Xəbər lenti
“Peyğəmbərin və imamların şəkillərini yandırdım, çünki...” - Elşad Miri
Manevr.az ilahiyyatçı Elşad Mirinin publika.az-a verdiyi müsahibəni təqdim edir.
– Elşad bəy, ailənizdə dini təhsil almış, ixtisasca ilahiyyatçı olan kimsə varmı?
– Xeyr, heç kim yoxdur.
– Bəs necə oldu ki, siz ilahiyyatçı olmağı seçdiniz? Bəzən görürsən ki, hüquqa balı çatmayan uşaqlar məcbur olub filologiyada, jurnalistikada oxuyurlar. Sizdə də belə olmayıb ki?
– Bizim ailə tamamilə liberaldır. Ağlım kəsəndən atamı imkanlı görmüşəm. Atam Bakıya tez-tez gəlib-gedirdi. Bir dəfə Bakıdan video kassetlər almışdı. O kassetlərin içində “Peyğəmbər” filmi də vardı. Bu filmə atamla bir yerdə baxdıq. Tez-tez ona suallar verirdim ki, peyğəmbər burda niyə göstərilmir? Atam da cavab verdi ki, yəqin, peyğəmbər gözəgörünməz olub. Bu söz mənə qəribə gəlmişdi.
Sonra elə oldu ki, həmin filmə tək baxdım. Bilirsiniz ki, film peyğəmbərin vəfatı ilə yekunlaşır. Onda çox ağlamışdım! Ürəyimdən keçirdi ki, mən niyə peyğəmbəri görmədim? Düzdür, mən yuxuları real həyatla əsaslandırmıram, amma həmin ərəfədə yuxuda Məhəmməd peyğəmbəri gördüm. Peyğəmbər əlimdən tutdu, aramızda müəyyən söhbətlər də oldu. Səhərisi gün isə məndə bir həvəs yarandı. Din nədir, peyğəmbər kimdir? Bu suallar məni düşündürməyə başladı. Cavabını isə atam bilmir, anam bilmir, babam bilmir...
– Maraqlıdır, yuxuda peyğəmbərlə nə danışmışdınız?
– Mən qara paltar geyinmişdim, onlar isə ağ əmmamədə dağın təpəsində dayanmışdılar. Peyğəmbər mənə yaxınlaşdı, əlimdən tutdu, dedi, mən səni müsəlman eləyəcəm. Sonra dini kitablar almaq üçün bazara getdim. Orda şəkillər gördüm, altına Məhəmməd peyğəmbərin adı yazılmışdı. Şəkillərə baxıb dedim ki, bu, peyğəmbər deyil. Soruşdular ki, sən hardan bilirsən, axı heç kim onu görməyib. Qayıtdım ki, mən peyğəmbəri yuxuda görmüşəm, o, bu şəkildəki insana oxşamır. Pul verib peyğəmbərin və imamların şəkillərini aldım. Evə gəlib şəkillərin hamısını yandırdım.
– Niyə?
– Ki, yuxuda gördüyüm bu insan deyil.
– Onda neçə yaşınız vardı?
– Təxminən, 9-10 yaşım olardı.
– Siz Qafqaz Universitetinin İlahiyyat fakültəsində oxumusunuz?
– Peyğəmbəri yuxuda görəndən sonra elə uşaq yaşımdan dini araşdırmağa başladım. Bir yas yerinin yanından keçirdim, yaxınlaşdım, gördüm dindən danışırlar. Xoşuma gəldi. Gözlədim, molla çölə çıxanda dedim ki, dini öyrənmək istəyirəm, mənə kömək eləyə bilərsinizmi? Molla atamı tanıyırdı. Mənə ilk dəfə dəstəmaz almağı da o öyrətdi. Mollaya atam hər ay pul da verirdi.
Sonra İranda təhsil almışam, başqa bir mollanın yanına getdim, ona da pul verirdim, öyrədirdi. Onda mən Yevlaxda yaşayırdım. Dedilər ki, Ağdaşda bir mədrəsə var. Ora getmək üçün atamdan icazə aldım. Uşaq olmağıma baxmayaraq o da icazə verdi. Həftədə iki-üç dəfə Yevlaxdan Ağdaşa gedib-gəlməyə başladım. Atam yolpulumu da verirdi.
Daha sonra Qəbələdə ərəb dili və şəriət dərsləri vardı, oranı da qırmızı diplomla bitirdim. Bir müddət türklərlə qaldım, həm din öyrənirdim, həm də orta məktəbi oxuyurdum. Türk kolleclərinə hazırlıq məktəbi açıldı, orda da təhsil almağa başladım. Bir gündə üç məktəb oxuyurdum. Amma yorulmurdum, çünki sevirdim. Sonra elə oldu ki, Azərbaycan dilində imtahan verdim, balım çox yüksək çıxdı. Sumqayıt Türk İlahiyyat Kollecinə üçüncülüklə qəbul oldum. Buranı qurtarandan sonra isə bəli, Qafqaz Universitetinin İlahiyyat fakültəsinə daxil oldum.
– “Qafqaz”a qəbul olunmağınızı atanız da istəyirdimi?
– Yadımdadır, atam məndən soruşdu ki, universitetə qəbul oldunmu? Dedim ki, hə, ilahiyyatda oxuyacam. Dedi, ilahiyyat nədir? Bildirdim ki, dinlə bağlı olan bir sahədir. Atam sual verdi ki, bu ixtisasdan pul qazana biləcəksənmi? Mən isə düzü, burasını fikirləşməmişdim. Atam dedi, təki sevdiyin işlə məşğul ol...
– Atanız demişkən, indi dindən pul qazana bilirsinizmi?
– Həmişə Allahıma dua edirəm ki, mən dindən pul qazanmayım. Elə bir imkanım olsun ki, ayrı şeydən qazanım və dinin yayılması, təbliği, Allah yolunda o pulu xərcləyə bilim.
– Dindən pul qazanmırsınızsa, yəqin, qazancınız Media Təqib Mərkəzindəndir...
– Mən Media Təqib Mərkəzini quranda bütün dostlar, jurnalistlər soruşdu ki, Elşad, bu ideya hardan ağlına gəldi? Azərbaycandakı bütün saytlar, bütün televiziyalar əlimizin altındadır, hamısı bizdə qeyd olunur. Media Təqib Mərkəzi lazım olan bütün informasiyaları bura abunə olan müştərilərə verə bilir. Mən maliyyəmi burdan qazanıram.
– Elşad bəy, hansı şəkildə olur-olsun, dini təbliğ eləyən adamlar haqqında cəmiyyətdə şübhələr yaranır ki, görəsən, onu kim maliyyələşdirir? Görəsən, arxası hara bağlıdır, kimin adamıdır? Sizin haqqınızda da belə söhbətlər tez-tez eşidilir...
– Bəli, məni bağlamadıqları yer qalmayıb. Öncələr dinə başlayanda müəllimim İranla bağlı olduğuna görə mənə “şiəliyin təbliğatçısı” dedilər. Sonra türklərlə əlaqələndirdilər, “sünni” dedilər. “Yəhudilərin adamı” dedilər, “masson” dedilər və deyirlər. “Xaricdən pul alır” dedilər. Konkret dedilər ki, Elşad Miri İngiltərədən maliyyələşir. Daha maliyyələşmədiyim yer qalmadı. Amma heç kim demir ki, bu adamı həqiqətən araşdırın, görün kimdir?
Bir müddət Amerikada qaldım, ordan gələn kimi Milli Təhlükəsizlik Nazirliyi ofisimi bağladı. Bütün komputerlərimi, otağımda nə vardısa, hamısını götürdülər, hal şahidləri oldu, maşınımı yoxladılar və s. Hətta Bakıdan kənara çıxmamağımla bağlı iltizam da aldılar. Bu proses xeyli getdi və əşyalarımı bir il dörd ay sonra ala bildim. Ciddi araşdırmalar getdi, komputerimdəki bütün informasiyalar oxundu. Allaha şükür, məndə hər hansı şübhəli bir şey olsaydı, bu gün sizlə üz-üzə oturub söhbət eləyə bilməzdim, çoxdan həbs olunmuşdum.
– Siz Qafqaz Universitetində oxuyarkən, oranın nurçuların olduğunu bilirdiniz?
– Sizə bir şey deyim. Mən Qafqaz Universitetindən əvvəl nurçuların orta məktəbində oxumuşam. Ondan əvvəl isə uşaqlığımda Fəthullah Gülənin yanında da qalmışam. Fəthullah Gülən mənə imzalı kitabını bağışlayıb. Axı onda nurçuların, konkret olaraq Fəthullah Gülənin haqqında heç bir şey deyilmirdi. Uşaq idim, mən onları necə tanıya bilərdim?
– Ağıllı insansınız, bəs nurçuluğun zərərli bir ideologiya olduğunu hiss eləmirdiniz?
– Hələ orta məktəb illərindən nurçuların mənfi bir şey öyrətdiklərinin şahidi olmamışdım. Universitetdə də həmçinin! Çünki onlar adamı yavaş-yavaş zombiləşdirir, manqurtlaşdırırdılar. Onlardan qurtulmaq hər adama nəsib olmur. Məsələn, FETÖ-nün terror təşkilatı kimi qəbul edilməsinə, Türkiyədə qəbul edilmiş bir hakimiyyətə qarşı çevriliş cəhdinin olunmasına baxmayaraq, bəzi türkiyəlilər və bəzi azərbaycanlılar bunu hələ də qəbul eləmirlər. Çünki beyinləri o qədər yeyilib ki, onlardan qurtula bilmirlər.
– Bəs deyə bilərsinizmi, nurçular adamı necə zombiləşdirir, necə manqurtlaşdırır?
– Təsəvvür elə, eyni sinifdə oxuduğum, eyni yataqxanada qaldığım, eyni yerdə yatıb-durduğum, yemək yediyim insanlar illər əvvəl düşüncələrimə görə məni vatsap qruplarından çıxartmışdılar. Nurçuların bir anlayışı vardı. Döyənə əlsiz, söyənə dilsiz deyin! Sonradan isə məlum oldu ki, bu şüar sadəcə, onların özləri ilə bağlıdır. Onlar deyirlər ki, biz qurtulmuş firqəyik. Biz orta yolla gedən firqəyik. Onlarda qarşılarındakı insanı müsəlman görməmək anlayışı var. Onlardan olmadığına görə, sənə düşmən kəsilə, səni cəhənnəmlik görə, sənə yazıqları gələ bilər.
Onların manqurtlaşdırması isə nədən ibarət idi, deyim. Ancaq bu kitabları oxuyacaqsınız! Ancaq xoca əfəndi nə desə, onu qəbul eləyəcəksiniz, onun sözündən başqa heç bir sözü qəbul etməyəcəksiniz! Üstündəki abin nə deyirsə, düşünmədən ona tabe olacaqsınız, onun dediklərinə əməl eləyəcəsiniz! Sən düşünməyəcəksən, sənin yerinə abin düşünüb, qərar verəcək! Sən sevməyəcəksən, abin sənin yerinə kiminlə evlənəcəyini göstərəcək! Nurçular insanı ailədən də uzaqlaşdırır, sənin üçün ailə anlayışı, valideyn anlayışı artıq arxa planda qalır.
– Maraqlıdır, Türkiyədə dövlət çevrilişinə cəhddən əvvəl nurçular əlehinə, onların insanları necə zombiləşdirməsi ilə bağlı hansısa bir çıxışınız, yazınız olmuşdumu?
– Bu barədə məndən soruşulsaydı, əlbəttə, fikirlərimi deyərdim! Nurçular özləri onlardan olmadığıma görə məndən uzaqlaşırdılar.
– Nurçuların təhsillə bağlı siyasəti bəzən təqdir olunur. Deyirlər ki, məktəb, universitet açırlar, burada pis nə var ki? Bu fikirlərə münasibətiniz necədir?
– Onların məktəblərində valideynlə müəllim arasında çox gözəl ünsiyyət yaradılırdı. Məsələn, bizim hansı məktəbimizdə var ki, tətil vaxtı müəllimlər şagirdlərlə əlaqə saxlayır, onların istirahəti ilə maraqlanır? Nurçularda isə belədir. Tətildə düşərgə, pikniklər təşkil edirlər, uşaqları çağırırlar, onlara kitablar oxutdururlar, müxtəlif oyunlara aparıb onları özlərinə cəlb eləyirlər. Bizim məktəblərdə şəxsən mən belə şey görməmişəm.
– Bu, yaxşıdırmı?
– Əlbəttə! Kaş bizim məktəblərdə də belə olsun.
– Nurçuluğun ideoloji banisi Fəthullah Güləndir?
– Xeyr!
– Bəs kimdir?
– Mən təəssüf edirəm ki, Türkiyədə də, Azərbaycanda da nurçuluğun banisi Beduzaman adı ilə tanınan Said Nursi haqqında heç kim danışmır. Əslində, nurçuluğun əsas qurucusu odur.
– Onu tanımıram, adını sizdən eşidirəm. Necə bir insan olub?
– Said Nursi özünü peyğəmbərdən də üstün tutan bir adam olub. Təsəvvür elə, öz yazdığı kitablar haqqında deyir ki, bunlar Allah tərəfindən Quranın yazdırıldığı yerdən yazdırıldı. Bu Quranı hökmdən çıxarmaqdır. Guya möcüzələri var. Məsələn, bir kitabında uşaq ölür, onu dirildir. “Şüalar” kitabında qiyamətin qopacağı zaman haqqında məlumat verir. Bu kitabları bizə dəfələrlə oxutdururdular. Deyirdilər ki, hər dəfə oxuyanda yeni bir şey anlayacaqsınız!
– Elşad bəy, Bakıya turist kimi gələn ərəblərin vətənimizdə hərəkət və davranışları sosial şəbəkələrdə uzun müddətdir ki, tənqid olunur və insanlarda İslam dininə qarşı pis münasibət yaradır.
– Kəramət, bizim əsas problemimiz də elə bundadır. Bizdə elə bilirlər ki, ərəblər ərəbdirsə, deməli, müsəlmandır. Yaxud da elə bilirlər ki, kim Avropadan gəlibsə, xristiandır. Kim Çindən gəlibsə buddistdir. Amma belə deyil. Misirin özündə ərəb dilində danışan on milyon xristian var. Və bu gün azərbaycanlılar nə qədər müsəlmandırsa, ərəblər də o qədər müsəlmandır.
– Bəs əsl müsəlman kimlərdir?
– Müsəlmanlar İslamı araşdırıb qəbul eləyən və bu qaydalarla yaşayan insanlardır. “Müsəlman” təslim olan deməkdir. Nəyə təslim olmaq? Allaha!
– Siz özünüzü müsəlman sayırsınız?
– Bəli, mən müsəlmanam!
– Qadağalarınız nədir?
– Allahın qoyduğu qadağalar!
– Məsələn, bara getmisiniz?
– Azərbaycanda yox! Amma İngiltərədə “pab” deyilən bir anlayış var. Təhsil aldığım müddətdə orda sinif yoldaşlarımızla otururduq. Kofe içirdim, söhbət eləyirdim...
– Azərbaycanda olmayıb?
– Xeyr, burda heç bir bara getməmişəm.
– Diskotekaya da?
– Bir dəfə Nardaranda açıq havada oturmuşduq. Qaranlıq düşəndə bir də gördüm ki, oranı diskoteka halına gətirdilər. Dostlarımdan xahiş elədim, məni yola saldılar, getdim.
– Bəs bunlar qadağa deyilmi?
– Xeyr, mənim üçün qadağa deyil. Guya diskotekaya, bara getsəm, nə olacaq ki? Sadəcə, fitrətim o deyil. Oynamağı, tullanıb-düşməyi xoşlamıram.
– Deyirsiniz ki, guya diskotekaya, bara getsəm, nə olacaq ki? Yəni istəsəniz bara da gedə bilərsiniz. Belə?
– Haram bir şey eləməyəcəmsə, haram içməyəcəmsə, harama baxmayacamsa, bara getməkdə nə var ki? Bunu niyə qəribə şəkildə təqdim edirlər?
– İçki məclislərində oturmursunuz?
– Mən bir məclisə gedirəmsə, hörmət əlaməti olaraq yanımda içmirlər. Həm də içən bir ətrafım yoxdur. Toylara gedəndə isə elə olur ki, stoldan içkini götüzdürürəm. İçmək istəyən gedib ayrı yerdə oturur, orda içir. Amma özümə elə bir şərt qoymuram ki, içki olan yerə girməyəcəm.
– Bəzən deyirlər ki, mən niyə gedib ərəbin dininə sitayiş eləməliyəm? Bu fikirlərə necə cavab verərdiniz?
– Axı ərəbin dini deyilən bir anlayış yoxdur.
– Məhəmməd peyğəmbər ərəb deyildi?
– Ərəb olub. Amma İslam ərəbin dini deyil. Necə ki, oğurluq eləməmək təkcə amerikalılara, ingilislərə, azərbaycanlılara məxsus anlayış deyil. Tutaq ki, adam öldürmək dünyanın hər yerində pisdir. Elə deyilmi? Yaxud da yaxşı bir şey dünyanın hər yerində yaxşıdır. Ona görə də məsələyə bu cür yanaşmağı doğru qəbul eləmirəm.
Din elə bir şeydir ki, o, hansısa bir yerə mütləq gəlməli idi. Ya Azərbaycana, ya Amerikaya, ya da Ərəbistana... Mən çox xoşbəxtəm ki, islam dini Azərbayacana da gəldi. Həyata problemlərlə yanaşmaq olar. Amma mən həyata problemsiz yanaşmağı dindən öyrənirəm. Həyata həmişə ümidlə baxıram. Heç bir zaman bədbinliyə və depressiyaya qapılmıram. Çünki dinlə təsəlli tapıram və rahat oluram.
– Yəni özünüzü aldadırsınız?
– Aldatmıram, yaşayıram!
– Son sualım... Murad Köhnəqalanın bir şeiri var.
Səccadəyə qul olunca
Get bir yetimin saçını öp
Ərəbin daşını öpüncə
Xəritədə Laçını öp!
Necə misralardır?
– Vallah, yenə yanaşma fərqlidir. Birincisi, İslamda “ərəbin daşını öpmək” deyə bir anlayış yoxdur. Kəbədəki qara daş nəzərdə tutulursa, o öpmək, yalamaq, əl sürtmək üçün deyil. Özəlliyi odur ki, o daş bir yerin başlanğıcını göstərir. Vəssalam! Əgər kimsə gedib o daşı öpməkdən ötrü hay-küy salırsa, özünü öldürürsə, günah o daşda deyil, həmin insandadır. O daş yerindən o qədər qoparılıb, iyirmi ildən çox orda olmayıb, sonra birləşdiriblər. O qədər adam o daşa əlini sürtür ki, mikrob yuvası olur. Niyə sən gedib o mikrobu öpəsən? Heç Laçını xəritədə öpmək də lazım deyil. Sadəcə, Laçına can atmaq, ora getmək lazımdır. Guya xəritədə mikrob yoxdur?
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar