Xəbər lenti
“Rəsulzadənin nəşi mütləq gətirilməlidir, amma...” / Nəsiman Yaqublu
Rusiyada 17 oktyabr inqilabının yüz illiyində inqilabın lideri Vladimir İliç Leninin indiyədək Moskvada mavzoleydə saxlanılan meyitinin dəfn olunması məsələsi bir daha aktuallaşıb. Günlərdir Rusiya cəmiyyətində bu məsələ müzakirə edilir. Hətta iş o yerə çatıb ki, Kreml Leninin nəşinin dəfni ilə bağlı referendum keçirə bilər.
Bu barədə yerli mətbuata müsahibə verən Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko məlumat verib.
“Düşünürəm ki, belə məsələlərdə hər şeyi sındırıb-dağıtmaq olmaz. Əminəm ki, nə vaxtsa bu məsələ də həllini tapacaq, cəmiyyət konsensusa gələcək. Lakin bu, indinin və sabahın işi deyil” - deyə, o bildirib.
Leninin meyitinin dəfni ətrafında gedən bu müzakirələr Azərbaycan dövlətinin qurucusu, Ankaranın Əsri məzarıstanlığında uyuyan Məhəmməd Əmin Rəsulzadənin nəşinin ölkəmizə gətirilməsi məsələsini bir daha aktuallaşdırıb. Bildiyimiz kimi, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüz ili tamam olur. Prezident İlham Əliyevin AXC-nin yüz illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncamı var. Bundan çıxış edərək, cümhuriyyətimizin banisinin nəşinin banisi olduğu dövlətin ildönümündə ölkəyə gətirilməsinin vacibliyindən söz açılır.
Rəsulzadə Araşdırmalar Mərkəzinin rəhbəri, tarixçi alim Nəsiman Yaqublu indiyə qədər bu məsələnin bir neçə dəfə gündəmə gəldiyini və cəmiyyətin marağını cəlb etdiyini bildirdi: “Biz özümüz neçə dəfə Rəsulzadənin məzarının ölkəyə gətirilməsi ilə bağlı məsələ qaldırmışıq. Bilirsiniz, bu məsələ bir qədər çətindir. Bu məzarın ölkəyə gətirilməsi üçün ilk növbədə, onun hüququ əsasları təmin olunmalıdır. Birdən-birə məzarı gətirib, burada hansısa bir yerdə dəfn etmək qeyri-mümkündür. Harada dəfn olunması, onun statusu müəyyən edilməlidir. Bu adi bir məzar deyil, dövlətin qurucusunun məzarıdır. Onun hansı formada olacağı da bilinməlidir. Məsələn, Atatürkün mavzoleyi formasındamı, yoxsa adi bir qəbirlərdən birimi olacaq? Görürsünüz, nə qədər suallar ortaya çıxır. Bu məsələlər həll olunmadan onun məzarının Azərbaycana gətirilməsi çətindir. Şəxsən o fikirdəyəm ki, məzar mütləq gətirilməlidir, amma gətirilməmişdən öncə onun hüququ statusu aydınlaşmalıdır. Ayrı-ayrı ölkələrdə öz xalqının azadlığı uğrunda mübarizə aparmış şəxsiyyətlərin məzarları öz ölkələrinə gətirilib. Gürcüstan və Ukraynanı burada nümunə çəkə bilərik. Bizdə isə Cümhuriyyəti quranların heç birinin məzarı ölkədə deyil. Əlimərdan bəy Topçubaşov Fransada, Rəsulzadə Türkiyədə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev Gürcüstanda dəfn ediliblər. Təəssüflər olsun ki, Azərbaycanda cümhuriyyəti quranların məzarları yoxdur. Biz bu haqda ciddi düşünməliyik. Cümhuriyyətin yüz illiyində biz hara gedib əklil qoyacağıq? Məni bu maraqlandırır. Bu sahədə dövlət səviyyəsində müəyyən işlər görülməlidir. Bura tədqiqatçılar cəlb olunmalıdır, həmçinin həmin insanların varisləri, yaxınları. Hər halda onların da hüquqları çatır ki, bu məsələyə müdaxilə etsinlər. Düşünməliyik ki, Cümhuriyyətin yüz illiyinə bu dövlətin qurucularının məzarlarının xaricdə olduğu vəziyyətdə gedirik. Bu problemi həll etmək çox vacibdir”.
N.Yaqublu nəşin gətirilməsi üçün zamanın qısa olduğunu da söylədi: “Bu məsələdə zaman o qədər də uzun deyil. Zaman çox qısadır. Amma həll ediləsi zaman var. Ümumiyyətlə, Cümhuriyyətin yüz illiyinə biz çox ciddi hazırlaşmalıyıq. Təkcə məzarların gətirilməsi ilə kifayətlənmək olmaz, biz təcili şəkildə kitabların çap olunması, sənədli filmlərin hazırlanması, onların arxivlərinin toplanıb Azərbaycana gətirilməsi, onlara aid olan şəxsi əşyaların toplanması istiqamətində çalışmalıyıq. Bu mənada gecikirik. Hərəkət etmək lazımdır. Rəsulzadənin qəbrinə Türkiyədə yüksək səviyyədə diqqət ayrılır. Bu baxımdan ”onun məzarının gətirilməsinə əsas varmı" kimi suallara məndən əvvəl Rəsulzadənin ailəsi söz demək hüququndadır. Mən tədqiqatçı kimi fikirlərimi bildirirəm. Türkiyə bizə doğma, qardaş bir ölkədir. Məzarın orada olması da önəmli bir məsələdir. Türkiyədə o məzara çox diqqətlə yanaşırlar. 1995-ci ildən bu günə qədər onlar bir neçə dəfə Rəsulzadənin qəbrinin üstünü təmin ediblər. Son dəfə o məzarı çox gözəl şəkildə hazırlayıblar. Bu işdə Azərbaycan Kültür Dərnəyi böyük zəhmət çəkib. Orada Cəmil Ünalın, Türkiyə Andları Dərnəyinin də xidmətləri var. O məzarı göz bəbəyi kimi qoruyurlar. Əvvəllər sovet dövründə bu müstəvidə tam başqa məsələlər gündəmdə idi. Rəsulzadənin adını belə çəkmək olurdu. Amma indi müstəqil Azərbaycanda onun nəşinin gətirilməsi müzakirə edilir. Rəsulzadə ömrü boyu müstəqil Azərbaycan uğrunda mübarizə aparıb. Bu gün situasiya dəyişib, biz buna uyğun addımlar atmalıyıq. Mən şəxsən bununla bağlı dəfələrlə müraciətlər etmişəm. Amma heç bir cavab almamışam. Olsun ki, bir daha müraciət edəcəyəm. Burada təkcə söhbət Rəsulzadənin məzarından getməyəcək, Cümhuriyyəti quran digər şəxslərlə bağlı da müraciətlərim olacaq. Ölkə başçısı cənab İlham Əliyevin Cümhuriyyətin yüz illiyi ilə bağlı sərəncamından sonra ona rəsmi şəkildə müraciət etmişəm. Həmin müraciət sizin mətbuat orqanı və digər yerlərdə çap olunub. Həmin müraciətdə bu məzar məsələsini də qoymuşam. Hələ ki müraciətimə bir cavab yoxdur. Necə bir cavabın olacağını deyə bilmərəm. Məndə olan məlumata görə, məktub Prezident Aparatına çatdırılıb. Çünki mənə cavab gəlib ki, məktub çatdı, göndərilib. Rəsmi cavabı gözləyirəm".
Cavanşir ABBASLI
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar