Sizin Reklam Burada
Xəbər lenti
16-10-2026
15-10-2026
BÜTÜN XƏBƏRLƏR

Bizi gələn il nə gözləyir? - Proqnoz

Tarix: 16-10-2026 21:57     Baxış: 333 A- / A+
Bizi gələn il nə gözləyir? - Proqnoz
2026-cı ilin ötən dövründə Azərbaycan iqtisadiyyatında gedən proseslər yerli hökumətlə yanaşı beynəlxalq təşkilatların da proqnozlarına dəyişiklik etməsinə səbəb olub.
Manevr.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını aşağı salıb. Belə ki, təşkilat 2026-cı ildə ölkə iqtisadiyyatının 1,7 faiz, 2027-ci ildə isə 2,3 faiz artacağını gözləyir.
Əvvəlki proqnozlarda bu göstəricilər müvafiq olaraq 2,2 və 2,8 faiz təşkil edirdi.
Eyni zamanda Fond 2027-ci il üzrə inflyasiya gözləntisini 4,2 faizdən 5,6 faizə yüksəldib.
Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi cari il üçün iqtisadi artım proqnozunu 2,9 faizdən 1,7 faizə, 2027-ci il üçün 3,3 faizdən 2,7 faizə, Mərkəzi Bank cari il üçün iqtisadi artım proqnozunu 1,1 faizdən 0,5 faizə endirib.
Bundan əlavə, İqtisadiyyat Nazirliyi cari il üçün inflyasiya gözləntisini 4,8 faizdən 5,7 faizə, Mərkəzi Bank isə müvafiq olaraq 5,7 faizdən 6,1 faizə, 2027-ci il üçünsə 5,3 faizdən 5,8 faizə qədər artırıb. İqtisadiyyat Nazirliyi gələn il Azərbaycanda inflyasiyanın 5,3 faiz olacağını proqnozlaşdırır.
Əksər mütəxəssislər Azərbaycanda iqtisadi artıma təsir edən əsas amilin neft-qaz sektorunda istehsal olduğunu bildirirlər. Ölkədə neft hasilatının azalması çoxdan başlasa da, son 2 ildə xeyli sürətlənib. Energetika Nazirliyinin açıqladığı məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda kondensantla birlikdə 19,9 milyon ton neft hasil edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz azdır.
Bu dövrdə 15,5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,9 faiz azdır. Hesabat dövründə neftin emalı 2,2 faiz azalaraq 4,5 milyon ton təşkil edib.
Bu ildən Azərbaycanda qaz hasilatının da azalması qeydə alınmaqdadır. Belə ki, 9 ayda ölkədə 37,9 milyard kubmetr təbii qaz hasil edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azdır.
Azalma mənbəyi ən böyük qaz yatağı olan “Şahdəniz” və SOCAR-dır. Belə ki, ölkə üzrə ümumi hasilatın 10,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin(ötən ilin eyni dövründə 10,2 milyard kubmetr), 20,6 milyard kubmetri “Şahdəniz”in(21,2 milyard kubmetr), 1,2 milyard kubmetri “Abşeron” yatağının(dəyişməyib), 5,3 milyard kubmetri(5,9 milyard kubmetr) isə SOCAR-ın payına düşüb.
Bu dövrdə qaz ixracı 0,5 faiz artaraq 18,4 milyard kubmetr təşkil edib. Lakin ən yüksək qiymətə qaz satdığımız Avropaya ixracda ciddi azalma var: Cəmi ixracın 8,6 milyard kubmetri Avropanın payına düşüb ki, bu da illik müqayisədə 8,5 faiz azalma deməkdir. Hesabat dövründə Türkiyəyə qaz ixracı 4,1faiz azalaraq 7 milyard kubmetr, o cümlədən TANAP kəməri vasitəsilə ixrac 2,3 faiz azalaraq 4,2 milyard kubmetr təşkil edib. Gürcüstana ixrac təxminən 1,6 milyard kubmetr səviyyəsində qalıb. Daha 1,2 milyard kubmetr qaz Suriyaya satılıb.
Neft hasilatı və ixracındakı azalmaya rəğmən ABŞ-İran müharibəsinin qlobal bazarda yaratdığı yüksək qiymət konyukturu Azərbaycanın neft-qaz gəlirlərini artırıb. Həm dövlət büdcəsi, həm də Neft Fondu artaq qiymətlər səbəbindən neft-qaz sektorundan nəzərdə tutulandan xeyli artıq gəlir əldə ediblər. Eyni zamanda bu artım ölkədə ilin əvvəlində mənfiyə düşən iqtisadi artımın 9 aylıq yekunda 1,5 faizlik yüksəlişinə imkan yaradıb.
Azərbaycan hökuməti neft-qaz hasilatındakı azalmanın gələn il də davam edəcəyini gözləyir. Hökumət bu sektorda istehsalın 1,8 faiz azalacağını proqnozlaşdırır. Son illərin təcrübəsi göstərir ki, bu azalma reallıqda daha böyük rəqəmlərlə ifadə olunur.
Lakin ABŞ-İran müharibəsinin hələ də başa çatmaması fonunda əksər beynəlxalq qurumlar qlobal neft bazarında qiymətlərin ən azı 2027-ci ilin sonunadək 80-90 dollar aralığında qalacağını gözləyirlər. Bunun əsasə səbəbi kimi Yaxın Şərqdəki müharibəyə görə bazarda yaranan çatışmazlığı və ifrat qiymət artımını önləmək üçün dünya ölkələrinin neft ehityatlarının mühüm hissəsini bazara çıxarmalarıdır. Mart ayından bəri ümumilikdə 400 milyon bareldən çox ehtiyat nefti bazara çıxarılıb. Bu isə ABŞ-İran münaqişəsinin bitməsindən sonrakı 5-6 aylıq dövrdə bazarda neftə tələbatın yüksək olaraq qalmasına səbəb olacaq. Yaxın Şərqin İranın zərbələrindən sonra ciddi zərər görən infrastrukturunun bərpası da aylarla vaxt tələb edəcək ki, bu da hasilatın ən yaxşı halda sülhdən 3-4 ay sonra müharibədən əvvəlki həddə çatdırılmasına imkan verəcək.
Bütün bunlar qarşıdan gələn 2027-ci ildə də Azərbaycanın neft ixracından gəlirlərinin ölkənin makroiqtisadi göstəricilərinin sabit qalması üçün zəruri olan həddə olacağını göstərir. Hökumət bu gözləntilərə əsaslanaraq gələn il manatın məzənnəsinin dəyişməz qalacağını proqnozlaşdırır, əmək haqqı və pensiyalarda artımlara getməyə hazırlaşır.
Eyni zamanda 2028 və növbəti illərdə iqtisadi artımı təmin etmək üçün iqtisadiyyata böyük investisiyalar cəlb edilməsi planlaşdırılır. Maliyyə Nazirliyinin açıqladığı 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsindən aydın olur ki, 2027-ci ildə Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşuna (investisiya xərclərinə) 5,3 milyard manat yöndəldilməsi nəzərdə tutulur. Bu, 2026-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə iki dəfəyə yaxın – 96,3 faiz çoxdur. Sənədə əsasən gələn il investisiya xərcləri iqtisadi fəaliyyət xərclərinin 59,5 faizini təşkil edəcək. Bu il üçün proqnoz 34,4 faizdir.
Gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.
Ümumilikdə hökumətin proqnozuna görə, 2027-2030-cu illərdə Azərbaycan iqtisadiyyatına 108,6 milhyard manat investisiya yatırılacaq. Gələn il ölkədə əsas kapitala investisiya qoyuluşu 25,4 milyard manat, 2028-ci ildə 26,9 milyard manat, 2029-cu ildə 27,9 milyard manat, 2030-cu ildə isə 28,4 milyard manata bərabər olacaq.
Bu dövrdəki investisiya qoyuluşunun mühüm hissəsinin – 76,6 milyard manatının qeyri-neft-qaz sektoruna reallaşdırılacağı planlaşdırılır. 2027-ci ildə bu sektora 17,4 milyard manat, 2028-ci ildə 18,6 milyard manat, 2029-cu ildə 19,7 milyard manat, 2030-cu ildə isə 20,9 milyard manat sərmayə yatırılması proqnozlaşdırılır. Neft-qaz sektoruna investisiyalar gələn 8 milyard manat təşkil edəcək, 2030-cu ildə 7,5 milyard manata düşəcək.
Neft qiymətlərinə dair müsbət gözləntilərə baxmayaraq, hökumət cari ildən xərclərə qənaətlə yanaşır. İlin sonunadək büdcənin xərc maddələrinin demək olar ki, hamısı üzrə xərcləmələrin proqnozdan az icra olunacağı gözlənilir. Belə qənaət 2027-ci ilə ən azı 1-2 milyard manatlıq qalıq vəsaitlə keçilməsinə gətirib çıxara bilər. Bu isə gələn il üçün dövlət büdcəsinin icrasını təminata almaq baxımından mühüm baza rolunu oynaya bilər.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar