Xəbər lenti
“İstəyirlər məni güllələsinlər, yenə doğrunu deyəcəm” - ŞƏHİD OĞLUNDAN ŞİKAYƏT
“Haqqımı ala bilməsəm, Azərbaycan vətəndaşlığından imtina edəcəm”
“Necə bu qədər ağ yalan danışmaq olar?”
Bir müddət əvvəl Bərdə rayon Qaz İdarəsinin 170-dən artıq əməkdaşının maaşlarını vaxtlı-vaxtında ala bilmədikləri və işçilər arasında ayrı-seçkilik qoyulmasından narazılığı ilə bağlı yazı dərc etmişdik.
Qeyd edək ki, narazı işçilər məsələ ilə bağlı ölkə prezidenti İlham Əliyevə müraciət ünvanlamışdılar.
Müraciətdə Bərdə rayonu Qaz İdarəsinin əməkdaşları maaşlarını 45 və 50 günə almalarından, işə getməyə yolpulu belə tapmadıqlarından şikayətlənmişdilər: “Bəzilərimizin ərzaq mağazalarına o qədər borcu var ki, daha bizə nisyə ərzaq belə vermirlər. 170 nəfər ailə başçısı, üstəgəl ailə üzvləri min nəfərə yaxın insan deməkdir. Bu qədər insan hər ay bu əməkhaqqına gözünü dikir. Şirkətdən bizə bildirirlər ki, əmək haqqınızı Sosial Müdafiyə Nazirliyi ödəməlidir. Biz sözügedən nazirliyin 142 qaynar xəttinə zəng edirik, ordan isə bizə dedilər ki, siz “SOCAR” şirkətiylə müqavilə bağlamısız, maaşınızı da onlar ödəməlidir. Onu da bildirək ki, ştatda işləyən içilər hər ayın 5-də əmək haqı alırlar. Bu ayrı-seçkilik isə içilərin arasında böyük narazlığa səbəb olur”.
Məsələ ilə bağlı hurriyyet.org-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev münasibət bildirmişdi. Maaşların yubanması haqda deyilənləri əsassız sayan şöbə rəisi 170 nəfərin xidməti müqavilə ilə çalışan şəxslər olduğunu bildirmişdi. Və əlavə etmişdi ki, onlar indiyədək də maaşlarını vaxtlı-vaxtında alıblar, bundan sonra da elə olacaq.
Həmin material dərc olunandan xeyli vaxt keçməsinə baxmayaraq, Bərdə rayon Qaz İdarəsinin əməkdaşları hələ də məsələnin həll olunmadığını bildirirlər.
““Azəriqaz” rəsmisi yalan deyir”
Maaşını ala bilməyən əməkdaşlardan biri, Bərdə Qaz İdarəsinin əməkdaşı Bəxtiyar Ağdərəli deyir ki, “Azəriqaz” rəsmisi məsələnin həll olunduğunu deyir, amma bu, yalandır: “Mən Ağdərə rayonundanam, məcburi köçkün düşəndən Bərdədə məskunlaşmışam. Şəhid ailəsiyəm. 6 aydır bu idarədə işləyirəm. Bu işə Heydər Əliyev Fondunun dəstəyi ilə düzəlmişəm. Eyni zamanda Bərdədə şəhid ailələri, Qarabağ əlilləri və Veteranlar Cəmiyyəti İctimai Birliyinin sədr müaviniyəm. Çalışdığım idarədə mən və mənim kimi 170 nəfər hər 50 gündən bir əmək haqqı alır. Bir müddət əvvəl “Hurriyyət” qəzeti də bu haqda mətbuatda material dərc etmişdi. İdarənin müdiri məni çağırıb deyir ki, niyə bu haqda mətbuata danışmısan? Axı necə danışmayım? Necə olur, ştatda olan işçilər hər ayın 5-də əmək haqqı alır, biz müqavilə ilə işləyirik, bizə hər 50 gündən bi əmək haqqı verilir?”
““Kapitalank” da maaşımıza göz dikib”
Şikayətçi deyir ki, əmək haqqı yubanmaqla bərabər hər ay maaşlarınından 5 manat da “Kapitalank” tərəfindən tutulur: “Bizim maaşımız 275 manatdır. Amma onun 5 manatı “Kapitalbank” tərəfindən tutulur. Üstəlik, biz bu məbləğdən yalnız 253 manatını çıxara bilirik. Soruşanda ki, bu məbləğ hara gedir? Deyirlər bank tutur, vergiyə ödənir və s.”
“Səhv deyirəmsə, qoy məni məhkəməyə versinlər”
Bəxtiyar Ağdərəlinin dediyinə görə, o, məsələ ilə bağlı əlaqədar qurumlarla yanaşı, ölkə prezidentinin saytına da müraciət edib: “Prezident.az saytına bu haqda yazdım. Tərtər rayon regional mərkəzdən cavab yazıblar ki, guya biz ayın 10-dək pullarımızı alırıq. Necə bu qədər ağ yalan danışmaq olar? Sonra da deyirlər niyə şikayət edirsən. Bəs, neynəməliyəm? Hər 50 gündən bir maaş alan insan etirazı eşidilməyəndə hansı addımı atmalıdır? Biz nə deputat, nə də başqa vəzifə sahibi deyilik. Fəhlə adamlarıq. Əgər səhv deyirəmsə, qoy məni məhkəməyə versinlər. Bu, tək mənim deyil, 170 adamın mübarizəsidir. Həmişə deyirlər ki, iqtisadiyyatımız aşıb-daşır. Biz də deyirik ki, bu ölkənin vətəndaşıyıq. Mən idarəmizin müdirinə də deyirəm, sən ayda 2500 manat maaş alırsan, amma bizim əlimizə cəmi 248 manat pul gəlir, onu da vaxtlı-vaxtında ala bilmirik. Heydər Əliyev Fondu şəhid oğlu olduğum üçün mənim işə düzəlməyimə yardım elədi. Xəstə olduğum üçün müalicəmə dəstək verdi. Mən dövlətin elədiyini danmıram. Amma həqiqət həqiqətliyində qalır. İstəyirlər məni güllələsinlər, yenə doğrunu deyəcəm. Mən bunu cənab Prezidentə müraciətimdə də yazmışam. Yazmışam ki, Azərbaycan vətəndaşlığı olduğum üçün utanıram. Bu sözlərimdən sonra Prezident Aparaytından bir nəfər zəng elədi ki, siz emosiyanızı bir az cilovlayın, belə yazmayın. Dedim, imkan verin, yazdığımı prezident oxusun. Qoy bilsin ki, bu ölkədə yaşamaq istəmirəm! Vətəndaşlıqdan imtina edirəm! Mən nə müxalifətəm, nə də iqtidar. Heç bir partiyanın da üzvü deyiləm. Adi vətəndaşam və mən də yaşamaq istəyirəm. Mənim atam bu torpaq uğrunda 42 yaşında 8 övladını qoyub, Ağdərə uğrunda savaşda sinəsini güllə qabağına verib. Batalyon komandiri kimi torpağımız üçün şəhid olub. Əgər mənim kimi adama hörmət eləmirsizsə, gör, başqalarına necə davranırsız! Belə münasibətdən sonra necə vətəndaşlıq edim?
Məsələ ilə bağlı ombudsman Elmira Süleymanovaya da yazmışam. Amma o, cavab belə yazmayıb. Bu necə ombudsmandır, mənim haqqımı necə qoruyur? Əgər mənim haqq-hüququmu qoruya bilmirlərsə, mən necə o ölkənin vətəndaşı ola bilərəm? İndi burdan yenə onlara səslənirəm: “Sizdən nə istəyirəm ki? Haqqımı, hüququmu tələb edirəm. Azərbaycan müharibə şəraitində olan ölkədir. Sabah mən necə əlimə silah alıb döyüşə bilərən ki, bu ölkədə mənə dəyər verilmir?”
Altunay, Hurriyyet.org
P.S. Təbii ki, müsahibimiz sərt şəkildə dediyi son cümlələri əmək haqqı, əlinin zəhməti ilə qazandığı məvacibini ala bilmədiyi, ona və həmkarlarına olan laqeyd münasibətdən çox təsirləndiyi üçün söyləyib.
Sözsüz ki, vətəni qorumağın təmənnası olmaz. Axan qan, qurban gedən hər can bu dövlət və dövlətçilik üçündür.
4 aprel 2016-ci ildə Azərbaycanın ərazi bütövlüyü üçün savaşa qatılanlar bir daha sübut etdi ki, bu torpaqları yenə 1-ci Qarabağ savaşında mücadilə aparan oğullar və onların övladları qoruyacaq.
Allah layiq bildiklərini şəhidlik məqamına yüksəldir. Amma Allahın o məqama yüksəltdiyi insanlara sayğı göstərmək də məmurların borcudur. Ən azından ona görə ki, ilahi ədalətin tərəzisi heç zaman yanılmır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar