Sizin Reklam Burada
Xəbər lenti
15-01-2025
14-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Mən qaziyəm" - Hekayə

Tarix: 15-01-2025 21:21     Baxış: 392 A- / A+

Nazilə Gültac

Hekayə

     Bir  həftəydi ki, sağ tərəf qabırğaaltı nahiyədə olan  ağrılar  ona rahatlıq vermirdi. Səhərlər ağzını zəhər kəsir, iştahsızlıq, ürəkbulanma ondan əl çəkmirdi. Bu əlamətləri əsəb gərginliyi və keçirdiyi streslə əlaqələndirirdi.  İki ay olardı ki, onu işdən çıxarmışdılar; işlədiyi şirkətin  müqaviləsi bitmiş, şirkət də  işçiləri çıxartmaq  məcburiyyətində qalmışdı.  Tərslikdən evdə də tək  idi, yeməyə bir şey olmadığını görən yoldaşı  3 yaşlı qızını da götürüb,   təqaüdlə güc- bəla dolanan anasının yanına  getmişdi. İndi ev suyu sovulmuş dəyirmana bənzəyirdi. İşsizlikdən, pulsuzluqdan dəliyə dönmüşdü. Baş vurmadığı , SV göndərmədiyi yer qalmamışdı, hələ heç birindən  xəbər yoxuydu.  Problem azmış kimi, bir yandan  da  bu sancılar  onu lap dilxor etmişdi.  Neçə gün idi ki, spazmalqon içir, amma ağrı azalmırdı ki, azalmırdı. Dostu Rəşad onun vəziyyətini görüb dedi: 
Mahir, yəqin öd  kisəndə  daş var, yoxsa bu qədər ağrımaz. 
Mahir tez dilləndi:
Bir  bu çatmırdı, işimin olmayan vaxtında.  
Ayə, bəs,  bilmirdin, daşdan yumşaq nə olsa yeyəndə  ödün daşla dolacaq.
Mahirin bulud  kimi dolmuş sifətini görən Rəşad zarafatının yersiz olduğunu anlayıb, sözü dəyişdi:
-  Get yoxlatdır, indi İcbari Tibbi Sığorta ilə müayinə edirlər, pulsuzdur . 
Tezdən sancıya durdu,  bu gün mütləq həkimə gedəcəkdi.  Birtəhər əynini geyinib dayanacağa  tərəf getdi.  Baxdı ki, basabasda   gedə  bilməyəcək, səhər və axşamüstü  avtobuslar dolu  olurdu. Ciblərini eşələdi, 3 manat pulu varıydı, xəstəxana isə  evlərindən  xeyli uzaqdaydı, oraya qədər taksiyə  pulu çatmayacaqdı. Düşündü ki,  heç olmasa metroya qədər taksiylə getsin, yolun qalanını  metroyla gedər. “Uber” taksi şirkətini aradı, gediş haqqının 2 manat 30 qəpik olduğunu bildirdilər. Əlacsız razılaşdı. 5- 6 dəqiqə   keçməmiş taksi gəldi. Boynunda  yoğun gümüş  zəncir, ağzında saqqız çeynəyən sürücü ilə salamlaşıb əyləşdi. Metronun önündə düşərkən,  pulun qalığını istədi,  sürücünün  üzü bozardı:
-Xırdam yoxdur. 
- Necə yəni yoxdur?  Bəlkə birinin pulu azdır,  o qəpiyə ehtiyacı var, xırdamı qaytar. Yoxsa, rəhbərinizə şikayət edəcəm. 
Taksi  sürücüsü  ağzı köpüklənə- köpüklənə çosdu:
Ayə , mən qaziyəm! Sənin kimilərindən ötrü can qoymuşam, indi 70 qəpiyi mənə çox görürsən.
Mahir onun boynundakı zəncirə,  bozarmış  üzünə baxıb bir söz demədi, sakitcə qapını örtüb  metroya endi. Yaxşı ki, metro kartında  1-2 manatlıq kontur vardı.  Həyatında  belə sıxıntıya düşməmişdi, özgə vaxtı taksi sifariş verəndə gediş haqqını artıqlamasıyla ödəyir, qəpik- quruş söhbəti etmirdi, indi  düşdüyü bu vəziyyətdən  utandı.  Sağlamlığı  ilə bağlı ciddi problem olmaması üçün ürəyində dua etdi: -“ Yaxşı, müayinələr pulsuzdur, dərmanlar ki, od qiymətinədir, onları hansı pulla alacaqdı?”  Necə olursa- olsun, iş tapmalıydı, lap fəhlə bazarına gedəcəkdi. Qanı  bərk qaraldı. Bir istədi geri qayıda, elə bu dəm  ağrı gücləndi, xəstəxanaya getməkdən  başqa çarəsi qalmadı. 
Səhər  tezdən   metro aşıb – daşır, adam əlindən tərpənmək olmurdu. İki qatarı ötürməli oldu. Bir təhər özünü növbəti qatarın vaqonuna sala bildi. 
Axır ki, gəlib xəstəxanaya çatdı. Soraqlaşıb ona lazım olan həkimin hansı korpusda olduğunu öyrəndi. Həkim qəbuluna düşmək üçün qeydiyyat şöbəsinə yanaşdı, az qala sırada  30 adam vardı.  Ağrıdan  qıvrılsa da ,  dilini dişinə sıxıb dözdü, talon alıb, kabinetin önünə gəldi, burda da azı, həmin qədər adam yığışmışdı. “Sağlam adam yoxuymuş ki”,- deyə düşündü. Bütün kabinetlərin önü aşıb- daşırdı , səs- küydən ağız deyəni qulaq eşitmirdi. Elə bu vaxt  qarayağız, üzü tüklü bir gənc   növbədə duraanların sırasına gələrək, başladı əlini- qolunu əsdirməyə. “ Mən qaziyəm!  Mənə yol verin, içəri keçim!”, - deyərək, yaşlı bir kişinin önünə keçdi.  Qapı açılan kimi, xəstə, çıxar- çıxmaz  özünü içəri saldı. Heç kim dinmədi, bilirdlər ki, qazi və şəhid ailələri növbəsiz qəbul olunur. Bir də gördülər içəridən həkimin  səsi gəlir:
Sənin talonunda  sıra 30 yazılıb, indi 16- cı xəstə çıxdı, niyə növbəsiz  gəlirsən? 
Mən qaziyəm!
Sən veteran kitabçanı göstər, axı,  göndəriş vərəqəndə  qeyd olunmayıb. 
Oğlan  başladı ötkəm- ötkəm danışmağa, dedim qaziyəm, vəssalam. Kitabçam evdə qalıb.
Həkim dilləndi ki, mən də qaziyəm , harada döyüşmüsən? Batalyonunun adını  de. Oğlan özünü artistliyə vurdu, guya qıc oldu, bədənini əsdirib yerə yıxıldı. Otağın qapısı azca aralı olduğu üçün otaqda baş verənləri digər xəstələr də görürdü.  Tibb bacısı  gəlib ona  sakitləşdirici iynə vurdu,  həkim başını bulaya – bulaya,  onun adını kompüterə qeyd edib,  müayinələr  üçün   göndəriş verdi. Bayaqdan  bədənini əsdirən oğlan bir neçə dəqiqədən sonra sakitləşdi,  ayağa qalxdı,  başını aşağı salaraq,  otaqdan  çıxdı.
Mahir  təəccüb içində  onun arxasınca baxdı, oğlanın hərəkətləri ona film kimi   göründü. Ağrıya dözə bilməyən Mahir də  ağlından keçirdi ki, bəlkə, o da   “qazi” adıyla  içəri girsin, amma,  xəstə,  yaşlı insanların haqqına girməyə  könlü yol vermədi.  Dəhlizdəki skamyalarda  oturan,  divar dibinə sığınan, pəncərə önündə ayaqüstə duran,  xəstəliklərinə əlac axtaran  adamların  ümidsiz, kədərli  sifətlərini süzdü, ürəyi sıxıldı. Özü də onlardan fərqlənmirdi.  Axır ki, növbəsi  çatdı. Diqqətlə şikayətlərini dinləyən həkim ona ultrasəs müayinəsinə  göndəriş yazdı .   Aşağı  endi,  bu  müayinə otağı  birinci mərtəbədə yerləşirdi. Burada da  növbə  idi, bayaqkı – “ mən qaziyəm”- deyən  oğlan da sırada dayanmışdı. Yəqin girəvə axtarırdı  keçməyə.  Növbədə  azı 20 adam vardı.   Nə qədər erkən gəlsə də bu qədər adamın ondan öncə olduğuna məəttəl qalmışdı Mahir öz- özünə dedi: “Bu  adamlar  deyəsən xəstəxanada gecələyiblər”. Bir xeyli vaxt keçmişdi, sanki sıra yerində sayırdı, hamının hövsələsi tükənmiş, yorulmuşdular.   Elə bu zaman bir yaşlı  qadın ağsaya- ağsaya gəlib xahiş etdi ki, şəkər xəstəsiyəm, bədənim əsir, ayaqüstə güclə durmuşam, xahiş edirəm,   icazə verin,  keçim.  Sıradakılardan  biri  narazılıq eləməyə  başladı:  
Ay xala, mən də körpə  uşaq qoymuşam.
O  biri dilləndi ki, ayaqlarım ağrıyır, növbən çatanda  keç.  Əlqərəz, uğultu gücləndi. 
Elə bu zaman növbəsi çatan ucaboylu, saçlarına dən düşmüş, gənc dilləndi:
Xala gəl, keç, mən növbəmi sənə verirəm.
Qadın sevindi, ona dua edə- edə  içəri keçdi. Sıradakılar tez dilləndilər, - indi zəhmət çək, keç arxaya,  sən öz növbəni  verdin. Gənc heç bir söz demədən arxa sıraya keçdi.   Orta cərgədə  duran gəlinin  yanındakı uşaqlardan biri bərkdən ağlamağa başladı,  bunu görən o biri qardaşı da mızıldandı.  Qadın  onları ovundurmağa çalışdı:
Qurban olum sizə, bir az da dözün, sizə şokalad alacam, sizi yellənçəyə götürəcəm, axı,  ananız ağrıyır, bu müayinəni bitirim, söz verirəm, o biri otaqlara getməyəcəm, gedərik. Uşaq ağlayır, evə getmək istədiyini bildirirdi. Hamı  görməzdən gəlir, bir an müayinə olunub getmək istəyirdilər. Həmin gənc uşaqları ovutmağa başladı, nə illah elədisə, onları kiridəmmədi. Axır ki, dözməyib dillləndi:
Heç insafınız yoxdurmu, bu qadını içəri buraxasınız. Axı, bu kiçik igidlər sabahın əsgərləridir, onları ağlatmayaq. 
Kimsə  tez  dilləndi:
Bəs, bilmirsənmi,  xəstələrdə insaf olmur. 
Bir  kişi deyinməyə başladı: 
Bayaq da arvada verdin növbəni, canıyanan çıxmısan. Hamımız xəstəyik, əgər uşaqları narahatdırsa getsin, sabah gələr. Onları  birinə tapşırıb  gələydi. 
Gəlin dilləndi ki, baxanım yoxdur. Hamısı rayondadır. 
Bu rayondakılar da tökülüb,   gəliblər  Bakıya. Elə il yel əsib, qoz tökülüb , - deyə  bir qadın   dodaqaltı deyindi. 
Elə bu vaxt qəribə bir hadisə baş verdi .  Üstünə   “Rentgen  otağı” sözü yazılan qapının önünə  bir qolu   olmayan, alnı çapıq bir gənc yaxınlaşdı.   İçəri keçmək istəyirdi ki,  birdən başını  qaldırıb,  həmin gənci gördü. Görməyiylə də, içini çəkərək: 
Koooomandir, bu nə təsadüf,  gör harada rastlaşdıq,  xoş gördük,- deyərək, gözləri dolmuş  halda tək qolunu həmin  gəncin  boynuna doladı. 
Komandir dediyi gənc də  sevinc qarışıq heyrət içində  onu bağrına basdı: 
İgidim, nə xoş təsadüf, eşitdim Türkiyədə reabilitasiya alırsan, indi necəsən? Nə vaxt gəlmisən?
Hə, sağ olsunlar, xeyli qaldım, yaxşı müalicə etdilər,  protez qol da qoyacaqlar. İndi başımdakı qəlpə yeri bərk ağrıyır, rentgenə yolladılar.  Anamla hey səndən danışırıq, deyir, bir gün komandirini qonaq gətir. Şəxsən mən  həyatımı  sənə  borcluyam. Sən  özünü  irəli ataraq,  snayperçini  susdurmasaydın, indi  döyüş yoldaşlarımızın hamısı şəhid olacaqdı. Şərəfsiz erməni snayperçi elə mövqedə gizlənmişdi ki, onu görmək olmurdu.  Hər ikisi sanki  ətrafdakıları unutmuşdular, odun- alovun içindəymiş kimi öz aləmlərinə qapılmış, yenidən o döyüş anlarını yaşayırdılar.  Xəstələr də onların söhbətinə  qulaq kəsilmiş, xəstəliklərini  yaddan çıxarmışdılar. Həyəcandan, sevincdən gözləri yaşaran oğlan  keçmiş komandirini  sual yağışına tutmuşdu. 
Necəsən, nə var, nə yox. Niyə növbəyə dayanmısan?  Axı, qazilər növbədənkənar  qəbul olunur.  Heç ağlıma da gəlməzdi ki, səninlə burada rastlaşacam. Yaran necədir? Ölümdən dönmüşük.. 
Gənc  mehribanlıqla yenidən oğlanın çiyinlərini qucaqladı, 
Sağ ol,  bir az yaxşıyam.  Sizin  kimi igidlərimiz  olmasaydı, qalib gələmməzdik....
Bunu deyən gəncin baxışları dostunun çapılmış alnında ilişib qaldı, kövrəldi,  yenə nəsə demək istədi, udqundu. Bir an xəyalən  o günlərə qayıtdı.  Başından qan xan, huşsuz vəziyyətdə olan əsgərini özü yaralı olduğu halda saatlara çiynində  daşımış, səyyar tibb heyyətinə çatdırmışdı.  Tez xəyaldan ayrılıb dilləndi:
-Qaraciyərimin yarısını götürüblər, indi yoxlanmağa gəlmişəm. Bir qəlpə ağ ciyərimdə ilişib qalıb, məni çox incidir, bəlkə irəlidə  təkrar əməliyyat oldum.  Növbədənkənar icazəm olsa da, məndən də ağır vəziyyətdə, yaşlı, zəif olanlar  var, vicdanım yol vermir. 
Dostlar bir- birindən telefon nömrələrini alıb, təkrar  səmimiyyətlə qucaqlaşdılar.  Oğlan rentgen otağına keçdi.  
Artıq hər kəs bu alicənab insanın Qazi olduğunu bilirdi, onun nə qədər  mərd, təvazökar, insanpərvər olması hər kəsin ürəyini riqqətə gətirmişdi: -  hamı mehriban nəzərlərlə, sevgiylə  bu qeyrətli vətən oğluna baxırdı. Bu olanları  dinməzcə  seyr edən Mahir də  öz ağrısını unutmuşdu, növbəsini gənc anaya verdi. Nəzərləriylə sağa- sola boylandı,  bayaq həkim otağında    haray – həşir qoparan “qazi”  nədənsə, gözə dəymirdi.  

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar