Sizin Reklam Burada
Xəbər lenti
14-01-2025
13-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ukraynalıların müharibə ovqatı

Tarix: 14-01-2025 13:52     Baxış: 440 A- / A+

Rusiyanın Ukraynaya qarşı total işğalçı müharibəsi üçüncü ilinin tamamına yaxınlaşır. Bu müddətdə ukraynalıların müharibəyə münasibəti necə dəyişib? Onların qələbəyə inamı nə dərəcədədir? Rusiya ilə danışıqlar barədə nə düşünürlər?
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlara başlayıb, sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Manevr.az-ın novator.az-a istinadla məlumatına görə, “Ukrainska Pravda” nəşri ölkənin ən nüfuzlu sosioloqlarından sayılan Yevgeni Qolovaxadan müsahibə götürüb. Ukrayna Elmlər Akademiyası Sosiologiya İnstitutunun direktoru olan Yevgeni Qolovaxa qeyd edib ki, müharibənin ilk ilində – 2022-ci ilin dekabrında ölkədə keçirilən rəy sorğuları əhalinin dörddə üçünün (75 faiz) qələbəyə tam əmin olduğunu göstərmişdi. Daha 21 faiz tam da olmasa, yenə qələbəyə inanırdı. Yəni ümumilikdə qələbəyə inam ifadə edənlərin nisbəti 96 faiz idi. Heç arxayın olmayanların sayı isə bir faizdən də aşağı göstərilirdi.
2024-cü ilin noyabr ayında respondentlərin 36 faizi qələbəyə tam əminliyini ifadə edib. Daha 31 faiz tam da olmasa, yenə qələbəyə inanıb. Ukraynanın qələbə çalacağına heç əmin olmayanların nisbəti isə 5 faiz olub.
İnstitut direktorunun sözlərinə görə, 2022-ci ildə əhalinin yalnız 2 faizi ölkənin gələcəyi sarıdan tam ümidsiz idi. 2024-cü ilin sentyabrında belə insanların nisbəti 15 faiz olub.
Qolovaxa deyib: “Amma mən 2025-ci il üçün dramatik bir ümidsizlik proqnozlaşdırmazdım. Əgər yeni Ağ ev administrasiyası deməsə ki, Putinin tələbləri ilə razılaşın, yoxsa nəfəsiniz kəsiləcək – onda Ukrayna əhalisində əhval-ruhiyyə əhəmiyyətli dərəcədə dəyişə bilər”.
Qolovaxa qeyd edib ki, 2022-ci ilin mayında tez bir zamanda sülhə nail olmaq, ölkənin müstəqilliyini qorumaq naminə bəzi ərazilərdən imtina etməyə hazır insanların nisbəti 10 faiz idi. 82 faiz ərazi güzəştinin əleyhinə çıxırdı. 2024-cü ilin dekabrında ərazi güzəştinin əleyhdarları 51 faiz, tərəfdarları 38 faiz olub.
Hazırda isə cəbhə xəttində dayanıb, atəşkəs elan edib Rusiya ilə danışıqlara başlamaq istəyən ukraynalıların sayı artır. Sosioloq vurğulayıb ki, bu tendensiya davam etsə, döyüşü dayandırmağa razılaşanların sayı bir qədər də arta bilər, amma onlar 2025-ci ildə yenə çoxluq təşkil etməyəcəklər.
Sosiologiya İnstitutunun keçirdiyi rəy sorğularında ukraynalılardan münaqişəni dinc yolla nizamlamanın mümkün üç variantına münasibət bildirmələri də xahiş olunub. Respondentlərin böyük hissəsi Rusiyanın işğal etdiyi ərazilərin azad olunmasını gözləmədən, eyni zamanda həmin əraziləri rəsmən Rusiya torpağı kimi tanımadan Ukraynanın NATO-ya, Avropa İttifaqına üzv qəbul edilməsi variantını bəyənib. 2024-cü ilin iyununda respondentlərin böyük əksəri hesab edirdi ki, bu addım Xerson və Zaporojye vilayətlərini tam geri alandan sonra atılmalıdır. Altı ay sonra – 2024-cü ilin dekabrında Xersonla Zaporojyenin geri alınmasını gözləməyin tərəfdarı olanlar sosioloji sorğularda birinci yerdən ikinci yerə düşüb.
2024-cü ilin payızında aparılan sosioloji araşdırmalar ukraynalıların yalnız 28 faizinin müharibə bitməmiş prezident və ya parlament seçkiləri keçirmək ideyasını dəstəklədiyini göstərib.
Yevgeni Qolovaxanın fikrincə, seçki məsələsində zaman Ukraynanın hakim siyasi qüvvəsinin xeyrinə işləmir: “Amma ictimai rəydə müharibə bitməmiş seçkilər keçirmək kimi qəti bir tələb yoxdur. Hərbi vəziyyət aradan qalxandan sonra seçicilər ilk növbədə döyüşçülərə, eləcə də könüllü döyüşçülərə səs verməyə meyilli olacaq. Hazırda bu, cəmiyyətdən ən böyük dəstək alan qrupdur. Ordu artıq öz namizədini irəli sürüb. Son sorğu göstərir ki, Valeri Zalujniyə etimad çox yüksəkdir”.
2019-cu ildən ölkəyə Vladimir Zelenski prezidentlik edir. Onun səlahiyyət müddəti 2024-cü il mayın 20-də baş çatsa da, müharibə dövründə seçki keçirməmək qərarı verilib, həmçinin 2019-cu ilin iyul ayında seçilmiş parlamentə – Ali Radaya yeni seçki təyin olunmayıb.
Valeri Zalujni 2021-2024-cü illərdə Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı olub, hazırda Ukraynanın Böyük Britaniyada səfiridir.
2024-cü ilin fevralında ukraynalıların 19 faizi hesab edirdi ki, ölkədə səfərbərlik çox yüksək səviyyədədir. Respondentlərin 36 faizi səfərbərlik səviyyəsindən narazı idi. 2024-cü ilin sentyabrında səfərbərliyin çox yüksək səviyyədə olduğunu deyənlərin nisbəti 26 faizə yüksəlib, səfərbərlik səviyyəsindən narazı qalanların nisbəti isə 25 faizə düşüb.
Həmin sorğu onu da göstərib ki, Ukraynanın demək olar hər üç sakinindən birinin səfərbərliyə görə iş yerini rəsmən tərk edib qeyri-leqal şəkildə çalışan tanışı var. Yevgeni Qolovaxanın fikrincə, bu, çox ciddi göstəricidir. Sosioloq hesab edir ki, müharibənin vətəndaş şüurunu oyatması, insanları bir yumruq kimi birləşdirməsi üçün 2022-ci ilin əvvəllərindəki sayaq bir şok vəziyyətə ehtiyac var: “İndi təəssüf ki, müharibənin şüurlarda sanki adiləşməsi prosesi gedir”.
2022-ci ilin sonunda Ukraynanın nəzarətində olan ərazilərdə yaşayan insanların yalnız 12 faizində kəskin stress müşahidə edilib. 2024-cü ilin oktyabrında aparılan araşdırma stressin üzüb əldən saldığı insanların nisbətinin 27 faizə qalxdığını göstərib. 2025-ci il ərzində bu göstəricinin daha da arta biləcəyi proqnozlaşdırılır.
Yevgeni Qolovaxa deyir: “Əgər biz ağır döyüşlərə, Ukraynanın cənubunda və şərqində ərazilərin müəyyən hissəsinin itirilməsi ssenarisinə hazırlaşırıqsa, onda nəzərə almalıyıq ki, insanların psixi sağlamlığı daha da pisləşəcək və bu, müqavimət göstərmək qabiliyyətini də zəiflədəcək. Bununla belə, mən əksəriyyətin 2025-ci ildə də kifayət qədər duruş gətirə biləcəyinə inanıram. Ukraynalıların 2026-cı ildə – Rusiyanın silah-sursat və insan resurslarını yetərincə tükədib əldən düşəcəyi bir dövrdə də Ukraynada psixoloji dayanıqlıq göstərənlərin sayının kifayət edəcəyinə əminəm”.
Yevgeni Qolovaxa müharibənin qaçqın saldığı insanların xaricdən geri qayıtması perspektivinə də toxunub. Bildirib ki, 2022-ci ilin fevral ayının 24-dən sonra xarici ölkəyə köç etmiş milyonlarla ukraynalının nə qədər hissəsinin geri dönəcəyini proqnozlaşdırmaq çətindir: “Aydındır ki, müharibə uzandıqca, vaxt ötdükcə biz bu imkanları bir az da artıq itiririk. Çünki hər il daha çox immiqrant xaricə uyğunlaşır. Məncə, savaşın indiyədək davam edən qaynar mərhələsi daha iki il sürsə, 2022-ci ildən gedənlərin 30-50 faizinin ölkəyə qayıdacağını gözləmək olar”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar