Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda və dünyada pensiya yaşı niyə artırılır?

Tarix: 21-07-2018 11:51     Baxış: 2387 A- / A+
Azərbaycanda və dünyada pensiya yaşı niyə artırılır?


Dövlət pensiya yükünü azaltmağa çalışır


Rusiyada pensiya yaşının artırılması əhalinin ciddi etirazlarına səbəb oldu. Bu ölkənin baş naziri Dmitri Medvedyevin 2019-cu ildən ölkədə pensiya yaşının artırılmasını elan etməsindən sonra Rusiya ərazisində kütləvi etiraz aksiyaları təşkil olundu. Etirazlar müxtəlif formalarda hələ də davam etməkdədir.

Xatırladaq ki, yeni qərara əsasən Rusiyada kişilər üçün pensiya yaşı 65-ə, qadınlar üçün 63 yaşadək yüksəlir. Bu pensiya müddətinə keçid dövrü kişilər üçün 2028-ci ilə, qadınlar üçün 2034-cü ilədək davam edəcək. Buna qədərsə Rusiyada pensiya yaşı kişilər üçün 60, qadınlar üçün 55 idi.

Azərbaycanda isə pensiya yaşının artırılmasına ötən ilin yanvarından başlanıb. 2017-2021-ci illərdə kişilərin, 2017-2027-ci illərdə isə qadınların pensiya yaşı hər il 6 ay olmaqla artırılıb 65-ə çatdırılacaq. Kimsə işləyə-işləyə bu yaşa çata biləcəksə, həmən pensiya almaq hüququ əldə etməyəcək. Bu, asılı olacaq onun Pensiya Fondunda toplanan pensiya kapitalının məbləğindən. İşlədiyi dövrdə fonda onun üçün ödənilən sosial sığorta haqqının 85 faizini təşkil edəcək bu kapitalı böləcəklər 144 aya - yəni 12 ilə. Əgər alınan məbləğ indi 110 manat olan minimum pensiya məbləğindən az olacaqsa, adam pensiya ala bilməyəcək. Məcbur olacaq, işləməyə davam etsin ki, minimum pensiyanı ala bilsin. Minimum pensiyanı almaq üçün isə azı 25 illik iş stajı tələb olunur. Bu stajı da olmayanlar yalnız yaşa görə müavinət ala biləcəklər...

Azərbaycanda və dünyada pensiya yaşı niyə artırılır?


Yəni 65 yaş o adamlar üçündür ki, yüksək maaş və qanuni əmək müqaviləsi ilə işləyib, özünə yaxşı pensiya kapitalı yığa biləcək. Kim ki, əmək müqaviləsi olmadan (hazırda belələri yüz minlərlədir) işləyir, yaxud aldığı əmək haqqının cüzi bir hissəsi rəsmiləşdirilir, onlar pensiya ala bilməyəcəklər.

Qeyd edək ki, Azərbaycanda pensiya yaşının artırılmasını əsaslandırmaq üçün məmur və deputatlarımız çox tez-tez Avropa və digər ölkələrin təcrübəsindən sitat gətirirlər. Məsələ burasındadır ki, bu nümunə gətirilən ölkələrdə pensiya yaşı ona görə qaldırılır ki, insanların ömür uzunluğu artıb, doğum əmsalı isə azalıb. Azərbaycanda əmək qabiliyyətli yaşda olan əhali cəmi əhalinin 60 faizindən yuxarıdır. Ölkədə təbii artım əmsalı azalsa da, orta Avropa göstəricisindən çox yuxarıdır. Avropa Komissiyasının proqnozlarına görə, 2060-cı ilədək Avropa Birliyi əhalisinin sayı cəmi 3 faiz artaraq indiki 507 milyon nəfərdən 523 milyon nəfərə çatacaq. Bu zaman Şərqi Avropanın Macarıstan, Polşa, Rumıniya, Sloveniya, Slovakiya, Bolqarıstan və Baltikyanı dövlətlərdə əhali sayının azalması baş verəcək.

Avropanın kişi əhalisinin orta ömrü indiki 77,6 yaşdan 84 yaşa, qadınlarınkı isə 83,1 yaşdan 89,1 yaşa çatacaq. Bu şəraitdə Birlik daxilində pensiya yaşına çatanların payı ümumi əhalinin tərkibində artacaq, 65 yaş və ondan yuxarı şəxslərin hər birinə indiki 4 nəfər əvəzinə 2060-cı ildə cəmi 2 nəfər işləyən düşəcək. Bütövlükdə qeyd olunan dövrə AB -nin əmək qabiliyyətli əhalisi (20-60 yaşlı) indiki 61 faizdən 51 faizə, say baxımından isə 211 milyon nəfərdən 202 milyon nəfərə düşəcək. Yaşı 65-dən yuxarı olanlar indiki 18 faizdən 28 faizə qədər artacaqlar.

Yaşı 80 və ondan yuxarı olanların Birlik əhalisinin tərkibindəki 5 faizlik payı isə 12 faizə yüksələcək. Bu, dövlət büdcələri üçün ciddi çətinliklər yaradacaq. Demoqrafların hesablamalarına görə, yaşlı əhalinin saxlanması xərclərinin ümumi Avropa büdcəsində payı 2060-cı ilə 1,5 faiz artacaq. Buna görə də ciddi demoqrafik problemlə üzləşmiş Avropa ölkələri məcburən pensiya yaşı həddini qaldırırlar.

Belə ki, Litvada 2012-ci ilin yanvarından hər il kişilər üçün pensiya yaşı 2 ay, qadınlar üçünsə 4 ay artır. Bu artım hər iki cinsin pensiya yaşı 65-ə çatanadək davam edəcək.

Latviyada artım 2014-cü ildən başlayıb, hər il 3 ay artırılmaqla 2025-ci ildə 65-ə çatdırılacaq.

Polşada hər iki cins üçün pensiya yaşı olaraq 67 həfəflənib - kişilərdə bu yaşa 2020-ci, qadınlarda isə 2040-cı ildə nail olunacaq.

Böyük Britaniyada qadınların pensiya yaşı 2018-ci ildə kişilərə - 65 yaşa çatdırılacaq. 2046-cı ilədək isə hər iki cins üzrə pensiya yaşının 68-ə qaldırılması nəzərdə tutulur.

Azərbaycanda və dünyada pensiya yaşı niyə artırılır?


Almaniyada da 2029-cu ildə hər iki cins üçün pensiya yaşının 67-yə çatdırılması planlaşdırılır. Hazırda Avropada ən yüksək pensiya yaşı Danimarkada (həm kişilər, həm qadınlar üçün 69 yaş), Albaniyada (kişilər 69,5, qadınlar 64,5 yaş), İtaliyada (kişilər üçün 68, qadınlar üçün 63,5 yaş), Almaniya, Norveç və İslandiyadadır(hər iki cins üçün 67 yaş). Qalan Avropa ölkələrində pensiya yaşı kişilər üçün 61-65, qadınlar üçünsə 60-65 yaş aralığında dəyişir. Ən aşağı pensiya yaşı Fransadadır - hər iki cins üçün 60 yaş.

MDB ölkələrindən Belarusda da 2017-ci ildən pensiya yaşının artırılmasına başlanıb: kişilər üçün 60 yaşdan 63 yaşa, qadınlar üçünsə 55 yaşdan 58 yaşa. Bu proses 2023-cü ildə tamamlanmalıdır.

Ukraynada 2012-ci ildən başlayaraq qadınların pensiya yaşı hər il 6 ay artırılır - məqsəd 2021-ci ildə onu kişilərlə (60 yaş) bərabərləşdirməkdir.

Qazaxıstan isə 2018-ci ildən başlayaraq qadınların pensiya yaşını artırmağa başlayacaq - 2027-ci ildə qadınlar da kişilər kimi 63 yaşda pensiyaya çıxacaqlar - buna qədərsə qadınların pensiya yaşı 57 idi.

Gürcüstanda qadınlar üçün pensiya yaşı 60, kişilər üçünsə 65-dir.

Göründüyü kimi, bizimlə eyni statusda olan dövlətlərin heç birində pensiya yaşı bizdəki qədər yüksək deyil. Hökumət hesab edir ki, Azərbaycanda orta ömür uzandığı üçün 65 yaşdan pensiyaya çıxan qadın-kişilər rahatlıqla 12 il pensiya ala biləcəklər - yəni 77 yaşadək yaşayacaqlar.

Yeri gəlmişkən, 12 illik pensiya müddəti beynəlxalq standartların tələbidir. Yəni bu gün pensiya yaşı hər iki cins üçün 70 olan Yaponiyada orta ömür müddəti 80-83 yaşdır. Hazırda dünyada ən çox uzunömürlülər də bu ölkədədir.

Rəsmi statistikaya görə, bizdə kişilərin orta ömür müddəti 72 yaş, qadınların 75 yaşdır. BMT-nin hesablamalarına görə, Azərbaycanda orta ömür müddəti ondan da az - 70 ildir. Müstəqil ekspertlər hesab edirlər ki, Azərbaycanda pensiya yaşının artırılması hakimiyyətin yaşlı insanların sosial yükünü və problemlərini öz üzərinə götürməkdən imtinası deməkdir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə deyir ki, pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur: “Çünki insanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar