Xəbər lenti
Vətən müharibəsi şəhidi Naiq Ələkbərovun anım günü keçirilib
44 günlük Vətən müharibəsində qəhrəmanlıq dastan yazan şərəfli oğullarımızdan biri — Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Ələkbərov Naiq Faiq oğlunun anım günü münasibətilə tədbir keçirilib.
Naiq Faiq oğlu Ələkbərov 1994-cü il avqustun 8-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub. O, 2000–2011-ci illərdə F.Şıxəliyev adına Bağırlı kənd tam orta məktəbində, 2012–2014-cü illərdə isə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində feldşer ixtisası üzrə təhsil alıb.
2014–2015-ci illərdə gizir hərbi rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində hərbi feldşer kimi xidmət edən Naiq Ələkbərov 2015-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kurslarını uğurla başa vurub. O, 2016-cı ilin Aprel döyüşlərində iştirak edərək böyük şücaət göstərib və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində ilk günlərdən ön cəbhədə yer alan qəhrəman gizirimiz Füzuli, Xocavənd və Cəbrayıl istiqamətlərində gedən ağır döyüşlərdə mərdliklə vuruşub. Naiq Ələkbərov oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlər zamanı şəhadətə qovuşub. Şəhidimiz Şamaxı şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ailəli olan şəhidimizdən yadigar iki qız və bir oğul övladı qalıb.
Şəhidlər Xiyabanında anım mərasimi
Oktyabrın 9-da Şamaxı şəhər Şəhidlər Xiyabanında şəhid Naiq Ələkbərovun anım günü münasibətilə mərasim təşkil olunub.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Bağırlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, şəhidin döyüş yoldaşları, doğmaları, digər şəhid valideynləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər şəhidin keçdiyi şərəfli və örnək döyüş yolundan bəhs edib, onun xatirəsinin hər zaman uca tutulacağını vurğulayıblar. Döyüş yoldaşları şəhidin məzarı üzərinə əklil və təravətli güllər qoyublar. Məktəblilər şəhidlərimizə həsr olunmuş vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.
Şair Teymur Mikayılov isə qələmə aldığı şeirilə şəhidimizin qəhrəmanlığını və əziz xatirəsini ehtiramla yad edib:
Şəhid ataların şəhid balası,
Atanın yolunun yolçusu olar.
Sənin də yadigar üç körpə balan,
Sənintək Vətənin qeydinə qalar.
Atanın, ananın qeyrətli oğlu,
Adınla hər insan iftixar duyur.
Sənin uyuduğun Vətən qoynunda,
Nə qədər qəhrəman oğullar uyur.
Tədbirin sonunda şəhidin ruhuna dualar oxunub, ehsan süfrəsi verilib.
Allah Azərbaycanın müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!
Ülviyyə Namiqqızı
AJB üzvü
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























