Sizin Reklam Burada
Xəbər lenti
08-08-2025
07-08-2025
BÜTÜN XƏBƏRLƏR

Kafenin və dünyanın qoxusu

Tarix: 08-08-2025 14:20     Baxış: 276 A- / A+

 Bir dəfə bizim qonşuluqdakı yeniyetmələrdən biri böyüklərindən icazə alıb tay-tuşları ilə birlikdə bir kafedə ad gününü qeyd eləmişdi. 

Axşam evə gəlib gödəkçəsini soyunanda anası üstünə düşmüşdü ki, bu nədir, yoxsa siqaret çəkmisən? Paltarından siqaret qoxusu gəlir. Uşaq tez and-aman eləyib demişdi ki, yox ey, kafedə yekə kişilər də vardı, onların çəkdikləri siqaretin qoxusudu bu. Uşaq düzünü söyləsə də, anasının şübhəsi tezliklə dağılmamışdı, oğlunu hələ bir xeyli sorğu-suala çəkmişdi. 
    Dünyanın hazırkı mənzərəsi, məzmunu ətrafında uzun-uzadı düşünərkən nədənsə bu əhvalat düşdü yadıma. Düşündüm ki, bizim dünyamız da elə o tüstü ilə dolmuş kafe kimidir: kafeni siqaret tüstüsü bürüyüb, dünyanı da hər cür umacaqlı, təmənnalı insanların “qoxusu”. Kafe siqaret tüstüsü ilə dolduğundan siqaret çəkəndən də, çəkməyəndən də tüstü qoxusu gəlir. Dünyada da daim təmənna güdən adamlar o qədər çoxalıb ki, təmənnalı olana da, olmayana da – elə ucdantutma hamıya bir “təmənnalılıq qoxusu”  hopubdur...  Di gəl indi seç görüm qarşındakı hansındandır. Və ya həqiqətən təmənnasız birisənsə, sübut elə, görüm necə sübut edirsən. 
 ...Bu dünyanın qapı-pəncərəsinin yerini də bilmirsən ki, açıb bir az havasını dəyişəsən... 
 
                     Kök və budaqlar – “kök” və “budaqlar” 
 

 Bağda, meşədə gövdəsi dibindən kəsilmiş ağacların kötüyünü müşahidə etmisinizmi heç? Gövdə kəsildikdən bir müddət sonra kötüyün ətrafında nə qədər yeni pöhrələr əmələ gəlir. Qızılgül kollarına qulluq edənlər, yəqin ki, müşahidə etmiş olarlar: solub ləçəkləri tökülmüş gülləri saplağından kəsirsən, xeyli sonra kəsilmiş yerin aşağısından qırmızı-qəhvəyi budaqlar çıxır. Niyə belə olur? Niyə gövdəsi dibindən kəsilmiş ağaclar da, budaqlarının kəsilməsinə baxmayaraq qızılgül kolu da qurumur, məhv olmur? Cavabını dərhal tapa biləcəyimiz çox sadə sualdır: çünki kök yerindədir və budaqlar kəsildikdə kök daha da güclənir, işini əvvəlkindən daha yaxşı görməyə başlayır –
  
  Çatdırmaq istədiyim mətləbi ifadə etmək üçün təbiətin bu gözəl obyektlərini müqayisə elementi seçmək istəməzdim, amma ilk anda bundan daha tutarlısı ağlıma gəlmədi. Nədir mətləbim? Müxtəlif klinikalarda, laboratoriyalarda müayinə olunmuş, daxili orqanlarda nəyinsə kəsilməsilə  nəticələnəcək cərrahi müdaxilə təklif edilmiş bütün pasiyentlər üçün təsvir etdim o kəsilmiş ağaclarıı və qızılgülləri. Fiziki vücudumuzun tamlığını pozmağa, qaş düzəltmək istərkən vurub gözü də çıxartmağa tələsməyək. “Budaqları” kəsməkdənsə kökü qurutmağa çalışaq. Kökü qurutmaq prosesinin ilkin mərhələsi – onu sadəcə unudaq!  Yəqin, sual yaranacaq ki, necə? Çox sadə!.. Maraqlı bir filmə baxarkən plitə üstündəki qazanı unudub xörəyi yandıraraq necə məhv ediriksə, bax eləcə: özümüzə çox sevdiyimiz, bizi tamamilə özünə aludə edə biləcək, bizə zövq, stimul verə biləcək,   yatmağa gedəndə son, yuxudan oyananda ilk fikirlərimizdən ola biləcək, daxilimizdəki potensialı hərəkətə gətirə biləcək, sinirlərimizə müsbət emosiyalar verə biləcək bir məşğuliyyət növü tapaq. Və ya varsa, onunla qat-qat daha çox məşğul olaq. Belə edə bilsək, bizim vücudumuza arzu etmədiyimiz halda gəlmiş o “qonaq” diqqətsiz qalıb unudulduğu üçün ən azından küsəcəkdir. Küsdüsə, deməli, çox qalmayacaq, yığışıb getmək haqqında düşünəcəkdir. 
  Amma ən doğrusu, ən faydalısı bu olar ki, o persona non qrata sayılanlar  heç vaxt heç birimizin can evinə yol tapıb kök salmasın deyə gözəl məşğuliyyət növlərini, gözəl əməlləri əvvəlcədən, hələ vaxt var ikən, hələ gec deyilkən axtarıb taparaq vücud və ruhlarımızı bəxtiyar edək.  
Hər kəsə can və ruh sağlamlığı diləyilə.


İmarət Cəlilqızı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar