Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Qadınların spirtli içkilərə, narkotiklərə aludə olması bizi narahat edir"

Tarix: 06-10-2017 19:36     Baxış: 3318 A- / A+
"Qadınların spirtli içkilərə, narkotiklərə aludə olması bizi narahat edir"


Bu gün ölkəmizdə çox adamı narahat edən məsələlərdən biri də ailə, qadın və uşaq problemləridir. Son vaxtlar uşaq əməyindən istifadə, uşaqların dini mərasimlərə cəlb olunması, ailədaxili münaqişələr, boşanma halları artıb. Bu da həm dövlətimizi, həm də ziyalıları ciddi narahat edir. Xəbər verdiyimiz kimi, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, millət vəkili Aqiyə Naxçıvanlı Moderator.az-a verdiyi eksklüziv müsahibədə cəmiyyətimizi narahat edən belə problemlərə münasibət bildirib, bu nöqsanların baş vermə səbəblərindən və həlli yollarından danışıb. Həmin müsahibəni oxuculara təqdim edirik.

Onunla Milli Məclisdəki iş otağında görüşürük. Müsahibəyə rəhbərlik etdiyi komitənin fəaliyyəti haqqında sualla başlayırıq.

- Bu məsələlərə ölkə başçısı tərəfindən o qədər önəm verilir ki, Milli Məclisdə Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi yaradılıb. Bu komitə ailə, qadın və uşaq məsələləri üzrə dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri hazırlayır. Bundan başqa, komitə ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq, qadın və uşaq hüquqlarının müdafiəsi və həyata keçirilməsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə bağlı qanun layihələri hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə rəy verir.
Azərbaycanda bu sahədə çox mükəmməl qanunvericilik bazası vardır. Həmin qanunlarda boşluqlar yoxdur. Çünki daim onlara əlavə və dəyişikliklər olunur, həmin qanunlar beynəlxalq standartlara uyğunlaşdırılır. Azərbaycanda tam mükəmməl bir ailə modeli yaradılıb. Mövcud qanunvericilik bazası və ölkəmizin sosial-iqtisadi inkişafı ailələrin rahat yaşayışının təmin olunmasına imkan verir.

- Bəs mövcud vəziyyət necədir?

- Bu sahədə problemlərimiz vardır. Son vaxtlar boşanma halları artıb. Ailələrin dağılması, zorakılığa məruz qalan qadınlar, qeyri-rəsmi nikahlar bizi narahat edən məsələlərdir. Son vaxtlar bizə müraciət edənlərin əksəriyyəti qeyri-rəsmi nikahın qurbanlarıdır. Vətəndaş nikahında yaşamaq qanunlarımıza, milli dəyərlərimizə ziddir, dinimizə görə günahdır. Qeyri-rəsmi nikahlar ciddi fəsadlar törədir. Belə olanda qadın yaşadığı evdə qeydiyyata düşmür, onun dünyaya gətirdiyi övladı qeydiyyata alınmır. Bir müddət sonra tərəflər ayrılanda qadın evdən də, alimentdən də məhrum olur, ana və övladı sahibsiz qalır. Bununla bağlı maarifləndirmə işi aparılsa da, qanunlarda dəyişikliklər edilsə də onların sayı günbəgün artmaqdadır. Təkcə bu il rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 26 min 288 uşaq doğulub. Bilirsinizmi bu nə deməkdir? Bu, ən azı 10 min problemli vətəndaş deməkdir.

- Qadınlar bunları bilə-bilə niyə bu yolu seçirlər?

"Qadınların spirtli içkilərə, narkotiklərə aludə olması bizi narahat edir"


- Bunun bir çox səbəbi vardır. Əsas səbəblərdən biri erkən nikahdır. Qızlarımız bəzən ailənin təsiri, bəzən də öz düşüncəsizliyi ucbatından ailə qururlar. Nikah yaşı çatmadığı üçün təbii ki, rəsmi nikah olmur. O ki, qaldı nikah yaşı çatan insanların bu yolu seçməsinə, buna cavab vermək çox çətindir. Vətəndaş nikahında yaşamaq, hətta uşaq dünyaya gətirmək özünü oda atmaqdır. Fikrimcə, bu, savadsızlığın, məlumatsızlığın nəticəsidir. Araşdırma aparsaq görərik ki, vətəndaş nikahında yaşamağa razı olan insanların əksəriyyəti orta təhsildən yayınanlardır. Milli mentalitetimizə yad teleseriallar, veriliş və proqramlar da burda az rol oynamır.

- Erkən nikahlardan danışdınız. Onların qarşısını almaq üçün daha nə edilməlidir?


- Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə nikah yaşı 18-dir. İstisna hallarda bir yaş güzəştə gedilir. Düşünürəm ki, bir yaş tez rəsmi nikaha daxil olmağın şərtləri və səbəbləri də qanunda göstərilməlidir. Çünki ailələr müxtəlif bəhanələrlə icra orqanlarına müraciət edib nikah yaşı çatmayan övladlarını evləndirmək istəyirlər. Hesab edirəm ki, bu məsələ də qanunda öz əksini tapmalıdır. Yəni nikah yaşı çatmayan gənclərin ailə qurmasını zəruri edən çox vacib səbəblər olmalıdır. Erkən nikahlar çox vaxt ailələrin dağılmasına gətirib çıxarır. İstər vətəndaş, istərsə də erkən nikahın fəsadlarından son nəticədə əziyyət çəkən dünyaya gətirilən uşaqlardır. Onlar sahibsiz qalır, valideyn nəvazişindən və tərbiyəsindən məhrum olur. Odur ki, belə uşaqlar aqressiv insanlara və cəmiyyət üçün problemli vətəndaşlara çevrilirlər. Cinayətkarlığa, pis vərdişlərə meyl edənlərin əksəriyyəti uşağına düzgün tərbiyə verməyən, dağılan ailələrin övladlarıdır.

- Aqiyə xanım, son vaxtlar kəskin artan ailədaxili münaqişələrin və boşanmaların səbəbini nədə görürsünüz?


- Bəzən bunu sosial problemlərlə bağlayırlar. Ancaq bu, yalnışdır. Əgər o ailənin təməli sağlamdırsa, heç bir sosial problem ailənin dağılmasına səbəb ola biləməz. Ölkəmizdə ciddi sosisal problemlər yoxdur. Boşanmaların səbəbi erkən nikah, ailədə ər və arvadın bir-birini başa düşməməsi, onların ailə dəyərlərini anlamaması, bir də milli-mənəvi dəyərlərimizdən uzaqlaşmalarıdır. Yenə də o sözümə qayıdıram ki, burda təhsil, təlim-tərbiyə çox önəmli rol oynayır. Çünki savadı olmayan insanın düşünmə qabiliyyəti də zəifdir. O, bu ailənin dağılmasının necə faciələrə səbəb olacağını anlaya bilmir. İndi siz mənə sual verə bilərsiniz 80-90 yaşında nənələrimiz var ki, onlar savadsızdır, ancaq öz ailələrini qoruyub saxlayıblar. Mən bu fikirlə qətiyyən razılaşmıram. Milli-mənəvi dəyərlərimizə bağlı olan, onları öyrənən, nəsildən-nəsilə ötürən adam savadsız ola bilməz, onların hamısının zəngin həyat təcrübəsi olub. Bizim xalqımız ictimai qınaq məfhumuna həmişə önəm verib. İndi bu dəyərlərimiz unudulur. Bəzən ictimai qınağa tuş gəlməmək üçün səbrli davranıb, boşanmayan və sonra xoşbəxt bir ailəyə çevrilən yüzlərlə nümunə çəkmək olar. Təəssüflər olsun ki, müasir gənclərin bəziləri ictimai qınağa da əhəmiyyət vermirlər. Boşanmaların səbəblərindən biri də gənclərin evliliyə, müstəqil həyat tərzinə hazırlıqlı olmamasıdır. Toya hazırlaşan gənclər nə psixoloq yanına gedirlər, nə də ağsaqqal və ağbirçəklərdən məsləhət alırlar. Onun əvəzinə kursa gedərək rəqs öyrənməyə üstünlük verirlər ki, toyda rəqs nümayiş etsinlər.
Ailədaxili münaqişələrin yaranmasına səbəb olan başqa bir məsələ isə valideynlərlə bağlıdır. Bəzən valideynlər qız övladlarını sanki başlarından eləmək, yükdən qurtulmaq istəyirlər, qızı kim olursa olsun ərə verək ki, evdə qalmasın prinsipini üstün tuturlar. Düşünmürlər ki, sabah daha ciddi problemlərlə üzləşəcəklər. Bəzi valideynlər isə deyirlər ki, nə edirsən et, ata evinə qayıtma. O gənc də bu vəziyyətdən çıxış yolu tapmayanda bəzi hallarda məcbur qalıb intihara əl atır. Son vaxtlar gənclər arasında olan intiharların əsas səbəbi ailədaxili münaqişələrdir.
Valideynlər fikirləşmirlər ki, erkən ailənin sonu çox vaxt faciəylə bitir: ana ölümü, uşaq ölümü, xəstə uşaqların dünyaya gəlməsi ilə nəticələnir.
Sosial şəbəkələr vasitəsilə virtual tanışlıqdan qurulan ailələlərin də bəzilərinin dağılma ehtimalı çox olur. Çünki o insanlar bir-birlərini yaxşı tanımırlar, xasiyyətlərini bilmədən tələskənliyə yol verirlər, bir-birindən xoşları gəlir və qısa zaman ərzində ailə qururlar. Bir müddətdən sonra ailədə narazılıqlar yaranır və sonu boşanmalarla nəticələnir. Bizi ən çox narahat edən sahibsiz və kimsəsiz qalan uşaqlardır. Bu uşaqlar bizim gələcəyimizdir. Bilirsiniz ki, nikahdan öncə tibbi müayinədən keçmək barədə müvafiq qanun qəbul olunmuşdur. Yaxşı olardı ki, gənclər ailə qurarkən hərtərəfli tibbi müayinədən keçməklə bərabər onların psixoloji vəziyyəti yoxlanılsın. Öyrənsinlər görək onların xarakteri bir-birinə uyğundurmu? Onlarda ailə təsəvvürləri varmı? Onların fikirləri üst-üstə düşmürsə həmin gənclər necə uşaq tərbiyə edəcəklər? Bu sahədə maarifləndirmə işlərini daha da gücləndirmək lazımdır.

- İnsanlara milli-mənəvi dəyərlərimiz hələ uşaq vaxtlarından aşılanmalıdır. Məktəblərin üzərinə bu sahədə böyük vəzifələr düşür. Fikrimicə, məktəblərdə uşaqlara milli dəyərlərimiz yetərincə öyrədilmir. Siz necə düşünürsünüz?

- Bu işə bağçadan başlamaq lazımdır. Azərbaycan məktəblərində biz qız və oğlanlarımıza hər şeydən əvvəl məsuliyyətli vətəndaş kimi böyüməyi öyrətməliyik. Nəinki orta məktəblərdə, ali məktəblərin tədris proqramlarında da bu işə xüsusi fikir verilməlidir. Əvvəllər ali məktəblərdə etika, estetika, fəlsəfə dərsləri geniş həcmdə keçirilirdi. İndi bunlar varmı? Ali və orta məktəblərin tədris planlarında davranış etikası, ailə münasibətləri, əmək vərdişlərinin aşılanması çox vacibdir. Hər bir ailədə kompüter proqramlarının, xarici dilin öyrənilməsinə geniş yer verilir. Müasir cəmiyyətdə bu, çox vacibdir. Ancaq biz övladlarımızı millətimizin gələcəyi naminə həyata hazırlamalı, onlara öncə adət-ənələrimizi, dəyərlərimizi aşılamalıyıq. Ona görə də təhsil müəssisələrində bu mövzular da genış tədris olunmalıdır. Heç şübhəsiz, gənclərimizi hərtərəfli biliklərə malik vətəndaş kimi formalaşdırmalıyıq.

- Son vaxtlar ziyalılarımızı narahat edən məsələlərdən biri də uşaqların dini tədbirlərə, xüsusilə aşura mərasimlərinə cəlb edilməsidir. Bunula bağlı fikirlərinizi öyrənmək istəyirik.

- Uşaqların belə mərasimlərə aparılması yolverilməzdir. Uşaqların bu mərasimlərdə səs-küylə qarşılaşması, insanların özünə xəsarət yetirdiyini görməsi onların psixologiyasının ciddi şəkildə pozulması ilə nəticələnə bilər. Valideynlər bilməlidirlər ki, övladları belə yerlərdə psixoloji travma alırlar. Dini mərasimlərə azyaşlı uşaqların aparılması istər dini, istərsə də hüquqi cəhətdən qəbuledilməzdir. Valideynlər yetkinlik yaşına çatmamış uşaqların hüquqlarını pozmamalı, öz məsuliyyətini dərk etməli, övladlarına uşaqlıq dövrünü yaşamağa imkan verməlidirlər. Uşaqlarını dini mərasimlərə cəlb edən valideynlər dərk etməlidirlər ki, onların sağlamlığına ziyan vuran hərəkətlər birbaşa uşaq hüquqları haqqında qanunvericiliyə ziddir.

- Qadınların pis vərdişlərə yiyələnməsi də Azərbaycan ictimaiyyətini narahat edən problemlərdəndir.

- KİV-də yayılan məlumatlara görə qadınların spirtli içkilərə, narkotiklərə və digər pis vərdişlərə aludə olması bizi narahat etməyə bilməz. Bu kimi hallar Azərbaycan mentalitetinə yaraşmayan, utancverici hadisədir. Alkoqolizm özu təhlükəli xəstəlikdir. Belə qadınlar necə övlad tərbiyə edə bilərlər? Bu qadınların hər birinin hətta bir övladının olduğunu nəzərə alsaq, onların dünyaya gətirdikləri uşaqların təkcə səhhətini deyil, gələcəyini təhlükə altına qoymasını deyə bilərik.

- Aqiyə xanım, elə cizgi filmləri, informasiyalar var ki, onlar uşaqların psixologiyasına təsir edir. Uşaqları onlardan qorumaq üçün nə etməliyik və bu istiqamətdə ölkəmizdə hansı işlər görülür?

- Ölkə başçısı uşaqların sağlamlığına ziyan vuran informasiyalardan qorunması haqqında qanun layihəsinin hazırlanması barədə hökumətə tapşırıq verib. Komitəmizdə də bu qanun layihəsi üzərində işlənilir. Sizin qaldırdığınız məsələlər bu qanun layihəsində öz əksini tapib. Bizim özümüzün milli dəyərləri təbliğ edən cizgi filmlərimiz vardır. Düşünürəm ki, televiziya kanallarımızda uşaqlarda aqressivlik yaradan, zorakılığı təbliğ edən, nifrət hissi doğuran cizgi filmləri göstərilməməlidir. Bu filmlər uşaqlara şüuraltı təsir edir. Belə filmlərə baxan uşaqlar supermen kimi özlərini hündür yerdən atmaq istəyirlər, oynayarkən bir-birlərini boğurlar və aqressiv olurlar. Elə əcnəbi cizgi filmləri var ki, heç istehsal olunduğu ölkələrdə göstərilmir. Ona görə də bu cür televiziya veriliş və proqramlarına son qoyulmalıdır. Milli dəyərlərimizi ehtiva edən: dostluq, mehribanlıq, böyüklərə hörmət, qayğı, mərhəmət hisslərini aşılayan cizgi filmlərinin daha cox istehsalına böyük ehtiyac vardır.

- Paytaxt Bakının küçələrində dilənçiliyə cəlb olunmuş uşaqları da tez-tez görürük. Onlar təhsildən yayındırılmış uşaqlardır. Şübhəsiz ki, onların içində xüsusi qabiliyyəti olanlar da var. Bəs nə edək ki, bu uşaqlar belə işlərə cəlb olunmasın, dövlətimiz üçün yararlı vətəndaş kimi yetişdirilsin?

- Bu problem bütün dünyada mövcuddur. Bizim ölkəmizdə belə uşaqların sayı o qədər də çox deyil. Bəzən sağlamlığı yerində olan, işləmək qabiliyyətinə malik valideynlər asan qazanc üçün övladlarını belə işlərə vadar edirlər. Bu cür uşaqlar o valideynlərdən alınmalı, dövlətin himayəsinə verilməlidir. Valideynləri həqiqətən xəstə olan, məcburiyyət qarşısında dilənçilik edən uşaqlara isə sahib çıxmalıyıq. İstər dövlət orqanları, istərsə də sahibkarlar, imkanlı ailələr bu uşaqların taleyinə biganə qalmamalıdır. Bizim dövlətimiz belə uşaqları himayə etmək, onlara təhsil vermək, yaxşı vətəndaş kimi yetişdirmək gücündədir. Sadəcə aidiyyəti təşkilatlar tərəfindən bu uşaqların qeydiyyatı düzgün aparılmalı, lazımi orqanlara dərhal məlumat verilməlidir. Biz istedadlı uşaqların küçələrdə itib batmasına imkan verməməliyik.
Ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində yaradılan idman kompleksləri, uşaq yaradıcılıq mərkəzləri, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları uşaq və yeniyetmələrimizin sağlam ruhda böyümələri üçün böyük zəmin yaradır. O cümlədən, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Bakı və regionlarımızda ən yüksək səviyyədə təhsil ocaqları tikilib istifadəyə verilmişdir. Dövlətimizin yaratdığı bu imkanlardan yararlanmamaq hər bir valideynin öz günahıdır.
Müsahibə üçün çox sağ olun.
Tural Səfərov

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar