlərə deputat seçilir. 1976-cı ildən, 31 yaşından başlayaraq ömrünün sonunadək 4 dəfə Azərbaycan
SSR Ali Sovetinə deputat seçilmiş, namizədliyi irəli sürülmüş zonanın əməkçilərini layiqincə təmsil etmiş, onların problemlərinin həlli üçün əlindən gələni əsirgəməmişdir.
Zülfü Hacıyev harada işləməsindən asılı olmayaraq, öz bitib-tükənməz enerjisi, işə məsuliyyətli yanaşması ilə diqqət mərkəzində olmuşdur. Deməliyik ki, o, Nazirlər Kabinetində müavin işlədiyi müddətdə, həm də Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin, əvvəlcə üzvü, sonra isə sədri olmuşdur.

Onun Dağlıq Qarabağ üzrə təşkilat komitəsinə rəhbərlik etdiyi müddət çox ağır zamanlara təsadüf edir. 1987-ci ilin fevralından azğınlaşmış haylar, qədim Qarabağımızda yerli azərbaycanlı türklərə qarşı quldurluq hərəkətləri edir, Azərbaycan məktəblərinə hücum edərək müəllim və şagirdlərə xəsarət yetirir, Bakıdan və digər bölgələrimizdən gələn maşınlara silahlı basqınlar edirdilər. Öncə Qədim Ərmən torpaqlarımızdan: Göyçə və Zəngəzur mahallarından qovulan minlərlə soydaşımız, ardınca Qarabağdan qaçqın düşən və sayı günbəgün artan məcburi köçkünlərimizin gəlməsi vəziyyəti dözülməz həddə çatdırmışdı. Azərbaycan ağır günlər yaşayırdı. Yeni dağılmış Sovetlər İttifaqının xarabaları üzərində yeni və azğın bir dövlər- Rusiya Federasiyası qurulurdu. Köhnə respublikaları daim qorxu altında saxlamağı qarşısına məqsəd qoyan bu dövlət Azərbaycan respublikası ilə Ermənistanı döyüş meydanına çevirmişdi. Vəziyyətin acınacaqlı hal aldığını görən respublika rəhbərləri və qardaş türk respublikalarının nümayəndələri çıxış yolunu masa arxasına oturub danışıq aparmaqda görürlər. Bütün bu hadisələr zamanı Zülfü Hacıyev hadisələrin önündə və ən qızğın yerində olurdu.

1991-ci il noyabrın 7-də Bakıya gəlmiş Qazaxıstan, Türkmənistan və Rusiya nümayəndələri vəziyyəti döyüş gedən bölgələrdə daha aydın müşahidə etmək üçün Qarabağ bölgəsinə getməyi qərarlaşdırırlar. Həmin il noyabrın 18-ə qədərki müddətdə Xankəndinə gedəcək adamların adlarının yazıldığı bir neçə siyahı tərtib olunur. Onu deyək ki, neçə siyahı yazılmasına baxmayaraq, Z. Hacıyev getməkdə israrlı olanlardan biri və başlıca şəxs idi. Ağdam rayonunda Azərbaycan və Rusiyadan gəlmiş nümayəndələrin söhbətinin şahidi olan insanlar bizim nümayəndə heyətinin hərbi müdaxilələrə qarşı necə barışmaz mövqe nümayiş etdirdiklərindən bəhs edirlər. Nəhayət, böyük hissəsi Azərbaycanın rəsmi dövlət nümayəndələrindən ibarət olan 22 nəfər 1991-ci il 20 noyabr tarixində heç bir təhlükəsizlik tədbirləri görülmədən Azərbaycana məxsus Xocavənd rayonunun Qarakənd kəndinə yollanırlar. Qarakənd Zülfü Hacıyev, İsmət Qayıbov, Məhəmməd Əsədov, Tofiq İsmayılov, Osman Mirzəyev, Alı Mustafayev və digərləri üçün “taleyin qara yazısına” çevrilir. Dünyaya qurmaq, yaratmaq, yazmaq, öyrətmək üçün gəlmiş neçə işıqlı amal qaranlığa qərq olur. Baş vermiş hadisə milyonlarla azərbaycanlının ürək ağrısına, hüznünə səbəb olur. Ancaq təsəllimiz var: onlardan xeyirxah əməllər qalıb.

Xatirəyə çevrilmiş ömrün ziyası

Yuxarıda dediyimiz kimi 26 il keçir o hadisədən. İndi də Zülfü Hacıyevdən söhbət düşəndə onu tanıyanların dilindən “Allah ona rəhmət eləsin. Çox yaxşı insan idi” kəlmələri qopur. Xüsusilə də sumqayıtlıların bu insana belə məhəbbətlə yanaşması mənə aydındır. Axı, mən də Sumqayıta qırılmaz tellərlə, xoş xatirələrlə bağlıyam. Məni Zülfü Hacıyevə bağlayan, onun haqqında yazmağa sövq edən səbəb təkcə bu deyil. Onun ömrünün ən gözəl və çılğın çağlarının-tələbəlik illərinin keçdiyi Politexnik İnstitutu (indi Azərbaycan Texniki Universiteti) mənim iş yerimdir. Universiteti bitirdiyim gündən mənim əmək fəaliyyətim bu elm ocağı ilə bağlıdır. Bu yazını düşündüyüm müddətdə dəfələrlə “görəsən, Zülfü müəllim daha çox hansı fənləri sevib?”, “ O, bu köhnə korpusların hansında oxuyub?”, “İndi həyatda olan tələbə yoldaşlarını görəndə nə deyərdi?” kimi suallar vermişəm özümə. Həqiqətən, bunlar maraqlı suallardır və onların cavabı da çox maraqlı olardı hər birimiz üçün.

Bu gün dövlətinə və xalqına vicdanla xidmət edən Lalə Hacıyeva, Ruslan Hacıyev, Roman Hacıyev, digər övlad və nəvələri ataları, babaları- Azərbaycan xalqının unudulmaz oğlu Zülfü Hacıyevin layiqli davamçılarıdır.

Hörmətli “Hacıyev” soyadının davamçıları! Sizə Zülfü Hacıyevin başladığı xeyirxah işin davam etdirilməsi yolunda uğurlar arzulayıram!


Nailə Mirzəyeva,
filologiya üzrə fəlsəfə doktoru.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar