Xəbər lenti
Dəhşətli savaş anonsu: Hamı hamıya qarşı ... – Şərh
Əslində, 90-cı illərdə Yaxın Şərqdə konfliktlər alovlanarkən Səddam Hüseyn əleyhinə proses, bir plasdarm kimi, Şimali İraq əraziləri vasitəsilə həyata keçirilməkdəydi. Bu, bir strateji hədəf idi. Çünki bu ərazilərdə yaşayan kürdlər daha geniş coğrafiyaya səpələnmişdilər. Bu fonda Qərbin əlində bölgədə hər hansı bir strategiyanı yürütmək üçün çox mühüm bir qüvvə yaranmış olurdu. Hələ kimsə Səddamın devriləcəyini və ən sonda onun asılacağını gözləmirdi. Ancaq reallıq bundan ibarətdir ki, on illər ərzində dağılmış İranın içərisində açılan məzhəb davaları, etnik, milli zəmində toqquşmalar, vətəndaş müharibəsi fonunda hakimiyyət vakuumunu hansısa başqa qüvvələr dolduracaqdı. 2005-ci ildən ABŞ tərəfindən Şimali İraqa göstərilən maddi və mənəvi yardımları açıq-aşkar hərbi yardımlar əvəzlədi və bu zaman peşmərgələrin mühüm bir hissəsi müxtəlif ölkələrdə hərbi təlimlərə cəlb olundu. Burada İsrail də fəal rol oynayırdı. Çünki Tel-Əviv çox yaxşı hesablayırdı ki, İranın, bir sıra hallarda Türkiyənin qarşısında sipər çəkmək üçün ən mühüm silahlardan biri kürd faktorunu işə salmaq, onu gücləndirmək, mümkündürsə, müstəqil, ya başqa halda rəsmi İraqın siyasətinin alternativi kimi meydana çıxan güclü bir federal dövlət halında mövcud olan Kürdüstanı ərsəyə gətirməkdir.
Manevr.az nildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Yaxın Şərqdəki mövcud problemləri şərh edən millət vəkili Zahid Oruc deyib. Millət vəkili vurğulayıb ki, faktiki olaraq bu bölgədə İŞİD-in bayrağı qalxana qədər kimsə Kürdüstan məsələsinin bir qədər arxa planda ehtiyat varinat kimi saxlandığını görməkdə idi:
Qərbin Kürdüstan layihəsi
“Suriya məsələsi meydana çıxanda və ərəb inqilabı dalğasında Bəşər Əsədin devrilməsi planı Qərb paytaxtlarında masa üzərinə yatırılanda o zaman bir çoxları düşünürdü ki, avtomatik olaraq İraqda Amerika rejimi qurmaq, eyni zamanda, bunu digər ərəb dövlətlərində möhkəmləndirmək, kürd dövlətinin formalaşmasına böyük investisiyalar yatırmaq çox təhlükəlidir. Bu, həmin bölgədən Qərbin sıxışdırıb çıxarmaq istədiyi İran və Rusiyanın yeni alternativlər üzərində işləməsinə yol açar, həmçinin terrora qarşı müharibəni çətinləşdirərdi. Lakin Obama strategiyası hakimiyyətinin son illərinə doğru iflasa uğradıqca bəlli bir formada biz onu görməkdəydik ki, Rusiya, İran, Hizbullah və Əsəd bölgədə revanş götürdü, bir sıra itirilmiş əraziləri geri qaytardı, o cümlədən ABŞ və Qərb koalisiyası tərəfindən silahlandırılan mötədil, müxalif qüvvələri sıxışdırıb çıxardı, mühüm bir hissəsini ölkədən qovdu. Belə olan halda görünürdü ki, yeganə döyüşməyi bacaran bir millət kimi kürdlər Suriyaya yeridilməli, İŞİD-ə qarşı döyüş adı altında gücləndirilməlidir. Nəticədə isə onlar açıq şəkildə həmin silahlar üzərində öz siyasi iddialarını irəli sürə bilərlər. Sanki onlar bu müharibədə bir haqq qazandılar. Bax belə bir təqdimat var. Lakin reallıqda görünən budur ki, kürd xalqının daxili istəklərinə və mübarizə əzminə, müstəqil dövlət qurmaq istəklərinə baxmayaraq, burada bir xarici idarə, geosiyasi oyunlar əsas aparıcı yer tutur. O da bəllidir ki, 90-cı ildən bu yana Turqut Özal, Süleyman Dəmirəl, Nəcmədin Ərbakan və Rəcəb Tayyib Ərdoğan dönəmlərində aşkar bir şəkildə Şimali Kürdüstanda fərqli bir iqtisadi və siyasi kurs düzənlənib. Bir tərəfdən Ankara da bu illər ərzində çalışdı ki, həmin bölgəni fəal bir şəkildə öz himayəsi altına götürsün. Məsud Bərzaninin idarə olunması vəziyyətində onlar düşünürdülər ki, o ərazilərdə separatizmin qarşısını ala biləcəklər. Lakin göründüyü kimi proses artıq öz məhvərindən çıxıb”.
İran dövlətçiliyi zərbə altında
Millət vəkili Rusiyanın ilk planda burada maraqlı kimi göründüyünü deyənlərin çox ciddi yanlışlıqlara yol verdiyini düşünür:
“Doğrudur, “Qazprom”un orada böyük neft payı var və əsas aparıcı imkanlara malikdir. Lakin həmin xətt, yəni Kürdüstandan Türkiyənin içərisinə doğru gedən neft kəməri də onu sübuta yetirir ki, burada rəsmi Ankaranın gələcək mövqeləri sərtləşəcəyi təqdirdə Kürdüstan özünün mühüm iqtisadi gəlir mənbəyini itirə bilər. Həmçinin iqtisadi maraqlarına baxmayaraq, Rusiya “Qazprom”un istəkləriylə öz siyasətini qura bilməz. Çünki kürdlər Suriyanın varlığına təhlükə törədəcəklərsə və Əsəd əleyhinə müharibə dərinləşəcəksə, bu, avtomatik Moskvanın Yaxın Şərq planlarına da zərbə vuracaq. Eləcə də bu, İranın mənafelərinə də təsir edir. Çünki müxtəlif kürd mənşəli qruplar İran içərisində fəallaşırlar, onlar terror fəaliyyətinə, ekstermizə əl atırlar, üstəlik, cəmiyyətlə strukturlaşmış, bu mübarizədən kənarda olan digər etnik milli zümrələrin də sabitlik şəraitindən çıxması İran dövlətiçiliynə zərbə sayıla bilər. Belə olan fonda ən önəmli məsələ böyük müharibənin proqnozlaşdırılmasıdır ki, bu da əsassız deyil. Çünki həmin mübarizənin önünə çıxan qüvvələr sonrakı böyük qanların əsasını qoymuş olacaqlar. Ortada olan mənzərə bundan ibarətdir ki, Şimali İraqda yaşayan əhalinin etnik milli tərkibi vahid, yekcins deyil. Az qala paytaxt kimi göstərilən Kərkükdən danışmıram, məsələ türkmanlarda, yaxud ərəblərdə deyil. Önəmli odur ki, kürdlərin özünün də dörd dil qrupuna və çox fərqli mentallığa, mədəniyyətə, ənənələrə malik olmasını inkar etmək mümkün deyil. Belə olan halda onların vahid məram birliyindən danışmaq da çox çətindir”.
Ərəb dövlətlərini gözləyən böyük təhlükə
Z.Orucun fikrincə, başqa bir önəmli məsələ İran yönümlü Cəlal Tələbani və onun partiyasının Bərzaniyə qarşı olmasıdır:
“Bu da bir amildir ki, hər kəs öz Kürdüstanını yaratmaq istəyir. Sadə dillə desək, Türkiyənin baxışı odur ki, daxilində PKK-ya qarşı uzun illər apardığı müharibənin sadə kürdlərə qarşı yönəlmədiyini göstərmək üçün Bərzani kimi dünənə qədər idarə olunan bir qüvvəni orada otuzdurmalıdır. İranın marağındadır ki, orada fərqli bir siyasi idarəetmə modeli olsun və bu mahiyyətcə Tehranın mənafelərinə ziyan gətirməsin. ABŞ daha uzun müddətli strategiya qurub. Vaşinqton düşünür ki, əgər Bağdadda Heydər Abadi hökuməti güclü bir şəkildə dayana bilmirsə, adicə İŞİD-ə qarşı mübarizədə nizami ordu birləşmələri qısa müddətdə darmadağın olursa, bu uçan karton evə yeni bacarıqlı millətləri əlavə etsinlər ki, onlar bölgədə Qərbin strategiyasını irəli apara bilsinlər. Belə demək mümkündürsə, ortada 3-4 dövlətin əlində bir-birinə zidd olan Kürdüstan ideyası var.
Lakin bunun paralelində bəs o bölgə başqa ərəb dövlətləri ilə yanaşı, hansı yeni hisssələrə bölünə bilər? Xəritələr dəyişəcəksə, ərazi bütövlükləri əsas götürülməyəcəksə, millətlər, etnik zümrələr dini fərqlər səbəbindən davaya qalxacaqsa, digər ərəb dövlətləri bundan ziyan çəkməyəcəklərmi? Bütün bunlar çox mühüm məsələlərdir. Yaxın zamanlarda Hizbullahın ən kəskin, radikal hərbi qanadının nümayəndələri kürd biləşmələri və Bərzanini özlərinə düşmən elan etdilər. Təsəvvür edirsiz, bu nə deməkdir? Yəni beynəlxalq aləmdə hətta terror birləşmələri kimi tanınan qurumlar arasında Kürdüstan əleyhinə savaş açılacağı təqdirdə bu, zamanında deyilmiş o məhşur “hamının hamıya qarşı müharibəsi” anlanmına gələcək. Konkret cəbhəsi bilinməyən, biri digərinə atəş açan, xüsusilə də müsəlmanların növbəti vəhşəti kimi meydana çıxan bir səhnəyə çevriləcək”.
Ermənistanın Kürdüstan ümidi
Millət vəkili sözügedən məsələyə Azərbaycanda baxışın necə olması gərəkliliyinə toxunub:
“Biz məsələyə irəli sürülən siyasi ideyaların, hər hansı referendum cəhdlərinin ən sonda regiondakı vətəndaş sülhünə, quruculuğa, terrora qarşı aparılan savaşa necə təsir edəcəyi kontekstindən yanaşmalıyıq. Göründüyünü kimi, Qarabağ separatçılarının bəsit bir şəkildə Kürdüstan üzərindən özlərinə dövlət qurmaları üçün bu məsələyə yaxın bir hadisə kimi baxmaları, burada özlərinin gələcəklərini görmələri, tale birliklərini axtarmaları özü çox təhlükəli ssenarilərdən xəbər verir. Sual olunur ki, Qarabağ separatçıları özünü Ermənistanın ən yaxın müttəfiqi kimi təqdim edən İranın Kürdüstan məsələsinə münasibətini bildikləri halda doğurdanmı artıq Tehranın yardımına bel bağlamırlar, indi Kürdüstanda özlərinə nicat umurlar? Hesab edirəm ki, bu məsələni qətiyyən sırf etnik milli kontekstdə saxlamaq yanlışdır. Çünki bu bölgədə böyük bir coğrafiyada kürdlər istər Suriyanın, xüsusilə də Türkiyənin, İranın, Azərbaycanın və daha vacib başqa məkanların əsas ayrılmaz hissəsidirlər, geniş şəkildə cəmiyyətə tranformasiya olunublar, vətəndaşı olduqları ölkələrdə aktiv iştirak ediblər. Ona görə də kimsə Azərbaycanın baxışı acısından nəyisə müdafiə edəndə və ya eləcə də əksinə gedəndə kifayət qədər bu həssas məqamları nəzərə almalıdır. Yəni biz məsələyə etnik kökəndə baxmırıq, “hansısa toplumun haqları varmı, yoxmu” sualı üzərindən qərar vermirik. Məsələyə strateji planda aparılan savaşın hansı nəticələrinin ola biləcəyini kontekstindən yanaşmalıyıq. Ona görə də bu məsələlərin geniş bir şəkildə aydınlaşdırılmasının və reaksiyaların o halda bildirilməsinin tərəfdarıyıq. Düşünürəm ki, Kürdüstan məsələsi sadəcə xəritə, coğrafiya və dövlət məsələsi deyil. Təəssüf olsun ki, elə bu xalqın öznünü də savaşa qərq etmək üçün böyük qlobal güclərin növbəti savaş səhnəsi başlayır. O meydanı döyüş ərazisinə çəkmək istəyən qüvvələr var. Ona görə də sadə, müstəqillik istəyən adamların bu milli düşüncələrini öz mənafeləri, imperialist niyyətləri üçün istismar etmək istəyən qüvvələr mövcuddur. Onları görmək, bu planlara getməmək lazımdır. Düşünürəm ki, bu məsələlərlə bağlı regional və xüsusilə də qonşu dövlətlər tərəfindən birgə müzakirə kontekstində qərarlar verilməlidir. Ağıllı rəhbərlər belə olmalıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar