Xəbər lenti
"Siyasət və İqtisadiyyatın dialoqu” və ya "İqtisadçılar haqlıdır, yoxsa hüquqşünaslar?"

Siyasət elmi tarixin dərin qatlarından süzülüb gələn, insan cəmiyyətinin inkişafını və idarəetmənin mahiyyətini araşdıran bir sahədir. Maykl Rozkin, Robert L. Kord, Ceyms A. Mideyros və Valter S. Consun qələmə aldığı “Siyasət elminə giriş” kitabı akademik və praktik yanaşmaları özündə birləşdirən fundamental bir mənbədir. TEAS Press Nəşriyyat evi tərəfindən 2019-cu ildə çap edilən bu kitab, siyasətin əsaslarını, siyasi münasibətləri, siyasi institutları, ideologiyaları, beynəlxalq münasibətləri və siyasi iqtisadiyyatı təhlil edərək oxucunu bilgilərlə silahlandırır.

“Siyasət elminə giriş” kitabını oxuduqdan sonra, öyrənirik ki, siyasət yalnız institutlar və qanunlarla məhdudlaşmır, o, həm də insanın düşüncə və davranışlarını formalaşdırır. Eyni zamanda oxucu öyrənir ki, siyasət təkcə fitri istedad deyil, həm də öyrənilə bilən bir bacarıqdır.
Kitabda, həmçinin hər zaman aktual olan: "İqtisadçılar haqlıdır, yoxsa hüquqşünaslar?" - sualına da aydınlıq gətirilir.
Hüquq cəmiyyətin qaydalarını müəyyənləşdirir, iqtisadiyyat isə onun inkişafına təkan verir. Həqiqət bu iki sahənin uzlaşmasında və qarşılıqlı əməkdaşlığında gizlidir. Hüquq olmadan iqtisadiyyat xaosa sürüklənər, iqtisadiyyat olmadan isə qanunlar yalnız kağız üzərində qalar.
İqtisadiyyat və siyasət bir-birindən ayrılmazdır, bu, tarixən sübut olunmuş bir həqiqətdir. Kitab siyasi iqtisadiyyatın əsas prinsiplərinə toxunaraq, bazar münasibətləri, dövlət müdaxiləsi və iqtisadi sistemlərin siyasi qərarlara təsirini təhlil edir. Xüsusilə dövlətlərin maliyyə siyasəti, vergilər, büdcə planlaması və makroiqtisadi göstəricilərin siyasi nəticələri barədə dərin analizlər təqdim olunur. Bu yanaşma oxucunun təkcə siyasəti deyil, həm də onun iqtisadi nəticələrini dərk etməsinə kömək edir. Necə ki, bir ölkənin iqtisadiyyatı zəiflədikdə siyasi gərginliklər artır, eyni zamanda güclü iqtisadiyyat sabit siyasi sistemin bünövrəsini təşkil edir. Müəlliflər bu qarşılıqlı əlaqəni müxtəlif nəzəriyyələr və tarixi nümunələrlə izah edirlər.
Siyasət sərt qanunlarla, dəqiq strategiyalarla, soyuq hesablamalarla doludur. Amma insan ruhu bəzən qanunların, rəsmi çıxışların, parlament debatlarının sərtliyinə qarşı üsyan edir və poeziyanın dili ilə danışmaq istəyir. Siyasət bir şeir deyil, amma onun fonunda daim bir ritm var: bəzən ahəngdar, bəzən xaotik. Siyasət də bir növ poeziyaya bənzəyir: ideallar uğrunda mübarizə, gələcəyin naminə planlar, xalqın istəkləri ilə hakimiyyətin strategiyaları arasında gizli bir dialoq. Bəlkə də, ən güclü liderlər siyasəti anlamaqla yanaşı, poeziyanın ruhunu da duymağı bacaranlardır.
“Siyasət Elminə Giriş” kitabı siyasət elminin əsaslarını anlamaq istəyənlər üçün mühüm akademik qaynaq olmaqla yanaşı, siyasətin cəmiyyətə və iqtisadiyyata təsirini dərindən dərk etmək istəyənlər üçün də vacib bir mənbədir. Elmi məzmunu ilə yanaşı, siyasətin fəlsəfi və bəzən poetik tərəflərini də hiss etdirmək gücünə malik olan bu əsər, oxucunun düşüncələrini genişləndirən bir öyrətməndir. Kitab həmçinin, siyasət elminə ilk addım atanlar üçün xüsusilə dəyərli mənbədir.
Kitabdakı bəzi qızıl sətirlər olduğu kimi:
"Bakteriyalar kimi, siyasətdə də bəzi şeylərin öz həyatı olur."
"Təhsil fərdiyyətçiliyi aradan qaldıran milliyətçilik hissini aşılamalıdır."
"Hitlerin həqiqi məqsədi müharibə idi, çünki müharibələr qəhrəmanlar yaradır."
"Demokratiya həm mübahisəli, həm də yoluxucu məsələdir."
"Demokratiya heç də həmişə bərabər azadlıq demək deyil."
"Valideynlər bizim siyasi davranışlarımıza onilliklər boyu təsir edir."
"Təhsil dərəcəsi siyasi baxışlara təsir edir."
"Dostlar və əyləncə yoldaşları da siyasi dəyərləri formalaşdırır."
"Din siyasətdə çox vaxt ən dağıdıcı məsələdir və fikirlərin formalaşmasına böyük töhfə verir."
"Sorğular, sadəcə, ictimai rəyi öyrənmir, onlar həm də ictimai rəyi yaradır."
"Kommunikasiya dəyişikliyin iqtisadiyyatda və ya siyasətdə nəticəsi deyil, səbəbidir."
"Televiziya yalnız birbaşa siyasi mesajlar ötürmür, həm də xəbərləri və ideyaları hər kəsin evinin içinə gətirməklə cəmiyyəti dolayısı ilə dəyişdirir."
"Mədəniyyət nədən yaranır, tarixdən, iqtisadiyyatdan, yoxsa dindən?"
Sonda isə düşünən hər oxucu üçün əsaslı sual yaranır: "Qanunlar siyasəti formalaşdırır yoxsa siyasət qanunları?"
İlahə Ümidli
11 fevral 2025-ci il
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar