Xəbər lenti
Parlamentdə gərgin müzakirələr- qalmaqallı qanun qəbul olundu
Milli Məclis “Yeni əsrin müqaviləsi”ni də ratifikasiya etdi
Oktyabrın 31-də Milli Məclisin növbəti plenar iclası birinci vitse-spiker Ziyafət Əsgərovun sədrliyi ilə keçirildi.
İlk olaraq bu ilin sentyabrında Azərbaycan Dövlət Neft Şirkəti ilə imzalanmış “Yeni əsrin müqaviləsi” - “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Vitse-spikerin sözlərinə görə ki, imzalanan yeni sazişə görə, mühəndislərin 90 faizi, fəhlələrin 95 faizi Azərbaycan vətəndaşlarından ibarət olmalıdır. Mənfəətin 75 faizi dövlətə, 25 faizi isə törəmə şirkətlərə çatacaq. Təbii səmt qazı yenə də Azərbaycan dövlətinə pulsuz ötürüləcək. Kəşf nəticəsində təbii qaz yataqları aşkarlansa, bu yataqların işlənməsi ilə bağlı müstəsna hüquq ARDNŞ-ə məxsus olacaq.
Deputat Vahid Əhmədov sentyabr-oktyabr aylarının Azərbaycan üçün çox uğurlu hadisələrlə yadda qaldığını dedi: “Sentyabr ayında çox mühüm əhəmiyyətə malik olan yeni neft müqaviləsi imzalandı. Oktyabr ayında isə Bakı-Tiflis-Qars dəmir yolunun açılışı həyata keçirildi. Bu, Azərbaycanın tarixi qələbəsidir. Dəmir yolunun çəkilməsinə çox böyük maneələr var idi. Hətta ABŞ Senatında bu layihənin reallaşmaması üçün erməni lobbisi hərəkətə keçmişdi. Amma bütün bunlara baxmayaraq, Azərbaycan prezidentinin iradəsi ilə bu nəhəng layihə reallaşdı”.
Deputat Əli Məsimli də öz növbəsində Milli Məclisin çox tarixi bir sazişi müzakirə etdiyini bildirdi. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsinin Azərbaycana 130 milyard" dollardan artıq vəsait qazandırdığını xatırlatdı. “Bu saziş ölkəmizin karbohidrogen ehtiyatlarını bir daha dünyaya tanıtdı. Həmçinin Azərbaycan neft ölkəsi kimi özünü bir daha təsdiq etdi” - Ə.Məsimli dedi. Deputat bildirdi ki, yeni müqavilənin ayrı-ayrı ölkələrin şirkətləri ilə bağlanması Azərbaycanın müstəqilliyinə önəm verilməsinin əlamətidir.
Deputat Aydın Mirzəzadə neft müqaviləsi imzalanandan sonra AŞ PA-da Azərbaycana qarşı təzyiqlərin işə salınmasını təsadüfi saymadı: “BTC ilə bağlı qərar veriləndə də analoji təzyiqlərə əl atılmışdı. Ancaq bütün cəhdlər faydasız oldu və bu nəhəng layihə reallaşdı. Eyni zamanda Bakı-Tiflis-Qars layihəsinin reallaşmasına qarşı olan qüvvələr dünən səfirləri vasitəsilə bu layihəyə dəstəyini ifadə etdilər. Bu, o deməkdir ki, Azərbaycan doğru yoldadır”.
Deputat Siyavuş Novruzov isə bəzi həmkarlarnıa atmaca ilə çıxışa başladı: “Bu layihəni xəyal adlandırırdılar, onlar layihənin gerçəkləşəcəyinə inanmırdılar”. O bildirdi ki, tarix bu fikirlərin xülya olduğunu göstərdi: “O zaman bu müqaviləni bəyənməyənlərdən hazırda Milli Məclisin iclasında oturanlar da var, sazişi dəstəkləyirlər. Digərləri də zamanında başa düşəcəklər”.
Müzakirələrdən sonra saziş ratifikasiya olundu. Xatırladaq ki, saziş 2049-cu ilin 31 dekabrınadək qüvvədə olacaq.
Milli Məclis “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6.2-ci (Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan bəzi əmlak növlərinin özəlləşdirilməsi qadağandır) maddəsinin “Elm haqqında” Qanuna uyğunlaşdırılmasını da müzakirəyə çıxardı.
Deputat Qüdrət Həsənquliyev qanuna yeni bəndin əlavə edilməsinə etiraz etdi: “Mən dəfələrlə demişəm. Biz universitetləri özəlləşdirə bilərik və bu lazımdır. Dövlətə məxsus ali təhsil müəssisələrini, səhiyyə müəssisələrini özəlləşdirmək lazımdır. Əmlak Komitəsi bu gün 150-yə qədər dövlət əmlakını özəlləşdirməyə çıxarır. Amma hərrac keçiriləndən sonra görürük ki, onun cüzi hissəsi özəlləşdirilib. Səbəb isə budur ki, qiymətlər çox yuxarı qoyulur. Qiymətləndirmə çox yuxarı olur və 5 dəfə hərrac keçiriləndən sonra qiymətin cəmi 50 faiz aşağı salınmasına icazə verilir. Təklif edirəm ki, bu qanuna yenidən baxaq. Əgər əmlak birinci dəfə hərracda satılmadısa, növbəti hərracda qiymətin kifayət qədər aşağı salınmasına ehtiyac var. Dövlət əmlakının özəlləşdirilməsi mexanizmi sadələşdirilməlidir”.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deputatlardan bəziləri bir sıra sahələrdə yoxlamaların vacibliyini qeyd etdi.
Deputat Qənirə Paşayeva bildirdi ki, xüsusilə də işçilərin əmək müqaviləsi olmadan çalışması əlavə problemlər yaradır. Ona görə də xanım deputat bununla bağlı yoxlamaların aparılmasını zəruri saydı.
Deputat Tahir Kərimli də bir sıra sahələrdə yoxlamaları vacib saydı. Birinci vitse-spiker Ziyafət Əsgərov isə həmkarları ilə razılaşmadı: “Vaxtilə burada hamımız şikayət edirdik ki, yoxlamalar sahibkarları bezdirib. Cənab prezident də məsələyə operativ reaksiya verdi və sahibkarların yoxlamalardan azad edilməsi barədə qərar verildi. İndi də biz bu müddəti 2021-ci ilədək uzadırıq. Ancaq yenə də başlamışıq ki, yox, biz yoxlamaları genişləndirməliyik. Bəs biz qızıl ortanı necə tapaq?”
Bundan sonra sahibkarları 2021-ci ilədək yoxlamalardan azad edən qanun layihəsi qəbul edildi.
Son günlər barəsində daha çox danışılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi isə daha çox vaxt apardı. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, təklif Ali Məhkəmənin sədri tərəfindən təqdim olunub. Komitə sədri dedi ki, bir çox ölkələrdə vətəndaşın nümayəndəsi ancaq vəkil ola bilir. Vəkillərin sayının az olması səbəbindən layihəyə keçid müddəaları əlavə olundu. Belə ki, hazırda məhkəmə proseslərində nümayəndə qismində iştirak edən şəxslərə işlərini başa çatdırmaqla bağlı müddəa layihəyə əlavə edilib. “Hüquqi yardım ancaq peşəkarlar tərəfindən həyata keçirilməlidir” - Ə.Hüseynli bildirdi.
Deputat Zahid Oruc dedi ki, bu layihə islahatların ruhuna ziddir və bu sənədin əleyhinə səs verəcək: “Ölkədə vəkillərin sayı bu illər ərzində o qədər az olub ki, nümayəndələr bu illərdə aparıcı şəxslərə çevrilib”. Deputat nümayəndələrin məhkəmə sistemində rüşvətə şərait yaratdığı barədə arqumenlərlə də razılaşmadığını bildirdi. “Bu, imzaladığımız konvensiyalarla da ziddiyyət təşkil edir. Ölkədə 483 hakim, 934 vəkil var. Biz Avropa Şurasına üzv olan ölkələr içərisində vəkillərin sayına görə sonuncu yerdə olan ölkə içərisindəyik. Ölkəmizdə 100 minə qədər mülki işlər var. Hakimlər kifayət qədər yüklənib. Vəkillərin sayını azı 5 minə çatdırmadan bu dəyişikliyə getmək olmaz. Çox təəssüflə bunu qeyd edirəm: Azərbaycanda 100 min adama 5, Ermənistanda 45, Gürcüstanda 89 vəkil düşür. Biz bu qərarla 10 minə qədər nümayəndələri - informasiya daşıyıcılarını narazı salmamalıyıq. Avropa Məhkəməsinə gedən işlərin sayını on dəfələrlə artırmamalıyıq. Bununla müxalifəti yemləyən şəxslərə şans yaratmamalıyıq”. Z.Oruc bir daha Ali Məhkəməni düşünməyə çağırdı.
“Əgər biz 20 il ərzində vəkillərin sayını 1000-ə çatdıra bilməmişiksə, yaxın dövrdə onların sayını artırmağımız mümkün deyil”.
Bu fikirləri isə deputat Fazil Mustafa söylədi. Deputat bildirdi ki, konstitusiyamızda hər kəsin normal hüquqi yardım almaq imkanı tanınıb və bu hüquqa heç bir halda müdaxilə etmək olmaz. F.Mustafa beynəlxalq konvensiyalarda da hər kəsin özünümüdafiə hüququnun olduğunu xatırlatdı. Deputat ölkə prezidentinin yoxsul vətəndaşlara pulsuz hüquqi yardım edilməsi ilə bağlı sərəncam verdiyini xatırlatdı. “Bu, ona bənzəyir ki, universitetdə hansısa müəllim rüşvət alırsa, universiteti ləğv olunur. Bölgədəki 5 milyonluq əhali üçün cəmi 236 vəkil var. Bu zaman vətəndaş necə özünü müdafiə edəcək? Burada 5-6 minlik işsizlər ordusunun yaradılması kimin marağındadır? Biz məsələ qoyaq ki, nümayəndə hüquqşünas olmalıdır. Necə ki, Qazaxıstan bu addımı atdı. Nümayəndəliklə bağlı qərarı vermək hələ tezdir. Heç olmasa vəkillərin sayına görə 20-ci yerə çıxaq, o halda bu qanunu qəbul edək. Hakimlər daha rahat qərar çıxartsın deyə, bu qərarı qəbul etmək olmaz. Bu qanunun qəbulu ölkədə ciddi narazılıqlar yaradacaq”.
“Vəkil məhkəmə çəkişməsinin ən önəmli subyeklərinə çevrilməlidir. Bəli, Vəkillər Kollegiyasının qapıları açılmalıdır, ora yeni üzvlər qəbul olunmalıdır. İmtahan balı azaldıla, yaxud insanlara imtahanları vermək üçün ən azı bir il vaxt verilə bilər. Əks təqdirdə biz problemlə qarşılaşa bilərik”.
Bunu isə deputat Elşən Musayev söylədi. Ancaq deputat yekunda qanun layihəsinə səs verəcəyini bildirdi: “Biz irəli baxmalıyıq”.
Deputat Siyavuş Novruzov isə qanunu qəbul etməyə çağırdı: “Biz gələcəkdə baxacağıq ki, qanun necə işləyir. O halda dəyişikliklər edə bilərik. Biz bu qanunları Azərbaycan xalqının mənafeyi üçün qəbul edirik, xaric bizə necə baxacaq deyə, qəbul etmirik. Qanunun əsas mənbəyi xalqın maraqları olmalıdır”. Ancaq S.Novruzov vəkillik institutunun inkişafı üçün addımlar atmağa çağırdı: “O halda nümayəndələrə ehtiyac qalmayacaq”. Deputat dedi ki, “Bu, hamıya aid deyil. Amma rüşvət, oğurluq üstündə qovulan, vəzifə səlahiyyətini aşan adam işdən çıxarılan kimi, avtomatik olur vəkil. Ali təhsil almış gəncin orda işləməsi daha uyğundur, nəinki hüquq-mühafizə orqanından qovulmuş adam. İkincilər istənilən halda qaranlıq yol axtaracaqlar. Biz görürük, bu cür insanlar şantajla məşğuldurlar. Hər şey islahatla həll olunur. Həmkarlarımızdan xahiş edirəm, qanunu qəbul edək, nə ilə nəticələnəcəyinə təcrübədə baxarıq, inşallah!”
Vitse-spiker Valeh Ələsgərov isə “nümayəndəlik institutu ləğv olunmayana kimi, vəkillik institutu inkişaf etməyəcək, vəkillərin sayını artırmaq mümkün olmayacaq”-deyə, mövqeyini ifadə etdi.
Deputat Musa Quliyev də qanunu qəbul etməyə çağırdı.
Deputat Çingiz Qənizadə dedi ki, layihədə qaneedici məqamlar olsa da, narahatlıq doğuran məqamlar da var: “Nümayəndəliyi ləğv edib fiziki şəxslərin yaxınlarını məhkəmələrə göndəririksə, hansı təkmilləşmədən söhbət gedə bilər? Bəli, nümayəndələr arasında dələduzlar da var. Amma biz qolda yara var deyə, onu tam kəsməli deyilik. Biz nümayəndəlik institutunun parakəndəliyinə son qoymaq istəyiriksə, onda hüquqi firmalarda birləşmələri barədə məsələ qaldıraq. Biz vəkillik institutunda islahatlar aparandan sonra nümayəndəlik institutunun ləğvinə baxa bilərik. 350 mindən artıq mülki iş varsa, nümayəndələr orada iştirak edə bilməyəcəksə, 900 vəkil bunun öhdəsindən gələ bilməyəcək. Bizim elə rayonlar var ki, vəkil yoxdur, nümayəndələr yola verirlər”.
Deputat Qənirə Paşayeva da nümayəndəlik institutunun ləğvini çox ciddi məsələ kimi xarakterizə etdi: “Yanvarın 1-dən biz 300 mindən artıq məhkəmə işini 930 vəkilin üzərinə qoyacağıq. Qonşu Gürcüstanın əhalisinin sayı bizimlə müqayisədə iki dəfə azdır. Amma vəkillərinin sayı bizdən 5 dəfə çoxdur. Bu islahatlar vacibdirsə, o zaman bu gündən başlayaraq savadlı gəncləri cəlb etmək, vəkillik institutunu inkişaf etdirmək lazımdır. Millət vəkilləri də narahatdır ki, yanvarın 1-dən sonra necə olacaq? Bu 2 ay ərzində vəkillərin sayının artırılması istiqamətində addımlar atılmalıdır ki, bölgələrdə ciddi problemlərlə üz-üzə qalmayaq”.
“Biz nümayəndəlik institutunun tamamilə aradan qaldırılması təklifini vermirik”. Bunu isə Mülki Kollegiyanın sədri Şəlalə Məmmədova bildirdi. Dedi ki, işsizliyin yaranacağı barədə deputatların fikirlərinə münasibət bildirərkən “həmin nümayəndələr onsuz da işsiz idi və bura onların iş yeri deyildi ki, narazı qalsınlar” - deyə, bildirdi.
Vitse-spiker Ziyafət Əsgərov isə yekunda “biz bu qanunu qəbul etməliyik. Çünki bu qanunun özü vəkillik institutunun inkişafına kömək edəcək” - deyə, bildirdi.
Yekunda səs çoxluğu ilə qanun qəbul edildi./musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar